Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonları arasındadır. Yəni bu, onu göstərir ki, hər şeyi etmək mümkündür. Əgər güclü iradə varsa və yerlərdə kadrlar yaxşı işləyirlərsə, hər şeyi etmək olar, hər bir yeri cənnətə çevirmək mümkündür... Mən Prezident kimi bir neçə ildir ki, Yevlaxa gəlirəm, görürəm ki, burada çox yüksək zövqlə, səliqə ilə böyük quruculuq, abadlıq işləri görülür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Söhbət ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Avropanın ən qabaqcıl şəhərindən bir addım geri qalmayan” Yevlaxdan, onun son illər, az qala, əsrə bərabər inkişafından, bu gözəlliyi yaradan insanlarından gedir.
Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında yaddaqalan hadisələrlə zəngin olan daha bir il sona yaxınlaşır. Beynəlxalq aləmdə artan nüfuzumuz, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları, diplomatik səylərlə həlli istiqamətində göstərilən qətiyyətli işlər, sosial-iqtisadi yüksəliş, dövlət proqramlarının uğurlu həlli - 2015-ci ildə, hər şeydən əvvəl, yaddaşımıza yazılan əlamətdar hadisələr bax, bunlardır.
Bəs, yola salmağa hazırlaşdığımız il Yevlax rayonu üçün daha çox nə ilə yaddaqalan olmuşdur? Sosial-iqtisadi və mədəni sahədə əldə edilmiş uğurlar barədə nə demək olar? Şəhər icra hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və metodları, təşkilat-idarəetmə məsələlərində hansı fərqli cəhətlər var? Ümumiyyətlə, bu günYevlaxda ictimai-siyasi, mənəvi-psixoloji durum necədir?
Bölgə müxbiri kimi xidmət etdiyim rayonların əksəriyyətinə gedən yollar Yevlaxdan keçir. Görünür, elə ona görədir ki, rayonun son illərdəki sürətli inkişafı, aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yenidən qurulan, gözəlləşən şəhər gözlərim qarşısında dəyişib, müasir görkəmini alıb. Hətta belə zəngin təəssüratların təsiri altında “Əsrə barəbər gün” adlı geniş material da hazırlamışdım.
İndi, aradan illər keçəndən sonra Yevlax haqqında bu yazı üzərində işləyərkən, fakt və material toplayarkən, istər-istəməz, öz-özümə düşünürdüm: “O illərdə əldə edilmiş yüksək sürət, bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri, çevik və rəngarəng iş üslubu, idarəetmə məsələləri indi də davam etdirilirmi?” Əslində, bu nigarançılığa ciddi bir səbəb də yox idi. Sadəcə olaraq, qəlbimdən keçən bu duyğulara bircə səbəb vardı: Düşünmürdüm ki, o illər Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin çevik və tələbkar idarəetmə metodlarından, qətiyyətli və ardıcıl icra intizamından, tükənməz potensialından, daha artığını etmək, sadəcə olaraq, mümkün deyildi. Bu yerdə ölkə Prezidenti İlham Əliyevin həmin illər Yevlağa növbəti səfəri zamanı dediyi aşağıdakı sözləri xatırlamaq yerinə düşər: “Mən Yevlaxa tez-tez gəlirəm, vəziyyətlə tanış oluram, böyük inkişaf gedir, böyük quruculuq işləri aparılır. Siz yevlaxlılar bunu hamıdan yaxşı bilirsiniz. Yevlax Azərbaycanın ən inkişaf etmiş rayonları arasındadır”.
Nigarançılığım əbəs imiş. Son illərin inkişaf və yüksəlişi, fakt və rəqəmlərin müqayisəli təhlili, görülmüş və görüləcək işlərin mənzərəsi bir daha göstərir ki, Yevlaxda 11 il bundan əvvəl götürülmüş sürət heç də azalmayıb. Əsası möhkəm qoyulmuş ənənələr, idarəetmə məsələləri, iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət, insan amili və s. bu gün də eyni tələbkarlıq və məsuliyyət hissiylə davam etdirilir. Əldə edilmiş uğurların əsas səbəblərini də məhz burada axtarmaq lazımdır. Elə isə gəlin müxtəlif sahələri əhatə edən bəzi fakt və göstəricilərə bir daha nəzər salaq.
Ən əvvəl, belə bir vacib məqamı vurğulayaq ki, 2004-cü ildən bəri ölkə Prezidenti İlham Əliyev 8 dəfə Yevlağa səfər etmiş, indi şəhərin görkəmini dəyişən, gözəlləşdirən müxtəlif təyinatlı obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, görülmüş işləri yüksək qiymətləndirmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, məsləhət və tövsiyələrini vermişdir. Onu da əlavə edək ki, ölkə başçısının səfərləri, məsləhət və tövsiyələri işlərin gedişinə əsaslı təsir göstərmişdir. Bütün imkan və səylər hərəkətə gətirilmişdir. Həmin səfərlər bu gün də yevlaxlıların yaddaşında unudulmaz xatirələr kimi yaşamaqdadır.
Yuxarıda da dedik, indi də təkrar edirik: Son illər Yevlax, sözün əsl mənasında, sökülüb-təzədən tikilib. Onlarca müxtəlif təyinatlı müasir binalar ucaldılıb, yollar, səkilər, bir-birindən gözəl parklar, istirahət zonaları salınıb... Bu inkişaf və yüksəlişi əks etdirən fakt və rəqəmləri bir qəzet səhifəsinə yerləşdirmək, sadəcə olaraq, qeyri-mümkündür. Ona görə də təkcə cari ilin ötən ayları ərzində əldə edilmiş uğurların bəzilərinə, qısa da olsa, nəzər salaq.
2015-ci ilin ötən ayları ərzində ümumi daxili məhsulun həcmi 367,1 milyon manat olmuşdur ki, bu da keçən ilin eyni dövrünə nisbətən 12,5 milyon manat, yaxud 3,5 faiz çoxdur. Ümumi daxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bunun da 10 milyon manatını sənaye, 62,1 milyon manatını kənd təsərrüfatı, 28,4 milyon manatını tikinti, 217,6 milyon manatını ticarət və s. təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 226 manata çatmışdır.
Cari ildə ümumilikdə 62,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 232 hektar kartof, 530 hektar tərəvəz, 10 min hektar taxıl və s. əkilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 1 milyon 560 min manat dövlət yardımı verilmişdir. Sahələrdən 32867 ton taxıl toplanmışdır. Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 2839 ton mineral gübrə satılmışdır. Əvvəlki illə müqayisədə 25,3 ton ət, 193,5 ton süd, 150 min ədəd yumurta, 8,6 ton yun çox istehsal edilmişdir.
Malbinəsi, Aran-3 nasos stansiyalarında əsalı təmir, 4 min metr uzunluğunda suvarma kanallarında cari təmir işləri aparlımışdır. Dövlət proqramına uyğun olaraq min hektar əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 11 kilometr beton kanal çəkilmiş, 50 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Ərəbbəsrə və Meyvəli kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin edən “Füzuli” nasos stansiyasında təmir və bərpa işləri başa çatdırılmışdır.
Rayon üzrə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 28 milyon 429 min manat olmuşdur. Cari ildə Polis Şöbəsinin, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Yevlax filialının inzibati binaları istifadəyə verilmişdir. Mədəniyyət obyektlərinin təmir olunması işlərinə diqqət artırılmışdır. Belə ki, Aşağı Qarxun, Nəmərli, Hacımahmudlu, Dəlləklər kənd klublarının, Malbinəsi, Aran qəsəbə mədəniyyət evlərinin binalarında təmir işləri aparılmışdır. Hazırda Salahlı kənd mədəniyyət evində təmir işləri davam etdirilir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 fərdi yaşayış evi tikilmişdir. Yevlax “Dəmir-Beton” ASC-nin nəzdində dekorativ plitə və səki daşları istehsal edən yeni istehsalat sahəsi tikilib istifadəyə verilmişdir. Kür çayı sahilində beşulduzlu otelin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax Rayon İdarəsinin, təhsil şöbəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Yevlax Elektrik Şəbəkəsinin, 100 yerlik ikimərtəbəli uşaq bağçasının binalarının tikintisi başa çatmaqdadır.
Aran qəsəbəsi – Mingəçevir avtomobil yolunun kənarında 1350 metr təhlükəsizlik hasarı çəkilmiş, 850 metr yeni səkilər tikilmişdir. Sahil Bulvarı İstirahət Kompleksində yenidənqurma işləri aparılmışdır.
Şəhər və rayon ərazisində əhalinin, istehsal sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir. Elektrik verilişi hava xətlərinin 719 ağac dayağı dəmir beton dayaqlarla əvəz edilmişdir, 15 kilometr SIB kabellər çəkilmiş, 18 yeni transformator məntəqəsi quraşdırılmış, 15 zədələnmiş transformator yenisi ilə əvəz edilmişdir.
Şəhərin 32-ci məhəlləsi, Yuxarı Qarxun, Gülövşə, Yuxarı Salamabad, Aşağı Salamabad, Əcəmi, Ərəş, Havarlı, Quşçu, Əkşəm kəndləri qazlaşdırılmışdır. Hazırda Aşağı Bucaq, Yuxarı Bucaq, Qaraoğlan kəndlərinin qazlaşdırılması davam etdirilir. Bütövlükdə isə ümumi abonentlərin 90 faizi təbii qazla təmin olunmuşdur.
Ölkə başçısı İham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı Yevlax təhsilində də öz əksini tapmışdır. Şagirdlərə dərin bilik verilməsi, fənn olimpiadalarının imkanlarından səmərəli istifadə etməklə istedadlı şagirdlərin aşkar edilməsi, tədrisin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Ali məktəblərə qəbul sahəsində uğurlar ildən-ilə artır. Müxtəlif ali məktəblərə qəbul olunmuş 301 məzundan 10 nəfəri 600-dən çox, 24 nəfəri isə 500-dən çox bal toplamışlar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə 7 nəfər, müxtəlif ali hərbi məktəblərə isə 6 nəfər qəbul olunmuşdur.
... Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla söhbət edirik: İşlərin gedişindən, aparılan tikinti-quruculuq məsələlərindən, insan amilindən, iş üslubu, təşkilat-idarəetmə məsələlərindən, qarşıda duran vəzifələrdən, görüləcək işlərdən... Rayon rəhbəri qətiyyət və inamla bildirdi:
– Müasir idarəetmə, hər şeydən əvvəl, iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət, çevik və operativ rəhbərlik, möhkəm icra intizamı tələb edir. İndi ənənəvi üsullarla, köhnə, vaxtı keçmiş idarəetmə metodları ilə işləmək, sadəcə olaraq, mümkün deyil. Bu cəhətdən ölkə Prezidenti İlham Əliyevin təsəbbüskar, uzaqgörən və qətiyyətli fəaliyyəti bizim hər birimiz üçün, sözün əsl mənasında, həyat məktəbidir. Yevlaxda iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurlar məhz bu iş üslubunun real nəticələridir.
Burada vacib olan daha bir amil barədə də danışmaq lazım gəlir. Gərək adamlarla dil tapmağı, onları inandırmağı, öz ardınca aparmağı bacarasan. Axı indi əmr və göstərişlə, necə deyərlər, kabinetdən rəhbərlik etməklə iş keçmir. Rəhbər işçi gərək gününün heç olmazsa yarısını adamlar arasında keçirsin, onların gün-güzəranı, qayğı və problemləri ilə şəxsən tanış olsun. Bu barədə danışarkən məmnuniyyətlə deyim ki, rayonumuzun elə bir kəndi, idarə, müəssisə və təşkilatı yoxdur ki, orada dəfələrlə qəbul günləri keçirilməsin.
Sözsüz ki, bu inkişaf və yüksəliş öz-özünə yaranmamışdır. İlk növbədə, əldə edilmiş uğurlar xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu dövlətçiliyimizin, suverenliyimizin inkişafı, bu parlaq ənənələrin ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uzaqgörənliklə davam etdirilməsinin real nəticəsidir. Digər tərəfdən, Yevlaxda yaranmış sağlam mənəvi-psixoloji mühit, işgüzar və təşəbbüskar ab-hava, problemlərin həllində sağlam və prinsipial mövqe nəticə etibarilə bugünkü yüksəlişə səbəb olmuşdur.
Yevlax coğrafi baxımdan yollar ayrıcında yerləşir. Ona görə də burada baş verən dəyişikliklər, aparılan tikinti-abadlıq işləri dərhal gözə çarpır. Deməli, başladığımız tikinti-quraşdırma işlərini daha da genişləndirməliyik. Adamların sosial-ehtiyaclarını daha dolğun ödəməliyik, yeni iş yerləri açmalıyıq, sahibkarlığın inkişafına diqqəti gücləndirməliyik. Başqa sözlə desək, bundan sonra da ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu yüksək tələblər səviyyəsində işləməliyik.
...Yollar ayrıcında, Kür qırağında gözəl bir şəhər var - Yevlax. Gəlməyə, görməyə, gəzməyə, bir də son 11 ildə, az qala, əsrə bərabər inkişaf yolu keçmiş bu şəhərdən nümunə götürməyə dəyər.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.