Salyan tarixi ənənələri olan bir bölgədir . Və bu ənənələrin yaratdığı zənginlikdən doğan təbii bir hissdir ki, burada insanları təəccübləndirmək, heyrətə salmaq o qədər də asan məsələ deyil. Həm də bütöv bir regionun-Cənub bölgəsinin “Giriş qapısı” sayılması və qonşu İran İslam Respublikasına aparan yolun buradan keçməsi kimi önəmli səbəblər Salyanın necə əhəmiyyətli mövqedə qərarlaşdığını bir daha təsdiqləyir.
Bu amillər eyni zamanda Salyanın həmişə tərəqqi və inikşaf dinamikasında olması məcburiyyətini yaradır. Çünki Salyan, necə deyərlər, göz qabağındadır və oradakı dəyişiklikləri təkcə salyanlılar deyil, eyni zamanda ətraf rayonların əhalisi də izləyə bilirlər.
Bəs Salyanda bu gün vəziyyət necədir? Bu suala cavab axtararkən qeyd etmək lazımdır ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da geniş abadlıq-quruculuq işləri aparılır. Aparılan işlər və infrastruktur layihələri nəticəsində Salyan şəhərinin, kənd və qəsəbələrin siması əhəmiyyətli şəkildə dəyişilmişdir.
Bu istiqamətdə 2015-ci ildə də müəyyən tədbirlər həyata keçirilmiş, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Görülən tədbirlər nəticəsində şəhər mərkəzində YAP rayon təşkilatının inzibati binasının tikintisi başa çatdırılmış, dördmərtəbəli “Biznes mərkəzi”, Peyk kəndində 220 şagird yerlik yeni məktəb və Salyan rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxana binası tikilərək istifadəyə verilmiş, zəruri inventar və avadanlıqlarla təmin edilmişdir.
Dövlət başçısı İlham Əliyevin 2013-cü il 6 sentyabr tarixli sərəncamı ilə Salyan şəhərini “Babazanlı” yaşayış massivi ilə birləşdirən, uzunluğu 201 metr, eni 14,5 metr olan körpünün tikintisi başa çatdırılmış və Ələt-Astara magistral avtomobil yolunun Çuxanlı kəndi ərazisində Kür çayı üzərində tikintisinə 2011-ci il fevral ayında başlanılmış, uzunluğu 351 metr, eni 30 metr olan körpüdə isə son tamamlama işləri aparılır.
Hazırda rayonun Qarabağlı və Kürqaraqaşlı kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 çarpayılıq uşaq bağçasının, Ərazi kənd təsərrüfatı idarəsinin, rayon prokurorluğunun inzibati binalarının və Çuxanlı-Gəncəli-Piratman-Parça Xalac-Seydan kəndlərini birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir, şəhər 11 saylı Uşaq bağçası əsaslı təmir edilir və Seyidan kənd məktəbi üçün yeni binanın tikintisinə hazırlıq işləri görülür.
Bundan əlavə, şəhərin Y.Zərgərli, M.Ağazadə, N.Nərimanov və Ə.Qasımzadə küçələrində asfalt vurulması üçün hazırlıq qatının tikintisi başa çatdırılmış, küçələrə ümumilikdə 163 kubmetr çınqıl döşənmiş, H.Lalayev küçəsinə isə 1150 kvadratmetr asfalt vurulmuşdur.
Eyni zamanda, qeyd olunan küçələrdə abadlıq işləri davam etdirilmiş, 2321 metr uzunluğunda küveyt tikilmiş, 3248 kvadratmetr hörgü işləri aparılmış, 1404 kvadratmetr ölçüdə suvaq işləri görülmüş, su ötürücülərinə 860 metr polietilen boru quraşdırılmışdır. Şəhər ərazisində yerləşən 5 kommunal binanın - M.Quluzadə 34, A.Həsənov 59, 61 və T.Davudzadə küçəsi 5, 7 saylı binaların 2836 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir.
Məlum olduğu kimi, cari ilin fevral ayının 21-22-də yağan güclü qar nəticəsində rayon ərazisində digər tikililər kimi 7 məktəbə də ziyan dəymişdir. Görülmüş tədbirlər nəticəsində kənd məktəblərinin ümumilikdə 2265 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, Salyanda qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır və bu məsələnin daim diqqət mərkəzində saxlanılması sevindiricidir.
Yeri gəlmişkən, digər bir əhəmiyyətli məsələni- sahibkarlığın inkişafına göstərilən diqqətin də ürəkaçan olduğunu xatırlatmaq heç də pis olmazdı. Qeyd edildiyi kimi, Respublika İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına rayonda yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılmış, Kürqaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılmışdır.
Son dövrlərdə aktuallığı xüsusilə artan və dövlət başçısının həmişə prioritet məsələ kimi yanaşdığı yeni iş yerlərinin yaradılması və əhalinin işlə təminatı məsələsinə Salyanda da çox ciddi yanaşılır desəm, şübhəsiz ki, səhv etmərəm. Bu fikri əsaslandırmaq üçün qeyd edim ki, əhalinin işlə təmin olunması istiqamətində həyata keçirilmiş müvafiq tədbirlərin nəticəsi olaraq 2015-ci ildə 409 salyanlı daimi işlə təmin olunmuşdur.
Bir az da rayonun iqtisadi göstəricilərinə “rəqəmlərin gözü ilə” baxaq. Rəqəmlərə nəzər salanda məlum olur ki, bu dövrdə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 5 milyon 884 min manat, yəni 4 faiz artaraq 154 milyon 306 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi müvafiq dövrə nisbətən 3 milyon 365 min manat, yəni 5 faiz artaraq 72 milyon 353 min manat, rabitə işlərinin həcmi 14,3 min manat, yəni 3,5 faiz artaraq 420 min manat, pərakəndə ticarət dövriyyəsi 20 milyon 370 min manat, yəni 18 faiz artaraq 134 milyon 202 min manat, əsas kapitala yönəldilən investisiya 28 milyon 229 min manat, yəni 68,7 faiz artaraq 69 milyon 323 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 29 milyon 415 min manat, əhaliyə göstərilən pullu xidmət 34 milyon 757 min manat olmuşdur. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 1158 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 296 manatdır.
Rayonun yerli büdcəsinin gəlirləri 6 milyon 58 min manata qarşı, 5 milyon 584 min manat, yəni 92,2 faiz, büdcənin xərcləri 18 milyon 698 min manata qarşı 15 milyon 622 min manat, yəni 83,5 faiz icra edilmişdir. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlər vaxtında və tam şəkildə ödənilmişdir.
Salyan camaatı, necə deyərlər, qədimdən əkin-biçinlə məşğul olub, yəni çörəyini torpaqla əlləşib-vuruşmaqdan çıxarıb. Sevindirici haldır ki, sənayenin əsaslı şəkildə inkişafına rəğmən, bu ənənə indi də davam etdirilir.Yəni Salyan aqrar rayon statusunu qoruyub saxlayır. Azərbaycan Respublikası regionlarının (2014-2018-ci illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda aqrar sahədə bir sıra tədbirlər həyata keçirilmişdir.
2015-ci ildə 19 min 736 hektar sahədə (5693 hektar buğda, 14 min 43 hektarda isə arpa) taxıl əkini aparılmışdır.
Rayon üzrə hər hektardan məhsuldarlıq 32,3 sentner olmaqla 19736 hektar sahədən 63 min 693 ton taxıl istehsal olunmuşdur. 5693 hektar buğda sahəsindən 31,9 sentner olmaqla 18 min 155 ton, 14 min 43 hektar arpa sahəsindən isə hektardan məhsuldarlıq 32,4 sentner olmaqla 45 min 538 ton məhsul istehsal olunmuşdur.
375 hektar qarğıdalı əkin sahəsinin 275 hektarından 82,2 sentner məhsuldarlıq əldə etməklə 2259,4 ton qarğıdalı istehsal olunmuşdur. 421 hektar kartof əkin sahələrindən hektardan 120 sentner olmaqla 5051 ton, 1304 hektar tərəvəz əkin sahələrindən hektardan 78,2 sentner olmaqla 10194,6 ton, 1120,5 hektar bostan əkin sahələrindən hektardan 140 sentner olmaqla 15692 ton məhsul istehsal edilmişdir.
2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün 2765 hektar sahədə payızlıq şum aparılmışdır ki, bundan 400 hektarını arpa əkin sahələri təşkil edir.
Hazırda rayon üzrə iribuynuzlu heyvanların sayı 62 min 548 baş, ötən ilin müvafiq dövri ilə müqayisədə 1,4 faiz çoxdur, o cümlədən inək və camışlar 32 min 846 baş, ötən ilin müvafiq dövri ilə müqayisədə 1,6 faiz çoxdur, qoyun və keçilər 182 min 468 baş olmuşdur. Ət istehsalı (diri çəkidə) 5826 ton, yumurta istehsalı 25 milyon 120 min ədəd, yun istehsalı 346 ton , süd istehsalı isə 31 min 415 ton olmuşdur.
Torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində torpaq sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 333 kilometr kollektor dren şəbəkəsi, 1222 km suvarma kanalları lildən təmizlənmişdir.
“IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 25 min ədəddən çox ağac və gül kolları əkilmiş, onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsinə, qorunub saxlanılmasına qayğı göstərilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar (Eldar şamı, sərv, küknar) təşkil etmişdir.
Son illər dövlət başçısı İlham Əliyevin tapşırığı və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Respublikamızın bütün bölgələrində olduğu kimi Salyan rayonunda da əhalinin təbii qaz təminatının yaxşılaşdırılması, qaz infrastrukturunun qaydaya salınması, yeni kəmərlərin çəkilməsi və kənd ərazilərinə təbii qaz verilişinin bərpası istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Proqramı çərçivəsində Salyan şəhərinin qaz təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülmüş, 2015-ci ildə rayonun daha dörd yaşayış məntəqəsinə - Bəydili, Abadkənd, Sarvan və Xələc kəndlərinə, eləcə də Salyan şəhərinin 20 Yanvar küçəsinə təbii qaz verilişi bərpa olunmuşdur. Marışlı, Seyid Sadıqlı, Yeni Uluxanlı, Birinci Varlı və İkinci Varlı kəndlərində qazlaşma işlərinin aparılmasına başlanılmışdır. Salyan rayonu üzrə təbii qazla təmin olunan abonentlərin sayı 18561-ə çatdırılmışdır.
Əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün yüksək gərginlikli elektrik transformatorlarında, yarımstansiyalarda təmir işləri aparılmış, fiziki köhnəlmiş 330 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur. Rayon üzrə 32395 abonentin elektrik enerjisindən istifadəsi təmin edilmişdir.
Rayon ərazisində 14 ədəd yeni müasir transformator yarımstansiyaları quraşdırılmışdır. Texniki itkilərin azaldılması məqsədi ilə rayon ərazisində 2,8 km SİP kabel çəkilmişdir.
Ümumilikdə 1529 abonentlərdə müasir “SMART kart” tipli sayğac quraşdırılmışdır.
Bu günlərdə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün tikilmiş mənzillərin paylanması mərasimində iştirak elirdilər. Bu tədbirdə dövlət başçısı xüsusi vurğuladı ki, yaranmış çətinliklərə baxmayaraq növbəti ildə sosial layihələrin həyata keçirilməsində heç bir ixtisar və azalma aparılmayacaq. Əlbəttə, bütün dünyanı bürüyən məlum iqtisadi gərginliklər fonunda dövlət başçısının nümayiş etdirdiyi bu qətiyyət bizim hər birimizdə sabaha inamı gucləndirir və sürətlə irəliləyən “inkişaf qatarı”nın dayanmadan öz yoluna davam edəcəyini bir daha təsdiqləyir. Bu “inkişaf qatarının” ən əhəmiyyətli dayanacaqlarından biri isə Salyandır.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.