Azərbaycan arxeologiyasının sarbanı

İshaq Cəfərzadə – 120

O, böyük yaradıcılıq yolu keçmişdi. Ona qədim Gəncənin küçələrini tədqiq etmək, dahi Nizaminin muqəddəs türbəsini açmaq, səfalı Xaçbulaq yaylağının əfsanəvi qalalarını öyrənmək və Qobustanın sirli-sehirli daş salnaməsini oxumaq kimi şərəfli, qibtə ediləsi uğurlar nəsib olmuşdu.

Bu böyük şəxsiyyət Azərbaycanın ilk arxeoloq-etnoqraf alimlərindən biri, Əməkdar elm xadimi, Qırmızı Əmək Bayrağı ordenli, istedadlı tədqiqatçı İshaq Məmmədrza oglu Cəfərzadə idi. Bu il görkəmli alimin anadan olmasının 120 ili tamam olur.

İshaq Cəfərzadənin adı respublikamızdan çox-çox uzaqlarda elmi ictimaiyyətə yaxşı tanışdır. İngiltərə, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Almaniya, İtaliya, İspaniya və Kanadada onun elmi irsini yüksək dəyərləndirirlər. Hər yerdə onu Azərbaycan arxeologiyasının yaradıcılarından biri, misilsiz Qobustan dünyasının ilk tədqiqatçısı kimi tanıyırlar.

İshaq Cəfərzadə 1895-ci ildə böyük Nizaminin Vətəni Gəncədə dünyaya göz açmışdı. Atası Məmmədrza kişi sənətkar olmuş və şəhərdə yaxşı sərrac kimi tanınmışdı. Balaca İshaq 6 yaşına çatanda atası onu mədrəsəyə vermişdi. Burada İshaq ərəb və fars dillərini öyrənə bilmiş, öz dahi həmyerlisinin ölməz əsərlərini oxumuşdu. Mədrəsədən sonra o, altıillik şəhər məktəbində təhsil almışdı. Bu məktəbdə İshaq Cəfərzadə yeni bir dilə - rus dilinə yiyələnmişdi. Burada oxuyarkən o, daim yeni bir şey öyrənməyə, geniş bilik əldə etməyə can atmış və bununla bütün müəllimlərinin hüsn-rəğbətini qazanmışdı. Məktəbdə təhsil aldığı vaxtlarda yeniyetmə İshaq daim atasının yanında işləmiş və sərraclıq kimi qədim xalq sənətinin sirlərini dərindən öyrənmişdi. Çox güman ki, onda Azərbaycan xalq sənətinə, onun məişət və təsərrüfatına sonsuz məhəbbət də ilk dəfə burada yaranmışdı. İshaq Cəfərzadə gənc vaxtlarından elmə böyük maraq göstərərək gecə və gündüz mütaliə etmiş, müstəqil surətdə öz savadını artırmışdı. Qədim və zəngin tarixə malik olan Gəncə şəhəri, onun ətrafındakı abidələr və hər il yay vaxtı köçdükləri Xaçbulaq yaylağının qədim qalaları onda tarix elminə, arxeologiyaya böyük həvəs oyatmışdı.

Tarix elminin sirlərinə dərindən yiyələnmək məqsədilə o, 1924-cü ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və oranı əla qiymətlərlə qurtarmışdı. O, bununla kifayətlənməmiş, tezliklə sənədlərini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə vermişdi. İshaq Cəfərzadə universitet təhsilini də böyük müvəffəqiyyətlə başa çatdırmışdı.

İshaq Cəfərzadə istər pedaqoji institutda, istərsə də universitetdə oxuyarkən elmi işə daha böyük maraq göstərmiş, arxeoloji və etnoqrafik dərnəklərin işində, yeni yaranan “Azərbaycanı tədqiq edən və tələbə cəmiyyətin tədqiqatlarında fəal iştirak etmişdi. Buna görə də İshaq Cəfərzadə hələ universitetdə oxuyarkən – 1926-cı ildə Azərbaycan Dövlət Tarix Muzeyinə elmi işçi vəzifəsinə qəbul olunmuşdu. İshaq müəllim o vaxtdan ömrünün sonunadək bütün həyatını xalqımızın qədim maddi-mədəniyyət tarixini öyrənmək işinə həsr etmişdi. Elə buna görə də alimin həyatı, uzun yaradıcılıq yolu Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin bütün ardıcıl inkişaf mərhələlərini əks etdirən bir kitaba çevrilmişdi. Yada salmağa dəyər ki, respublikamızda geniş arxeoloji axtarışlar və qazıntılar aparmış 20-dən artıq arxeoloji və etnoqrafik ekspedisiyanın təşkili və fəaliyyəti bilavasitə İshaq müəllimin adı ilə bağlıdır.

Hələ 1926-cı ildə o, akademik İ.İ.Meşşaninovun başçılıq etdiyi ekspedisiyaların tərkibində Xocalıda və Qızılvəngdə, Çovdar və Yaloylutəpədə arxeoloji qazıntılar aparmış, olduqca maraqlı etnoqrafik məlumatlar toplamışdı. İshaq müəllimin həmin ildə Azərbaycanın ilk arxeoloqlarından olan Davud bəy Şərifovun rəhbərliyi ilə qədim Qəbələ şəhər yerində başlanan qazıntılardakı işi də çox uğurlu olmuşdu. Daim axtarışlara can atan gənc alim ixtisasını təkmilləşdirmək və təcrübə toplamaq məqsədilə 1929-cu ildə SSRİ Elmlər Akademiyasının təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq Qara dənizin şimalındakı antik dövrlərə aid Olviya şəhər yerində də qazıntılar aparmışdı. Topladığı təcrübə İshaq müəllimə az vaxt içərisində Azərbaycan Dövlət Muzeyində zəngin arxeoloji fond yaratmağa və xüsusi şöbə açmağa imkan vermişdi.

Xalqımızın qədim tarixini, məişət və təsərrüfatını, mədəniyyət və incəsənətini öyrənmək məqsədilə o, Azərbaycan torpağını qarış-qarış gəzmiş və yüzlərlə tarixi abidə aşkar etmişdir. Zəhmətkeş alim 1937-1939-cu illərdə Kiçik Qafqaz silsiləsinin əlçatmaz yerlərində son tunc ilk dəmir dövrünə aid 120-dən artıq möhtəşəm divarlı qalalar qeydə almış və bunları elmi əsaslarla tədqiq etmişdi. Onun bu abidələrə həsr edilmiş tədqiqat əsəri elmi əhəmiyyətinə görə gənc alimlərin Ümumittifaq müsabiqəsində müvəffəqiyyət qazanmış, xüsusi mükafata layiq görülmüşdü.

İshaq Cəfərzadənin axtarışlarında qədim Gəncə qazıntıları da xüsusi yer tutur. Qoca Şərqin dühası Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı təşkil edilən bu qazıntılara bilavasitə İshaq Cəfərzadə rəhbərlik etmişdi. Onun səyi nəticəsində az vaxt ərzində qədim Gəncə şəhərinin yeri dəqiq şəkildə müəyyənləşdirilmiş və geniş qazıntılar nəticəsində burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər körpülərinin və başqa tikililərin qalıqları üzə çıxarılmış və yüzlərcə dəyərli maddi mədəniyyət nümunələri əldə edilmişdi. Maraqlıdır ki, təcrübəli alim qədim Gəncənin ətrafında Nizami dövründən daha qədimə – tunc dövrünə aid çoxlu abidələr aşkara çıxarmış və xalqımızın mədəni nailiyyətlərinin dərin köklərini müəyyənləşdirmişdi.

Qədim Gəncə qazıntıları zamanı İshaq Cəfərzadəyə böyük Nizaminin qəbrini açmaq şərəfi nəsib olmuşdu. Yubiley günlərində böyük mütəfəkkirin cənazəsinin qalıqları ölməz “Sənsiz”in ecazkar sədaları altında şairin şərəfinə yeni ucaldılmış türbədə qara mərmər sənduqəyə qoymuşdu. İndi bu yer xalqımızın ziyarətgahına çevrilmişdir.

Qədim Gəncə qazıntıları sonralar yorulmaz alimə “Qədim Gəncənin tarixi-arxeoloji oçerki” kimi ciddi bir elmi əsər yazmağa imkan vermişdi. Bu mövzu əsasında o, hələ 1944-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdi. Müharibə və müharibədən sonrakı ilk illərdə İshaq müəllim Bakı limanında yerləşən sirli “Şəhri Səbayıl”da və Yaloylutəpədə başlanan arxeoloji tədqiqatlara rəhbərlik etmişdi. Dörd tərəfdən Xəzərin dalğaları ilə yuyulan “Şəhri Səbayıl” tədqiqatları zamanı o, ağır və gərgin zəhmət hesabına dənizin dibindən 200-dən artıq iri ölçülü yazılı daş kitabə çıxara bilmişdi. Tədqiqatlar nəticəsində bu qalanın XIII əsrə aid olması və orta əsrlərdə Azərbaycanın iqtisadi-mədəni əlaqələrində mühüm yer tutması aydınlaşmışdı. Yaloylutəpə qazıntılarının da nəticələri əhəmiyyətli olmuşdu. Bu qazıntılar zamanı respublikamızın ərazisində qədim və özünəməxsus bir mədəniyyətə aid çoxlu yeni əşyayi dəlil üzə çıxarılmışdı.

Zəhmətkeş arxeoloqun müharibədən sonrakı illərdə apardığı tədqiqatların əsas və mühüm hissəsi Qobustanın qayaüstü rəsmləri ilə bağlıdır. Qobustan qayaüstü rəsmləri ilk dəfə 30-cu illərin sonlarında aşkar edilsə də, təcrübəli alim onların elmi tədqiqinə nisbətən gec başlamışdı. Az vaxt içərisində Qobustanda 5000-ə yaxın qədim qayaüstü rəsm aşkar edilmişdi. Bu rəsmlərin hamısı dəqiq qeydə alınmış və alimin həyat yoldaşı,  tədqiqatlarda ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü. İshaq müəllim bu rəsmlər üzərində illər boyu tədqiqatlar aparmış və yuxusuz gecələr hesabına onların sirlərini öyrənə bilmişdi. Qobustanın qədim rəsmləri üzərində belə uzun və səmərəli iş İshaq müəllimi bütün dünyada qədim qayaüstü təsvirlərin ən istedadlı və təcrübəli tədqiqatçılarından biri kimi tanıtmışdı. Elə buna görə də İshaq müəllimin qayaüstü rəsmlər üzərində iş təcrübəsi nəinki yerli, hətta xarici alimlər üçün də gözəl məktəb olmuşdu.

Qədim qayaüstü təsvirlər dünyanın bir çox yerlərində aşkar edilmişdir. Lakin hər yerdə Qobustanın təsvirləri qədər geniş xronoloji çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal süjetli və bədii dəyərli təsvirlərə təsadüf olunmamışdır.

İshaq müəllim Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş - mezolit dövrünə aid etmiş, onların 9-10 min il əvvəl çəkildiyini sübuta yetirmişdi. Sonrakı dövrlərdə Qobustanın daş salnaməsində təsvirlərin sayı daha da artmış və zənginləşmişdi. Mis, tunc və dəmir dövrlərində Qobustanın bu qeyri-adi daş kitabına qədim təsərrüfat sahələrinin genişlənməsi, inkişafı, dini təsəvvürlərin mürəkkəbləşməsi ilə əlaqədar daha geniş məzmunlu və kompozisiyalı lövhələr - əsl incəsənət əsərləri əlavə edilmişdi. Ciddi axtarışlar nəticəsində İshaq müəllimə hər bir rəsmin dövrlərə görə mənasını açmaq, onların işlənmə üslubunu aydınlaşdırmaq müyəssər olmuşdur. Yer kurəsinin müxtəlif guşələrində tapılmış bütün qədim qayaüstü təsvirlərə yaxşı bələd olan İshaq Cəfərzadə Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii və tarixi əhəmiyyətini müəyyənləşdirə bilmişdi. Görkəmli alimin tədqiqatlarında diqqəti cəlb edən cəhətlərdən biri də Qobustanın qədim təbii-coğrafi şəraitinin nəzəri bərpası ilə bağlıdır. Alimə görə uzaq keçmişdə Qobustanın iqlimi rütubətli və tropik iqlimə yaxın olmuşdur. O zaman bu ərazi sulu çaylara, çoxlu bulaqlara və bol ot örtüyünə malik olduğundan burada saysız-hesabsız ov heyvanları özlərinə sığınacaq tapmış və yerli qəbilə və tayfaların böyük mal-qara sürüləri saxlanılmışdı.

Qobustan təsvirlərini öyrənərkən istedadlı alim onların meydana gəlmə tarixinə xüsusi fikir vermişdi. Tədqiqatçının fikrincə, Qobustanın saysız-hesabsız təsvirləri içərisində siluet üsulu ilə çəkilmiş, çiyinlərində kaman olan kişi və qadın təsvirləri ən qədim dövrlərə aiddir və onlar bilavasitə qadınların ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq dövründə çəkilmişdir.

İshaq Cəfərzadənin dərin və geniş axtarışları ona sonrakı dövrlərin təsvirlərini də müəyyən etməyə, onların fərqləndirici xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermişdi. O, müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən çox düzgün olaraq onları həmin dövrün təsərrüfatı, dini təsəvvürləri və mədəni nailiyyətləri ilə əlaqələndirmiş, mütəxəssislərin diqqətini cəlb edən  maraqlı elmi fikirlər irəli sürmüşdü.

Tədqiqatçının qaya təsvirlərinin dövrlərə görə işlənmə üslubları haqqında fikirləri xüsusilə əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, dünya qayaüstü təsvirlərinin tədqiqində onların dövrlərə görə işlənmə üsulları sirlərinin açılması bilavasitə görkəmli alimimiz İshaq Cəfərzadəyə məxsusdur. İshaq müəllim tərəfindən başlanılan Qobustan arxeoloji tədqiqatlarının Azərbaycan və keçmiş Sovet arxeologiya elminin inkişafına böyük təsiri olmuşdur. Bu tədqiqatlar vaxtilə Sovet arxeologiyasının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilmişdi.

1973-cü ildə zəhmətkeş alimin “Qobustan” adlı böyük bir əsəri çapdan çıxmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının nəşriyyatı tərəfindən iri həcmli albom şəklində çap olunmuş bu kitab Qobustan tədqiqatlarının ilk yekunlarına həsr olunsa da, mühüm elmi əhəmiyyət kəsb edir.

Ulularımızın qiymətli mirası, zəngin mədəni irsimizin ayrılmaz hissəsi olan Qobustan haqqında çoxlu şeirlər yazılmış, mahnılar bəstələnmiş, rəsm əsərləri çəkilmişdir. Lankin İshaq müəllimin “Qobustan” kitabına qədər bu qeyri-adi abidə haqqında müəyyən bir elmi əsər yazılmamışdı. Buna görə də bu kitab respublikamızın mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilmiş, elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Mənə isə bu dəyərli elmi əsər haqqında o vaxtlar “Kommunist” qəzetində çap olunan geniş rəy yazmaq şərəfi nəsib olmuşdu.

Yorulmaq bilməyən qocaman alim ömrünün son illərində “Qobustanın petroqlifləri” adlı daha bir mükəmməl elmi əsəri uğurla başa çatdırmışdı. Təəssüf ki, böyük alimin ölümündən sonra əsər ayrı-ayrı adamların məkrli xislətinin qurbanı oldu, işiq üzü görmədi. Onu da qeyd etməyə dəyər ki, İsaq müəllim ömür yoldaşı Səfiyyə xanımla birlikdə “Abşeronun qəbir daşları” adlı əsər də yazmış, çap üçün Elmlər Akademiyasının nəşriyyatına təqdim etmişdi. Həyatlarını bütünlüklə elmə həsr edən İshaq müəllim və Səfiyyə xanım gecəni gündüzə qataraq həmin əsər üzərində necə də böyük şövqlə işləyirdilər. Lakin bu əsərin də taleyi acı oldu. Əsər çap olunmadı, “Elm” nəşriyyatının otaqlarında itib-batdı.

İshaq müəllimlə işlədiyim müddətdə iki dəfə onun yubiley gecəsində iştirak etmişdim. Anadan olmasının 70 illiyi də, 80 illiyi də bizim üçün, respublikamızın bütün tarixçiləri və ictimaiyyəti üçün əsl bayram olmuşdu. Ümid edirdik ki, böyük alimin 90 illiyini də ona layiq dərin hörmət və minnətdarlıq hissilə, sevinc və xoş arzularla keçirəcəyik. Çox təəssüf ki, bu, bizə qismət olmadı. Görkəmli alim 1982-ci ilin yanvarın 5-də uzun illərdən bəri topladığı misilsiz zəngin mirası bizə ərməğan edərək dünyasını dəyişdi.

Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya tanınmış alimin ayağı dəyməmiş ola. Lakin onun adı ilə daha çox dünya sənət xəzinəsini bəzəyən, milli mədəni və mənəvi qürurumuzu təşkil edən məhz Qobustanın daş naxışları, rəsmləri bağlıdır. Ulu babalarımızın hiss və duyğularını qoruyub saxlayan bu abidənin tədqiqinə o, ömrünün 40 ilə yaxın bir dövrünü həsr etmişdi. Bəlkə də elə buna görə Qobustanın yalçın qayaları uzaq minilliklərin, əsrlərin sirlərini ondan gizlətmək istəməmiş, çətin və əziyyətli axtarışlarda ona qüvvət, əzəmət vermiş, möhkəm arxa olmuşdu. Bəlkə də elə buna görə tanınmış alimin yerişində və duruşunda, söhbətlərində və yazılarında həmişə Qobustanın düşüncəsi, onun nəhəng qayalarının vüqarı, minbir səsli qədim və ecazkar mahnısı əks olunmuşdu.

Qüdrət İSMAYILZADƏ,
tarix üzrə elmlər doktoru,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında