Saatlı rayonu bərəkətli Muğan torpaqlarında yerləşir. Buranın adamları əməksevərlikləri ilə ad qazanıblar. Hər kəs öz işində-gücündədir. Hamı çalışır ki, torpağı bekar qoymasın, bu il ötən ildəkindən, gələn il buildəkindənın daha çox məhsul toplasın. Dövlətimizin aqrar sahənin inkişafına, fermerlərə göstərdiyi daimi diqqət və qayğı onları daha da ruhlandırır.
Bu yerlərdə deyirlər ki, torpağın “dilini bilən”, onu halallıqla əkib becərən hər əkin-biçin adamının süfrəsi bol, gözü-könlü tox olur. Yəqin ki, elə buna görə də Saatlı camaatını adətən “rahat adamlar” adlandırırlar. Son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Saatlıda işgüzarlıq, qurub-yaratmaq əzmi daha da yüksəlib. Nəticədə, bütün sahələrdə uğurlar günbəgün artır.
Bu uğurlar, təbii ki, ilk növbədə, dövlətimizin Azərbaycanın bölgələrinin davamlı inkişafı üçün bir an azalmayan diqqət və qayğısının nəticəsində mümkün olur. Lakin saatlılılar qazanılan uğurlarla kifayətlənmir, onlar yeni, daha yüksək hədəflərə nail olmaq əzmindədirlər. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bizimlə söhbət zamanı məhz daha çox qarşıya qoyulan hədəflər barədə söz açdı. Dedi ki, ölkəmizdəki sabitlik, xalqla dövlətin birliyi respublikamızın hər bir bölgəsi kimi, Saatlının da inkişafına öz pozitiv təsirini göstərir.
S.Cabbarov onu da vurğuladı ki, rayon sakinləri Azərbaycan dövlətinin, şəxsən dövlət başçısı cənab İlham Əliyevin bu rayonun inkişafına göstərdiyi daimi diqqət və qayğıdan çox razıdırlar. Cənab Prezident ötən 7 il ərzində, demək olar ki, hər il rayonda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan məsələlərin həlli ilə bağlı öz müdrik tövsiyə və tapşırıqlarını vermiş, rayonda yeni sosial-infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm sərəncamlar imzalamışdır.
Bəli, bütün bunlar rayon sakinlərinə daha yaxşı çalışmaq üçün böyük stimul verir, onları öz enerji, təcrübə və bacarıqlarını səfərbər etməyə sövq edir. Hazırda il sona yetməkdədir. Təqdirəlayiq haldır ki, Saatlı rayonunun əmək adamları bu il də bütün sahələrdə uğurlu nəticələr əldə ediblər. Bu uğurlar barədə, qısa da olsa, məlumat vermək istərdik.
Bu il rayonda ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 2,4 faiz artaraq 182048 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 85,6 faiz təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 256,5 manat olmuşdur.
Rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi isə 3,6 faiz artaraq 102068,8 min manata çatmışdır. Yeri gəlmişkən, dövriyyə həcminin 99,8 faizi özəl sektorun payına düşür. Eyni zamanda, əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki illə müqayisədə 1,6 faiz artaraq 18270 min manat olmuşdur. Sənaye üzrə artım 3,7 faiz təşkil etmişdir. Rabitə və ticarət sahələrində göstərilən xidmətlərin həcmi müvafiq olaraq 7,2 faiz və 7,8 faiz artmışdır. Başa çatmaqda olan ildə əhalinin pul gəlirləri 4 faiz artmışdır.
2015-ci ilin məhsulu üçün ötən payızında 19298 hektar sahədə taxıl əkilmişdir. Bunun 15259 hektarını buğda, 4039 hektarını isə arpa təşkil etmişdir. 2015-ci ildə 15259 hektar buğda əkini sahəsindən 63836 ton məhsul yığılmışdır ki, bu da hər hektardan 41,8 sentner, 4039 hektar arpa sahəsinin hər hektarından 31,9 sentner olmaqla 12884,4 ton arpa məhsulu istehsal edilmişdir.
Saatlı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində böyük potensialı olan bölgələrimizdən biridir. Bəllidir ki, aqrar sahənin səciyyəvi cəhətləri var. Belə ki, burada bol məhsul toplamaq üçün gərək torpağa daim qayğı göstərəsən, onun məhsuldarlığını artırmaq üçün lazımi aqrotexniki tədbirləri vaxtında görəsən. Saatlıda indi torpağın dilini yaxşı bilən təcrübəli fermerlər çoxdur. Onlar öz bilik və bacarıqlarını daim artırmağa, qabaqcıl təcrübədən bəhrələnməyə çalışırlar. Mütəxəssislərin fikrincə, son illər rayonda buğda və arpa əkini sahələrinin məhsuldarlığının davamlı olaraq artırılması, ilk növbədə, yuxarıda qeyd etdiyim amillərin hesabına mümkün olur.
Qeyd edək ki, rayonda taxıl sahələrinin məhsuldarlığının daha da artırılması üçün işlər davam etdirilir. Bu il rayonda 4830 nəfər buğda istehsalçısına 14753 hektar əkin sahəsi üçün 590149 manat subsidiya ödənilmişdir. Təkcə buğda istehsalçıları deyil, digər kənd təsərüfatı məhsullarının istehsalında da yüksək məhsuldarlığa nail olmaq məqsədilə istehsalçılara satıcı təşkilatlar tərəfindən 21418 hektar əkin sahəsi üçün 4636 ton mineral gübrə verilmişdir.
Saatlıda heyvandarlığın inkişafına da daim diqqqət göstərilir. Bu sahədə də böyük imkanlar mövcuddur. Hazırda rayonda heyvandarlıq sahəsində 24 kəndli-fermer təsərrüfatı və bir dövlət müəssisəsi fəaliyyət göstərir. Bu kollektivlərin hər biri 2015-ci ildə uğurla çalışaraq süd, ət, yun, yumurta məhsullarının istehsalını və satışını artıra bilib. Rayon Baytarlıq İdarəsinin təcrübəli kollektivi də mal-qara və quşlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirib.
Bu il rayonda 5912 ton diri çəkidə ət, 33157 ton süd və 6762 min ədəd yumurta istehsal edilmişdir. Rayonda iri buynuzlu mal-qaranın sayı 67365 başa, o cümlədən ana inək və camışların sayı 32047 başa, qoyun və keçilərin sayı 111856 başa satmışdır. Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qaranın sayında 591 baş artım olmuşdur. Qoyun və keçilərin baş sayında da nəzərəçarpan artım müşahidə edilmişdir.
Rayonda meliorasiya-irriqasiya tədbirləri də uğurla həyata keçirilir. 2015-ci ildə rayonun kollektor-drenaj şəbəkəsinin 242 kilometrində lildən təmizləmə işləri aparılıb. Ümumi uzunluğu 517 kilometr olan suvarma kanalları da lildən təmizlənib. Bundan əlavə, 128 ədəd hidrotexniki qurğu, 8 ədəd istehsalat binası, 23 ədəd hidropost və 8 nasos stansiyası cari təmir edilib.
Son illər Saatlıda abadlıq-quruculuq işlərinin vüsəti fərəh doğurur. Maraqlı cəhət odur ki, rayondakı geniş abadlıq-quruculuq işlərinə bütün əmək kollektivləri cəlb olunub. Yerli sakinlər rayon mərkəzində və kəndlərdə vaxtaşırı keçirilən iməcilikləri “Abadlıq marafonları” adlandırırlar. Bu tədbirlərdə, demək olar ki, böyükdən-kiçiyə hamı iştirak edir.
Rayonda yaşıllaşdırma işlərinə də qayğı artıb. Saatlı şəhərinin mərkəzi küçələri boyu, park və xiyabanlarda, eləcə də Saatlı şəhərindən keçən magistral avtomobil yolunun, kənd yaşayış məntəqələrinə gedən və hazırda yenidənqurma işləri aparılan yol kənarlarında, yaşıllıq salınan ərazilərdə 32 mindən artıq müxtəlif növ yerli iqlim şəraitinə uyğun olan həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilmişdir.
Bu gün Saatlı bölgənin ən gözəl, abad və yaraşıqlı şəhərlərindən birinə çevrilib. 2015-ci ildə Saatlı şəhərinin Nizami küçəsi boyunca 150 kvadratmetr sahədə səkilər yüksək keyfiyyətli beton piltələrlə yenilənmişdir. Heydər Əliyev prospektində 30 min kvadratmetr sahədə asfaltlaşdırma işləri icra olunmuşdur. Şəhərin A.Abuzərov küçəsi boyu abadlaşdırma məqsədilə 3 min ton torpaq daşınıb yayılmış, H.Aslanov küçəsində 4 ədəd müasir işıq dirəyi quraşdırılmışdır.
Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının 770 kvadratmetr dam örtüyü əsaslı təmir olunmuş, ərazidə 280 kvadratmetr sahəyə qum-çınqıl qatı verilmişdir. Pospekt boyunca 1720 kvadratmetr daş hasar rənglənmişdir. Prospektdə 2 kilometr məsafədə kuveyt kanalları torpaqdan təmizlənmiş, müvafiq olaraq kanalların divar və dib hissələrinə ümumilikdə 35 kubmetr beton vurulmuşdur. Rayonda idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilmişdir. Kompleksin həyətyanı ərazisi və idman meydançasının qaçış sahəsi asfaltlaşdırılmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü dəstəklənərək hər biri 100 uşaq yerlik olmaqla, şəhər 5 saylı və Nərimankənd kənd körpələr evi və uşaq bağçası üçün yeni binaların tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Ümumtəhsil müəssisələri üzrə dövlət vəsaiti hesabına 120816 manat məbləğində əsaslı təmir işləri, 1500 manat məbləğində cari təmir işləri görülmüş, 58300 manat dəyərində bərk inventar və 31500 manat dəyərində digər avadanlıq alınmışdır.
Saatlı-Sarıcalar-Qara-Nuru-Şirinbəy-Fətəlikənd-Azad-
kənd avtomobil yolunun yenidən qurulması işlərinə ilkin mərhələdə 3 milyon manat ayrılmışdır. Həmin yolun 10 kilometr hissəsində yenidənqurma işləri davam etdirilir. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlı rayonunda 109 yeni iş yerinin yaradılması üçün 88 layihə üzrə bu il ərzində 554500 manat güzəştli kreditlər verilmiş və rayon sahibkarlarına yeni investisiya layihələri təqdim edilmişdir. Hazırda rayonda 649 hüquqi, 4603 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olur. 2015 -ci ilin doqquz ayında rayonda 569 yeni iş yeri yaradılmışdır ki, bundan 366-sı daimi iş yerləridir.
Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlər ardıcıl olaraq yerinə yetirilir. Rayon Məşğulluq Mərkəzində 2015-ci ildə 317 nəfər iş axtaran vətəndaş qeydiyyata alınmışdır. Həmin vətəndaşlardan 264 nəfər münasib işlərlə təmin olunmuş, 12 nəfərinə işsizlik statusu verilmişdur. 2015-ci il sentyabrın 11-də rayonda “Əmək yarmarkası” keçirilmişdir ki, bu tədbirdə də 321 nəfər işsiz və işaxtaran vətəndaş iştirak edərək müraciətləri üzrə müvafiq tədbirlər görülmüşdür. Yarmarkaya çıxarılmış boş iş yerləri üzrə 89 nəfərə müvafiq göndərişlər verilmişdir.
Saatlıda Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə məcburi köçkün soydaşımız məskunlaşıb. Rayonda bu ailələrə qayğı bir an azalmır. Əlisoltanlı kəndi ərazisində istismar müddətini başa vurmuş fin evlərinin yerində bütün sosial-texniki infrastruktura malik 25-i bir otaqlı, 80-i iki otaqlı, 100-ü üç otaqlı və 25-i dörd otaqlı olmaqla 230 fərdi yaşayış evi tikilmişdir. Rayonun Bəylər, Yeni Novruzlu Qarayevkənd, Günəşli və Əlisoltanlı kəndində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə qazlaşma işləri başa çatdırılmışdır.
Rayonda təhsil, səhiyyə, mədəniyyət sahəsində də uğurlu işlər görülmüşdür. Diqqətəlayiq haldır ki, son vaxtlar bütün ölkə miqyasında şagirdlərin, yeniyetmə və gənclərin yüksək bilik almaları ilə yanaşı, onların vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması sahəsində də silsilə tədbirlər həyata keçirilir. Saatlı rayonun məktəbliləri də bu tədbirlərdə fəal iştirak etmişlər.
Bəli, bu gün Saatlıda qurub-yaratmaq əzmi böyükdür. Sevindirici haldır ki, bu əhval-ruhiyyə bir an azalmır, əksinə, daim güclənir. Burada hər kəs bu həqiqəti dərk edir ki, kim yaxşı çalışırsa, özünün, ailəsinin dolanışığı, güzəranı daha da yaxşılaşır. Azərbaycan dövləti də məhz buna çalışır: hər bir kənd adamının rifahı yaxşı olmalıdır!
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.