GƏDƏBƏY: Vətəndaş-məmur münasibəti tamam dəyişib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

– Dayan, dayan... Sən Hacallar kəndindən deyilsən? Adın da səhv etmirəmsə, Reyzədir, Reyzə Musayeva. Bir dəfə olmusan burada, evinin təmirinə kömək göstərilməsini xahiş etmişdin. Bildiyimə görə, evin üçün lazım olan şiferi veriblər sənə, indi xeyir ola?

Qəbul otağına daxil olan kimi rayon icra hakimiyyəti başçısının onu tanımasından məmnun qalan R. Musayeva bir qədər də irəli gəlib “sağ olun, Ramiz müəllim, kömək elədilər” – dedi və sonra da əlavə etdi ki, “indi də sement lazımdır”...

Başçı üzünü qarşı tərəfdə əyləşmiş işçilərinə tutub “yenə kömək edin” – dedi.

Qadın razılıq edərək otaqdan çıxdı.

– Adın Məhərrəm olmalıdır, soyadını unutmuşam, – deyə R.Yediyarov qəbula gələn başqa birisinə üzünü tutub, şikayəti ilə maraqlandı. Məlum oldu ki, Məhərrəm Haqverdiyevin həyat yoldaşı birinci qrup əlildir, əlil arabası almaqda ona kömək göstərilməsini xahiş edir. Müvafiq qurumun da rəhbərinə göstəriş verildi.

Maraq doğuran cəhət bu idi ki, rayonun rəhbəri qəbula gələnlərin bir çoxunu adbaad tanıyırdı, onların hansı kənddən olduqlarını bilirdi. Hətta kəndin ən xırda problemlərini belə onlardan əvvəl söyləyirdi. Qəbulda iştirak edən rayon icra hakimiyyəti aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cəlal Xıdırov içəri daxil olan şikayətçini təqdim etməyə macal tapmamış Ramiz müəllim “tanıyıram” deyirdi. Təbii ki, icra hakimiyyəti başçısının Gədəbəydə cəmi üç ildən bir qədər çox işləməsinə baxmayaraq, adamları belə tez və yaxından tanıması, problemlərini bilməsi olduqca təqdirəlayiq hal sayılmalıdır. Təəssüf ki, bəzən hətta əslən həmin rayondan olan rəhbər işçi adamların çoxunu tanımır, dərd-sərini dərindən bilmir, laqeyd olur.

Diqqətimizi çəkən digər maraqlı məqam R. Yediyarovun qəbula gələnlərə həddindən artıq həssaslıqla yanaşması, həm də hövsələ ilə cavab verməsi idi. Yeri gəlmişkən qeyd edək ki, qəbula gələnlərin bir çoxu tamamilə başqa qurumlara, məhkəməyə, polisə müraciət etməli olduqları halda, icra hakimiyyəti başçısının qəbuluna gəlməyə üstünlük verirlər. Bu, bir tərəfdən yaxşıdır ona görə ki, rayon rəhbərinə inam, etibar var. Digər tərəfdən, bəzi hallarda ədalətsiz məhkəmə qərarları, yaxud qətnamələrin aylarla, hətta illərlə icra olunmaması, süründürməçilik ünvanı dəyişir, icra hakimiyyətinə yönəldir. İndinin özündə də vaxtilə torpaq islahatı zamanı ədalətsizliklə üzləşmiş payçının iddiasına baxılır, qətnamə yenə də icra hakimiyyətinə göndərilir. Halbuki islahatdan az qala 20 ilə yaxın vaxt keçir və icra orqanları bu işlə məşğul olmurlar. Yaxud vətəndaş pay torpaq yerini bu günədək bilmir və yenə də icra hakimiyyətinə üz tutur.

Qəbula yazılanlar arasında yalnız minnətdarlıq etmək üçün də gələnlərin olması onu göstərirdi ki, Gədəbəydə məmur-vətəndaş münasibətlərində bir səmimiyyət, necə deyərlər, istilik yaranıb. Sahibkar Tamara Cəfərova ona görə gəlmişdi ki, rayon rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını çatdırsın. Rayon mərkəzində ona ayrılmış torpaq sahəsində nəzərdə tutduğu işin həyata keçirilməsi üçün indi gözəl şərait yaradılıb.

Düzyurd kəndindən olan Nərminə Cəfərova da hərrac yolu ilə aldığı 6 sot torpağın ona verilməsindən duyduğu sevinci rayon rəhbəri ilə bölüşmək, ona minnətdarlığını bildirmək üçün gəldiyini dilə gətirdi.

Şəhid atası Səxavət Fətəliyevin də rayon rəhbərinə minnətdarlıq etmək üçün qəbula yazıldığı məlum oldu. Bir məsələni qeyd edək ki, rayonda şəhid ailələrinə, müharibə veteranlarına, digər imtiyazlı şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşırlar.Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş 200 nəfərdən çox şəhid verən Gədəbəydə onların xatirəsi daim əziz tutulur. Şəhidlər xiyabanı Vətən uğrunda canlarından keçənlərin ruhuna layiq tamamilə yenidən qurulub və bu gün həmin ünvan gədəbəylilərin and yerinə çevrilib. Şəhidlər haqqında ayrıca kitab çap olunub. “Alınmaz qalanın qəhrəmanları” adlı sənədli-bədii film çəkilib. Tez- tez xatirə-anım gecələri təşkil olunur. Bu yaxınlarda “Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər” adlı tədbir bütün Gədəbəydə əks-səda yaratdı.

Beləcə bir qəbul da başa çatdı. Rayon icra hakimiyyəti başçısının qəbuluna yazılmış 44 nəfərin hamısı dinlənildi, onlara lazımi kömək göstərildi, bəzilərinə izahat verildi, müvafiq təşkilatlara müraciət etmək tövsiyə olundu. Rayon icra hakimiyyətinin başçısı qanunları, təlimatları, bir sıra qərar və göstərişləri adamlara o qədər sadə və aydın şəkildə izah edirdi ki, onların çoxu “axı bunları bizə izah edən olmayıb” deyərək qəbul otağını razılıqla tərk edirdi. Hiss olunur ki, yerlərdə izahat-təbliğat işləri lazımınca aparılmır, adamlar hüquq və vəzifələri haqqında kifayət qədər məlumatlandırılmır. Rayon rəhbəri ucqar bir kənddən qonşuları haqqında şikayətə gələn 3 qadını yola saldıqdan sonra çox haqlı olaraq üzünü icra nümayəndəsinə və bələdiyyə sədrinə tutaraq “qonşuları onların suyunu kəsibsə, bundan ötrü 20-30 kilometr məsafə qət edib qəbula gəlməlidirlər? Onları da başçı barışdırmalıdır?”– deməsi hamının ürəyindən xəbər verdi.

...Gədəbəydə adamlar yaxşı ilə pisi seçməyi bacarır, sadəlik, təvazökarlıq, bunlarla yanaşı, işgüzarlıq və qayğıkeşlik keyfiyyətləri olan rəhbər işçini qiymətləndirir, hər yerdə nümunə kimi göstərirlər. Rayon icra hakimiyyətinin başçısı bütün kəndləri, o cümlədən sərhəd bölgəsi olan Şınıxın kəndlərini qarışbaqarış gəzib, səyyar qəbullar keçirib, hətta bir neçəsində dəfələrlə olub. Ona görə yuxarıda qeyd etdiyimiz kimi, kəndləri, onun adamlarını yaxşı tanıyır, problemləri bilir, onların həlli istiqamətində işlər görür. Heç kimin yadından çıxmayıb. Cəmi üç-dörd il qabaq rayon mərkəzi ucqar kənddən seçilmirdi. Şəhərin girişi, yol kənarları, primitiv tikililər, ayrı-ayrı obyektlərin baxımsızlığı göz qabağında idi. Bütün bunlar yaxın keçmişin izləri idi. Təsəvvür edin ki, ümumrayon tədbiri keçirmək üçün normal bir obyekt yox idi. İndi çox qısa müddətə tikilib istifadəyə verilmiş 1000 yerlik “Yaşıl teatr”a baxanda adamın ürəyi açılır. Rayonda cəmi iki inzibati bina olduğu halda indi onlarcadır. Hamısı da bir-birindən gözəl. Ulu öndərin adını daşıyan parkda yenidənqurmadan sonra elə bir şərait yaradılıb ki, hətta böyük şəhərlər də ona həsəd apara bilər. Asfalt nə olduğunu bilməyən kəndlərə yollar çəkilib, səkilər düzəldilib. Məktəb, uşaq bağçası, digər sosial obyektlərin inşası bu ucqar dağ rayonunun simasını dəyişib. Daxili imkanlar da işə salınıb, iş adamları xeyirxah işlərə cəlb olunub. Hamısı bilirsiniz nəyin hesabına baş verib? Ramiz Yediyarov deyir ki, cənab Prezidentimiz Gədəbəyə və gədəbəylilərə qayğısını bir an belə əsirgəməyib. Bütün bunlar məhz bu diqqətin və qayğının bariz nümunəsidir.

Bir neçə il əvvəl rayonda hansısa kiçik bir obyektin açılışı az qala sensasiya kimi qəbul edilirdisə, son vaxtlar bu açılışlar adi hal alıb. Çünki elə ay yoxdur ki, hansısa bir körpünün, yolun, parkın, məktəb və ya uşaq bağçasının açılışı olmasın. Bir fikir verin. Görün, təkcə son aylar və günlərdə nə qədər mühüm obyektlər tikilib istifadəyə verilib. İsalı və Moruxlu kəndlərində 180 yerlik ən müasir tam orta məktəb binaları, Gədəbəy şəhərində 100 yerlik uşaq bağçası, Novosaratovkada daha bir körpələr evi, Çalburun, Nərimankənd, Parakənd, Meşkər və sair kəndlərə təbii qaz verilməsi, park və xiyabanlar, yeni inzibati binalar, yaşayış evləri, daha neçə-neçə obyekt... Ömrü boyu odunla, kömürlə peç qalayan kəndlinin evində indi təbii qaz yanır. Su və kanalizasiya xətlərinin əsaslı şəkildə yenidən qurulması təkcə bu yerlərin adamlarının həyat və məişət şəraitini yaxşılaşdırmır, həm də yaxın gələcəkdə bölgədə turizmin necə sürətlə inkişaf edəcəyindən xəbər verir.

Təbii ki, gədəbəylilərin işə münasibəti də dəyişib və əslində, bunu hər addımda görmək mümkündür. Əhali ilə rayonun icra strukturları arasında çox sıx, səmimi münasibət yaranıb. Hətta yuxarı orqanlara nədənsə şikayət edən olduqda belə, rayonda baş verən müsbət dəyişiklikləri etiraf etməli olub. Bu ilin ötən 11 ayı ərzində rayon icra hakimiyyəti aparatına 1227 ərizə daxil olub ki, onun da yalnız 216-sı şikayət xarakterli ərizədir. Nəzərə alsaq ki, bu ərizələrdən də 64-ü, başqa sözlə, 35-40 faizi rayonda 3 nəfərin –Vaqif Səfərovun və arvadı Aybəniz Əliyevanın, Oktay Əliyevin və Natiq Mahmudovun payına düşür, o zaman əsl mənzərə aydın olar.

Şər, böhtan, iftira şəxsiyyətini qoruyan, əhalinin hörmətini qazanan rəhbər işçiyə qətiyyən və heç bir vəchlə yaraşmır. Gədəbəydə artıq kimin-kim olduğunu hamı bilir. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov da bu illər ərzində dövlətə və dövlətçiliyə sədaqətini, bir də ki, Gədəbəyə münasibətini işi ilə sübut edib.

Gədəbəydə vətəndaşın məmura, məmurun vətəndaşa münasibəti tamamilə dəyişib. Gədəbəy daha bir neçə il əvvəlki rayon deyil. Dəyişənlər isə göz qabağındadır. Bunu ki, danmaq olmaz. Bir də ki, rayonda neqativ hallar aradan qaldırıldıqca, sanki səma daha aydın, daha işıqlı, ağappaq olur. Lap elə Gədəbəyə yağan ilk qar kimi.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında