Müstəqillik dövrünün Naxçıvanı tarixi arzuların gerçəkləşməsidir

Tarixi çox qədim olan Naxçıvan dünyanın ən qədim şəhərlərindən olub və “Nəqşi-Cahan” adlandırılıb. Bu yerlərdə tarixin min-min yadigarı vardır. Naxçıvanqala, Oğlanqala, Qızqala, Əlincəqala, Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri Naxçıvanın qədimliyindən, dövlətçilik tarixindən xəbər verir. Ana təbiətin nadir gözəllik bəxş etdiyi diyarımızın dağları əzəmətli və vüqarlı, qayaları azman, vadiləri güllü-çiçəklidir. Bütün bunlarla yanaşı, bir də bu yurdun insanlarının zaman-zaman yaratdığı möhtəşəm memarlıq inciləri vardır.

“Mənim gördüyüm Naxçıvan şəhərində onun əzəmətli keçmişindən az-çox xəbər verən bir neçə tarixi abidələrdən başqa, bir əlamət qalmamışdı... Ümumiyyətlə, o illərdə Naxçıvanda iqtisadiyyat çox acınacaqlı idi. Burada iki pambıq zavodundan başqa, sənaye müəssisəsi yox idi. Ha Şəhərin özü də, bir növ, kəndistan idi... Bir-iki xalçası və ya bir inəyi, bir-iki keçisi olanlar ”varlı" sayılırdı. Pendir-çörək, ailəyə görə bir və ya iki girvənkə ət, qənd, çay yoxsul evlərinin gündəlik menyusu idi".

Görkəmli ədəbiyyatşünas, akademik Məmmədcəfər Cəfərovun “Xatirələr” kitabında öz əksini tapan bu fikirlər XX əsrin əvvəllərində Naxçıvan mühitinin aydın təsviridir. Tarix boyu düşmənlərə sinə gərən, bir qarış torpağı üçün həyatını qurban verən igidlərin, qeyrətli qadınların, uşağından- böyüyünə qürurlu və məğrur insanların Vətəni olan Naxçıvanın o dövrkü belə ürəksıxan  mənzərəsi digər görkəmli ziyalılarımızı da təsirləndirmiş, onlarda bu zəngin diyarın xoş gələcəyi ilə bağlı zaman- zaman böyük ümid və arzular doğurmuşdu.

Naxçıvanlılar layiq olduqları həyat şəraitinə yalnız XX əsrin 70—80-ci illərində, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən  sonra qovuşdular. Ancaq ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində bu yurdun insanları baş verən kəskin tarixi dönüşlərlə əlaqədar bir sıra çətinliklərlə üzləşdilər, çörəklə, soyuqla, min bir ehtiyacla imtahana çəkildilər.

“Şərq qapısı” qəzetinin 1996-cı il 16 mart tarixli nömrəsində dərc olunan “Tək əldən səs çıxmaz” sərlövhəli yazıda oxuyuruq: “Son illərin ağrılı-acılı hadisələri, daxili sabitliyin pozulması, nizam-intizamın aşağı düşməsi və sair bu kimi hallar iqtisadiyyata olduğu kimi, mənəviyyatımıza da, mədəniyyətimizə də böyük zərbələr vurdu. Şəhərdə gedən dağıntılara, parkların, küçələrin bərbad vəziyyətə düşməsinə, yaşıllıqların kor-koranə məhv edilib yerində komission mağazalarının və köşklərin yan-yana düzülməsinə, görəsən, kim cavabdehlik daşıyır? Əgər şəhərdaxili yollarda, küçələrdə hərə dəmir bir köşk qoyub alver edirsə, ətrafa yığın-yığın mer-meyvə qabığı, kağız-kuğuz, xarab olmuş tərəvəz komaları atılırsa, onda hansı təmizlikdən danışmalıyıq? Həqiqətən, son illər şəhərimizin siması adama heç də xoş gəlmir. Küçə-bacalar, xiyabanlar toz-torpaq içərisindədir. Çox yerdə antisanitariya vəziyyəti hökm sürür”.

O dövrdə təkcə Naxçıvan şəhəri deyil, muxtar respublikamızın hər yeri bu vəziyyətdə idi. Ağır blokada şəraitinin yaratdığı çətinliklər o zaman  “Şərq qapısı” qəzetində verilmiş silsilə yazılarda əksini tapmışdı. Bu vəziyyət muxtar respublikanın yeni rəhbərliyini daha ciddi qayğılandırmışdı.

Hələ 1996-cı ildə keçirilən müşavirələrin birində “Yaxşı bəhanə tapıblar, hər nöqsanı, hər çatışmazlığı və özlərinin fəaliyyətsizliyini blokada ilə əlaqələndirirlər”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov blokadanın inkişaf üçün əngəl olmadığını açıq-aydın bəyan etdi. İnsanların ümidləri doğruldu, gələcəyi təhlükədə olan bir regiondan parlaq gələcəyi olan bir muxtar respublika yaradıldı.

Naxçıvanın hərtərəfli inkişafına nail olmaq üçün nizam-intizam gücləndirildi, işə münasibət kökündən dəyişildi, işsizlik problemi aradan qaldırıldı, şəhər və kəndlərimiz abadlaşdırıldı, iqtisadiyyat inkişaf etdirildi, sahibkarlığa geniş meydan verildi, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafı təmin olundu.

Müasir Naxçıvan bugünkü xoşbəxt günlərinə asanlıqla nail olmayıb. Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvanda genişmiqyaslı tikinti və quruculuq işlərinin aparılması, yolların və körpülərin salınması, istehsal müəssisələrinin yaradılması, on minlərlə yeni iş yerinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, kənd və xidmət mərkəzlərinin, inzibati binaların inşası, yaşayış binalarının yenidən qurulması, elektrik, qaz və su təminatının yaxşılaşdırılması həyata keçirilən tədbirlərin yalnız görünən tərəfidir. Bu işlər muxtar respublikanın daha çox bu gününə xidmət edir. Yeni cəmiyyətin qurulması, müasir düşüncəli, vətənpərvər gəncliyin yetişdirilməsi isə Naxçıvanın işıqlı gələcəyinə hesablanıb.

Muxtar respublikada əldə olunan ən böyük uğurlardan biri, bəlkə də, ən başlıcası regionun enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Vaxtilə enerjiyə olan tələbatını idxal hesabına ödəyən Naxçıvan indi elektrik enerjisi ixrac edir. Muxtar respublika 100 faiz qazlaşdırılıb. Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: “Bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da, deyə bilərəm ki, dünyada çox nadir hallarda müşahidə edilən bir mənzərədir”.

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub.

Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda minik avtomobilindən tutmuş çeşidli tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur. Sənaye müəssisələrinin təkcə Naxçıvan şəhəri daxilində yerləşdirilməməsi, bütün rayonlarda belə müəssisələrin istifadəyə verilməsi muxtar respublikanın tarazlı inkişafını təmin edib. Naxçıvan – Sədərək magistral yolu ilə irəlilədikcə qarşımıza çıxan yeni sənaye şəhərcikləri yaxın gələcəkdə Naxçıvanın iri sənaye mərkəzinə çevriləcəyindən xəbər verir.

Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Strateji ərzaq məhsulu olan taxıl istehsalının artırılması ilə yanaşı, taxıl ehtiyatı anbarlarının qurulması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Aqrar sahədə məhsul istehsalının artırılması sənaye müəssisələrinin xammalla təchizatını təmin edir, nəticə etibarı ilə idxaldan asılılıq aradan qaldırılır.

Kənd adamının rifahının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərə paralel olaraq əhalinin həyat şəraiti müasir standartlar səviyyəsinə çatdırılıb. Muxtar respublikanın kənd yaşayış məntəqələrində tikilib istifadəyə verilən müasir məktəb binaları, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri, yenidən qurulan avtomobil yolları şəhərlə kənd arasındakı fərqin aradan qaldırılmasına, kəndlərdə şəhər rahatlığının yaradılmasına gətirib çıxarıb.

Muxtar respublikadakı yeniləşmədə elm, təhsil və mədəniyyətin xüsusi çəkisi vardır. Elm və təhsil quruculuğu Naxçıvanda yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində - Tividə, Şahbulaqda, Ərəfsədə, Nəhəcirdə, Şadada və onlarca belə yaşayış məntəqəsində müasir tələblərə cavab verən məktəb binaları fəaliyyət göstərir. Naxçıvanın ən ucqar dağ kəndində təhsil alan məktəbli dünyanın inkişaf etmiş ölkələrinin şagirdləri kimi kompüterdən və internetdən istifadə etmək imkanına malikdir. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv əlaqələrin yaradılması isə ilk dəfə məhz Naxçıvanda tətbiq olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə keyfiyyətli tibbi xidmət göstərilir. Naxçıvanda istifadəyə verilən səhiyyə müəssisələrində dünyanın ən müasir tibbi avadanlıqları quraşdırılıb. Əgər bu gün ən çətin cərrahiyyə əməliyyatı hesab olunan açıq ürək əməliyyatı muxtar respublikada yerli həkimlər tərəfindən həyata keçirilirsə, Naxçıvan səhiyyəsinin inkişafı barədə əlavə fikir söyləməyə ehtiyac yoxdur.

Muxtar respublikadakı yeniləşmə və inkişaf yalnız tikinti-quruculuq işləri ilə məhdudlaşmır. Buna paralel olaraq, Naxçıvanın tarixinin öyrənilməsinə, tədqiq olunmasına da ciddi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması Naxçıvan tarixinin kompleks şəkildə araşdırılmasına və tədqiq olunmasına şərait yaradıb. Bu istiqamətdə görülən işlər yalnız tariximizin tədqiqi ilə məhdudlaşmayıb. Əldə olunan nəticələrin ictimaiyyətə təqdim edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb. İki cilddə “Naxçıvan Ensiklopediyası”nın, “Naxçıvan Abidələri Ensiklopediyası”nın, “Naxçıvan Tarixi Atlası”nın, üç cilddə “Naxçıvan tarixi”nin və onlarca belə nəşrin işıq üzü görməsi dediklərimizə əyani misaldır.

Vaxtilə tarixinin orta əsrlər dövrü belə, dərindən tədqiq edilməyən Naxçıvan bu gün 5 minillik şəhər mədəniyyətinə sahib olduğunu beynəlxalq aləmə ciddi elmi arqumentlərlə sübut edir. Naxçıvanın tarixi ilə bağlı aparılan tədqiqatların yekunları təkcə kitab nəşri ilə tamamlanmır. Bu elmi nəticələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Muxtar respublikada keçirilən beynəlxalq simpozium və konfranslar bu mənada xüsusi elmi əhəmiyyətə malikdir.

İlkin yaşayışın və şəhərsalma yerinin arqumentləri kimi Naxçıvandakı tarixi abidələrin pasportlaşdırılması və bərpası işinə ciddi diqqət yetirilməsi, Naxçıvan Duzdağ mədəniyyətinin yeni elmi istiqamət kimi müəyyənləşdirilməsi doğma Vətən tarixinin düzgün araşdırılması zəruriliyinə diqqətdən qaynaqlanır.

Muxtar respublikanın mədəni həyatı da bu gün öz qaynarlığı ilə seçilir. Mədəniyyət müəssisələri üçün yaradılan şərait yeni-yeni uğurlara aparır. Bu gün muxtar respublikada Xalq Çalğı Alətləri, Kamera, Estrada orkestrləri fəaliyyət göstərir. Zəngin ənənələrə malik Naxçıvan teatrının inkişafı üçün mühüm qərarlar qəbul olunub, teatrın binası yenidən qurulub. Muxtar respublikada fəaliyyət göstərən xalq teatrları, musiqi kollektivləri, muzeylər insanların asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayırlar.

Naxçıvanda milli dəyərlərə, tarixi-mədəni irsə qayğı ilə yanaşılır. Bəşəriyyətin yaşıdı olan tarixi abidələrə yeni həyat verilir, xalq yaradıcılığı günləri keçirilir, qədim sənətkarlıq sahələri bərpa olunur, sərgilər təşkil edilir. Bu gün Nuhun türbəsindən Gəmiqayaya, Naxçıvanqaladan Əlincəyə soraq verən tariximiz yenidən yazılır.

Muxtar respublikada ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Ölkə rəhbəri Naxçıvan Muxtar Respublikasına səfərlərinin birində hərbi quruculuq sahəsində burada görülən işləri yüksək qiymətləndirərək demişdir: “Ordu quruculuğu sahəsində Naxçıvanda çox böyük işlər görülür. Bu hərbi hissə Azərbaycandakı hər bir hərbi hissə üçün nümunə, örnək ola bilər. Burada olan şərait ən yüksək standartlara cavab verir. Azərbaycan Ordusu məhz bu cür olmalıdır”.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına xidmət edən çox mühüm tarixi qərardır. Dövlət başçısının da dediyi kimi, indi Naxçıvan ordusu nəinki muxtar respublikanın sərhədlərini etibarlı müdafiə edir, həm də istənilən hərbi vəzifəni icra etməyə qadirdir.

Muxtar respublikanın gələcəyinə göstərilən böyük qayğının bir ifadəsi də burada yaşıllıq sahələrinin artırılmasıdır. Bu sahədə həyata keçirilən nəhəng işlər ötən əsrin 90-cı illərində blokada şəraitində yaşıllıqların kütləvi surətdə qırılıb-yandırılmasının acınacaqlı nəticələrinin aradan qaldırılmasına yönəldilib. O dövrdə Naxçıvanda ekoloji vəziyyət acınacaqlı olub. Ekoloji vəziyyətin yaxşılaşdırılmasının iməciliklərin keçirilməsinin mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılması nəticəsində son illər muxtar respublikanın ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 12 min hektardan çox yaşıllıqlar salınıb. Hazırda muxtar respublikanın ümumi ərazisinin 12 faizini yaşıllıqlar əhatə edir. 1990-cı illərin əvvəllərində bu göstərici 0,6 faiz həddində idi.

Bu dövrdə muxtar respublikanın ərazisində Şahbuz Dövlət Təbiət Qoruğunun, akademik Həsən Əliyev adına Ordubad Milli Parkının, “Arazboyu” Dövlət Təbiət Yasaqlığının və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması flora və fauna ehtiyatlarının qorunmasına müsbət təsir göstərib.

İnsan amilinin daim ön planda olduğu muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanlar da diqqətdən kənarda qalmayıb. Qaçqın və məcburi köçkünlərə, mənzilə ehtiyacı olanlara mənzillərin verilməsi, müxtəlif dövlət qurumları tərəfindən mütəmadi olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilməsi, “Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublika əhalisi tərəfindən minnətdarlıqla qarşılanıb.

Muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, yeni istehsal müəssisələrinin, dövlət orqanlarının yaradılması əhalinin məşğulluğuna öz təsirini göstərib, minlərlə iş yeri yaradılıb.

Öz müasirliyi ilə dünyanın inkişaf etmiş ölkələrinin müasir şəhərləri ilə rəqabətə girən, bəzi elementlərə görə, onlardan hətta üstün olan Naxçıvan şəhərində aparılan quruculuq işləri, tikilən binalar memarlıq quruluşuna, şəhərsalma mədəniyyətinə görə seçilir. Fəaliyyət istiqamətlərinə görə bir-birinə yaxın sahələrin eyni məkanda qruplaşdırılması müasir şəhərsalmada mühüm amillərdən biridir. Naxçıvan şəhərinin tarixinə xələl gətirilmədən məhz bu istiqamətdə qurulması şəhərin mükəmməl baş planından və memarlıq quruluşundan xəbər verir.

Şəhərin Əziz Əliyev küçəsi boyunca yerləşdirilən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi, Səhiyyə Nazirliyi, Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Kardioloji Mərkəz, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bu ərazidə bir səhiyyə şəhərciyi yaradıb. Düşünülmüş şəkildə aparılan bu quruculuq işləri insanların sağlamlığının qorunması ilə yanaşı, rahatlığının təmin olunmasına da xidmət göstərir.  Məsələn, Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edən muxtar respublika sakini zərurət yarandıqda Uşaq Xəstəxanasına, yaxud Doğum Mərkəzinə getmək üçün əlavə vaxt sərf edib, xərc çəkib şəhərin başqa bir səmtinə üz tutmur. Bu tibb müəssisələrinin məhz Səhiyyə Nazirliyinin ətrafında cəmləşdirilməsi idarəetməni də xeyli asanlaşdırır.

Yaxud başqa bir misal. İlham Əliyev adına Olimpiya İdman Kompleksinin, şahmat və üzgüçülük mərkəzlərinin, muxtar respublika stadionunun, Uşaq-Gənclər İdman Məktəbinin də bir ərazidə yerləşdirilməsi yaradılan müasir idman infrastrukturundan səmərəli şəkildə istifadə olunmasına imkan verir.

Şəhərin bir hissəsinin sənaye müəssisələri üçün ayrılması, otellərin mərkəzdə və turizm marşrutları istiqamətindəki çıxışlarda yerləşdirilməsi, kütləvi mədəniyyət tədbirlərinin keçirildiyi Heydər Əliyev Sarayının, Gənclik Mərkəzinin, Əcəmi Seyrəngahının eyni ərazidə olması, şəhərin dörd bir tərəfində ticarət mərkəzlərinin, restoranların yaradılması Naxçıvanın müasir şəhərsalma qaydalarına uyğun qurulduğunu, aparılan quruculuq işlərinin muxtar respublika sakinləri ilə yanaşı, qonaqların da rahatlığına xidmət etdiyini göstərən çoxsaylı faktlardan yalnız bir neçəsidir.

Eyni mənzərəni biz Naxçıvanın digər şəhər, qəsəbə və kəndlərində də müşahidə edirik. Qəsəbə və kəndlərdə kompleks quruculuq işləri aparılır, məktəb, kənd və xidmət mərkəzləri, səhiyyə ocağı eyni ərazidə tikilir, həmin ərazi müasir şəhər görkəmi alır. Burada da insanların rahatlığı düşünülüb. Yəni sakinlər həkimə getmək üçün kəndin bir tərəfinə, məsələn, kitabxanadan istifadə etmək üçün o biri tərəfinə üz tutmur.

Görülən işlər nəticəsində Naxçıvan Muxtar Respublikası blokadanı çoxdan yarıb. Şəhər və kəndləri sürətlə yeniləşən, beynəlxalq tədbirlər və idman yarışları keçirilən, ildə 350 – 400 min turisti qəbul edən, beşulduzlu otellər fəaliyyət göstərən, yerli xammala əsaslanan istehsal müəssisələri yaradılan, ixrac imkanları getdikcə artan, əhalisinin bütün sosial ehtiyacları ödənən Naxçıvan üçün, sadəcə, sözdə blokada anlayışı var. Muxtar respublikamıza gələn qonaqların əksəriyyətinin yekdil fikri belədir: Naxçıvan sürətli inkişaf yolundadır, bura çox təmiz və təhlükəsiz regiondur. Bütün bunlara görədir ki, amerikalı jurnalist Mark Hey Naxçıvanı “Qafqazın San-Fransiskosu”, sloveniyalı jurnalist Stefano De Françesçi qədim diyarımızı müasir inkişaf və tərəqqi göstəricisi, Naxçıvanın əksər xarici qonaqları buranı “Azərbaycanın Strasburqu” adlandırıb.

Müasir Naxçıvan ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi kimi qurulur. Ulu öndərimiz hələ 1996-cı il oktyabrın 30-da muxtar respublika ictimaiyyətinin nümayəndələri ilə görüşündə Naxçıvanda işlərin düzgün qurulduğunu bildirərək demişdi: “Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən son vaxtlar həyata keçirilən tədbirlər şəxsən məni sevindirir. Onların müsbət nəticəsi sizin gözünüz qarşısındadır. Mən bu barədə mütəmadi olaraq məlumatlar alıram və bu işlərə nəzarət edirəm. Amma eyni zamanda, dünən də, bu gün də Naxçıvan şəhərində artıq baş vermiş böyük müsbət dəyişiklikləri və burada yaranmış mühiti, əhval-ruhiyyəni görərkən daha da çox sevinirəm. Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəhbərliyi düzgün yoldadır. Siz birlikdə bu yolla böyük nailiyyətlər əldə edə biləcəksiniz”.

Bu tarixi çıxışdan 18 il sonra Azərbaycan Prezidenti İlham Əliyev deyəcəkdi: “Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Rəhbərin uğuru ondadır ki, o, ilk növbədə, xalqa arxalanır, onun məhəbbətini qazanır və bu məhəbbət də gələcəkdə daha böyük nailiyyətlərin təməlinə çevrilir. Hərtərəfli inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvan müstəqillik dövrünün qiymətli salnaməsidir. Bütün bunlar Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yolla gedən Naxçıvan daha böyük nailiyyətlər qazanacaqdır.

Tural SƏFƏROV,
“Şərq qapısı” qəzetinin
baş redaktoru

Naxçıvan


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında