Vətənə təmənnasız xidməti ilə insanların yaddaşında əbədi iz buraxmış şəxsiyyətlər sırasında akademik Həsən Əlirza oğlu Əliyevin xüsusi yeri var. Ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş bu böyük şəxsiyyətin həyatı və yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunə məktəbidir. Həsən Əliyev taleyin sərt və acı rüzgarları ilə üzləşsə də, fitri qabiliyyəti və təhsilə olan sonsuz marağı sayəsində əvvəlcə kənd təsərrüfatı texnikumunu, sonra isə ali məktəbi vaxtından əvvəl bitirmişdi.
1907-ci ildə Qərbi Azərbaycanın Comərdli kəndində anadan olan Həsən Əliyevin uşaqlıq və gənclik illəri ağır keçib. Doğma yurd yeri 1918-ci ilin yazında quldur Andronikin basqınına məruz qalanda, bütün camaat, eləcə də onların ailəsi Naxçıvana üz tutub. Sovet hakimiyyətinin ilk illərində hər yerdə olduğu kimi, bu diyarda da savadsızlığın ləğvinə başlanılıb. On yeddi yaşlı Həsən Əliyev axşam məktəbində təhsil alıb. Eyni zamanda, mətbuatda dövrün, zamanın nəbzi ilə səsləşən publisistik yazılarla çıxış edib.
1925-ci il oktyabr ayının 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” məqalələri ictimai maraq doğurub. Təhsilini də davam etdirməyi unutmayıb. 1924-1930-cu illərdə Naxçıvan şəhərində kənd təsərrüfatı texnikumunda oxuyub. Sonralar ali təhsil də alıb və aspiranturaya daxil olub. SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləyib. Elə o vaxtdan xam torpaqların tədqiqinə başlayıb. Apardığı tədqiqatın nəticəsi kimi “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyası işıq üzü görüb.
Böyük Vətən müharibəsi başlananda Həsən Əliyev orduda zabit kimi xidmət edib. Əsgərlərin döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayıb. Müharibədən sonra yenidən əvvəlki iş yerinə qayıdıb. SSRİ EA Azərbaycan filialının coğrafiya bölməsinə rəhbərlik edib. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi alimi həmişəlik elmə qovuşdurub. Səkkiz il sonra isə Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülüb. Elmi tədqiqatlarla bərabər təşkilati işlərlə də müntəzəm məşğul olan Həsən Əliyev Torpaqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutun direktoru (1949-1952), Azərbaycan KP MK-nin katibi (1952) vəzifələrində çalışıb.
Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasında da böyük əmək sərf edib. Eyni zamanda, 1937-1944-cü illərdə akademiyanın torpaqşünaslıq və coğrafiya bölmələrinin yaradılmasında mühüm rol oynayıb.
Dünyanın bir çox ölkələrində, o cümlədən SSRİ-də ətraf mühitin çirklənməsi geniş vüsət almışdı. O zaman meşələrin intensiv qırılmasını, suyun, havanın, torpağın zəhərlənməsini, bitki və heyvanat aləminin məhv edilməsini, “Qırmızı kitab”a düşən canlıların təhlükəyə məruz qalmasını ört-basdır edən sovet dövlətində bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdılar. Onların arasında akademik Həsən Əliyev də vardı. O, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar onun təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda “Təbiətin mühafizəsi” şöbəsi açıldı və həmin şöbəyə institutun direktoru akademik Həsən Əliyev şəxsən özü rəhbərlik etməyə başladı. Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapdı. 1982-ci ildə işıq üzü görən bu kitab həqiqətən füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan “həyəcan təbili” idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün” süd verib, bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından birisi kimi haray saldım, dövrü mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin. Oxucular səsimə səs verdilər. Dedilər ki, “təbil çal”, qoy hamı eşitsin. Kitabın adını da nəşriyyat dostlarım qoydular: “Həyəcan təbili”. Dedilər ki, “Həyəcan təbili”ni haradan asaq ki, hamı eşitsin. Dostlarımdan biri dedi: “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır...".
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə yazırdı: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, yalnız birgə səylərlə həll etmək mümkündür... Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”. Akademik Həsən Əliyev bu vəzifələri lazımınca dəyərləndirirdi və qənaətinə görə, təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq çörək ağacımız olmaqla bərabər, həm də yaşayışımızın ibtidaisini təşkil edir. Əslində alim torpağın bu qədər müqəddəs olduğunun səbəbini onun həyat mənbəyi olmasında görürdü.
Həsən Əliyev təbiətə son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Təbiətlə bağlı heç bir şey onun nəzərindən qaçmırdı. Məlum olduğu kimi, narbənd ağacı nadir ağaclardan sayılır. Deyilənə görə, bir dəfə Həsən müəllim Naxçıvanda olarkən yolu Böyük düzdən keçir. Onun nəzərini cərgələnən qoşa-qoşa narbənd ağaclarının tüstüləndiyi cəlb edir. Yaxınlaşıb görür ki, hansısa nadan ağaclara od vurub. Minillik tarixə malik olan bu nadir ağacların həyatına bir azdan son qoyulacaqdı. Ağır vəziyyətə düşən alim ağacların xilası üçün yollar düşünsə də real təhlükədən onları qurtara bilmir, buna görə hətta özünü danlayır. “Hardasan, ay Mirzə Cəlil”,- deyə dərindən köks ötürür. Bu məqamda onu dindirən olsaydı, bəlkə də, uşaq kimi hönkür-hönkür ağlayacaqdı...
Akademik Həsən Əliyevin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humansitliyi, vətənpərvərliyi ilə məhdudlaşmır. O, geniş qəlbinin hökmü ilə doğma Azərbaycanın kənd və qəsəbələrini qarış-qarış gəzir, insanlarla görüşür, problemlərini öyrənir, təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirmə işi aparırdı.
Bir sözlə, bütün Azərbaycan akademikin ovcunun içində idi. Həsən Əliyevin şöhrəti, elmi kəşfləri coğrafi sərhəd tanımırdı. O, demək olar ki, dünyanın əksər ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alır, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edirdi.
Akademik Həsən Əliyevin jurnalistlik fəaliyyəti də diqqətəlayiqdir. O, uzun illər “Azərbaycan təbiəti”jurnalının baş redaktoru olmuş, respublikanın müxtəlif mətbuat orqanlarında fundamental publisistik məqalələri ilə çıxış etmişdir.
1970-ci ildən Həsən Əliyevin elmi fəaliyyətinin üçüncü dövrü başlanır. Bu dövrdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kürboyu tuqay meşələri”, “Yaşıl sərvətin keşiyində”, “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” və s. kimi dəyərli kitabları nəşr olunur. Onun əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq ABŞ, Fransa, Belçika, AFR, əksər Şərqi Avropa ölkələrində, Vyetnam və Yaponiyada geniş ictimaiyyətə çatdırılmışdır.
Həsən Əliyev demişdir: “Müasir dövrdə gənclərimiz böyük həyata qədəm qoyarkən aydın dərk etməlidirlər ki, onlar təbiəti zənginləşdirməyə və təbii nemətlər bolluğu yaratmağa borcludurlar...”. Respublika ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov öz çıxışlarında dünya şöhrətli akademikin bu müdrik fikrinə tez-tez istinad edir. Hüseyn Bağırov qeyd edir ki, müasir dünyada cəmiyyəti düşünməyə vadar edən mühüm problemlərdən biri də ekoloji müvazinətin, təbiət və onun sərvətlərinin qorunub saxlanmasıdır.
Həsən Əliyevin xatirəsinə ən böyük abidə Azərbaycan təbiətinin yaşıllaşdırılmasına qayğı, təbiətin sağlamlaşdırılmasıdır. Respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi və artırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və rayon rəhbərlərinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında ağacəkmə kompaniyası keçirilir. Yaşıllaşdırma, abadlıq, səliqə-sahman yaratmaqla bağlı görülən işlər ölkəmizin ekologiyasının sağlamlığına və gözəlliyinə xidmət edir. Cari ildə Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu magistralının Suraxanı ərazisində 3 hektar ərazidə Eldar şamı, zeytun ağacları əkilmiş və onlara müvafiq aqrotexniki qulluq göstərilmişdir.
“İDEA” İctimai Birliyinin “Yaşıl marafon” və “Hər kağızı bir yarpağa dəyişək” layihələri çərçivəsində aparılan yaşıllaşdırma işləri on minlərlə ağacın əkilməsi təbiətin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına dəyərli töhfədir. Rayonlarda da ekoloji aylıq uğurlu nəticə verməkdədir. Cənub bölgəsində, xüsusən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə noyabr ayında rayonun ərazisində “Yaşıllaşdırma aylığı” böyük vüsət almışdır. Aylıq çərçivəsində minlərlə endemik və relikt ağaclar əkilmiş, sıradan çıxmış ağacların əvəzinə yeni pöhrələr əkilmişdir. Heydər Əliyev parkında, digər park və bağlarda, magistral yollar boyunca minlərlə dəmir, palıd, fıstıq, akasiya və palma ağacları əkilmişdir. Lənkəranda ağacəkmə kampaniyası davamlı stabil sistem halını almışdır.
Yaşıllaşdırma təbiətə və xalqın sağlamlığına qayğı kimi səciyyələndirilməlidir. Bir təbiətşünas alim kimi Həsən Əliyevin arzuları çin olur, ideyaları ölkəmizin sağlam və müasir ekoloji tədbirləri ilə həyata vəsiqə alır.
Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etmək istəsək, deyə bilərik ki, o, 500-dək elmi əsərin, onlarca kitab və monoqrafiyanın müəllifi olmuşdur. Akademikin rəhbərliyi sayəsində ölkəmizdə 40-a yaxın elmlər namizədi, 8 elmlər doktoru yetişmişdir. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qorumuş və inkişaf etdirmişlər. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini vermişdir. Respublikamızda sadalanan sahələrdə elmi sistemlər qurulmuş və praktik fəaliyyət uğurlu nəticələr verməyə başlamışdır. Akademik Həsən Əliyevin elmi irsi bu gün də xalqına xidmət etməkdədir.
Bəxtiyar HÜSEYNOV,
ekoloq, jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.