Bu gün Naxçıvan yeni inkişaf dövrünü yaşayır. Bu dinamik inkişaf bütün bölgələri əhatə etmişdir. Son illər muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da insanların rahat yaşayışı üçün lazımi infrastruktur yaradılmışdır. Bu tədbirlərdən Axaməd kəndinə də pay düşmüş, bu il kənddə kompleks quruculuq işləri aparılmışdır.
Dekabrın 14-də Axaməd kənd yolunun açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.
Sonra Ali Məclisin sədrinə yolda aparılan yenidənqurma işləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, aparılan tikinti-quruculuq işləri çərçivəsində 4 kilometrlik yola asfalt örtük salınmışdır. Yol yatağının genişləndirilməsi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini və sakinlərin rahatlığını təmin etmişdir. Yolun üzərində 36 su keçidi qoyulmuş, 380 metrlik beton kanal çəkilmiş, kənddaxili yollara 2600 metr məsafədə qum-çınqıl qatı verilmişdir.
* * *
Sonra Axaməd kənd tam orta məktəbinin açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhid Sədi Əsgərovun məktəbin həyətindəki büstü önünə gül dəstəsi qoymuş, açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə məktəbin direktoru Arif Yusifov çıxış edərək demişdir ki, bütün zəruri vasitələrlə təchiz olunan məktəb binasında şagirdlərin yaxşı təhsil alması üçün hər cür şərait vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Axaməd kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni məktəb binasının da istifadəyə verildiyini bildirmiş, bu münasibətlə müəllim və şagirdləri təbrik etmiş, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirmişdir.
Məlumat verilmişdir ki, üçmərtəbəli məktəb binası 192 yerlikdir. Burada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kitabxanası uşaqların hərtərəfli bilik almasında və dünyagörüşünün artırılmasında mühüm baza rolunu oynayır. Hazırda kitabxananın fondunda 3418 kitab vardır.
Ali Məclisin sədri müəllimlərlə görüş zamanı demişdir ki, pedaqoji kollektiv səylərini daha da artırmalı, qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməlidir.
Müəllim Tamaraxanım Aşurlu göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək demişdir ki, təhsilin davamlı inkişaf etdiyi bir ölkədə yaşayıb fəaliyyət göstərmək pedaqoji kollektivi daha da ruhlandırır, onların məsuliyyətini artırır.
* * *
Həmin gün Axaməd Kənd mərkəzinin də açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kənd mərkəzinin açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzin ikimərtəbəli binasında kənddə fəaliyyət göstərən dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılmışdır. Burada rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və iclas zalı vardır. Kəndin kitabxanasında müasir şərait yaradılmış, 2077 müxtəlif bədii ədəbiyyat sakinlərin istifadəsinə verilmişdir.
* * *
Bundan sonra isə Axaməddə yeni Xidmət mərkəzi istifadəyə verilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xidmət mərkəzinin açılışını etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mağazalarda gündəlik tələbata uyğun ərzaq məhsulları, məişət avadanlıqları və təsərrüfat mallarının satışı təşkil olunmuşdur. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.Ali Məclisin sədri kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik etmişdir.
Kərəm Aşurov kənd sakinləri adından minnətdarlıq edərək demişdir ki, adamlar yaradılan şəraitdən ruhlanaraq təsərrüfatlarını daha da genişləndirəcək, muxtar respublikanın inkişafına öz töhfələrini verəcəklər.
Kəndin rabitə və elektrik enerjisi təchizatının dayanıqlılığı da təmin olunmuş, 2850 metrlik fiber-optik kabel, 6950 metr uzunluğunda rabitə və 2 kilometr məsafədə yeni elektrik verilişi xətləri çəkilmişdir. Həmçinin yeni tikililərə 250 metr uzunluğunda qaz xətti çəkilmiş, 1200 metr qaz xəttinin yeri isə dəyişdirilmişdir.
* * *
Muxtar respublikada sahibkarlığın inkişafı üçün görülən işlərin davamı olaraq “Şərur-3" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal sahəsi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni istehsal sahəsinə də baxmışdır.
Sahibkar Fikrət Əhmədov məlumat vermişdir ki, ümumi sahəsi 4950 kvadratmetr olan müəssisə üçün yeni bina tikilmiş, ən müasir istehsal avadanlıqları quraşdırılmışdır. İstehsal gücü saatda 2 min butulka olan müəssisədə 14 çeşiddə araq və 3 çeşiddə likör istehsal olunur. Xammal kimi muxtar respublikada bitən və yetişən kəklikotu, baldırğan, zirinc, qara tut, heyva, şaftalı, ərik və albalıdan, eləcə də yüksək keyfiyyətli spirtdən istifadə olunur.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə tapşırıqlar vermişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.