Veteran təşkilatları müasir dövrdə üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirirlər

Dekabrın 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu keçirilib. Plenumda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri və veteranlar iştirak ediblər.

Plenumu Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev açıq elan edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin, dünyasını dəyişmiş veteranların və “Günəşli” neft yatağında baş vermiş qəza nəticəsində həlak olmuş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra plenumun rəyasət heyətinin və katibliyin üzvləri seçilib.

Dadaş Rzayev Respublika Veteranlar Təşkilatının 2015-ci ildə gördüyü işlərin hesabatı və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış edib.

Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.

Bildirilib ki, təşkilat cari ildə bir plenum və rəyasət heyətinin iki iclasını keçirib. Bu plenum və iclaslarda bir sıra aktual problemlər, o cümlədən veteranların sosial müdafiəsi məsələsi müzakirə olunub, onlara müvafiq kömək göstərilib. Bu il veteranlarımız faşizm üzərində Qələbənin 70 illiyini təntənəli surətdə qeyd etməklə yanaşı, birinci Avropa Oyunlarının, Milli Məclisə seçkilərin uğurla həyata keçirilməsində fəal iştirak ediblər.

Veteranlara göstərilən diqqət və qayğının əyani təzahürlərindən danışan D.Rzayev deyib ki, bu il mayın 7-də Qələbənin 70 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Veteranlar Təşkilatı üçün tikilmiş yeni binanın açılışında iştirak edib, müharibə və əmək veteranları ilə görüşərək onların problemləri ilə maraqlanıblar.

Respublika Veteranları Təşkilatının sədri bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

D.Rzayev qeyd edib ki, şəhər və rayon veteranları təşkilatlarının sədrləri veteranların sosial-iqtisadi problemlərinin həllini və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını özünün ən böyük məqsədi hesab edir, bu istiqamətdə də mühüm işlər görülür. Böyük Vətən müharibəsi veteranları mənzil və avtomobillərlə təmin olunur, veteranlara və onların ailələrinə yardımlar edilir.

Bu il respublikanın 24 rayonunda veteran təşkilatlarına xidməti otaqların ayrılmasına və avadanlıqlarla təmin edilməsinə nail olunub.

Prezident İlham Əliyevin 2015-ci il 23 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib.

Məruzəçi bildirib ki, hazırda Azərbaycanda 1 milyon 300 min nəfərə qədər təqaüdçü yaşayır ki, onlardan 337 min 423 nəfəri veteran statusuna malikdir. Respublika Veteranlar Təşkilatı Azərbaycan Prezidentinin sərəncamlarını əsas götürərək gənclərin hərbi vətənpərvərlik tərbiyəsini yüksəltmək üçün ötən müddətdə çoxsaylı tədbirlər, o cümlədən cəbhə bölgələrində və rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirib. Təşkilatın sədri veteranlarla bağlı tədbirlərin işıqlandırılmasında mətbuatın, xüsusilə AZƏRTAC-ın rolunu xüsusi vurğulayıb.

2016-cı ildə qarşıda duran vəzifələr haqqında danışan natiq deyib ki, rayon, şəhər veteran təşkilatlarında hesabat seçki konfranslarının, veteranların yubileylərinin keçirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, ordu və xalq arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə birgə müvafiq iş aparılması və digər tədbirlər nəzərdə tutulur.

Sonra məruzə ətrafında çıxışlar olub.

Plenumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Veteranlar Təşkilatının cəmiyyətimizin həyatında mühüm rol oynadığını diqqətə çatdıraraq deyib: “Biz veteranlar barədə danışarkən, həmçinin arxa cəbhədə fədakarlıq göstərmiş və sonrakı dövrdə ölkəmizin sosial-iqtisadi inkişafında yaxından iştirak etmiş insanların fəaliyyətini, müstəqillik dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş, Qarabağ cəbhəsində şücaətlər göstərmiş veteranların xidmətlərini də qeyd etməliyik. Veteranlar təşkilatı öz ətrafında həmin insanları da birləşdirir. Bu təşkilatın üzvləri Azərbaycan dövləti və cəmiyyətinin ümid yeri olub. Bu gün də cəmiyyətin bütün təbəqələri ona güvənc yeri kimi baxır. Təşkilatın üzvləri öz xidmətləri ilə bunu dəfələrlə sübut ediblər. Ulu öndər Heydər Əliyev veteranlara daim diqqət göstərir, onların problemlərinin həllinə qayğı ilə yanaşırdı. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, veteranların cəmiyyətimizdə layiqli yerini qoruyub saxlaması üçün bütün lazımi tədbirlər görülür. Sosial problemlərin həlli, ictimai fəallığının artırılması istiqamətində görülən ardıcıl işlər buna misal ola bilər”.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bu il Qəbələnin 70 illiyi dövlət səviyyəsində yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Prezident İlham Əliyev bu tədbirlərdə şəxsən iştirak edib. Həmin ərəfədə veteranlar təşkilatı yeni binaya köçürülüb. Veteranlar da bu etimadı qiymətləndirir, üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışırlar.

Ərəstun Mehdiyev deyib ki, bu gün veteranlarımız müharibə şəraitində olan Azərbaycanda hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi, gənclərimizin milli ruhda tərbiyəsi işinə öz töhfələrini davam etdirməli, zəngin təcrübələrini gənc nəslə ötürməlidirlər. Çünki bu gün cəbhə bölgəsində yüksək əhval-ruhiyyə ilə yaşamaq və yaratmaq, ordumuza dəstək olmaq üçün cəmiyyətimizin, o cümlədən gənclərin məqsədyönlü fəaliyyətinə böyük ehtiyac var. Bu sahədə veteranlar öz sözlərini deməli, gənc nəsillə güclü iş aparmalı, ordu ilə gənclər arasında əlaqələrin güclənməsində öz səylərini əsirgəməməlidirlər.

Bu gün dünyada müxtəlif dinlərin təmsilçiləri arasında ixtilafların baş verdiyini, radikal dini cərəyanların meydana çıxdığını diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, bunu Azərbaycan cəmiyyətinə də sirayət etdirməyə, gənclərimizi düz yoldan azdırmağa çalışan qüvvələr var. Odur ki, bütün cəmiyyətimiz, onun müxtəlif təbəqələri, xüsusən veteranlar öz təcrübələrindən istifadə edərək gənclərə təsir imkanlarını qoruyub saxlamalı, onları düzgün yola istiqamətləndirmək üçün yorulmadan fəaliyyət göstərməlidirlər. Gənclərin milli ruhda böyüməsinə, ağsaqqal sözünü eşitməsinə, dini görüşlərinin formalaşmasına nail olmağa çalışmalıdırlar. Bu sahədə müharibə və əmək veteranlarının, zabitlərimizin fəaliyyəti üçün geniş imkanlar var və bundan səmərəli istifadə etmək lazımdır.

“İnanıram ki, veteranlarımız bundan sonra da cəmiyyətimizin əsas fəal hissəsi olaraq qalacaq və dövlətimizin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq məqsədyönlü şəkildə çalışacaqlar” - deyə Ərəstun Mehdiyev vurğulayıb.

Plenumda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə veteranlara, veteran təşkilatlarına münasibətin dəyişdiyini diqqətə çatdıraraq deyib: “Cəmiyyət üçün o zaman vacib olan məsələlərdən biri veteranlara olan münasibətdə ulu öndərin yürütdüyü siyasət idi. Mənim işim vaxtilə bu təşkilatla, həyatı xalqa, dövlətə xidmətdə keçmiş ağsaqqallarla bağlı olub. Onların tədbirlərində yaxından iştirak etmişəm. Bu illər ərzində ölkəmiz inkişaf edib, həyatımızda çox dəyişikliklər baş verib. Veteranlar təşkilatının və onun üzvlərinin vətəndaşlıq mövqeyi dəyişməyib. Onlar xüsusən milli-mənəvi dəyərlərimizə hörmət baxımından bugünkü Azərbaycan gəncliyinə nümunədir. Veteranlar xalqımıza, dövlətimizə daim sədaqətlə xidmət edir, ölkəmizin həyatının müxtəlif sahələrində fəaliyyət göstərən insanlara çox böyük nümunə göstərirlər”.

Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, veteranlar təşkilatının fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü siyasətlə tam həmahəngdir. Təşkilatın üzvləri dövlətə, cəmiyyətə münasibətdə məsuliyyətli, şüurlu, vicdanlı bir vətəndaş mövqeyi nümayiş etdirirlər. Azərbaycanın hərbi qüdrətinin artırılmasında, gənclərin hərbi vətənpərvərlik və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında öz səylərini əsirgəmirlər. Veteranlar parlament seçkilərində fəal iştirak ediblər. Seçkilər ərəfəsində keçirilən görüşlərdə ən prinsipial və düzgün mövqe məhz onlar tərəfindən göstərilib.

Bahar Muradova diqqəti veteran təşkilatlarının vətəndaş potensialının reallaşdırılması və gənc nəslə nümunə olmaq baxımından cəmiyyətimizdə tənzimləyici roluna yönəldərək deyib: “Bu gün Böyük Vətən müharibəsi veteranları, Qarabağ, əmək və hüquq mühafizə orqanları veteranları, ordudan tərxis olunmuş zabitlərimizlə birgə gənclərə ölkəyə xidmət etməyin yollarını göstərirlər. Bu, vətəndaşlıq məktəbidir və veteranlar bu məktəbin ən gözəl müəllimləridir.

Biz Milli Məclisdə veteranların problemlərinin həlli üçün qanun yaradıcılığı prosesində iştirak edir, qanunlara dəyişiklik və əlavələr etməklə onları günün tələblərinə uyğunlaşdırırıq. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları yerlərdə təşkilatın qərargahlarının sayının artırılmasına nail olmalıdır. Hər kəs bu işdə dövlətimizin başçısının veteranlara münasibətindən, mövqeyindən ibrət götürməlidir".

B.Muradova vurğulayıb ki, veteranlar bu il də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, bütün məsələlərə öz münasibətlərini bildiriblər. Milli-mənəvi dəyərlərimizə zidd olan məsələlərə qarşı kəskin mövqelərini ifadə etməkdən çəkinməyiblər. Veteranlar bəzi qüvvələrin gəncləri milli-mənəvi dəyərlər çərçivəsindən çıxararaq yanlış istiqamətə yönəltmək cəhdlərinin qarşısının alınmasında çox ciddi fəaliyyət göstəriblər. Gəncliyimizin müxtəlif radikal dini qruplaşmalara cəlb olunmasının qarşısının alınmasında, onların imkanlarının dövlət və xalq naminə fəaliyyətə yönəldilməsində ağsaqqalların, veteranların sözünə, bu gün də böyük ehtiyac duyulur.

Daha sonra plenumda təşkilati məsələlərə baxılıb, Respublika Veteranları Təşkilatının rəyasət heyətinin yeni üzvləri təsdiqlənib.

Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Hesabat məruzəsi və respublika veteranlar təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib, təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib.

Rəyasət Heyətinin qərarı ilə Milli Məclisin sədr müavini Bahar Muradova “Veteran Həmrəyliyi” medalı və veteranlara müstəsna qayğıya görə “Veteranların qayğıkeşi” diplomu ilə təltif olunub.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, veteran hərəkatında fəal iştirak etdiklərinə görə bir qrup şəhər və rayon veteranları təşkilatlarının sədrlərinə “Veteran Həmrəyliyi” medalı təqdim edilib.

Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumunun iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında