Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və korrupsiya üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir.
Dünən paytaxtın Nizami rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2015-ci ilin on bir ayında görülmüş işlərin yekunları ilə bağlı tədbir keçirildi. Rayon icra hakimiyyəti başçısının müavini, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Bakı şəhəri Nizami rayon komissiyasının sədri Gülnaz İsrafilova geniş məruzə ilə çıxış edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə komissiya tərəfindən ilin ötən dövründə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Komissiyanın birbaşa nəzarəti və təşkilatçılığı ilə təlim-tərbiyə müəssisələrində “Narkomaniya əsrin bəlasıdır”, “Sağlam gənclik narkomaniyaya yox deyir”, “Asudə vaxtımızı səmərəli keçirək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və digər mövzularda tədbirlər, diskussiyalar, açıq dərslər və inşa yazı müsabiqələri keçirilmişdir. Narkomaniyaya qarşı kompleks profilaktik tədbirlərdə şəhər və rayon polis idarələrinin, Bakı şəhər narkoloji dispanserinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahə həkimləri iştirak etmişlər.
2015-ci ilin ötən dövrü ərzində rayon ərazisində narkotiklərlə bağlı 92 cinayət hadisəsi qeydə alnmışdır ki, onlardan da 16-sı narkotik vasitələrin satışı, 76-sı isə narkotiklərin qanunsuz saxlanılması üzrə olmuş, qeydə alınmış cinayət hadisələrindən 31-i rayon sakinləri tərəfindən törədilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 kiloqram 336,299 qram müxtəlif növ narkotik maddə götürülmüşdür. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən maddi sübut kimi müsadirə edilmiş narkotik vasitələrin məhvi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvədə olan təlimatlara ciddi riayət edilməklə həyata keçirilmiş, göstərilən müddətdə 65 məhkəmə hökmü icra edilmiş, ümumilikdə 262,111 qram narkotik vasitə, o cümlədən 235,29 qram qurudulmuş marixuana, 7,156 qram heroin, 14,825 qram tiryək və 4,84 qram həşiş qətranı yandırılaraq məhv edilmişdir.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Vasif Quliyev çıxış edərək hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş tədbirlərdən söhbət açdı. Qeyd olundu ki, Azərbaycanda bu sahədə vəziyyət digər qonşu ölkələrlə müqayisədə yaxşı olsa da, təəssüf ki, bu sosial bəlanın kökünü kəsmək mümkün deyil. Natiq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə yaradılmış Dövlət Komissiyasının ötən müddətdə bu sahədə gördüyü işlərdən bəhs edərək bildirdi ki, son illər “ağ ölüm”ün əsasən yeniyetmələri hədəfə alması ciddi narahatlıq doğurur. Natiq paytaxtın Nizami rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işləri yüksək qiymətləndirdi.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbirə yekun vuraraq bildirdi ki, narkomaniya ilə mübarizə bütövlükdə dövlətin, cəmiyyətin, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyəti, barışmaz münasibəti formasında aparılmalıdır. Bu sahədə müəllimlərin və valideynlərin üzərinə daha çox məsuliyyət düşdüyünü diqqətə çatdıran A. Qasımov uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə, onların sağlam ruhda böyüdülməsinə diqqətin artırılmasının vacibliyini bildirdi.
Sonda Nizami rayonundakı 61 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “Sən şəxsiyyətsən, hədəf deyilsən” adlı səhnəcik nümayiş etdirildi. Tədbir iştirakçıları, həmçinin rayon məktəblilərinin iştirakı llə keçirilən “Narkomaniyaya yox deyək” adlı sərgiyə baxdılar, qaliblər mükafatlandırıldılar.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.