Xalqımız insanın düşdüyü çıxılmaz vəziyyəti, tarixən yaşanan dəhşəti “od ilə su arasında qalmaq” kimi mənalandırıb. Özü də məsələ nə odda olub, nə də suda. Sadəcə, durum o qədər dözülməz olub ki, adamlar bu halı bir yana üz tutsa – odda yanmağa, o biri tətəfə yönəlsə – suda boğulmağa bənzədiblər. Sən demə, “od ilə su arası”na sığınmaq insan üçün xilas yoluna da çevrilə bilərmiş.
Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş fəlakət zamanı ölümün ağuşundan çıxmaq istəyən 60 soydaşımız isə, həyatda ilk dəfə, sözün həqiqi mənasında, xilas yolunu od ilə su arasına üz tutmaqda gördülər.
Onların 26-nın sığındığı “xilas qayığı” “Od ilə su arasında” nicat tapsa da, min əfsus ki, o biri qayıqdakılar bu ölümsaçan yolayrıcında əbədiyyətin ağuşuna düşdülər. Güclü fırtına yuxarıda tüğyan edən alovla aşağıda şahə qalxan dalğaların arasına enərək, hər an xilasediciləri gözləyən 34 nəfərin pənah apardığı qayığın “ümid kəndirini” kəsdi. Bir andaca dəmir dayaqlara dəyib parçalanan qayıqdakılar gecənin qaranlığında ağzını əjdaha kimi açmış suların qoynunda görünməz oldular – belə vəziyyətlərdə deyildiyi kimi “itkin” düşdülər. Quruda “itkin” sözü bir çox halda ümidlə səslənsə də, azğınlaşmış sularda “itkin” düşmək əksər vaxt yaxşı heç nə vəd etmir...
Bu xəbər xalqımıza daha bir dəhşətli ağrı yaşatdı. Bir andaca bu xəbər yurdumuzun o biri başınadək yayıldı, yaxın-uzaqlarda əks- səda yaratdı. Dəqiq təsdiqini tapmamış xəbərlər dua və yalvarışlarımıza qanad taxdı. Vəziyyət aydınlaşanda isə ölkə matəmə batdı, insanların ürəyi qana döndü. 31 soydaşımızın iş başında, xalqımızın ən böyük sərvətinin keşiyində dayanarkən amansız fəlakətin qurbanı olmaları, Xəzərin sularında əbədiyyətə qovuşmaları sonsuz hüznlə yanaşı, həm də təbiətin şıltaqlığı ilə mübarizədə göstərilən qəhrəmanlıq kimi öyünclü notlar da səsləndirdi.
Dənizin dərin yerlərində su üstündəki adacıqlarda günlərlə əmək növbəsi çəkmək, doğrudan da, əsl hünərdir. Zaman- zaman şıltaq suların onu ayaqaltı etmiş insanlara qarmaq atmasından qorxmadan, hər belə qəza- fırtınada ölümlə üzləşmək ehtimalından çəkinmədən, necə deyərlər, “əjdahanın qarnında” ölkəsinə var- dövlət qazandırmaq əsl qəhrəmanlıqdır. Əfsus ki, biz bu davamlı qəhrəmanlığa, nədənsə, insanla suların döyüşünün acı sonluqları zamanı daha çox diqqət yetiririk.
...Həmin gün axşamtərəfinədək dəniz adəti üzrə sakit- sakit yırğalanmışdı. Qəfil qopan və getdikcə şiddətlənən tufan dalğaları buvaxtadək müşahidə olunmamış həddə qaldırmağa başladı. Qasırğa yuxarı qalxıb çiliklənən dalğaları baş-başa gətirmişdi. Tufan, sanki, dəryanın dərin və ucsuz- bucaqsız suyunu nəhəng bir teştdəki xəmir kimi yoğurur, çevrilən unun üstünə dayanmadan su ələyirdi. Bu o demək idi ki, hər an nəsə xoşagəlməz bir hadisə baş verə bilər. Lakin heç nə dəniz neftçilərini qorxutmurdu. Qısa müddətdə gördükləri zəruri ehtiyat tədbirləri də ümumi arxayınçılığa əsas verirdi. Bircə qaz kəmərində baş verən gözlənilməz qəza olmasaydı...
Bütün bunlar azmış kimi, həmin axşam fırtına əfsanəvi Neft Daşlarında da növbəti qurbanlarına caynaq atdı, estakadadakı köşkü qoparıb sulara qərq etdi. Daha 3 neftçimizin və onların ailəsinin taleyi parçalandı, sanki, ağrımızın üstünə duzlu su səpildi...
Həmişə dənizdəkilərin yolunu gözləyən doğmaları indi əzizlərinin son sorağında təsəlli axtarırlar. Bu günlərdə dövlət başçısından, məsul məmurlardan tutmuş fövqəladə hallar xilasedicilərinədək hamı zəruri olan tədbirləri yüksək səviyyədə gerçəkləşdirir. Xalqımız bu faciənin təbii ağırlığını çəkməklə yanaşı, həlak olmuş soydşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, özünü onlarla eyni kədər yükünün altında hiss edir. Bütün xalqın səninlə bir yerdə olduğunu, eyni hüznü daşıdığını görüb- duymaqdan böyük təsəlli nə ola bilər?!
Bu faciə Xəzərdə neft axtarışının və hasilatının öyünclü səhifələri ilə yanaşı, acı sürprizlərini də yada salır. Dünyada ilk dəfə dəniz dibinin neftinə kəmənd atan kaveroçkinçilər bu yolda qurban getsələr də, Azərbaycanın adı dünya neft sənayesi tarixinə dənizdə neftçıxarmanın pioneri kimi yazıldı. Sonrakı illərdə ara-sıra baş verən qəzalar da qəhrəman neftçilərimizin Xəzərin dərinliklərinə yürüşünün qarşısnı ala bilmədi. Bu günlərdə yenidən ötəri qalib kimi görünən Xəzər, bütövlükdə, xalqımızın dənizə hücumu qarşısında təslim olub.
Müstəqillik illərində neftçilərimizin Xəzər salnaməsinə yeni parlaq səhifələr yazılıb. Dənizdə çıxarılan yüz milyon tonlarla neft, necə deyərlər, müstəqilliyimizin iqtisadi dayaqlarını möhkəmləndirib. Böyük Vətən müharibəsi dövründə illik hasilatı 22 milyon tona çatdıran Azərbaycan neftçiləri SSRİ-də çıxarılan neftin 70 faizindən çoxunu, aviasiya benzininin isə 92 faizini verməklə, əslində, Qələbənin qazanılmasında ən önəmli rollardan birini oynamışdılar. İndi ölkə neftinin böyük hissəsini verən Xəzər nəhəng bir təsərrüfat meydanıdır. Burada hasil edilən neft isə gün- güzəranımızın etibarlı mənbəyi, bir çox qələbəmizin iqtisadi təminatıdır.
Dənizin insanla mübarizəsində, az da olsa, baş verən qəza və itkilər xalqımızı suların qoynunda qəhrəmanlıq epopeyasının davamını yazmaqdan çəkindirə bilmir. İnanırıq ki, dəniz neftçilərimiz bundan sonra Xəzəri daha möhkəm və etibarlı ram etmələri ilə bu günlərdə qurban getmiş həmkarlarının intiqamını alacaq, onların ruhunu sevindirəcəklər. Əvvəlki qurbanların sırasında əbədiyyət qazanan soydaşlarımızın əziz xatirəsi isə xalqımızın mübarizə və hünər tarixinə yazılan yeni səhifələr olmaqla, həmişə qədirbilənliklə yad ediləcək.
Allah dəniz qəzasında həlak olmuş qardaşlarımıza rəhmət eləsin. Xəzər neftçiləri ilə illərdən bəri dostluq edən “Xalq qəzeti”nin kollektivi doğmalarını itirənlərə səbr və dözüm diləyir.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.