Lerikdə təbii qaz alan kəndlərin sayı artır

Ucqar dağlıq bölgə sayılan Lerikin Livədirqə kəndinə təbii qaz verilməsi mərasimində məşəl yandırılanda alqış sədaları dağlarda əks-səda verincə mənim xəyalım uzaqlara qanadlandı. Hələ qədim zamanlardan od Günəşin rəmzi kimi düşünülüb. Çillədən– qışdan çıxmaq üçün obalarda od yandırılıb. Tonqaldan hərə bir məşəl götürüb öz ocağını alışdırmaq üçün evinə tələsib... İndi artıq Livədirqəyə və daha dörd kəndə – Nüsomurya, Qədimkücə, Yuxarı Bilnə və Hıramoya Günəş rəmzi olan mavi yanacağın gətirilməsi dağ camaatının həyatını xeyli asanlaşdıracaq. Daha nə  od üçün oduna gedən iti balta gəzəcək, nə də ormandakı ağaclar balta səsinə səksənəcək. 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov qaz çəkilişi və bu kimi sosial tədbirlərin ölkə rəhbərliyinin üstünlük verdiyi daxili siyasət xətti olduğunu söylədi. ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi kollektivinin fədakarlığını lazımınca dəyərləndirərək dedi ki, buraya gələrkən yolda, Murya kəndi tərəflərdə palçıqlı ərazidə bir qaynaqçının qaz boru xəttini necə cidd-cəhdlə qaynaq elədiyini gördük. Bu soyuqda yalnız hünərvər adamlar belə canı-dildən çalışar. Zəhmət çəkənlərin hamısı sağ olsun!

El ağsaqqalı Abbas Zahidov ölkə rəhbərliyinə qaz alan beş kəndin 300 ailəsinin adından minnətdarlıq etdi. Odu-çırağı yandıran xeyir aparar, -dedi. Kənd sakinləri əlamətdar hadisə ilə əlaqədar qurban kəsdilər.

Qarlı-şaxtalı qış ərəfəsində dağlara qaz çəkilməsi adamları hədsiz sevindirirdi. Bu, ilk növbədə, dövlət müstəqilliyimizin töhfəsidir. Axı, hətta sovet dönəmində belə, Lerik, Yardımlı kimi bölgələrə qaz xətləri çəkilməyib. Onu da xatırladaq ki, Lerikə qaz xətti çəkilməsinin ilk təşəbbüskarı dahi rəhbər Heydər Əliyev  olub. Bu rayonlar yalnız son onillikdə “mavi yanacaq”dan istifadə etməyə başlayıb.

Keçən illər ərzində Lerikdə kəndlərin qazlaşdırılması ilə bağlı bir sıra işlər həyata keçirilib. Qırxa qədər yaşayış məntəqəsi üzrə 3755 ailənin yaşayış evi qazlaşdırılıb. Digər yaşayış məntəqələrinin qazlaşdırılması üçün məsələ qaldırılıb. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qarşıdakı aylarda qalan kəndlərin də qazlaşdırılması üzrə işlər aparılır. Çox keçməz ki, Mastail, Murya, Durğan sakinləri də “mavi yanacaq” sevinci yaşayarlar.  Mən Lerikdə neçə-neçə kəndin qaz almasına həsr olunan mərasimlərə şahidlik etmişəm. Bu tədbirlərin bəzisində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də, Milli Məclisin deputatları da, digər möhtərəm qonaqlar da iştirak edib, camaata xeyir-dua veriblər. Adamlar ürək sözlərini həvəslə dilə gətiriblər. Məsələn, üç il öncə Piran kəndində sakinlərdən Aydın Şükürovun, Əfqan Höccətovun, Anbu kəndində Hüseynağa Əhmədovun, Bəylər Kərimovun çıxış edərək qarlı-şaxtalı qış günlərində onların evlərinə hərarət bəxş edənlərə minnətdarlıqlarını bildirmələrini yaxşı xatırlayıram. Anbuda birinci qrup Qarabağ müharibəsi əlilinin ailəsinə rayon icra hakimiyyəti adından qaz pilitəsi hədiyyə edilmişdi.

Bu ilin avqustunda Lerikin Amburdərə, oktyabrda isə Zəriküməco kəndlərində çoxdan gözlənilən təbii qaz şölələnib.

Qonaqların hər kəndin bir evində “mavi yanacağın” istifadəyə verilməsi tədbirlərində iştirak etməsi də gözəl ənənədir. Bu dəfə Abbas kişi təkidlə qonaqları və jurnalistləri öz evinə dəvət etdi. Çay süfrəsi ətrafında dövlətdən, rayon rəhbərliyindən razılıq hissləri ifadə olundu. Talış mətbəxinin dadlı təamlarından daddıq. Kəndlilər qaz çəkilişinin rahatlıq yaratdığını, meşələri, bütövlükdə ekologiyanı qoruduğunu, evləri baha qiymətə alınan odun yanacağının his-pasından qurtardığını razılıqla vurğuladılar.

 Abbas kişi sözə qüvvət olaraq əlavə elədi ki, bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin camaata əvəzsiz yaxşılığıdır. Özü də yaxşılıq təkcə qaz çəkilişi ilə bitmir. Ən ucqar kəndlərimizə asfalt yollar çəkilir, körpülər salınır, tibb məntəqələri, məktəblər tikilir. Ərizə və şikayətlərə son dərəcə həssaslıqla yanaşılır. Elə icra başçımız Rövşən müəllim həftə səkkiz-mən doqquz rayonun rəhbər heyəti ilə kəndlərə, obalara camaatın görüşünə gəlir, səyyar qəbullar keçirir və adamları təmkinlə dinləyib, problemlərinin həllinə çalışır. Bir sözlə, qayğıdan, diqqətdən yerdən-göyəcən razıyıq.

...Asfalt yola çıxandan sonra 15 dəqiqəyə rayon mərkəzinə çatdıq. Halbuki, əvvəllər yolsuzluq üzündən həmin məsafə bir saata–saatyarıma qət edilirdi. Çətinliyi, əzab-əziyyəti də öz yerində. Həmin gün hava bir qədər soyuq olsa da, kimsə bunu hiss etmirdi. Sanki hər kəsin ürəyi Günəş hərarətinə bələnmişdi. Üzlər gülürdü. 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında