Ölkə ictimaiyyəti Nardaran hadisələrini terrorçuluq və radikal ekstremizm kimi qiymətləndirir

Azərbaycanın  sosial-iqtisadi inkişafını və dövlətimizin gündən-günə qüdrətlənməsini gözü götürməyən dairələrin sifarişi ilə Bakının Nardaran qəsəbəsində törədilmiş cinayət əməlləri ictimaiyyətin bütün zümrələri tərəfindən qəzəblə qarşılanır.

İnsanlar bu faktı birmənalı olaraq dövlətimizin uğurlarının əngəllənməsinə cəhd adlandırırlar. Respublika Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortepediya İnstitutunun şöbə müdiri, tibb elmləri namizədi, dosent  Əli Davudov da bizimlə söhbətində terrorçuların qanlı əməllərini pisləyən və dövlət qurumlarının Nardaranda keçirdiyi əməliyyatı dəstəkləyən fikirlər səsləndirdi:

– Xalqımızın hərtərəfli inkişafımızla fəxr etdiyi, dünya ictimaiyyətinin bir çox məsələlərdə dövlətimizə etimad göstərdiyi zamanda  Nardaranda baş verən antiazərbaycan xarakterli hadisələr bizi ciddi şəkildə məyus etdi. Hadisələrin əvvəlində belə bir cəfəng məlumat yaydılar ki, guya söhbət hansısa dini icmanın fəaliyyəti ilə bağlıdır. Ancaq qısa bir zamanda məlum oldu ki, baş verənlərin dinə, imana, İslama qətiyyən aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, dövlət qurumlarına qarşı terror və Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün təxribat idi. Hadisələrdən dərhal sonra milyonlarla azərbaycanlı  bu terrorçuların bəd əməllərini qəti şəkildə pislədi və hamı dövlət qurumlarının reallaşdırdığı əməliyyatları dəstəklədiyini ifadə etdi.

Nardaran hadisələrinin qarşısının alınması zamanı dövlətin qarşıya qoyduğu vəzifə borcunu sona qədər ləyaqət və mərdliklə yerinə yetirən polislərimizin qətlə yetirilməsi, Bakının  “daxili sabitliyi olan” şəhər imicinə xələl gətirilməsi, müqəddəs dinimizin adından danışılaraq bəzi sadəlövh adamların aldadılması hiddətlə qarşılandı.

Dövlət qurumlarının nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, hüquq-mühafizə orqanlarının peşəkarlığı, Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə obyektiv qiymət verən bəyanatlar yayması və ölkə ictimaiyyətinin hadisələrə təpkisi təqdirəlayiqdir.

Qeyd etmək istədiyim məqamlardan biri də odur ki, Nardaran hadisələrində Taleh Bağırov kimilərin cinayətkar əməllərinə  ölkənin ən nüfuzlu şəxsiyyətləri obyektiv qiymət  vermişlər. Məsələn, mən qəzetdə oxudum ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu məsələ ilə bağlı çox aydın və qətiyyətli mövqe sərgiləyib:  “Kim Taleh Bağırov kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir.” Qətiyyətlə deyə bilərəm ki,  şeyx həzrətləri bütün azərbaycanlıların demək istədiyi fikirləri dilə gətirib.

Qələmə aldı:
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında