Dövlət Miqrasiya Xidməti Qaxda “Açıq qapı günü” – vətəndaş forumu keçirib

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti dekabrın 4-də Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib.

DMX-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, vətəndaşsızlığın aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı Xidmət tərəfindən görülmüş işlər barədə geniş söhbət açılan forumda  vətəndaşlar, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Xidmətin məsul əməkdaşı bildirib ki, DMX  Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə ölkə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb. Bundan əlavə Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür. Görülmüş tədbirlərin nəticəsidir ki, 2008-2015-ci illər ərzində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin vətəndaşlığına qəbul olunub. Bununla belə, bu müddət ərzində 32016 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.

İkili vətəndaşlıqla bağlı görüş iştirakçısının sualını cavablandıran DMX əməkdaşı vurğulayıb ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

“Açıq qapı günü”ndə miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, ilk dəfə olaraq ölkəmizdə qəbul edilmiş Miqrasiya Məcəlləsinə digər ölkələr tərəfindən maraq olduqca böyükdür və ölkəmizin bu sahədəki təcrübəsi bir sıra dövlətlər tərəfindən öyrənilməyə başlanılıb.

Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulu barədə Xidmət əməkdaşı təqdimatla çıxış edib. Ümumiyyətlə, qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. 

Görüşün sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında