Vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov Bakı Dövlət Universitetini bitirmiş,  bir müddət  pedaqoji sahədə çalışmış, məktəb direktoru işləmişdir. Səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 2007-ci ildə isə dövlət başçımız  cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvdür. Qarabağ müharibəsi veteranıdır. H. Əbilov söhbət zamanı ölkəmizdə həmkarlar ittifaqlarının, eləcə də  rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə dedi:

- Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, həmkarlar ittifaqlarının fəaliyyəti yeni məzmun kəsb etmişdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev həmişə həmkarlar təşkilatlarına diqqət və qayğı ilə yanaşmış, onların inkişafına böyük önəm vermişdir. Ulu öndər həmkarlar hərəkatını müxtəlif siyasi qüvvələrin təsirindən qorumuş, onların uzun illər ərzində yaradılan maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır. Məhz həmin dövrdən başlayaraq həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırılmış, inzibati amirlik metodlarından imtina edilmiş, demokratik prinsiplərin tətbiqinə başlanılmış və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verilmişdir. 1994-cü ildə “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir və demokratik prinsiplər əsasında tənzimlənməsinin hüquqi bazası formalaşdırılmışdır.

Bu qurumun fəaliyyətini həmişə diqqət mərkəzində saxlayan ulu öndər  konfederasiyanın qurultaylarına təbrik məktubları göndərmiş, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, zəruri tövsiyələr vermişdir.  

Ümummilli liderimizin  inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini daim dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi qurumun həyatında xüsusi rol oynamışdır. Məhz elə bunun nəticəsidir ki, son illərdə ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha səmərəli qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaratmışdır. 

Cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlətimizin başçısının bu sahəyə ardıcıl diqqət və qayğısının əyani təzahürüdür. Sevindirici haldır ki, Azərbaycan həmkarlar təşkilatlarının üzvləri onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətini təqdir edir və dəstəkləyirlər. Təsadüfi deyil ki, AHİK prezident seçkilərində cənab İlham Əliyevin prezident postuna namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etmişdir.

Yeri gəlmişkən, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilmişdir. Liberal iqtisadi islahatların davam etdirilməsi, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində son 12 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enmiş, respublikada sosial və iqtisadi infrastruktur yenidən qurulmuş, əhalinin rifahı əsaslı şəkildə yüksəlmişdir. 2003-cü ildən bu günədək Azərbaycanda minlərlə istehsal müəssisəsi yaradılmış, 1,4 milyon yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Bunu   nəzərə alan  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əmək prosesinə cəlb edilən vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırır.   Hazırda Konfederasiyaya iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir. Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda, mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Konfederasiya sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir.

İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar.

Hazırda Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. Bu qurum Baş Kollektiv Sazişin layihəsinin hazırlanmasının və bağlanmasının təşəbbüskarı kimi çıxış edir.  Xatırladım ki, adı çəkilən saziş üçtərəfli qaydada - AHİK, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanılır. Müvafiq olaraq sahələrdə tarif sazişləri, yerlərdə isə kollektiv müqavilələr bağlanılır. Bu gün Azərbaycanda 13 min 451 kollektiv müqavilə, 119 tarif sazişi fəaliyyət göstərir. Respublikada sosial tərəfdaşlığın formaları ildən-ilə təkmilləşir, 2014-2015-ci illəri əhatə edən sözügedən sazişdə bir çox yeni və perspektivli müddəalar əksini tapmışdır.

Rəhbərlik etdiyim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Xəzər Rayon Komitəsinin fəaliyyəti barədə danışmaq istərdim. Əvvəlcə onu deyim ki, hazırda ölkəmizdə təhsilin inkişafına mühüm önəm verilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsilə dövlət qayğısı daim hiss olunur.  Eyni zamanda, Heydər Əliyev Fondunun təhsil üzrə reallaşdırdığı layihələr də mühüm önəm daşıyır. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəblər proqramı” çərçivəsində respublikamızda çoxlu sayda məktəb binaları tikilmiş  və əsaslı təmir olunmuşdur.  

ATİAHİ-nin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin qayğı və diqqəti ilə  Xəzər Rayon Komitəsi işçilərin, pensiyaçıların əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasını vacib şərt bilir. Qurum insan hüquq və azadlıqlarını səmərəli təmin edilməsi, hüquq pozuntularının qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir, əmək hüquqlarının qorunmasına ictimai nəzarəti müxtəlif hüquqi əsaslarla görür. Təşkilat tez-tez müəllimlərin sosial durumu ilə yaxından tanış olur, aztəminatlı ailələrə öz yardımını göstərir, məktəblərdə müəllimlərlə rəhbərlik şəraitində baş verən insidentlərə müdaxilə edir, müəllimlərin haqqının bərpasına köməyini əsirgəmir. Təqaüd yaşında və yubileyi olanları da yaddan çıxarmır, onlara aid tədbirlər həyata keçirir. Respublikanın müxtəlif sanatoriya və istirahət ocaqlarına  vətəndaşlarımızın göndərişini reallaşdırır. Bundan başqa,  “BakuBus” Səhmdar Cəmiyyəti ilə bağlanan müqavilə əsasında bu qurumun avtobuslar ilə Azərbaycanın rayonlarına turlar təşkil edir.

Onu da qeyd edim ki, komitə bu gün həmkarlar ittifaqı üzvlərinin sosial şəraitinin yaxşılaşdırılması, müalicə və istirahətin təşkili, beynəlxalq təcrübə mübadiləsinin qurulması, kütləvi-mədəni tədbirlərin keçirilməsi  sahəsində  tədbirlərin reallaşdırılmasına mühüm önəm verir. Qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin qayğılarına  həssaslıqla yanaşılır.

Komitə ötən illər ərzində həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair qanun və proqramların, bir çox normativ sənədlərin işlənib hazırlanmasında da  fəal iştirak edib. Bu gün sıralarında 4142 həmkarlar ittifaqı üzvünü birləşdirən qurum işçilərin pozulmuş əmək və sosial hüquqlarının bərpası uğrunda daha səmərəli mübarizə aparır. Müxtəlif məsələlərlə bağlı müraciətlərə   xüsusi diqqət göstərir.

Bu gün gənclər siyasəti  Azərbaycanda dövlət siyasətinin  prioritet istiqamətlərdən birini təşkil edir. Elə buna görə də   gənclərin həmkarlar ittifaqı işində iştiraklarına mühüm önəm verilir. Hazırda komitə   üzvlərinin böyük hissəsini gənclər təşkil edir.  Rayon komitəsi öz üzvlərinin sağlamlığının və istirahətinin qayğısına qalmağı da unutmur. Təşkilatın daxili imkanları hesabına hər il xeyli sayda vətəndaş müalicə və istirahət ocaqlarına yollayışlarla təmin olunur. Uşaq sağlamlıq düşərgələrində isə işçilərin övladları dincəlir. Komitə qaçqın və məcburi köçkünlərə, 20 Yanvar, eləcə də Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yardımlar edir.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərəm ki,   Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi olaraq bu gün üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, həmkarlar ittifaqı birliyinin qorunmasına, həmkarlar ittifaqının cəmiyyətdə rolunun və təsirinin artmasına, bütün səviyyələrdə sosial əməkdaşlığın möhkəmlənməsinə çalışırıq.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında