Tofiq İsmayıl oğlu Hacıyev

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 2015-ci il noyabrın 27-də ömrünün 80-ci ilində vəfat etmişdir.

Tofiq Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1958-1961-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji Dillər İnstitutunda başlayan Tofiq Hacıyev 1962-1968-ci illərdə burada Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur. 1969-cu ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayaraq, o, 1970-ci ilədək universitetdə Azərbaycan dilçiliyi kafedrasının dosenti, 1970-1984-cü illərdə türkologiya kafedrasının professoru işləmiş, 1984-cü ildən ömrünün sonunadək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. Tofiq Hacıyev 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olmuşdur. 2014-cü ildə o, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilmişdir.

Tofiq Hacıyev 1962-ci ildə filologiya elmləri üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Tofiq Hacıyev 1970-ci illərdən başlayaraq səmərəli elmi-pedaqoji fəaliyyəti ilə ölkədə elmin və təhsilin inkişafına dəyərli töhfələr vermişdir. O, milli filologiyanın aktual problemlərinin həlli ilə ardıcıl məşğul olmuş, xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdırmışdır. Fundamental Azərbaycan ədəbi dili tarixinin yaradılması sahəsində silsilə tədqiqatları ilə tanınan alimin pedaqoji fəaliyyətinin başlıca istiqamətini ana dilinin saflığının qorunması təşkil edirdi. Tofiq Hacıyevin elmi yaradıcılığında Azərbaycan xalqının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının mühüm yeri vardır. Onun dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.

Tofiq Hacıyev bütün elmi fəaliyyəti boyunca milli ədəbi fikir tarixində dili, eyni zamanda, estetik zənginlik baxımından, üslub, sənətkarlıq və poetika mövqeyindən geniş araşdırmışdır. Bədii dilin yaradıcılıq prosesində əsas tendensiyalarının üzə çıxarıldığı həmin araşdırmalar klassik və müasir sənətkarların irsini obyektiv səciyyələndirməsi sayəsində ədəbi tənqidin qiymətli nümunələri olaraq həmişə diqqəti cəlb etmişdir.

Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapmışdır.

Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli elm xadimi, mahir pedaqoq və səmimi insan Tofiq İsmayıl oğlu Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,
Hacıbala Abutalıbov, Fatma ABDULLAZADƏ,
Akif ƏLİZADƏ, Mikayıl CABBAROV,
İsa HƏBİBBƏYLİ, İsmayıl HACIYEV,
Rafael HÜSEYNOV, Abel MƏHƏRRƏMOV,
Vasim MƏMMƏDƏLİYEV, Nizami Cəfərov ,
Teymur KƏRİMLİ

 *    *    *

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il noyabrın 28-də saat 11.00-dan 13.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında