Azərbaycan mətbuatına ağır itki üz vermişdir. Müasir jurnalistikamızın ən təcrübəli simalarından biri, 77 illik ömrünün 53 ilini “Xalq qəzeti”nin (1991-ci ilin avqustunadək “Kommunist”) müxbiri, xüsusi müxbiri və bölgə müxbiri vəzifələrində işləmiş Telman Fətulla oğlu Əliyev vəfat etmişdir.
... 2010-cu ilin iyun ayından bəri redaksiyamızın bütün əməkdaşlarının kitab şkafında və ya yazı masasında “Jurnalistikada keçən ömür” adlı sanballı bir kitab var. Noyabrın 22-dən 23-nə keçən gecə həmin ömrün son saatları yaşandı. Həyatının son gününədək redaksiya ilə bağlı bütün məsələlərdə nümunə göstərən, gənclərə xas fəallıq nümayiş etdirən Telman müəllim böyük bir nikbinliklə bağlandığı dünyasını dəyişdi. Yola saldığımız noyabr “ Mənim fəslim payızdır, payızda dünyaya gəlmişəm, birinci sinfə getmişəm, tələbəliyin sevincini dadmışam, həyatımdakı yeganə şeirim payızla bağlı olub, ümumiyyətlə, bütün uğurlarımı payızda qazanmışam... ” – deyən həmkarımızın son payızının son ayı imiş. Buna baxmayaraq, bir gün belə əmək intizamını pozmadı. Elə bir toy, bayram, əlamətdar gün və ya kədərli anımız olmadı ki, Telman müəllimi ağsaqqal kimi yanımızda görməyək.
Yuxarıda adını çəkdiyimiz kitabında yazırdı: “Altmış yaşın tamamında həmkarıma verdiyim müsahibədə demişdim ki, hər bir insan, həyatda seçdiyi peşəsinə sadiq qalmalıdır... Yetmiş yaşımda da bu fikirdəyəm”. Hamının yekdilliklə təsdiq etdiyi həqiqətdir ki, o, ömrünün son anınadək bu sədaqəti davam etdirdi. 1999-cu il sentyabrın 30-da 60 illiyi münasibətilə qəzetimizdə verilmiş müsahibədə mükafatlarla bağlı sualı cavablandırarkən demişdi: “Mən heç zaman mükafat üçün işləməmişəm. Amma, çox mükafatlar almışam”. Bunu respublikanın 1 nömrəli mətbuat orqanında 53 il qüsursuz olaraq müxbir, xüsusi müxbir və bölgə müxbiri işləmiş peşəkar jurnalist deyirdi. Əlavə edirdi ki, bəzən, şair-jurnalist, yazıçı-jurnalist, bəstəkar-jurnalist kimi ifadələr eşidirik.Qətiyyən düzgün deyil. Jurnalist ... elə jurnalist olmalıdır. Əks-təqdirdə, nə isə yarımçıq olacaq.
Anadan olmasının 70 illiyi münasibətilə – 2010-cu il sentyabrın 30-da qəzetimizdə dərc olunmuş oçerkdə isə onun öz peşəsinə bağlılığını, ümumi işə hansı səviyyədə can yandırdığını göstərən məqamlar daha çox idi: “Başqa cür işləməyə mənim mənəvi haqqım da yox idi. Əvvəla, mən çox mötəbər bir kollektivi təmsil edirdim və bununla həmişə fəxr etmişəm. Ümumiyyətlə, bütün fəaliyyətim boyu qəzetimizin adına zərrə qədər də ləkə gətirəcək hərəkətə yol verməmişəm. Digər tərəfdən, mənim xüsusi müxbirlik fəaliyyətimin çox hissəsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Keçən əsrin 70-80-ci illəri respublikada, sözün həqiqi mənasında, güclü inkişaf, quruculluq, mənəvi-psixoloji sahədə sağlamlaşma dövrü idi. O vaxt mən Mil-Muğan zonası üzrə xüsusi müxbir işləyirdim”.
Yeri gəlmişkən, Telman Əliyev həmin illərin inkişaf tendensiyasından, xüsusən, ulu öndərimizin rayonlardakı görüşlərindən bəhs edən mükəmməl bir kitab ərsəyə gətirmişdir.
Telman Əliyev müxtəlif yaradıcılıq müsabiqələrində fəal iştirak etmiş və dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. O, 2005-ci ildə Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Onun necə vətənpərvər jurnalist olduğunu 1990-cı ilin sentyabr-dekabr aylarında qəzetimizin parlament müxbiri kimi Moskvadan – SSRİ Ali Sovetinin IV sessiyasından göndərdiyi materiallardan, habelə, Lənkəranda yaşayaraq Əlikram Hümbətovun separatizmini cəsarətlə ifşa edən kəskin tənqidi yazılarından və digər məqalələrindən açıq-aydın görmək olur.
Mərhum həmkarımızın 70 illiyi ilə bağlı mətbuatda verilmiş məqalə, sanki kollektivimizin hər bir üzvünün ürək sözləri ilə tamamlanırdı: “Telman müəllim dostluqda sədaqətli, haqqı-sayı, duz-çörəyi itirməyən, təmiz mənəviyyat sahibi, qeybətdən, dedi-qodudan uzaq, nümunəvi ailə başçısıdır”. Elə “Allah rəhmət eləsin!” – ifadəsini də kollektivımizin bütün üzvlərinin adından yazırıq.
Biz, “Xalq qəzeti”nin kollektivi və çoxsaylı oxucularımız adından Telman Əliyevin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan ruhuna rəhmət diləyirik!
“Xalq qəzeti”nin kollektivi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.