Bərdə rayonunun iqtisadi, sosial və mədəni inkişafından, burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən bəhs edən ötən yazılarımızdan biri belə bir sonluqla yekunlaşırdı: “Digər mühüm amil isə yerlərdə işin düzgün təşkili, rayon icra hakimiyyətinin çevik və operativ, daha çox elmi əsaslara söykənən iş üsulu, səmərəli təşkilat-idarəetmə məsələləri, insan amili, müntəzəm və ardıcıl xarakter daşıyan icra intizamıdır. Burada başqa bir önəmli məsələ də var: iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət. Bu, sözsüz ki, daha geniş bir söhbətdir, ciddi təhlil və araşdırmanın mövzusudur. Onu da əlavə edək ki, bu istiqamətdə silsilə material hazırlamaq fikrindəyik”.
İndi, necə deyərlər, vaxt gəlib çatıb və biz vədimizə əməl edirik.
Başlanğıcda belə bir vacib amili vurğulamaq lazımdır ki, müasir dövrdə hər hansı sahədə rəhbərlik etmək təkcə yerli-yersiz göstəriş verməkdən, sərt əmrlərdən, zəhmli telefon zənglərindən ibarət deyil. İndi rəhbər işçi daim insanlar arasında olmalı, onların gündəlik qayğı və çətinlikləri ilə yaşamalı, heç bir cəhətdən özünü onlardan üstün tutmamalıdır. Yalnız bu halda insanlar sənə inanar, etibar edərlər.
Digər vacib amil isə görüləcək işlərin, qarşıda duran vəzifələrin geniş təhlilini və proqramlaşdırılmasını aparmaqdan, bu zaman daha çox elmi əsaslara söykənən təşkilat- idarəetmə məsələlərinə diqqət yetirməkdən, iş üslub və metodlarını şəraitə uyğunlaşdırmaqdan ibarətdir. Bu gün Bərdə Rayon İcra Hakimiyyətinin fəaliyyətində daha çox nəzəri cəlb edən rəhbərlik işinin məhz belə təşkilidir.
...RİH başçısının kabinetindən çıxanda, hətta maşına minənə qədər məqsədimiz də, gedəcəyimiz ünvan da, əslində, başqa idi.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev “Soğanverdilər kəndinə gedirik”– deyəndə təəccüblənsək də bir söz demədik. Sürücü Çingiz də bir söz deməyib maşını dərhal əks istiqamətə döndərdi. Görünür, belə qəfil səfərlərə adət etmişdi. Vidadi müəllim həssas adamdır. Təəccübümüzü hiss edib məsələyə anındaca aydınlıq gətirdi:
– Bilirsinizmi, biz son vaxtlar səyyar qəbul- görüşlərin məzmununu da, formasını da bir xeyli dəyişmişik. Təcrübə göstərir ki, əvvəlcədən hazırlanan görüşlər, yönəldici çıxışlar, qurulmuş tədbirlər çanlı, səmimi ünsiyyətə, gerçək vəziyyəti aşkarlamağa o qədər də imkan vermir. Adamlar bir qayda olaraq belə tədbirlərə həvəssiz gəlirlər. Belə qəfil toplaşma, birbaşa görüş, açıq söhbət isə çox şeyi aydınlaşdırır. – Axı, siz onsuz da həmişə adamlar arasında, iş üstəsiniz...
– Orası elədir. Ancaq bir var hər hansı sahədə işin gedişinə baxasan, məsləhət və tövsiyələrini verəsən, bir də var ki, ümumi qəbul keçirəsən, yerlərdə adamları düşündürən, narahat edən məsələlərlə maraqlanasan.
– Ötən ay sizinlə Seyid Yusifli kəndinə səyyar qəbula getmişdik. Qəribə, maraqlı mənzərə ilə rastlaşdıq. Şikayət edən, kimdənsə, nədənsə narazı qalan görmədik. Razılıq edirdilər, təklif verirdilər, təşəbbüs qaldırırdılar...
– Burda təəccüblü nə var ki. Axı, insanlar, adətən, razı qalanda təşəkkür edir, şükranlıqlarını bildirirlər.
Müsahibimin bu mülahizəsi ilə səsləşən maraqlı bir fakt: RİH-dən aldığımız arayışda bildirilir: Son 2 ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin yerlərdə keçirdiyi səyyar qəbullarda iştirak edən insanların 80 faizindən çoxu təklif və tövsiyələrlə çıxış etmiş, görülmüş işlərlə bağlı minnətdarlıqlarını bildirmişlər.
Elə buradaca indi yenidən getdiyimiz Soğanverdilər kəndində düz 5 il əvvəl icra başçısının keçirdiyi səyyar qəbulda irəli sürülən məsələləri, qaldırılan problemləri və səslənən şikayətləri xatırladım və bu yazını hazırlayarkən o zamankı qeydlərimə yenidən nəzər saldım.
Kənd sakini Suğra Məmmədova demişdi: – Kəndimizdəki məktəb binası qəzalı vəziyyətdədir, burada normal dərs keçmək mümkün deyil. Dəfələrlə bu barədə məsələ qaldırsaq da, hələlik heç bir nəticə yoxdur. İdris Mehdiyevin isə giley- güzarı belə olmuşdu: – Kəndimizdə hələ də təbii qaz xətti yoxdur. Bu, ciddi çətinliklər törədir. Ağaclar qırılır, elektrik enerjisi xətləri hədsiz yüklənir, qəzalar baş verir. Bu acınacaqlı vəziyyət nə vaxtadək davam edəcək?
Hidayət Məmmədov isə bunun ardınca dillənmişdi: – Yeganə istilik mənbəyi elektrik enerjisidir. Təəssüf ki, o da fasilələrlə verilir. Sutkanın yarısını işıq üzünə həsrətik. Qış aylarında vəziyyət daha dözülməz olur.
Natiq Cahangirov da şikayətlənmişdi: – İstər içməli, istərsə də təsərrüfat suyu sarıdan ciddi korluq çəkirik. Odur ki, istədiyimizdən, mümkün olandan az məhsul götürürük.
Hüseyn Kərimov şikayətlərin dərhal qeydə alındığını görüb yerlilərinin daha bir ümumi narazılığını dilə gətirmişdi: – Abad kənd yolundan bilinir. Ancaq bizim yollar qışda palçıqlı, yayda toz- torpaqlıdır. Kəndarası yollardan isə danışmağa dəymə
Nəhayət, Həqiqət Babayeva rayon rəhbərinin həssas və səmimi münasibətindən ürəklənib xeyirxah bir təklif irəli sürmüşdü: –Kəndimizdə ata- anasız, himayəsiz bir gənc yaşayır. Nişanlı olsa da, toy eləməyə imkanı çatmır. Ona hamılıqla kömək lazımdır.
Əlbəttə, illər ötür, zaman dəyişir, hər günün öz qayğıları, problemləri var. 2011-ci ildən bəri respublikamızda olduğu kimi, Bərdə rayonunda da, Soğanverdilər kəndində də çox şey dəyişib. İnkişaf gedir və yüksəliş göz qabağındadır. İcra başçısı ötən müddət ərzində bu kənddə dəfələrlə səyyar qəbullar keçirib. Təbiidir ki, həmin görüşlərdə də yeni məsələlər, növbəti problemlər qaldırılıb.
Burada məsələnin başqa, daha vacib tərəfi də var. Ötən səyyar qəbullarda irəli sürülən təklif, irad və şikayətlərin yerinə yetirilməsi nə vəziyyətdədir: Əslində, bilavasitə yerlərdə keçirilən səyyar qəbulların məqsəd və mənası da elə bundan ibarətdir. Əgər eyni problemlər hər dəfə təkrar edilirsə, konkret addım atılmırsa, real tədbir görülmürsə, onda belə görüşlərin nə mənası?! Ancaq Vidadi İsayevin ürəyi bu baxımdan sakit idi. Ona görə ki, budəfəki səyyar qəbula, necə deyərlər, əliboş gəlməmişdi. Ötən qəbullarda qaldırılan təklif, irad və qeydlərin, demək olar ki, hamısı öz müsbət həllini tapmışdı.
Soğanverdilər kəndinin mərkəzi meydanında keçirilən budəfəki görüş-qəbulda biz mütləq bir həqiqətin şahidi olduq: insanın şəraiti, ümumi vəziyyəti yaxşılaşdıqca, onun mənəvi tələbatı da artır, yeni arzuları baş qaldırır, o, daha yaxşı həyat tərzinə can atır. Bütün bunlara görə idi ki, sakinlərin ümumi fikir və duyğularını ifadə edən Mustafa Mehdiyev, Malik Kərimov, Vaqif Süleymanov, İlqar Ələsgərov və başqaları son illər Soğanverdilər kəndində həyata keçirilən irili-xırdalı layihələrin, aparılan tikinti-quruculuq işlərinin, gündəlik diqqət və qayğının müqabilində, ən əvvəl, ölkə Prezidenti İlham Əliyevə öz sonsuz təşəkkürlərini bildirdilər. Onlar, öz növbəsində, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevə kəndin, ayrı-ayrı adamların problemləri ilə yaxından maraqlandığına, sosial-iqtisadi sahələrdə qazanılmış böyük uğurlara görə ürəkdən “sağ olun!” dedilər.
Biz görüş- qəbuldan sonra kəndi gəzdik, son illər tikilib başa çatdırılmış obyektlərlə tanış olduq. Bir sözlə, bu obanın abad və müasir simasını öz gözümüzlə gördük. Bəli, indi Soğanverdilərdə yaşamaq və işləmək könülxoşluğu doğurur. Kənd ağsaqqalı İdris Mehdliyevin bu əhvalı əks etdirən sözləri isə hamımızın marağına səbəb oldu: - Soruşursunuz ki, daha nə lazımdır? Deyirəm. Yaxşı olar ki, bizim kənddə park salınsın, bulaqlar çəkilsin, Bərdə şəhərindəki kimi fəvvarələr qurulsun. Səhər- axşam çıxaq, gəzək, dincələk. Bir də yeni iş yerlərinin açılması hamının ürəyincədir. Qabaqlar yazıçılar, alimlər, artistlər tez-tez qonağımız olardı, tamaşalar göstərilirdi. Qoy indi də gəlsinlər, bizi söhbətləri, çıxışları ilə zənginləşdirsinlər. Axı hamımızın şəhərlərə gedib teatr tamaşasına baxmağa nə vaxtı, nə də imkanı var. 5–10 il bundan əvvəl qazdan, sudan, işıqdan korluq çəkirdik. İndi onların hamısı düzəlib. Mənəvi ehtiyacımız isə dolğun ödənmir, oğul. Axı ruhun öz qidası, hər zamanın öz tələbi var.
İdris kişi haqlıdır: Hər zamanın öz tələbi var! İndi dəyişən, yeniləşən, zənginliyə can atan təkcə Azərbaycan kəndi deyil. Bu inkişaf və yüksəlişdə insanın özü də dəyişir, kamilləşir, yeni tələblərlə çıxış edir. Rəhbər işçi bu yeniliyi, dəyişikliyi vaxtında duymalı, görməli və aparılan ideoloji-siyasi işi məhz bu istiqamətdə qurmalıdır. Biz Bərdədə bunun konkret nəticələrini gördük. Rayon icra hakimiyyətində bu istiqamətdə ardıcıl və sistemli iş qurulmuşdur.
Biz bu yazıda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bir kənddə – Soğanverdilərdə keçirilən səyyar qəbulundan bəzi məqamları qeyd etdik. Ona da deyək ki, rayon rəhbərinin belə qəbul-görüşləri müntəzəm olur, ardıcıl xarakter daşıyır. Bundan başqa, icra başçısının konkret qəbul günləri də var. Lakin bu qəbula gələnlər ildən- ilə azalır. Əvvəla, ona görə ki, həftənin başqa günlərində də bu qapı vətəndaşların üzünə açıqdır. İkincisi, adamlar səyyar qəbullara üstünlük verirlər. Bu zaman onlar çox vaxt itirmirlər, açıq, səmimi söhbət üçünsə üstün imkan yaranır. Bu yerdə adamların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması ilə bağlı bəzi məqamlara da nəzər salmaq maraqlı olar. Öyrəndik və əmin olduq ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatına daxil olan müraciətlərə baxılması və vətəndaşların yerlərdə və aparatda qəbul edilməsi daim diqqət mərkəzində saxlanılır.
Cari ilin ötən ayları ərzində aparatda 10918 nəfər, o cümlədən icra başçısı tərəfindən 1405 nəfər qəbul edilmişdir. RİH başçısının yerlərdə adamlarla 28 görüşü keçirilmiş, bu qəbullarda 10304 sakin iştirak etmiş, 333 nəfərin müraciəti dinlənilmişdir.
İnsan amili, diqqət və qayğıya söykənən məmur– vətəndaş münasibətləri, adamların ərizə- şikayətlərinə həssas münasibət isə nəticə etibarilə iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurlarla, dinamik inkişafla nəticələnmişdir. Təkcə cari ilin ötən ayları ərzində əldə edilmiş göstərcilərə nəzər salmaq kifayətdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar – Vəliuşağı – Mollaəhmədli – Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev Park- bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis Xidmətinin inzibati binasının, Bərdə şəhər 7 saylı ümumi orta, 1 saylı uşaq incəsənət, Türkmən kənd tam orta məktəblərinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin, Mehdili kəndində müasir yem zavodunun tikintisi başa çatdırılmışdır.
İsmət Qayıbov, Nüşabə və K.Cabbarov küçələri, bütün kommunikasiya xətləri daxil olmaqla, yenidən qurulmuş, piyada yolları tikilmişdir. Həmin küçələrdə 19 fərdi yaşayış evinin dam örtükləri və fasadları təmir edilmişdir. Heydər Əliyev Park-bulvarının qarşısındakı ərazi yenidən qurulmuş, burada piyada yolu tikilmiş, yaşıllıq zolağı salınmış, 1000 ədəd ağac və çox sayda gül əkilmişdir.
Məcburi köçkünlərin Sosial İnkişaf Fondu Böyük Göyüşlü, Bala Göyüşlü, Tağılar, Qayalı, Həsənqaya, Saatlı, Güloğlular və Qaratəpə kəndlərində 40 kilometir içməli su xətti çəkmiş, 8 su qülləsi ucaltmış, 28 bulaq tikmişdir. 17 kənd qazlaşdırılmış, 2 kəndin elektirik şəbəkəsi yenidən qurulmuşdur. 21 kəndin qazlaşdırılması, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, tutumu 2 min ton olan soyuducu anbarın, hər biri 1150 yerlik Bərdə şəhər 2 və 6 saylı, 480 yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilmişdir.
Bundan başqa, hazırda 100 yerlik şəhər 4 saylı körpələr evinin tikintisinə başlanmışdır. Hər biri 100 yerlik daha 2 uşaq bağçasıının və Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində körpünün tikintisi üçün layihə- smeta sənədləri hazırlanır.
İlin əvvəlindən 254,5 milyon manatlıq ümumi məhsul, o cümlədən 9,2 milyon manatlıq sənaye, 115,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 41,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Ümumiyyətlə, ötən aylar ərzində 2014- cü ilin müvafiq dövrünə nisbətən istehsal 13,8 faiz, o cümlədən sənaye 1 faiz, kənd təsərrüfatı 5 faiz, tikinti-quraşdırma 29,4 faiz çoxalmışdır.
2014-cü ilə nisbətən əkin sahələri 634 hektar və ya 5,6 faiz artmışdır. Rayon üzrə hər hektardan 41,5 sentner buğda və 35,1 setner arpa götürülmüşdür. Bundan başqa, 2417 ton kartof, 43752 ton müxtəlif növ tərəvəz, 25856 ton bostan məhsulları, 6375 ton meyvə istehsal edilmişdir. Rayonda iri mal 89816 başa, qoyun- keçilər isə 138751 başa çatmışdır. 12065 ton ət, 47501 ton süd, 24,7 milyon ədəd yumurta, 451 ton yun istehsal edilmişdir. 2014-cü ilin müvafiq dövrünə nisbətən ət 16,3 faiz, süd 7,3 faiz, yumurta 5,5 faiz, yun 2,5 faiz artmışdır.
Əmirli və Dəymədağlı kəndlərinin elektirik şəbəkəsi yenidən qurulmuşdur. Məcburi köçkünlər üçün tikilmiş yaşayış məhəlləsində yeni yarımstansiya quraşdırılmış və elektirik xətləri kabelləşdirilmişdir. Hazırda rayonun Mirzalıbəyli kəndi ərazisində yeni yarımstansiyanın, Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi üçün tədbirlər görülməkdədir. İlin əvvəlindən 17 kənd qazlaşdırılmışdır. Hazırda 21 kəndə təcili qaz xətti çəkilir.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində olmuş, bir sıra əsaslı layihələr işlənib həyata keçirilmişdir. Bir neçə yeni məktəb və uşaq bağçası tikilmiş, bir sıra məktəb binasında əsaslı və cari təmir işləri aparılmışdır. Məzunlardan 383 nəfəri və ya ali məktəblərə qəbul üçün sənəd verənlərin 58 faizi tələbə adını qazanmışdır. Bu, keçən ildəkindən 39 nəfər çoxdur. Tələbə adını qazananlardan 80 nəfəri 500- dən çox bal toplamışdır.
... Bəli, bu dünyada insanı yaşadan təkçə hava, su, çörək deyil. Bizim hər birimizin həm də xoş sözə, isti münasibətə, diqqət və qayğıya ehtiyacımız var. Bərdədə məhz bu cəhət təşkilat- idarəetmə, iş üslub və metodlarının vacib tərkib hissəsinə, güclü ideoloji amilə və səfərbəredici gücə çevrilib. Son illər iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurların əsas səbəblərindən birini də məhz burada axtarmaq lazımdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə muxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.