Britaniya təəssüratları Səfər qeydləri

Avropa arxeoloqlarının İstanbulda olmuş  20-ci illik toplantısında növbəti 21-ci toplantının 2015-ci ilin payızında Şotlandiyanın Qlazqo şəhərində  keçirilməsi qərara alınmışdı. Toplantıya  beş ay qalmış Təşkilat Komitəsindən mənə  də  dəvət gəldi. Bu, o demək idi ki, “Miras” İctimai Birliyinin  sədri Fariz Xəlilli  və YOCOCU Beynəlxalq Assosasiyasının İtaliyadan olan  prezidenti Andrea Macchia ilə birlikdə göndərdiyimiz müştərək  məruzə toplantının proqramına daxil edilmişdir.

Bakıdan Vyanaya, oradan da Londona uçduq. Gecə yarısı Avropanın ən nəhəng  hava   limanlarından  biri olan Hitrou aeroportuna endik.  Oradan  da Qlazqoya uçmalı idik. Amma... Hitrou  aeroportundan “Qlazqoya  necə gedə bilərik” sualımıza  dəqiq cavab verən yox idi. Gecə yarısı olduğundan, deyəsən, aeroport işçilərinin hamısı ala-yuxulu idi. Bir çox xidmət sahəsinin işçiləri yır-yığış  edərək qapıları bağlayıb harasa tələsirdi. Görünür, bu səbəbdən sorğularımıza həvəssiz və səthi cavab verirdilər. Bəziləri avtobusla, bəziləri isə  qatarla getməyi məsləhət görürdü. Real olanı o idi ki, gecənin  bu vaxtı nə avtobus, nə  qatar,  nə də təyyarə vardı. Odur ki, Londonda gecələyəsi olduq. Biz Hitrou hava limanının yaxınlığındakı “İbis” otelinə gələndə  soyuqdan dişlərimiz şaqqıldayırdı. Otelin milliyyətcə hind olan inzibatçısı bizi mehribancasına  qarşıladı. Onun mehribançılığı və aeroportda  heç birindən qənaətləndirici cavab ala bilmədiyimiz  ingilislərin soyuqqanlılığı timsalında sanki bir anlığa avropalılarla asiyalıların xarakter  və  mentalitetindəki  fərqləri göz önünə gəlirdi.

Londondan Qlazqoya uçmaq, sən demə, o qədər  də müşkül iş deyilmiş. Bunun  üçün sadəcə Hitrou aeroportunun II  terminalından qatarla V terminala getmək lazım imiş. Özü də həmin qatar  pulsuz  işləyir. Oradan isə, demək olar ki, hər 2-3 saatdan bir Qlazqoya təyyarə reysləri var.

 

Gözəl Qlazqo

 

Günortaüstü artıq Qlazqoda idik. Məlumat üçün  bildirək ki, Qlazqo Şotlandiyanın ən böyük, əhalisinin sayına görə isə Böyük Britaniyanın dördüncü  şəhəri  hesab olunur. Klayd çayının hər iki sahili boyu uzanan  Qlazqo Böyük Britaniyanın şimal-qərb kənarında yerləşir və regionun  inzibati mərkəzi hesab olunur.Yerli sakinlərin dediyinə görə, “Qlazqo” toponimi “yaşıl yarğan”  mənasını ifadə edir. Geniş  əraziyə malik  parklar, xiyabanlar  və Klayd çayı üzərindəki çoxsaylı körpülər Qlazqonu daha da gözəl göstərir. Körpülərdən söz düşmüşkən, oradakı çoxsaylı piyada, avtomobil və dəmir yolu körpüləri içərisində ən məşhuru 2006-cı ildə  inşa olunan və yerli sakinlərin “Çəp körpü” adlandırdığı “Klayd Ark” asma körpüsüdür. London  və Budapeşt şəhərlərindən sonra dünyanın üçüncü ən qədim metrosu 1896-cı ildən fəaliyyət göstərən Qlazqo metrosudur.

Tarixi məlumatlara görə Qlazqo şəhəri VII əsrdən  mövcuddur. XII əsrdən etibarən isə regionun mühüm dini  mərkəzlərindən birinə çevrilib. XVIII əsrdə baş vermiş  sənaye inqilabı nəticəsində  Britaniya şəhərləri içərisində Qlazqonun rolu və mövqeyi daha da artıb. Ölkənin əsas gəmiqayırma mərkəzlərindən birinə çevrilən Qlazqo XIX əsrdə Britaniya imperiyasının ikinci şəhərinə çevrilib.

1611-ci ildə kral I Yakovun fərmanı ilə Qlazqoya Kral şəhəri statusu verilib. 1736-cı ildə orada metallurgiya,  tütün və toxuculuq müəssisələri, 1740-cı ildə isə boyaq  sexləri  işə düşüb. 1920-ci ildə əhalisinin sayı 1 milyona çatan  Qlazqo əhalisinin sıxlığına görə Britaniyanın ikinci şəhərinə çevrilib.

Qlazqo 1990-cı ildə Avropanın  mədəniyyət  mərkəzi, 1999-cu ildə Britaniyanın memarlıq  və dizayn şəhəri, 2003-cü ildə isə Avropanın idman  paytaxtı elan olunub, şəhərin əhalisi etnik tərkib etibarı ilə müxtəlifdir. 2011-ci il siyahıya alınmasının  yekunlarına görə, Qlazqo əhalisinin 84,5 faizini şotlandlar, 3,78 faizini pakistanlılar, 1,8 faizini çinlilər, 1,5 faizini hindlilər, qalan hissəsini digər etnik qruplar təşkil edir. O da maraqlıdır ki, 2014-cü ildə  Şotlandiyanın müstəqilliyinə dair keçirilmiş referendumda Şotlandiya əhalisinin 55,3 faizi “yox” desə də, Qlazqo seçicilərinin əksəriyyəti “hə”  deməklə  müstəqillik tərəfdarı olduqlarını bildirmişlər.

Dini etiqad etibarı ilə əhalinin 54,5 faizi xristianlardan, 5,4 faizi  müsəlmanlardan, 0,4 faizi isə buddistlərdən  ibarətdir. Şəhər  Qlazqo Şəhər meriyası tərəfindən idarə olunur. Onu da xatırladaq ki, Qlazqo Şotlandiya parlamentində 17, Britaniya parlamentində isə 9 deputatla təmsil olunur.

Qlazqoda 20-dən çox muzey və incəsənət qalereyası fəaliyyət göstərir.  Oradakı Riversayd Muzeyi 2013-cü ildə  Avropada “İlin  muzeyi” müsabiqəsinin  qalibi  olub. 3000  ədəddən  çox eksponatı olan Nəqliyyat  Muzeyi  də Qlazqonu dünyada  məşhur  edən  muzeylərdəndir.

Şotlandlar təbiət etibarilə olduqca şən və musiqisevər xalqdır. Təsəvvür edin, təkcə Qlazqoda hər həftə orta hesabla 130-a qədər musiqi tədbiri keçirilir.

Şəhərdə 10-dan çox kinoteatr, o cümlədən Ginnesin  Rekordlar Kitabına düşmüş dünyanın ən hündür kinoteatr binası olan “Sinevorld” fəaliyyət göstərir.  İlboyu müxtəlif, özü  də ənənəvi festivallar keçirilir. Qlazqoda  37  ictimai kitabxana, o cümlədən 1977-ci ildə  məşhur  tütün maqnatı Stiven Mitçellin vəsiyyəti əsasında yaranan Mitçell kitabxanası –  Avropanın  ən böyük arayış  kitabxanası  mövcuddur. Hansı ki, orada 1,3  milyon kitab, 3500 ədəd  xəritə, fotoşəkil  və qəzet saxlanılır.

Avropada  kifayət  qədər məşhur olan Qlazqo Kaledoniya Universiteti, Stratiklayd Universiteti, Şotlandiyanın Kral  Konservatoriyası,  Qlazqo İncəsənət  Məktəbi və  digər məşhur təhsil ocaqları da məhz Qlazqoda yerləşir.

 

Arxeoloqlar hansı problemləri
müzakirə etdilər?

 

Dünyanın müxtəlif  ölkələrini təmsil edən 1800 arxeoloqun  iştirak  etdiyi Avropa arxeoloqlarının 21-ci  illik  toplantısı Qlazqonun möhtəşəm  konsert salonlarından birində öz  işinə başladı.  Açılış  mərasimində  Şotlandiyanın tarixi-mədəni həyatını və arxeoloji abidələrini nümayiş  etdirən filmlər  nümayiş etdirildi. Sonra Britaniyada çox  məşhur olan ikimərtəbəli avtobuslarla  Qlazqo  Elm Mərkəzinə  getdik. İştirakçılar orada təşkil  olunmuş  sərgi ilə tanış olduqdan sonra  şirniyyat  süfrəsi ətrafında  görüş  və  müzakirələr oldu. Ertəsi gün Qlazqo Universitetində bölmə iclaslarına  start verildi. İclasdan  əvvəl orada təşkil olunmuş arxeologiya  və arxeloji tədqiqatlarda istifadə  olunan alət və  ləvazimatlardan ibarət  sərgi yarmarkası ilə tanışlıq oldu.

Fürsətdən  istifadə  edərək, biz də  çöl tədqiqatlarında  istifadə məqsədi ilə bir neçə alət və ləvazimat aldıq. Açığını  deyim ki, Azərbaycan arxeoloqlarının  bu cür alət  və ləvazimatlarına çox  ciddi ehtiyacı var. Əfsuslar olsun ki, Bakıdakı  və  rayonlarımızdakı mağaza  və satış mərkəzlərimizdə belə xarici ölkə arxeoloqlarının illərdir ki, istifadə etməkdə olduğu belə  münasib nümunələrə  heç vaxt rast  gəlmirik.

Sonra toplantı 20 bölmə  üzrə  öz işini davam etdirdi. Bölmələrdə  ümumilikdə 1000-dən artıq məruzə dinlənildi.  Maraqlıdır ki, müzakirələrdə Avropa ölkələrini təmsil  edən  mütəxəssislərlə yanaşı, digər qitələrin  nümayəndələri də  iştirak edirdilər. Asiya, Afrika  və Latın Amerikası ölkələrindən olan  natiqlərin də  öz uğurları  və problemləri barədə söz demək imkanı oldu. Hər  kəs toplantının  proqramı ilə  tanış olaraq  onu  daha  artıq  cəlb edən bölmələrdə iştirak edirdi. Şəxsən, mən dostum Farizlə birlikdə gün ərzində  elə olurdu ki, 6-7 bölmədə olurduq. Bu  isə  iştirakçılara imkan verirdi ki, ən azı, indiki dövrdə ayrı-ayrı qitə və  ölkələrdə,  müxtəlif  elmi  mərkəzlərdə arxeologiyanın bu  və ya digər  problemlərinin qoyuluşu və həlli yolları barədə ilk  mənbədən informasiya əldə etsinlər.

Bizimlə eyni bölmədə Şotlandiya, Yunanıstan, İrlandiya, İspaniya,  Səudiyyə Ərəbistanı  və Rusiyadan olan natiqlərin  məruzələri  dinlənildi. Maraqlı  qarşılanan  məruzələrdən biri şotlandiyalı mütəxəssisin  sosial  vəziyyəti  etibarı ilə kasıb olan  insanların yaşamış olduğu  məhəllələrin  tədqiqi  barədə  idi. Adətən, arxeoloqlar da, bir çox digər peşə sahibləri kimi,  çox zaman  təmtəraq  ardınca qaçaraq hökmdar  saraylarını, varlı  və titullu insanlara  məxsus Kurqan və  sərdabələri öyrənməyə  can atırlar. Kasıb  insanların  həyatı, onların məişət və mədəniyyətinin  göstəricisi olan  yaşayış massivlərinin tədqiqi isə o qədər də cəlbedici hesab olunmur. Halbuki, nəzərə alınmalıdır ki,  bütün dövrlərdə hökmdarlar və onların əhatəsində olan varlı insanlar bütövlükdə toplumun olduqca cüzi bir hissəsi olub. Yəni, təkcə onlara aid binaları, məhəllələri və qəbir  abidələrini öyrənməklə, bütövlükdə toplumun həyat tərzi və  mədəni səviyyəsi barədə dolğun fikir söyləmək olmaz. Başqa sözlə, bu və ya digər orta əsr şəhəri və orada yaşamış insanlar barədə doğru-düzgün və əhatəli elmi nəticə əldə etmək  üçün ən azı, sosial  vəziyyəti fərqli olan ayrı-ayrı yaşayış məhəllələri tədqiq olunmalıdır. Artıq yuxarıda qeyd oluduğu kimi, şotland  natiqin məruzəsində konkret faktlara istinadən bu məsələlərə də toxunuldu. Bu da iştirakçıların böyük  marağına səbəb oldu.

Təvazökarlıqdan  uzaq  olsa da, bizim “Azərbaycanda orta əsrlərdə keramika istehsalının bəzi parametrləri” mövzusundakı məruzəmiz də iştirakçıların böyük marağına səbəb oldu  və təbiidir ki, çoxlu suallar verildi. Suallar daha çox yerli istehsal  nümunəsi olan materiallarla gətirilmə  materiallar arasındakı bədii, texniki və  texnoloji fərqlərə aid idi. Azərbaycanın orta əsr keramikasının tipologiyası, texnologiyası və  kimyəvi tərkibindəki müxtəlifliyin səbəbləri barədə də suallar oldu. Verilən suallardan hiss olunurdu ki, qonşu ölkələrin, dünyanın ayrı-ayrı ölkələrində keramika istehsalı  mərkəzlərinin  Azərbaycana təsiri, habelə Azərbaycanda çox qədim zamanlardan başlayaraq formalaşmış keramika  istehsalı ənənələrinin yaxın  və uzaq ölkələrə təsiri  və  bu  qəbildən  olan digər məsələlər də  iştirakçıları çox maraqlandırır.

Toplantıda bizimlə yanaşı, Azərbaycan arxeoloqlarından Səfər Aşurov  və  Mikayıl  Mustafayev də  iştirak edirdilər.  S.Aşurov “Kür-Araz arxeoloji mədəniyyəti Naxçıvan abidələri kontekstində”, M.Mustafayev  isə “Pəri qalası” mövzusunda  məruzə  etdilər.  Onu da əlavə  edim ki, mənim  kimi onlar  da əməkdaşı olduqları Arxeologiya  və Etnoqrafiya İnstitutunun xətti  ilə  deyil, sadəcə  öz  təşəbbüsləri  ilə  toplantıda  iştirak edirdilər.  Amma   məqsədəuyğun olardı ki, baza  institutu  kimi, AMEA-nın  Arxeologiya  və Etnoqrafiya İnstitutu  ölkə   alimlərinin  beynəlxalq  məclislərdə  iştirakını  koordinasiya etsin. Elə  edilməlidir ki,  Azərbaycan  elmi, Azərbaycanın qədim  və zəngin tarixi-mədəni irs  nümunələri  beynəlxalq tribunadan  kifayət qədər  effektli  təqdim olunsun.

 

Qlazqo Universitetində
nələrə  təəccübləndik?!

 

Məlumat  üçün  bildirək ki, 1451-ci ildən fəaliyyət göstərən  Qlazqo  Universiteti  Sent-Endryus Universitetindən  sonra Şotlandiyanın ikinci nüfuzlu  qədim  təhsil müəssisəsidir. Orada 9 fakültədə 130 ölkədən 23 mindən çox  tələbə təhsil alır. Universitet  bir-birindən çox da  uzaq olmayan çoxsaylı korpuslardan ibarətdir. Əksər korpusların binalarının bir  neçə  əsrlik yaşı var. Binaların əksəriyyəti  sanki heç  qış  mövsümündə də qızdırılmır. Yəni, daş döşəməli, hündür tavanlı,  çoxsaylı  qapı  və pəncərəsi olan, bir-birindən iri zal və dəhlizlərdə  qoyulmuş bir-iki köhnə çuqun batareyalarla inanmıram ki, o yerləri qızdırmaq mümkün  olsun. Soyuq  və nəmişlikdən  binaların  divarları  kif  atıb. Bu hal təkcə  universitetdə  deyil, elə Qlazqonun əksər  binalarında  müşahidə olunur.  Şəhərdə  isti bir kafe  və ya  restoran  tapmaq  çətin məsələdir. Biz orada  olduğumuz günlərdə  havanın  temperaturu 7-8  dərəcəyə  enmişdi, şotlandlar  isə  bunu fərq etmirmiş  kimi,  hələ  də qolu  qısa köynəklərdə  gəzirdilər. Görünür,  təbiət onları  da belə olmağa vərdişkar edib.  Və görünür sağlam  olmaq  üçün  elə bu  cür təbiətən  soyuq  mühitə öyrəşməyin də faydası var.  Kim  şotlandlar kimi boy-buxunlu, canlı-cüssəli  və  sağlam olmaq istəyirsə,  qoy,  bunu  da sınasın. İnanın  səmimiyyətimə,  Qlazqo  küçələrində,  meydanlarında bədəncə  zəif,  çəlimsiz və fiziki  cəhətdən  problemli insan,  demək  olar ki,  gözə  dəymir. Yəni,  orada  olarkən bir daha  əmin  oldum ki, sağlam olmaq üçün  ətraf mühit faktoru nə  qədər önəmlidir.  Universitet divarları  içərisində gördüklərimizdən bizi, bəlkə  də,  ən çox  təəccübləndirən onların muzeyi oldu. Orada  Misir və  Fələstindən tutmuş,  bir çox ölkə və xalqlara  aid  olduqca zəngin  kolleksiya  nümayiş  etdirilir.  Ekspozisiya yeni deyil,  amma  son  dərəcə  peşəkar  səviyyədə  işlənib.  Orada   dünyanın  ən məşhur  muzeylərinin  belə  həsəd  apara biləcəyi  bir çox  nadir  nümunələr saxlanılır.

Növbəti  tanışlıq  ünvanımız universitet  kitabxanası oldu. Doğrusu,  səhərdən ayrı-ayrı bölmələrdəki  müzakirələr barədə  məlumatlı olmaq məqsədi ilə ora-bura  qaçdığımızdan  fiziki  cəhətdən  çox  yorulmuşdum. Ona görə  də  heç yana gedəsi halım yox idi.  Amma Fariz  əl çəkmədi.  Çox təkid  etdi ki, Bakıdan  gətirdiyimiz kitabları  aparıb universitet kitabxanasına  hədiyyə  edək.  Beləliklə,  axşamçağı  kitabxanada olduq. Bura 12 mərtəbədən ibarət,  olduqca  müasir  və möhtəşəm  bir  binadır.  Birinci  mərtəbənin    foyesindəki rahat kresloya  yayxanaraq  kompüterdə işləyən  ağ köynəkli  kişiyə  gəlişimizin  məqsədini  bildirəndə onun  çöhrəsinə əməlli-başlı  nur gəldi. O, kitabları  və  özümüz  barədə  məlumatları götürüb, “Qalan  məsələləri özümüz sənədləşdirərik”, – deyə bizi arxayın etdi. Biz isə kitabxanın tarix  və  arxeologiya  bölməsi ilə  tanış olmaq  istəyimizi  bildirdik.  – Liftlə 8-ci mərtəbəyə qalxın, – dedi.

Kitabxananın  tarix  və arxeologiya bölməsində bəlkə də, on minlərlə  kitab var. Bütün  mərtəbəni tutan dar  və  uzun labirintə  bənzəyən çoxsaylı  kitab  rəflərinin arasını  gəzincə adamın ürəyi sıxılır. Orada  nələr yoxdur?! Və  birdən o  başdan Farizin  səsini eşitdim: – Qafar müəllim, gəlin, görün, burada  nələr  var! O  mənə  Ermənistana,  erməni tarixinə  və saxta erməni genosidinə  dair kitabları göstərdi. Həmin  kitabların  əksəriyyəti son 5-10 ilin   məhsuludur.  Xeyli dolaşdıq,  xeyli  aradıq, ancaq  Azərbaycana aid  heç nə tapa bilmədik. Mərtəbəni  tərk etmək  istərkən liftin  yaxınlığında  5-6  kitabdan ibarət  sərgidəki iri həcmli “Ermənistanın tarixi atlası”  kitabını görəndə isə  şəkərim də, təzyiqim də arzuolunmaz həddə  qalxdı. Atlas 2001-ci  ildə Çikaqoda  nəşr olunub. Müəllifi amerikalı alim Robert H.Nefsen, içərisindəki  xəritələri  tərtib edən isə kartoqraf Kristofer C.Salvaticodur.

Albomda  verilmiş xəritələrin  bir qismi, o cümlədən 25, 52 və 53-cü  xəritələr  Qafqaz  Albaniyasına  aiddir.  Orada  bizim  mütəxəsislərin  tərtib etdikləri bir çox tarixi  xəritələrə belə düşməyən  neçə-neçə abidələrimiz,  o cümlədən Mehrəvan  şəhəri, Girdman qalası, Xursan  ərazisi  və hətta  Basqal yaxınlığındakı Tağlabiyan  kəndi  belə yer  alıb. Onsuz da  yenicə açıq əməliyyatdan  çıxmış  problemli ürəyimi ağrıda-ağrıda,  sızlada-sızlada bu  sözləri ona görə  yazıram ki,  qoy bizim alimlər,  xariclə elmi-mədəni əlaqələri qurmağa məsul olan şəxslər o  qədər də  müştəbeh olmasınlar. Bizim görəcəyimiz işlər həqiqətən  çoxdur.  Biz Azərbaycan  həqiqətlərini dünyaya çatdırmaq üçün olduqca çox işləməliyik. Qoy, həmkarlarım  məndən inciməsinlər, rəhmətlik Ziya Bünyadov  hər zaman deyirdi ki, bizim yazdıqlarımız hələ ki, Biləcəridən o yana keçmir. Əgər keçirsə,  dünyanın ən böyük  universitet kitabxanalarından biri olan  Qlazqo Unversitetinin kitabxanasında niyə yoxdur?! Hesab  edirəm ki, heç olmazsa, bundan sonra elm  adamlarımız,  qələm sahiblərimiz,  xarici ölkələrdəki  diasporumuz,  xüsusən də diplomatlarımız öz fəaliyyətlərində bu sahədə olan boşluqları  nəzərə alacaqlar. Başqa sözlə, erməni kilsəsi də, ermənilərin elm  adamları da, onları himayə  edənlər də hər yerdə  və  bütün istiqamətlərdə qarşılarında  Azərbaycanı  və azərbaycanlıları görməlidirlər. Əgər  biz  özümüz boş meydan verməsək, onda erməni qaragüruhu öz yalan və böhtanlarını dünya  ictimaiyyətinin beyninə yeridə bilməz.

 

Qlazqo etüdləri

 

Qlazqo Avropada ən çox mədəniyyət  və  istirahət parkı olan  şəhərlərdəndir. Özü  də parklar, demək olar ki, süni surətdə bəzədilməyib, ərazisinə rəngli plitələr döşənməyib. Parklarda daha çox vəhşi  təbiətin özünə xas olan cizgiləri qorunub saxlanılıb. Günün hansı vaxtı hansı  parka  getsən qələbəlikdir. İnsanlar  qrup  halında gələrək orada  istirahət edirlər. Kimi ailəvi dincəlir, kimi yaşıdları ilə voleybol və  ya tennis  oynayır, başqa  bir tərəfdə  kiçik  yaşlı məktəblilərin səsi aləmi bürüyüb.

Şəhərdə valyuta dəyişmək  istəsən çox  çətin olacaq. Çünki Bakıdakı kimi, addımbaşı bir valyuta dəyişmə məntəqəsi yoxdur. Çox axtardıqdan sonra  cəmi bir məntəqə  tapdıq, o da saat 6-dan sonra olduğuna görə işləmirdi.

Qlazqoda ən defisit  şeylərdən  biri də aptekdir. Şəhərdə, ümumiyyətlə, aptek gözə  dəymir. 6 gün  orada olduq, cəmi kiçik bir aptek gördük. Görünür, insanları  sağlam olduğundan  iynə-dərmana  da  ehtiyac duymurlar.

Qlazqo  əhalisinin  təqribən hər iyirmi nəfərindən  biri müsəlman olsa da, şəhərdə 28  məscid  fəaliyyət göstərir.  Axşam namazı vaxtı  şəhərin nisbətən  şimal tərəfində  yerləşən “Əl-Furqan” məscidində olduq. Bu məscid  həm də Qlazqodakı “İslam  mədəniyyəti mərkəzi”  hesab olunur. Axşam namazına gələnlərin sayı olduqca çox idi. Məscidin zallarından birində  insanlar namaza  durmuşdu,  digər zalda isə axund  mikrofon qarşısında duraraq uca səslə İslam dəyərləri ətrafında  söhbət  aparırdı. Qlazqo məscidlərinə ibadət etməyə gələnlər  əsasən hindlilər,  pakistanlılar  və kürdlərdir. Böyük-kiçik bilmədən bu insanların  hamısı qarşı-qarşıya gələrkən “Salamu-əleykum” deyə bir-birini salamlayırlar.

Növbəti gün günorta  ziyarət  saatlarında Qlazqonun ən böyük məscidi və eyni zamanda “İslam mərkəzi” olan başqa bir məscidi  ziyarət etdik. Bu tamamilə  fərqli memarlıq görkəmi olan modern bir məsciddir.  Məscid  o qədər  nəhəngdir ki, içərisinə  daxil olarkən özünü  sanki üstü bağlı  bir futbol meydançasında hiss edirsən. Biz orada olarkən təqribən 25-30 nəfər  yorğun müsəlman  xalçalar üzərində uzanaraq xor-xor yatırdı. 

Axşamlar Qlazqodakı evlərin əksəriyyətinin  pəncərəsindən işıq gəlmir. Adamda elə təsəvvür yarana bilər ki, bu evlərdə, ümumiyyətlə, yaşamırlar. Əksinə,  şəhərdəki bütün  restoranlar, kafelər, barlar, diskotekalar gecədən  xeyli  keçənədək dolu olur. Sanki hər yanda çal-çağırdır. Yəni,  şotlandlar işdən sonrakı  sərbəst vaxtlarını evdə deyil, daha çox məhz bu cür yerlərdə  keçirməyə  üstünlük verirlər.

Qlazqoda, demək olar ki, şotland mətbəxi ilə rastlaşmadıq. Daha çox italyan,  hind, çin və  Pakistan  mətbəxi hökmrandır. İaşə obyektlərində çalışanların isə  əksəriyyəti türklər, kurdlər və pakistanlılardır.

 

Britaniya  Muzeyində

 

Sentyabrın 6-da səhər tezdən Qlazqonu tərk  edərək Londona uçduq. Bu, Britaniya  paytaxtına üçüncü gəlişim olsa da, heç vaxt oranı əməlli-başlı  gəzə  bilməmişdim.  Elə bu dəfə  də şəhərlə  tanışlıq  üçün  cəmi bir gün vaxtımız vardı. Ona  görə də vaxt itirmədən hava limanından birbaşa taksi ilə Britaniya Muzeyinə gəldik. Biz oraya çatanda artıq günorta idi. Muzeyin qarşısında minlərlə insan vardı. Bir tərəfdən dəstə-dəstə içəri daxil olurlar, digər tərəfdən isə dəstə-dəstə muzeydən çıxırlar. Bir sözlə, içəri də, çöl də insan seli ilə doludur. Maraqlıdır ki,muzeyə giriş pulsuzdur. Axşam düşənədək, demək olar ki, qaça-qaça muzeyin çoxsaylı zallarından yalnız bir neçəsi ilə ötəri tanış ola bildik. Doğrudan da, olduqca möhtəşəm bir muzeydir. Bəlkə də dünyanın bir nömrəli muzeyidir.

Tanışlığa Assuriya zalından başladıq.  İlahi, orada nələr yoxdur?! Qədim  assur yazıları olan nəhəng daş lövhələrdən tutmuş, nəhəng və heyrətamiz heykəllərədək daha nələr, nələr?! Qədim Misir materialları, Roma və yunan abidələri, İslam mədəniyyəti nümunələri – adam istər ki, hər lövhə, hər heykəl, hər vitrin qarşısında saatlarla dursun. O  nadir eksponatları duymaq üçün ən azı oranı təkrar-təkrar ziyarət etmək gərəkdir. Mənim üçün çox maraqlı, həm də əhəmiyyətli faktlardan biri də o oldu ki, Ağsu tədqiqatları zamanı Mehrəvan şəhər yerindən VII-VIII əsrlərə aid tapdığımız nərd zərlərinin oxşar nümunələrinə, oradakı İslam mədəniyyəti nümunələri zalında nümayiş etdirilən Pakistan materialları işlərində də rast gəldik. Fərq ondadir ki, Britaniya muzeyindəki Pakistan zərləri Ağsu tapıntilarından təqribən 600-700 il sonrakı dövrə aiddir.

Mən tarixçiyəm. Yəni, ingilislərin tarix boyu dünyanın, demək olar ki, bütün nöqtələrində yeritdikləri işğalçılıq, müstəmləkəçilik və qarətçilik siyasəti barədə kifayət qədər məlumatlı insanlardanam. Britaniya muzeyində gördüklərimlə, bir növ oxuduqlarımı və eşitdiklərimi tamamlamış oldum. Muzeylə tanışlıqdan sonra, doğrusu, onların əsrlər boyu digər xalqlara qarşı həyata keçirmiş olduğu talançılığı sözlə təsvir etməyə ifadələr tapmaqda çətinlik çəkirəm. Bunlar hələ muzeyə gətirilənlərdir, vitrinlərdə nümayiş etdirilənlərdir. Yazıq Şərq! Yazıq Şərq xalqları! Sizin o qədim Şərq sivilizasiyasından axı nəyiniz qalıb?!

Bu cür qarmaqarışıq düşüncələrlə Londonda keçirdiyimiz o bir günü də başa vurduq. Sonuncu gecəni də Hitrou aeroportu yaxınlığındakı “İbis” otelində gecələyərək tezdən Vyanaya, oradan da Milana uçduq. Bizi Avropanın  daha bir  qədim və yüksək inkişaf yolu keçmiş ölkəsi olan İtaliyada olduqca  maraqlı görüşlər gözləyirdi.

Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının
Əməkdar jurnalisti,
tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında