Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir

 Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda  beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qarşısının alınması istiqaməti üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər, Azərbaycanın dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev deyib ki, bu gün qadınlara qarşı zorakılıq və bunun qarşısının alınması müasir dövrün problemlərindən biridir. Məişət zorakılığının  əsas səbəblərindən biri odur ki, qadınların bir çoxu hələ də öz hüquqlarını bilmir və qanunvericiliyin onlar üçün yaratdığı şəraitdən xəbərsizdirlər.

Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. E.Əfəndiyev bildirib ki, 5 il əvvəl “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir.

Azərbaycanda məişət zorakılığı problemlərinin araşdırılması və onların aradan qaldırılması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrdən danışan Baş nazirin müavini deyib: “Komitə ictimai fikirdə dəyişiklik yaratmaq üçün müxtəlif səviyyədə bir çox addımlar atır. Eyni zamanda, uşaqlara qarşı zorakılıqla bağlı da mühüm tədbirlər həyata keçirir. Qadınlar üçün nikah yaşının bir yaş artırılaraq 18 yaş həddində qəbul edilməsi də təqdirəlayiq haldır. Hətta zorla qadının nikaha daxil olmağa məcbur edilməsi 2 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”

Baş nazirin müavini bildirib ki, Daxili İşlər Nazirliyinin yaydığı hesabata əsasən, 2011-ci ildə qadınlara qarşı törədilən zorakılıqla bağlı cinayət faktı 4 min 280 olubsa, 2014-cü ildə bu rəqəm 2 min 114-ə, bu ilin birinci rübündə 567-yə enib. Bundan başqa, yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq faktına görə 2011-ci ildə cinayətlərin sayı 103 olubsa, ötən il bu cinayətlərin sayı 62, bu ilin birinci yarısında cəmi 4 olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki,  bu gün  planetin ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün  güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyət özü, xüsusilə vətəndaş cəmiyyəti zorakılıq hallarına adekvat reaksiya verməlidir. Yalnız birgə səylərlə əməli nəticələr əldə etmək mümkündür.

Komitə sədri xüsusi qeyd edib ki, ölkəmizdə də qadınların sosial durumunun yaxşılaşdırılması və  onların  ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin  gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərdi ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. “Azərbaycan hökuməti CEDAW Komitəsinə dövrlərarası hesabatlar verir. Komitənin ekspertləri ötən 4 il ərzində Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları çox müsbət dəyərləndirdilər. Xüsusilə də  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri qeyd etdilər. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə çoxşaxəli fəaliyyətini,  onun təşəbbüsü ilə gender zorakılığının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən genişmiqyaslı tədbirləri yüksək qiymətləndirdilər”, - deyə H.Hüseynova bildirib.

“Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin zəbt  olunması, ölkədə bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai – siyasi vəziyyət yaradıb. Xüsusilə hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadınlar və uşaqlar olurlar. Yaşadıqları stress, fiziki və  psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi  və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir”, - deyə H.Hüseynova əlavə edib.

Komitə sədri qeyd edib ki, zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzlərin sayı  gündən-günə artır. Komitə tərəfindən məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanmasına başlanılıb, pilot layihə kimi ilkin onlayn məlumat bazasının hazırlanması yekunlaşmaq üzrədir. Lakin bizim daha böyük hədəflərimiz var. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gender əsaslı zorakılıq hallarının qarşısının alınması, ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məsələləri öz əksini tapıb. Bu məqsədlərdən irəli gələn müvafiq sənədlərin hazırlanması nəzərdə tutulub.

Mövzunun aktuallığını qeyd edən BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin bildirib ki, dünyada hər 3 qadından biri məişət zorakılığına məruz qalır. Bu, çox dəhşətli rəqəmdir. Görünür ki, cinayətkarların sayı çoxdur və onlar təqib olunmurlar. Cəzasızlıq mühiti geniş vüsət alıb. Ona görə də bu kimi cinayətlərin sayında artım qeydə alınır. Onun sözlərinə görə, qlobal çərçivədə bu məsələni milli sistemə daxil etdikdə həmin cinayətkarların mütləq şəkildə cəzalandırılması labüd olacaq.

BMT rəsmisi onu da qeyd edib ki, heç bir qadın tərəqqidən geridə qalmamalıdır. Qadın və qızlara qarşı zorakılıq hallarına qarşı ciddi tədbirlər görülməlidir. Nikah yaşının Azərbaycanda 18 yaş kimi qəbul edilməsi isə təqdirəlayiq haldır. Azərbaycan qadın və uşaq hüquqlarının qorunması istiqamətində fədakarlıq nümayiş etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə dünənki görüşdə mən bunun əyani şahidi oldum”, - deyə Babatunde Osotimehin bildirib.

BMT-nin Əhali Fondunun icraçı direktoru əlavə edib ki, zorakılıq halları arzuolunmaz hamiləliyə və bir sıra cinsi yolla keçən xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu da ailədaxili bir sıra problemlərə səbəb olur. Erkən nikahlar da qızların fiziki və psixoloji inkişafının qarşısını alır. Bu da qızlar üçün mənfi nəticələrə gətirib çıxarır.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə deyib ki, BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin belə bir konfransda iştirak üçün Azərbaycanı təsadüfi seçməyib, çünki bu gün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini ən uğurla yerinə yetirən ölkələrdən və tolerantlığına, multikulturalizmə verdiyi töhfəyə, ailə, yaşlı-gənc, qadın-kişi münasibətlərində müsbət mentalitetin qorunub saxlandığı az sayda dövlətlərdən biridir. Nazir diqqətə çatdırıb ki, “Minilliyin İnkişaf Məqsədləri”ndə 2015-ci ilə qədər yoxsulluğun  15 faizədək azaldılması nəzərdə tutulduğu halda, Azərbaycanda bu göstərici 5 faizə endirilib və “aclıq” deyilən məfhum tamamilə aradan qaldırılıb. Ölkədə bütün qızlar və oğlanlar tam olaraq ibtidai təhsilə cəlb olunub, ana ölümü və 5 yaşadək uşaq ölümünün səviyyəsi 2000-ci illə müqayisədə 2 dəfəyədək aşağı salınıb, xarabalıq şəraitində yaşayanlar yox dərəcəsindədir. Eyni zamanda, gender problemi uğurla həll olunur, artıq ölkədə bütün muzdla işləyənlərin 48 faizi qadınlardır. Gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə  9,8 faizə enib. Ölkədə cinsindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanların hüquqları qanunla qorunur.

“Təbiidir ki, məişət zorakılığına məruz qalmış qadın və uşaqların, bəzi hallarda isə kişilərin reabilitasiyası və sosial müdafiəsi bu prosesdə son dərəcə vacib bir həlqədir, lakin bu prosesin nəticələrini tam aradan qaldırmağa qadir deyildir. Ən vacib olanı bu zorakılığın başvermə səbəblərinin minimuma endirilməsidir. Bunun üçün hüquqi tənzimləmə də tətbiq oluna bilər, məişət zorakılığının istənilən formasına görə ağır cəzalar da qoyula bilər. Amma fikrimizcə, bunlardan daha səmərəlisi ailələrin sosial rifahının gücləndirilməsidir. Yüksək sosial rifah məişət zorakılığının ortadan qaldırılmasında əsas yoldur desəm, yəqin ki, yanılmaram. Buna görə də bütün ailələrə sosial rifah arzulayıram”,-deyə S.Müslümov çıxışını yekunlaşdırıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə çıxışında əsas diqqəti məişət zorakılığını yaradan səbəblərə yönəldib: “Sosial və iqtisadi məsələlərin heç biri əsas deyil. Çünki bütün bu kimi səbəblərə kompleks yanaşmaq lazımdır. Xalqların adət-ənənəsi məişət zorakılığını yaradan səbəblərdə əsas rol oynayır. Bütün dinlər, eləcə də islam dini məişət zorakılığına qarşı çıxır”.

M.Qurbanlı Azərbaycanda məişət zorakılığının kökünün olmadığını, qadının tarixən cəmiyyətdə və ailədə yüksək tutulduğunu qeyd edib, həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçki hüququnun verildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Türkiyənin ailə və sosial siyasət nazirinin müşaviri Ebubekir Şahin və digər çıxış edənlər məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından konfransın əhəmiyyətindən danışıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında