Culfa rayonunun Qızılca kəndi abad yaşayış məntəqəsinə çevrilib

Müstəqil Azərbaycanın sürətli inkişafı muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Yaşayış məntəqələrində müasir təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar tikilib istifadəyə verilir, yollar yenidən qurulur, yeni iş yerləri açılır. Əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən bu tədbirlər Culfa rayonunda da uğurla davam etdirilir. Bu il rayonun Qızılca kəndində geniş tikinti-quruculuq işləri aparılıb.

 

Qızılca kənd avtomobil yolu yenidən qurulub

 

Muxtar respublikada yol infrastrukturunun müasirləşdirilməsi tədbirləri Qızılca kəndini də əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 10-da Qızılca kənd Avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Bildirilib ki, 2,4 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb, avtomobillərin rahat hərəkəti təmin edilib. Yenidənqurma işləri zamanı yolun üzərində 12 su keçidi və beton kanal tikilib, kənddaxili yollar abadlaşdırılıb.

 

Qızılca kənd tam orta məktəbinin
binası müasir tələblərə cavab verir

 

Noyabrın 10-da Qızılca kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məktəbin direktoru Namiq Nəsirov çıxış edərək deyib ki, Qızılca kəndində aparılan abadlıq-quruculuq tədbirləri kənd həyatının bütün sahələrinin, o cümlədən təhsilin də inkişafını təmin edib. Məktəbdə tədrisin müasir tələblərə uyğun qurulması üçün bütün tədbirlər görülüb. Bu da pedaqoji kollektivin məsuliyyətini artırır. Müəllimlər yaradılan şəraitdən istifadə edərək kənddə təhsilin səviyyəsini yüksəldəcək, ölkəmizə, xalqımıza layiq vətəndaşlar yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qızılca kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir ölkənin aparıcı qüvvəsi onun yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır”, - fikrini xatırladaraq deyib: Ulu öndərimizin bu tövsiyələrinə uyğun olaraq ölkəmizdə təhsilin bütün pillələri üzrə hərtərəfli tədris şəraiti yaradılmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə orta ümumtəhsil, peşə, orta ixtisası və ali təhsil pillələri üzrə kadr hazırlığı həyata keçirilir. İstər ölkəmizdə, istərsə də xaricdə təhsil alan gənclərimiz ixtisaslı kadr kimi yetişərək müxtəlif sahələrdə çalışırlar. Bu da ölkəmizin möhkəmlənməsinə, gələcək inkişafına xidmət edir.

Ali Məclisin sədri Qızılca kənd tam orta məktəbində bundan sonra da təhsilli, vətənpərvər gənclər yetişdiriləcəyinə əminliyini bildirib, qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Məktəblə tanışlıq zamanı məlumat verilib ki, 3 mərtəbəli binada 12 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Qızılca kənd tam orta məktəbində 11 kompüter dəsti quraşdırılıb və internetə qoşulub.

Məktəbin kitabxana fondunda 2700-dən artıq kitab vardır. Burada bütün fənlərə aid dərsliklər və elmi ədəbiyyatlar qoyulub. Həmçinin şagirdlərin istifadəsinə 2150 ədəd bədii ədəbiyyat verilib.

Muxtar respublikada ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təminatı, təhsilin informasiyalaşdırılması, xüsusilə yaşayış məntəqələrində sürətli internetə çıxış imkanlarının yaradılması distant tədrisin tətbiqinə, təhsilin internet üzərindən təşkilinə şərait yaradır. Artıq məktəblərdə quraşdırılan elektron lövhələr ümumtəhsil məktəbləri arasında, eləcə də məktəblərlə muzeylər arasında interaktiv əlaqələrin qurulmasına imkan verir.

Elektron lövhəli sinifdə muxtar respublikanın 200 ümumtəhsil məktəbi ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyi arasında distant dərs keçirilib.

Ali Məclisin sədri deyib ki, ölkəsinin tarixini, mədəniyyətini, milli dəyərlərini, adət-ənənələrini bilməyən, görkəmli şəxsiyyətlərini tanımayan gənclər vətənpərvər kimi böyüyə bilməzlər. Ümumtəhsil məktəbləri ilə muzeylər arasında yaradılan əlaqə məhz bu mühüm vəzifənin həyata keçirilməsinə xidmət edir. Ona görə də muzeylərlə əlaqələrin qurulması və distant dərslərin təşkili bundan sonra da davam etdirilməlidir.

Məktəb yaşlarından idmanla məşğul olmaq uşaqların fiziki inkişafını gücləndirir, onlarda idmana maraq oyadır. Bu da idmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qızılca kənd tam orta məktəbinin geniş idman zalı fiziki tərbiyə dərslərinin səmərəli keçirilməsinə şərait yaradır.

Hərbi vətənpərvərlik tərbiyəsi gənclərin əsl vətəndaş kimi formalaşmasında mühüm amildir. Məktəblərdə hərbi kabinələrin qurulması bu sahədə həyata keçirilən tədbirlərin intensivliyini təmin edir. Qızılca kənd tam orta məktəbindəki hərbi kabinə hərb elminə aid ilkin nəzəri vasitələrlə təchiz olunub.

Baxış zamanı məlumat verilib ki, məktəbdə şagirdlər hərb elminə böyük maraq göstərirlər. Hər il məktəbin şagirdlərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunurlar. Müasir hərbi kabinə ilkin hərbi hazırlıq fənninin daha səmərəli tədrisinə və gənclərin hərb elminə marağının artırılmasına imkan verəcəkdir.

 

Qızılca Kənd Mərkəzi istifadəyə verilib

 

Muxtar respublikanın kəndlərində vahid mərkəzdən idarəetmə mexanizmi formalaşdırılır. Son illər tikilən müasir kənd mərkəzləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Noyabrın 10-da Qızılca Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib və yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada rabitə evi, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 40 yerlik iclas zalı vardır.

Mərkəzdə zəngin fonda malik kitabxana sakinlərin istifadəsinə verilib. Hazırda kitabxanada 8 minə yaxın ədəbiyyat vardır. Burada elmi və bədii ədəbiyyatlar qoyulub, kitab müzakirələrinin və digər tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Baytarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Sağlam və keyfiyyətli heyvandarlıq məhsullarının istehsalı üçün epizootik və profilaktik tədbirlərin həyata keçirilməsi vacib şərtdir. Buna görə də muxtar respublikanın kəndlərində baytarlıq xidmətinin təşkilinə diqqət artırılır. Binadakı baytarlıq məntəqəsi də Qızılca kəndində bu sahədə görülən tədbirlərin miqyasını xeyli genişləndirəcəkdir.

Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının 70 üzvü vardır. Hazırda partiya üzvlərindən 24-ü gənc, 32-si isə qadınlardır.

Yeni Azərbaycan Partiyası Qızılca kənd ərazi ilk təşkilatının sədri Rauf Hüseynov minnətdarlıq edərək deyib: Bu gün Qızılca kəndinin tarixinə yeni bir səhifə yazıldı. Aparılan quruculuq işləri, tikilən yeni binalar, çəkilən müasir yol insanların rahat yaşayışına hesablanmış tədbirlərdir. Bu işlər ona görə mümkün olur ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Kəndin abadlaşması qarşımızda mühüm vəzifələr qoyur. Bundan sonra da ulu öndərin ideyalarının layiqincə yerinə yetirilməsi sahəsində səylə çalışacağıq.

Rabitə evində quraşdırılan 384 yerlik ATS keyfiyyətli rabitə xidmətinin göstərilməsinə və sürətli internetdən istifadəyə imkan verir. Burada yeni poçt bölməsi də yaradılıb, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunub, pos-terminal qoyulub.

Qızılca Kənd mərkəzindəki feldşer-mama məntəqəsində müdir, mama və manipulyasiya otaqları vardır. Məntəqədə soyuducu, ilkin tibbi yardım çantası və digər avadanlıqlar qoyulub, səhiyyə xidməti təşkil edilib.

Ali Məclisin sədri insanların sağlamlığının qorunması və tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.

Kənd mərkəzinin ətrafı da abadlaşdırılıb, gülkarlıqlar salınıb.

 

Kənddə Xidmət Mərkəzi istifadəyə verilib

 

Qızılcada əhalinin rahatlığının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb, yeni xidmət mərkəzi tikilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye mallarının, xüsusən də yerli istehsal məhsullarının satışı həyata keçirilir. Mərkəzdə 2 nəfər işlə təmin olunub.

 

*    *    *

 

Kənddə aparılan quruculuq işləri zamanı 2138 metrlik fiber-optik kabel, 1650 metr rabitə, 2200 metr yeni elektrik xətti çəkilib. Kəndin qaz və su təchizatı da yaxşılaşdırılıb, yeni tikililərə 517 metrlik qaz xətti çəkilib, 850 metr qaz xəttinin yeri dəyişdirilib, 2 supaylayıcı qoyulubdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında