Naxçıvan Muxtar Respublikasının Soyuq bölgəsində müasir əsgəri yaşayış kompleksi istifadəyə verilmişdir

Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətin qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlər sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və yaxud, yenidən qurularaq istifadəyə verilmişdir. Təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılmışdır. Uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsi də muxtar respublikanın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilmişdir. Noyabrın 5-də həmin bölgədə yerləşən hərbi hissə əsgərləri üçün yeni yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlmiş və yaşayış kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport vermişdir. Ali Məclisin sədri əsgərləri salamlamışdır.

General-leytenant Kərəm Mustafayev çıxış edərək demişdir ki, bu gün  Naxçıvanın etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlər görülür. Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilmişdir. Bu gün artıq Əlahiddə Ümumqoşun Ordu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından düşmənə göz dağıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Soyuq bölgəsində əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Ordu quruculuğu sahəsində görülən işlər isə bu tədbirlər sırasında mühüm yer tutur. Çünki güclü və qüdrətli ordu ölkəmizin gələcəyinə xidmət edir. Bu gün dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Soyuq bölgəsində xidmət keçən əsgər və zabitlərimiz Vətən torpağımızı, sərhədlərimizi etibarlı qoruyurlar. Ona görə ki, sərhədlərin etibarlı müdafiəsi Vətənin qorunması, sərhəddə sabitlik ölkədə sabitlik deməkdir. Sabitlik isə hər bir ölkədə inkişafın əsasını təşkil edir.

Ali Məclisin sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil ordu quruculuğu strategiyası bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Hər il yeni əsgəri yaşayış kompleksləri istifadəyə verilir, silahlı qüvvələrimiz ən müasir silah-sursatla təmin olunur, Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırılır. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad olunmasına xidmət edir. Artıq muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələr sərhədlərimizi etibarlı qorumaqla yanaşı, həm də işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.

Qeyd olunmuşdur ki, muxtar respublikada ordu quruculuğu uzun yol keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı qərar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən Müdafiə Komitəsi yaradılmışdı. 1992-ci ildə isə  muxtar respublika ərazisində əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. Sonra briqada inkişaf edərək ordu korpusuna çevrilmiş və bunun da əsasında bölgədə güclü ordu olan Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün qarşı tərəf də bilir ki, Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. 

Ali Məclisin sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırmış, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə şəxsi heyətə təşəkkür elan etmişdir.

Hərbi hissənin zabiti Çingiz Hüseynov minnətdarlıq edərək bildirmişdir ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər hər yerdə  eyni səviyyədə aparılır. Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır.

Əsgər Əli Razimoğlu çıxışında demişdir ki, müstəqil Azərbaycan Ordusunda xidmət etmək şərəfdir. Çünki ölkəmiz günü-gündən inkişaf etdikcə ordumuz da qüdrətlənir. Bu gün Soyuq bölgəsinin timsalında hissə və birləşmələrdə yaradılan müasir xidmət və məişət şəraiti əsgərlərin döyüş ruhunu və əzmkarlığını artırır. Digər tərəfdən müasir texnika və silahlarla təminat qüdrətli Azərbaycan Ordusunda xidmət keçən hər bir əsgərdə yüksək döyüş ruhu yaradır.

Sonra Ali Məclisin sədri  açılışı bildirən lenti kəsmiş, əsgəri yaşayış kompleksində yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, binada əsgər və zabitlər üçün yataq otaqları, məişət və ideoloji otaqlar, tibb otağı, mətbəx, yeməkxana, eləcə də komandir heyəti üçün xidməti otaqlar vardır. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılmışdır. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqla təchiz olunmuşdur. Hərbi hissənin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan bina telefon, daimi işıq və istilik sistemi ilə təchiz olunmuşdur. Burada əsgərlərin asudə vaxtlarının təşkili üçün də hər cür şərait vardır. İdeoloji otaqda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirdikləri tədbirlərdən bəhs edən məlumatların, o cümlədən hərbi nizamnamənin tələblərinin yazıldığı stendlər asılmış, qəzet və jurnallar, hərbi və bədii ədəbiyyatlar qoyulmuşdur. 

Binanın foyesində foto-guşə və divar qəzeti hazırlanmış, televizor qoyulmuşdur. Hərbi hissənin anbarlarında kifayət qədər ərzaq və geyim ehtiyatı vardır. Binanın ətrafı da abadlaşdırılmış, su və elektrik xətləri çəkilmişdir.

Ali Məclisin sədri şəxsi heyətlə nahar etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Hərbi hissənin əhatə etdiyi postlarda olan cənab Vasif Talıbov əsgər və zabitlərlə görüşmüş, xidmətin təşkili ilə maraqlanmışdır. Əsgərləri salamlayan Ali Məclisin sədri demişdir: Çətin dağlıq şəraitində yerləşən Soyuq bölgəsi muxtar respublikanın əsas müdafiə istehkamlarından biridir. Hələ 1918-1920-ci illərdə bu ərazilərdə torpaqlarımızın müdafiəsi təşkil olunmuş, könüllülərdən ibarət dəstələr postlar yaradaraq sərhədlərimizi qorumuşlar. Ötən əsrin 90-cı illərindən sonra isə burada müstəqil ölkəmizin əsgər və zabitlərinin xidməti təşkil olunmuşdur. Lakin o zaman bugünkü şərait yox idi. Əsgərlər öz xidməti fəaliyyətlərini çətin şəraitdə həyata keçirirdilər. Bu gün isə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Soyuq bölgəsində də nümunəvi xidmət şəraitinin  yaradılmasına imkan vermişdir. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

Əsgərlərdən İlkin Musayev, Nahid Məmmədov, Turan Yusifli, Toğrul Məmmədov, Mühit Əliyev və Babək Fətullazadə minnətdarlıq edərək demişlər ki, Soyuq dağlarının uca zirvəsində Vətənimizin müdafiəsində dayanmaq ikiqat qürur və şərəfdir. Azərbaycan əsgərinə göstərilən qayğını, əsgər adına verilən yüksək qiyməti bu gün Soyuq bölgəsinin timsalında görmək mümkündür. Yüksək dağlıq şəraitində xidmət etsək də, heç bir çətinlik çəkmirik. Burada şəxsi heyət üçün hər cür şərait vardır. Hər il Ali Məclis sədrinin Soyuq bölgəsinə gələrək əsgər və zabitlərlə görüşməsi şəxsi heyətin böyük sevincinə səbəb olur. Bu görüşlər çətin iqlim və relyef şəraitində xidmət edən əsgərlərdə mübarizlik, qəhrəmanlıq hisslərini alovlandırır, şəxsi heyət arasındakı birlik və bərabərliyi daha da möhkəmləndirir. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amalımız kimi qəbul edir, hər bir döyüş əmrinə hazır olduğumuzu bildiririk.

Sonra Ali Məclisin sədri müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, hakim yüksəkliklərdə mühəndis təminatının məqsədyönlü şəkildə təşkil olunması silahlı qüvvələrə müdafiə və hücum əməliyyatları zamanı hərbi üstünlük qazandırır. Buna görə də muxtar respublikanın bu cür dağlıq ərazilərində sərhədlərin müdafiəsinin təşkilinə xüsusi diqqət yetirilir. Ərazidə müşahidə məntəqələri yaradılmış, postlarda müasir silah və müdafiə qurğuları yerləşdirilmişdir. Müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılmışdır. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş imkanı vardır. Bu da xidmətin qarşılıqlı əlaqə zəminində təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunmuşdur ki, təmas xəttində şəxsi heyətin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq vacib şərtdir. Xüsusilə dağlıq ərazilərin təbiətini və relyef xüsusiyyətlərini bilmək döyüş tapşırıqlarının icrasını dəqiq yerinə yetirməyə kömək edir. Təlimlər zamanı silahların təyinatı, onların  taktiki-texniki xassələri və  onlardan istifadə qaydaları ilə yanaşı, mürəkkəb dağlıq şəraitdə döyüş əməliyyatlarını düzgün aparmaq üçün lazımi təlimatlar da verilir.

Ali Məclisin sədri Soyuq bölgəsində müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmiş, ərazidə müdafiə mövqeyinin möhkəmləndirilməsi və şəxsi heyətin xidməti döyüş fəaliyyətinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir.

Gətirilmiş müxtəlif ərzaq məhsulları, yun corab və şarflar anbarlara təhvil verilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında