Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
17 sentyabr, 2015-ci il
Təbii ki, ilin bu çağlarında bölgələrdən qələmə alınan yazılarda mütləq geridə qalan ayların göstəriciləri yada düşür, uğurlar təqdir, nöqsanlar tənqid olunur. Biz də Ağsu barədə qələmə aldığımız yazını məhz bu prinsiplər əsasında hazırlamaq istəyirik. İlin geridə qalan doqquz ayında bu rayonun tarixinə yazılan mühüm hadisələrin siyahısına baxanda yadımıza düşən ən mühüm fakt
Prezident İlham Əliyevin Ağsuya 17 sentyabr tarixli
səfəri oldu.
Dövlət başçısı həmin səfər çərçivəsində rayonda inşa edilən İdman Kompleksinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının açılışında, Şahmat Məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsində və nəhayət, “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə”nin təqdimatında iştirak etmişdi. Bu ünvanların hər biri Ağsu üçün xüsusi əhəmiyyət kəsb etsə də, biz indiki yazını bilavasitə bu rayonun su probleminin həlli istiqamətində atılan uğurlu addımlarla başlamaq istəyirik.
... Artıq sentyabrın ortaları olsa da, hələ də yaydakı kimi istilər davam edirdi. Dağların üstündə görünən adda-budda buludlar da sanki küləksiz səmada oynayırmış kimi bir-birini “çiyinləyir”, o yan - bu yana yayılır, sıraları pozulur və yox olurdular. İnsanların əli işdə olsa da, fikri dağlar tərəfdə idi. Hamı yağışın nə zaman yağacağını, sərinlərin nə vaxt düşəcəyini gözləyirdi. Ancaq Ağsuya yağışın nə vaxt yağacağını bilən olmasa da, sərinliyin tezliklə gələcəyini hamı bilirdi. Çünki tezliklə rayon mərkəzinə çəkilən içməli su xətti istifadəyə veriləcəkdi. Özü də dövlət başçısının iştirakı ilə.
... Heç yadımdan çıxmaz. Həmin günü — yəni 2015-ci il sentyabrın 17-sini ağsuluların hamısı maraq və həyəcanla gözləyirdi. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çöhrəsində isə maraq və həyəcandan başqa da hansısa hisslər görünürdü. Hətta həmin isti günlərdə bir saatlıq da olsa belə iş otağına qayıtmağa macal tapmırdı. Bunun səbəbini dilə gətirməsə də, biz— mətbuat təmsilçiləri çox yaxşı bilirdik ki, yaranandan bəri içməli su problemi ilə üz-üzə qalan Ağsu şəhəri məhz Ənvər müəllimin rayona rəhbərlik etdiyi dövrdə öz həllini tapacaqdı. Mətbuat təmsilçilərindən biri bu fikri rayon rəhbərinin yanında dilə gətirəndə Ənvər müəllim söhbəti başqa məcraya yönəltdi: — Bilirsinizmi, əgər cənab Prezident Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı deyilən mühüm ümumxalq və ümumdövlət əhəmiyyətli sənədləri imzalamasaydı və o sənədlərin icrası üçün lazım olan qədər vəsait ayrılmasaydı, nə Ağsunun bugünkü inkişafından danışmaq olardı, nə də şəhərimizin ən köhnə problemi olan içməli su məsələsinin həlli istiqamətində atılan addımlardan. Ona görə də mətbuatda bütün məsələlər öz adıyla qeyd edilməlidir.
... Dövlət başçımızın ağsulularla görüşdüyü gün gəldi, Ağsuya çəkiləcək içməli su xəttinin layihəsi təqdim olundu. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezidentə məlumat verərək bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı saniyədə 52,5 litr olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən, nasos stansiyasından təzyiq tənzimləyci anbarına qədər magistral təzyiqli boru kəməri tikilir. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.
Bu günlərdə, Ağsuya növbəti səfərimiz zamanı cəmi ay yarım əvvəl insanların bulud axtarmaq məqsədiylə tez-tez boylandığı dağların hamısını nurlu payız yağışı altında “yuyunan” gördük. Aşırımlardan aşağı, Ağsuya baxanda istər-istəməz ürəyimdən keçəni dilə gətirdim: “İnsanların tələsməyi özünə qalır. Yağışın nə vaxt göndərilməsini, istinin nə zaman azaldılmasını bizi yaradan qüvvə yaxşı bilir”. Sentyabrda olduğu kimi bu yağmurlu oktyabr günlərində də Ənvər Seyidəliyevlə iş otağında görüşə bilməyəndə isə beynimdən elə təxminən o məzmunlu fkir keşdi: Dövlət yaxşı bilir ki, hansı ünvana kimin göndərilməsi daha münasib nəticələrin əldə olunmasını təmin edər. Bəli, son illər Ağsuda dövlət siyasətinin uğurla icrası nəticəsində sözün həqiqi mənasında böyük uğurlar əldə edilib.
İş otağında olmasa da, iş üstündə görüşdüyümüz rayon rəhbəri dedi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Ağsuya aid bölmələrinin icrası 2015-ci ilin geridə qalan aylarında da davam etdirilib, bu müddətdə yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb, sosial problemlərin həllinə qayğı göstərilib, yollar küçə və meydanlar asfaltlaşdırılıb və abadlaşdırılıb. Əhalinin və iqtisadiyyatın bütün sahələrinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun tikintisi və əsaslı təmiri istiqamətində bir sıra işlər görülüb, bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Belə ki, cins heyvandarlıq, taxılçılıq (xüsusilə ərzaq buğdası), toxumçuluq, tərəvəzçilik və bağçılıq (nar, üzüm) sahələrinin inkşafının dəstəklənməsi davam etdirilib.
Həmsöhbətim qeyd etdi ki, 2014-cü ildə 2015-ci ilin məhsulu üçün 34 min 289 hektar sahədə payızlıq taxıl , cari ildə 2419,1 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Taxıl və yazlıq bitkilərin əkini sahələrinə yüksək səviyyədə aqrotexniki qulluq göstərilib. Bu ilin geridə qalan aylarında “Aqrolizinq” yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 771,35 ton mineral gübrə satılıb. Nəticədə hektardan orta məhsuldarlıq 34,7 sentner olmaqla 119,1 min ton məhsul əldə olunub ki, bu da ötən illə müqayisədə 49,4 min ton çoxdur.
Rayonda fəaliyyət göstərən “Süsən Aqro” MMC və “Qarabağ taxıl ” MMC-nin taxılçılıq sahəsində uğurları daha sevindirici olub. Belə ki, hər iki cəmiyyət tərəfindən elm və texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yüksək məhsul istehsalına gətirib çıxarıb. “Süsən Aqro” MMC 753 hektar taxıl sahəsindən 3659 ton məhsul əldə etməklə orta hesabla hər hektardan 48,6, “Qarabağ taxıl” MMC isə 365 hektar sahədən 1724 ton taxıl məhsulu götürməklə 47,2 sentner məhsuldarlığa nail olublar.
Bir çox məlumatları isə rayonun müvafiq qurumlarından öyrəndik. Məsələn, məlum oldu ki, buğda və çəltik istehsalçılarının marağının artırılması məqsədilə dövlət tərəfindən yardımın verilməsi təmin edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsi üçün yanacaq və motor yağlarına görə yardımın verilməsi üçün müvafiq sənədlər hazırlanıb respublika komissiyasına təqdim olunub.
Rayonda fəaliyyət göstərən emal müəssisələri (“Azqranata” Məhdud Məsuliyyətli Cəmiyyətinin şirə və şərab emalı zavodu və “Mehman” MMC) məhsul tədarükü və istehsal prosesini davam etdirib, istehsal olunmuş məhsulların satışı üzrə geniş bazar funksiyasını həyata keçiriblər.
Ötən aylar ərzində rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılıb, abidə yeni layihə ilə bərpa olunub, hasarlar sökülərək yeni tərtibatda tikilib. Heydər Əliyev küçəsinin şimal hissəsində ulu öndərin portreti əks olunmuş lövhə və küçə adının yeni tərtibatda quraşdırılması işi başa çatdırılıb. Şəhərin Heydər Əliyev küçəsində hasarlar “aqlay” üzlük daşları ilə üzlənib, səkilərə tomet döşənib, Cəfər Cabbarlı küçəsində , Bakı - Şamaxı - Yevlax yolunun Ağsu ərazisindən keçən hissəsində abadlaşdırma, yaşıllıq zolaqlarının salınması işləri aparılıb. Tofiq İsmayılov, 20 Yanvar, Taryel Xasıyev, Səməd Vurğun, Sabir və Firdovsi küçələri abadlaşdırılıb. Belə ki, hasarlar dekorativ üzlük daşlarla üzlənib, boyanıb, piyada səkiləri yenidən bərpa edilib.
Ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilib. Belə ki, “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon üzrə ümumilikdə 11 min ədəd uzunömürlü ağac əkilib. Bundan başqa şəhərin küçə və meydanlarında, yol kənarlarında ümumilikdə 28 min 600 kvadratmetr yaşıllıq salınıb, 8700 ədəd müxtəlif növ uzunömürlü və dekorativ bəzək ağacları, 45 min ədəd gül kolları əkilib.
Ötən yazılarda da qeyd etdiyimiz kimi, bu il Ağsudakı Heydər Əliyev Parkında ulu öndərin abidəsi qranit daşından olan yeni abidə ilə əvəz edilib. Ağsu - Kürdəmir yolunun Ağsu şəhərinə giriş hissəsində stela tikilib. Yuxarıda qeyd etdiyimiz kimi YAP Ağsu rayon təşkilatı üçün inzibati bina, Şahmat məktəbi, İdman Komleksi istifadəyə verilib, rayon Telekommunikasiya Qovşağının və Poçt Filialının inzibati binası əsaslı təmir olunub.
Eyni zamanda şəhərdə Kənd Təsərrüfatı idarəsi üçün inzibati, 100 yerlik uşaq bağçası üçün yeni binanın, “Az-qranata” MMC üçün yeni süzmə sexi və soyuducu ambar binalarının, şəhid ailələri və Qarabağ Müharibəsi əlilləri üçün 10 ədəd hər biri 3 otaqdan ibarət olan fərdi yaşayış evlərinin, rayonun Pirhəsənli, Rəhimli və Cəlayir kəndlərində modul tipli su təmizləyici qurğuların, onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektlərinin tikintisi, şəhərin müxtəlif mərkəzi küçələrində mövcud olan bir sıra sahibkar obyektlərinin fasad hissələrinin gülbax daşı ilə üzlənməsi, obyektlərin memarlıq görkəminin yaxşılaşdırılması, eləcə də rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq, tikinti, sosial obyektlərin təmiri və bərpası da bu il görülmüş işlərdəndir. Bütün bunlarla yanaşı yeni fəaliyyətə başlayan və bərpa edilən müəssisələrdə, aparılan abadlıq - quruculuq işlərində və digər mövsümi işlərdə 404 nəfər işlə təmin olunub ki, onlardan 286 nəfəri daimidir.
Rayon əhalisinin elektrik enerjisi ilə təmin edilməsi məqsədilə lazım olan bütün tədbirlər reallaşdırılıb. Rayon Elektrik Şəbəkəsi üzrə faydalı sərfiyyat 79,0 faiz və ya 34 milyon 409,4 min kilovat-saat olmaqla 43 milyon 566,3 min kilovat-saat elektrik enerjisi ötürülüb. Faydalı sərfiyyatın dəyəri 2 milyon 65,0 min , istehlakçı qruplar tərəfindən ödənilən vəsaitin məbləği 1 milyon 989,9 min manat, şəbəkə üzrə yığım səviyyəsi 96,4 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Məlumat verildi ki, son illər rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilib. Belə ki, qaz infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində kənd yaşayış məntəqələrinin, eləcə də yeni tikilən mənzillərin qazlaşdırılması məqsədi ilə rayon üzrə ümumilikdə 726 min metr qaz kəməri əsaslı surətdə yenidən qurulub. Beləliklə qazlaşdırılan yaşayış məntəqələrinin sayı 6-dan 50-yə, təbii qazdan istifadə edən əhalinin sayı 23 min 561-dən 54 min 640-a, abonentlərin sayı isə 4255-dən 10 min 468-ə çatdırılıb.
“Azərbaycan Respublikasi regionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”na əsasən Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində görülən işlər barədə söz açdıq. Ancaq onu da deməliyik ki, Ağsu rayonu böyük həcmdə suvarma suyuna ehtiyacı olan bölgələrimizdəndir. Bu il rayondakı təsərrüfatların suvarma suyu ilə təminatında ciddi problem yaşanmayıb. Çünki cari məsələlər vaxtlı-vaxtında həlini tapıb. Bu müddətdə Ağsu Suvarma Sistemləri idarəsi tərəfindən istismar barədə tədbirlər planına əsasən yerinə yetirilib.
Bu yerdə xatırladım ki, Ağsu rayonu özünəməxsus təhsil ənənələri olan bölgələrimizdəndir. Rayon Təhsil şöbəsində öyrəndik ki, bu il orta məktəbləri başa vuran məzunlardan 273 nəfər ali təhsil müəssisələrinə sənəd vermişdir. Onlardan 103 nəfəri, yəni 37,7 faizi ali məktəblərə qəbul olub. Elə səhiyyə sahəsi də daim diqqət mərkəzindədir. Belə ki, 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikintisində işlər davam etdirilir. Rayonun Kəndoba kənd həkim məntəqəsində əsaslı, İlxıçı kənd həkim məntəqəsində cari təmir işləri aparılıb. Əsaslı və cari təmir işlərinə ümumilikdə 43,5 min manat vəsait sərf edilib, 44,0 min manatlıq tibb avadanlığı, 63,8 min manatlıq inventar alınıb.
Ənvər müəllimlə görüşümüzdəki — “ağsuluların ən yaxın aylarda reallaşdırılmalı planları nədən ibarətdir”? - sualıma rayon rəhbəri konkret cavab verməsə də, bir çox istiqamətlərdə işlərin sürətləndiriləcəyini demişdi: — “İlin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına köməklik göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.”
... Beləcə, aşırımları dolana-dolana üzü dağlara sarı qalxanda dönüb yenə də geriyə baxdım. Çox qəribə idi. Qarşıda buludlar daha da sıxlaşır, geridə, Ağsu tərəfdə isə hava açılırdı, günəş görünürdü. Belə təbii lövhələri çox görmüşük. Ancaq indi mənə elə gəldi ki, Ağsu əvvəlkilərə nisbətən daha aydın görünür. Zirvədəki buludlar su, yəni aydınlıq , Ağsu isə başdan-başa aydınlıq içərisində idi...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.