Lənkəran
Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da səhər saat 8-də parlament seçkilərinə start verilib.
Milli Məclisə növbəti seçkilərin Seçki Məcəlləsinin tələblərinə uyğun azad, şəffaf və demokratik keçirilməsindən ötrü Lənkəranda mövcud olan 4 seçki dairəsi üzrə bütün seçki məntəqələrində lazımi texniki-təşkilati tədbirlər həyata keçirilib, seçki orqanlarının normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Seçkilər ərəfəsində yerinə yetirilmiş tədbirlər nəticəsində 73 saylı Lənkəran şəhər seçki dairəsinin 28 seçki məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 39 seçki məntəqəsi, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 29 seçki məntəqəsi və 76 saylı Lənkəran-Astara seçki dairəsinin 20 seçki məntəqəsi - cəmi 116 seçki məntəqəsinin seçkilərin normal şəkildə keçirilməsindən ötrü tam hazır vəziyyətə gətirilməsi səsvermənin yüksək və rahat getməsini təmin edib.
73 saylı Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərov jurnalistlərə bildirib ki, dairə üzrə qeydiyyata alınmış 36433 nəfər seçicidən 560 nəfəri ilk dəfə səs vermə hüququndan istifadə edib. 80 və 100 yaş arasında olan seçicilərin sayı isə 282 nəfərdir. Seçicilər 6 namizəd arasından layiq bildikləri adama səs verirlər. Digər seçki komissiyaları sədrlərinin də dediyinə görə, onların normal fəaliyyəti və səs verənlərin rahatlığı üçün təlimata uyğun müvafiq şərait yaradılıb.
Ümumilikdə Lənkəran rayonunda yaşayan 222 min 200 nəfər əhalinin 115 min 27 nəfəri seçki hüquqlu vətəndaşlardır. Onlardan 1406 nəfəri ilk dəfə səsverənlər, 1672 nəfəri 80-100 yaşlı, 3 nəfəri isə 100 yaşdan yuxarı olanlardır. Seçkiqabağı təşviqat lazımi səviyyədə aparıldığından əksər məntəqələrdə xüsusi fəallıq müşahidə olunurdu. Seçkilərin gedişini birbaşa müşahidə etmək məqsədilə 73 saylı Lənkəran şəhər seçki dairəsinin 3, 4, 5, 6, 7, 8, 10, 13, 14 və 22 saylı şəhər, 23 saylı Göyşaban kənd və 25 saylı Sütəmurdov kənd seçki məntəqələrində, 74 saylı Lənkəran kənd seçki dairəsinin 2 saylı Gərmətük, 23 saylı Haftoni və 26 saylı İstisu qəsəbə, 29 saylı Girdəni və 31 saylı Havzova kənd, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 1 saylı Liman şəhər, 12 saylı Boladi və 25 saylı Cil kənd seçki məntəqələrində, 76 saylı Lənkəran-Astara seçki dairəsinin 1 saylı Mamusta kənd və 6 saylı Hirkan qəsəbə seçki məntəqələrində cəmi 22 veb-kamera işləyirdi.
Seçici Sərraf Talıblının dedikləri:
-Hələ seçkilərdən xeyli əvvəl rayonun yaşayış məntəqələrində mövcud sosial-iqtisadi problemlər, əhalini narahat edən məsələlər ətraflı öyrənilir, çətinliklərin aradan qaldırılmasından ötrü əməli tədbirlər görülür, əsas xidmət sahələrində işin yaxşılaşdırılmasına diqqət xüsusilə artırılmışdır. Elə ötən həftə yağmış güclü yağışlar nəticəsində sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün istər ölkə rəhbərliyi, istərsə də yerli orqanlar tərəfindən görülən tədbirlər də hər birimizin ürəyindən xəbər vermişdir. Bütün bunlar vətəndaşların dövlət orqanlarına inamını daha da artırmış və bu gün müşahidə olunan seçici fəallığına da səbəb olmuşdur. Hər kəs sərbəst surətdə iradəsini ifadə etmişdir. Onu da deyim ki, seçki məntəqəsinə gəlmək üçün nəqliyyata ehtiyacı olan seçicilərin daşınmasından ötrü hər bir ərazi vahidi üzrə minik avtomobilləri ayrılmışdır. Biz lənkəranlılar həmişəki kimi, yüksək siyasi fəallıq göstərməyimizlə öyünə bilərik.
Beləliklə, Lənkəran seçicilərinin əksəriyyəti seçkilərdə iştirak edib. 73 saylı Lənkəran şəhər seçki dairəsində yekun nəticə 49,7 faiz,74 saylı Lənkəran kənd seçki dairəsində 58,5 faiz, 75 saylı Lənkəran-Masallı seçki dairəsində 58,8 faiz olub.
Astara
Milli Məclisə keçirilən növbəti seçkilərdə astaralı seçicilər fəallıq nümayiş etdiriblər. Rayon üzrə 76 saylı Lənkəran-Astara və 77 saylı Astara seçki dairələri fəaliyyət göstərir. Ümumilikdə 70 seçki məntəqəsində seçicilər səs veriblər.
Yağmurlu hava şəraitinə baxmayaraq, rayon sakinləri dəstə-dəstə seçki məntəqələrinə gələrək layiq bildikləri namizədə səs veriblər.
Məlumata görə, 76 saylı Lənkəran-Astara seçki dairəsində qeydiyyatda olan 37 min 624 nəfər seçicinin 20 min 676 nəfəri Astara, qalanları isə Lənkəran sakinləridir. 77 saylı Astara seçki dairəsində isə 38 min 712 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 595 nəfəri ilk dəfə səs verənlərdir. Bu dairə üzrə 45 seçki məntəqəsində 460 müşahidəçi, o cümlədən bir nəfər xarici müşahidəçi səsvermənin gedişatını izləyib.
Rayon Mədəniyyət Mərkəzində yerləşən 77 saylı Astara seçki dairəsinin 1 nömrəli seçki məntəqəsində veb-kamera quraşdırılmışdı. Seçkilərin gedişini 15 yerli müşahidəçi, o cümlədən MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının təmsilçisi Norbol Nadjimadinov da izləyib və gedişatdan razılığını bildirib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə) əməkdaşları da rayon ərazisində “exit-poll” keçiriblər.
Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən müşahidəçi Arzu Əsgərova, Böyük Quruluş Partiyasını təmsil edən müşahidəçi Ruhiyyə Qulamova, Cahid Sadıxov və başqaları məntəqələrdə bütün partiyalara bərabər şərait yaradıldığını, səsvermənin qanunauyğun keçirildiyini diqqətə çatdırıblar.
Günün sonuna olan məlumata görə, 76 saylı Lənkəran-Astara seçki dairəsində səsvermədə seçicilərin 59,5 faizi, 77 saylı Astara seçki dairəsində isə 55,3 faizi iştirak edib.
Masallı
Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilərdə iştirak etmək üçün Masall rayonundan 104923 nəfər seçici qeydə alınıb. Onların böyük əksəriyyəti ölkənin ali qanunverici orqanında layiqli namizədlərin təmsil olunması üçün böyük həvəslə sübh tezdən beş seçki dairəsində səsverməyə qatılıblar.
Bildirildiyinə görə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində səsvermə hüququ olan Masallı seçiciləri 14 məntəqədə öz iradələrini ifadə ediblər. 70 saylı Masallı şəhər seçki dairəsində 39 min 287 seçici qeydə alınıb. Seçicilər dairənin ərazisində yerləşən 43 seçki məntəqəsində 5 deputatlığa namizədə səs veriblər. Onlardan 794 nəfəri ilk dəfə səs verənlərdir. Səsvermənin gedişini 491 müşahidəçi izləyirdi. 71 saylı Masallı kənd seçki dairəsində 33 min 626 nəfərin adı seçici siyahısına daxil edilmişdi. Bu dairənin 42 seçki məntəqəsində 6 nəfər deputat mandatı uğrunda mübarizə aparırdı. Seçicilərdən 506 nəfəri səsvermədə ilk dəfə iştirak edirdi. Bu rayonda 72 saylı Yardımlı-Masallı seçki dairəsinə aid olan 14 məntəqədə səsvermə normal keçib. Seçicilər ölkəmizdə seçkilərdə ilbəil daha böyük irəliləyişə nail olunduğunu qeyd ediblər.
Masallı seçicilərinin bir qismi də 75 saylı Lənkəran-Masallı seçki dairəsinə aid olan 12 məntəqədə öz iradəsini ifadə edib. Rayondakı bütün seçki məntəqələrində vətəndaşların rahat səs vermələri üçün hər cür şərait olub.
Günün sonunda məlumat verildi ki, 70 saylı Masallı şəhər seçki dairəsində səsvermə 54,3 faiz, 71 saylı Masallı kənd seçki dairəsində 53,9 faiz nəticə ilə başa çatmışdır.
Lerik
Dağlar diyarı Lerikdə havaların yağışlı-yağmurlu keçməsinə, bəzi yerlərə qar düşməsinə baxmayaraq, seçkilər mütəşəkkil qaydada keçib. Səhər saat 8-də bütün məntəqələrdə müşahidəçilərin iştirakı ilə seçkilərə start verilib.
Rayondakı 78 saylı seçki dairəsinin siyahılarında seçicilərin ümumi sayı 30093 nəfərdir.
Öyrəndik ki, dairəyə aid olan 108 məntəqədə səsverməyə çağrılan lerikli seçicilərin 627 nəfəri ilk dəfə özlərinin bu konstitusion hüquqlarını gerçəkləşdirənlərdir. Seçkilərə hazırlıq mərhələsində onlar üçün maarifləndirici tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilib. Bundan başqa, səs verənlərin 761 nəfəri 80-100 yaş arası, 5 nəfəri isə yaşı 100-dən keçmiş vətəndaşlardır. Məntəqələrə gələ bilməyən seçicilərin evlərində səs vermələrinə şərait yaradılmışdır. Lerik rayonunda 78 saylı seçki dairəsinin 5 məntəqəsində quraşdırılmış veb-kameralar isə hər kəsin internet vasitəsilə səsvermənin gedişatını onlayn izləməsini təmin edib.
Səsvermə bitdikdən sonra 78 saylı Lerik seçki dairəsində 58,2 faiz nəticə qeydə alınıb.
Cəlilabad
Cənub bölgəsində Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı seçicinin 113 yaşı vardır. Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1902-ci il təvəllüdlü Xavər Məmmədova 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 11 saylı seçki məntəqəsində ən layiqli namizədə səs verdiyini bildirib.
Qeyd edək ki, ən yaşlı seçicinin qatıldığı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verib. Burada 634 nəfər səsvermədə ilk dəfə iştirak edib.
Cəlilabaddakı 67 saylı şəhər və 68 saylı kənd seçki dairələrində də seçici fəallığı müşahidə olunub. Seçki ərəfəsində yağmış güclü yağışın gediş-gəlişi bir qədər çətinləşdirməsinə baxmayaraq, seçicilər məntəqələrə gələrək ölkəmizin inkişafına, firavan həyata səs veriblər. 67 saylı dairə seçki komissiyasının sədri Mirsahib Sultanovun verdiyi məlumata görə, 12 məntəqədə veb-kamera quraşdırılmışdı, 10 məntəqədə isə əlil seçicilərin arabalarının hərəkəti üçün panduslar qoyulmuşdu. Səsvermənin gedişini 275 yerli müşahidəçi və MDB üzrə qeydiyyatda olan 1 müşahidəçi izləyib.
Yekun nəticələr 67 saylı Cəlilabad şəhər seçki dairəsində 55,6 faiz, 68 saylı Cəlilabad kənd seçki dairəsində 55,6 faiz, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində isə 54,8 faiz olub.
Yardımlı
Ucqar bölgə sayılan Yardımlıda da seçkilər qanunauyğun səviyyədə keçib. 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə seçici siyahılarında 39 min 338 nəfərin adı qeyd edilmişdir.
Dairə seçki komissiyasının sədri Qabil Canəliyevin bildirdiyinə görə, seçicilər dairənin ərazisində yerləşən 82 seçki məntəqəsində 6 namizədə səs veriblər. Dairə üzrə 948 müşahidəçi, o cümlədən 1 nəfər MDB üzrə qeydə alınmışdı. Yaşı 18-i keçən 610 nəfər gənc ilk dəfə səsvermə hüququndan istifadə edib.
Gün ərzində dairənin bütün seçki məntəqələrində hər kəsin öz iradəsini ifadə etməsi üçün lazımi şərait yaradılmışdır. Məntəqə üzvləri vətəndaşlara səsvermə prosesi zamanı yaxından kömək edirdilər.
Məntəqələrə gələ bilməyən seçicilərin ərizələrinə əsasən onların evdə səs vermələri üçün daşınan qutulardan istifadə olunub. Seçkilər ədalətli və şəffaf keçib. Namizədlərin rəqabətinə maneçilik törədən heç bir fakt qeydə alınmayıb. Hər kəs ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişafın davamlı olmasına səs verib.
Günün sonunda 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə səsvrmədə 55,6 faiz nəticə qeydə alınıb.
Biləsuvar
Muğan düzünün gözəl diyarı olan Biləsuvarda da Milli Məclisə növbəti seçkilər mütəşəkkil qaydada keçib. Bu rayonun sakinləri əsasən 66 saylı Biləsuvar seçki dairəsinin, qismən isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin məntəqələrində səsvermədə iştirak ediblər.
Əzizağa Hətəmov 66 saylı Biləsuvar seçki dairəsi seçki kimissiyasının sədridir. Onun verdiyi məlumata görə, dairədə adları seçici siyahılarına salınmış vətəndaşların sayı 47 490 nəfərdir. Onların 707 nəfəri ilk dəfə səs verən gənclərdir. Səsvermənin normal keçməsi üçün hər cür şəraitin yaradıldığı məntəqələrdə seçkiləri 462 nəfər yerli müşahidəçi və 3 nəfər MDB üzrə müşahidəçi izləyib. Xəstəlik və ya digər bu kimi səbəblərdən məntəqələrə gələ bilməyən 475 seçicinin ərizəsinə əsasən onların evdə səs verməsini təmin etmək məqsədilə daşınan qutulardan istifadə olunub.
Səsvermə başa çatdıqdan sonra yayılan məlumata görə, 66 saylı Biləsuvar seçki dairəsində seçicilərin 53,4 faizi məntəqələrə gələrək öz iradəsini ifadə edib.
Neftçala
Kürün Xəzərə qovuşduğu ərazidə qərar tutmuş Neftçala rayonunda da seçkilər xalqın iradəsinin qələbəsi ilə başa çatmışdır. Bu rayonun seçiciləri 60 saylı Salyan-Neftçala və 61 saylı Neftçala seçki dairələrinin məntəqələrində səs veriblər.
61 saylı Neftçala seçki dairəsi seçki konissiyasının sədri Şaiq Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bu dairənin əhatə etdiyi 41 məntəqədən 40834 seçiciyə bildiriş göndərilmişdi. Onlardan 684 nəfəri yaşı 80-dən yuxarı olanlar, 416 nəfəri isə ilk dəfə səsvermə hüququ əldə edənlərdir. Neftçalalı seçicilərdən iki nəfəri - Aşağı Qaramanlı və Yuxarı Qaramanlı kəndlərinin sakinləri Nənəbacı İsgəndərova ilə İsrafil Sayılov 105 yaşındadırlar. Onlar da istədikləri namizədlərə həvəslə səs veriblər.
Noyabrın 1-də Neftçalada toplaşan 483 yerli müşahidəçi və MDB qrupunu təmsil edən 1 nəfər müşahidəçi məntəqələrdə seçkilərin gedişini izləyiblər.
Səsvermə sona yetdikdən sonra verilən məlumata əsasən, 60 saylı Salyan-Neftçala dairəsi üzrə yekun nəticə 60,8 faiz, 61 saylı Neftçala seçki dairəsi üzrə isə 57,4 faiz olub.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.