Hər dəfə Biləsuvara yolum düşəndə 90-cı illərin sonlarında ulu öndər Heydər Əliyevi bu rayona səfərdə müşayiət edən jurnalist heyətinin tərkibində çadır şəhərciyinə getdiyim günü xatırlayıram. O zaman unudulmaz dahi şəxsiyyət şəhərcikdə tikilmiş yeni şadlıq evində Cəbrayıldan olan iki cüt gəncin toy mərasiminə qatılmışdı. Təsirlənməmək mümkün deyildi.
Didərginlik taleyi yaşayan soydaşlarımız fəlakətin böyüklüyünə baxmayaraq, yenə də öz həyatlarını inamla davam etdirir, göstərilən diqqət və qayğıya görə dahi rəhbərə minnətdarlıqlarını bildirirdilər. Ulu öndərin qaçqınlara, məcburi köçkünlərə öz doğmaları, əzizləri kimi yanaşması, müşküllərinin həlli üçün gərəkli addımlar atması, sevinc və kədərlərinə şərik çıxması hər kəsi kövrəltmişdi.
Yaxşı yadımdadır: ulu öndər oradakı çıxışında dedi ki, vəzifəsi ilə əlaqədar heç vaxt toy şənliklərində iştirak etməyə macal tapmayıb, hətta özünün Zərifə xanımla ailə qurması vur-tut bir qutu şokoladla başa gəlib. Övladlarının nikah mərasimləri də çox sadə keçib. Amma bütün bunlarla bərabər, ümummilli lider qaçqınlara hörmətinin ifadəsi olaraq bu toyda iştirak etdi, üstəlik camaatla birlikdə qol götürüb oynadı, xoşbəxt cütlüklərlə şəkil çəkdirdi. Ailə quran gənclərə ölkə rəhbərinin adından hədiyyələr təqdim olundu.
Şübhə yoxdur ki, həmin toyun iştirakçıları o anları həmişə həzin duyğularla xatırlayır və bu barədə şirin xatirələri balalarına, nəvə-nəticələrinə sevə-sevə danışırlar. Elə mən də Biləsuvara sonrakı səfərlərimdə rayon icra hakimiyyəti aparatının foyesindəki guşədə ulu öndərin həmin toyda iştirakına aid fotoşəkillərə dönə-dönə baxıb, unudulmaz anları iftixarla xatırlamışam...
Bu gün yenə Biləsuvardayam. Yüksək zövqlə yaradılmış mərkəzi meydanda ümummilli liderin möhtəşəm abidəsi ucaldılıb. Altmış beş metrlik ucalıqda dövlət bayrağımız əzəmətlə dalğalanır. Görünənlər bütövlükdə müstəqilliyimizin nailiyyətləri kimi sərgilənir. İndiki Biləsuvarla beş-on il əvvəlkinin arasında zəmin-asiman fərq var. Fərəhli uğurların hamısı məhz dahi rəhbərin ideyalarının təcəssümü, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi daimi qayğının təzahürüdür.
Rayonda 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışılıb. İcra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, yüksəlişin təməlində məhz dövlətin Biləsuvara gündəlik qayğısı və ölkə rəhbərinin böyük diqqəti dayanır. Sosial-iqtisadi tərəqqi göz önündədir. Quruculuq səyləri səngimir, müasir infrastruktur formalaşır, həyat şəraiti yaxşılaşır.
İlin əvvəlindən görülmüş işlər nəticəsində rayonda 878 yeni iş yeri açılıb. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1933 manat, orta aylıq əməkhaqqı isə 287,4 manat olub. Əhalinin pul gəlirlərinin artması nəticəsində rayonda 112 fərdi ev tikilib. Ailə üzvlərinin sayı 6423 nəfər olmaqla 1120 ailə ünvanlı dövlət sosial yardımı alıb. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 168 manat təşkil edir. Sahibkarlığın inkişafı məqsədilə 90 nəfər iş adamına 1 milyon 25 min manat kredit verilib. Müasir sənaye məhəllələrinin yaradılması üçün rayonda 10 hektar ərazi ayrılıb. Bu məhəllələrdə əsasən kənd təsərrüfatı və sənayenin ayrı-ayrı sahələri üzrə fəaliyyət göstərəcək emal sexlərinin, istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.
Rayonda ümumi məhsul buraxılışının həcmi 190,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Ümumi həcmdə kənd təsərrüfatının payı 107,5 milyon, ticarətdə 54,3 milyon, tikinti sahəsində 12,1 milyon, sənayedə 14 milyon, nəqliyyatda 2 milyon, rabitədə 300 min manat təşkil edib. Bu dövrdə əsas kapitala yönələn investisiyalar 12,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 148,9 milyon manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılıb, 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən 6 kilometrlik Əsgərabad-Muğan-Çaylı yolunun inşası isə davam etdirilir. Artıq bu yolun 2,5 kilometrinə asfalt örtük döşənib. Bundan əlavə, şəhərin Nizami Gəncəvi və Səməd Vurğun küçələrində yol təmiri işləri aparılıb və 2 kilometr uzunluğunda asfalt çəkilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə müasir tələblərə cavab verən, hər biri 100 və 200 yerlik 2 uşaq bağçası tikilərək istifadəyə verilib.
Hazırda Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, mərkəzi rayon xəstəxanasının və Əskərabad kənd tam orta məktəbinin əsaslı təmiri işləri aparılır.
Ötən dövr ərzində əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülüb, Rayonunun bütün yaşayış məntəqələri tam qazlaşdırılıb. İlin əvvəlindən rayonun Səmədabad, Günəşli, Ağayrı, Yuxarı Ağalı, Muğan, Nərimankənd və Arazbarı kəndlərinə mavi yanacaq verilib. Bu dövrdə 135 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması da başa çatdırılıb.
Əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi üçün əsaslı işlər görülüb. Rayonun ayrı-ayrı yaşayış məntəqələrində 21 ədəd yeni transformator qoyularaq ətrafı abadlaşdırılıb. Şəhər ərazisində və kəndlərdə 766 ədəd dəmir elektrik dirəyi quraşdırılıb, 18 kilometr uzunluğunda SİP kabeli çəkilib. 25 ədəd müxtəlif kilovoltluq elekrtik transformatoru, 3,5 kilometrlik hava verlişi xətti cari təmir edilib, izolyatorlar yenisi ilə əvəz olunub.
Azərbaycan Prezidenti tərəfindən 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin dinamik inkişafına təkan verməklə yanaşı, aqrar sektorun keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Bu sahədə qəbul olunmuş Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində Biləsuvarda da aqrar bölmədə ümumi məhsul istehsalı artıb, rentabellik yüksəlib və kənd təsərrüfatı sahəsində çalışanların həyat səviyyəsi xeyli yaxşılaşıb. Cari ildə aqrar sahədə ümumi məhsul istehsalının həcmi 107,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur.
Son illər rayonda 13 yeni məktəb tikilib, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilib.Təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılıb: məktəblərdə kompüterlərin sayı 470-ə çatdırılmışdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Biləsuvardan üç müəllim - Orxan İbayev, Rəvan Məmmədov və Bəhruz Nəbili “İlin nüəllimi” müsabiqəsinin qalibi olublar.
Rayonda əhalinin təxminən üçdəbir hissəsini gənclər təşkil edir. Onlar hərtərəfli qayğı ilə əhatə olunub. Gənc nəslin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, idarəetmə sahəsində biliklərinin artırılması və cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsi daim diqqətdədir. Biləsuvarlı gənclər respublika və rayon əhəmiyyətli bir sıra tədbirlərə layiqincə ev sahibliyi edirlər. Hazırda rayonda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Rayonun idmançıları müxtəlif respublika və zona turnirlərində uğurla çıxış edirlər. Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə olunur.
Biləsuvar Rayon İcra Hakimiyyəti aprel ayından Elektron Hökumət portalına qoşulub, vətəndaşlar elektron formada rayon icra hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbuluna yazılmaq imkanı əldə ediblər. İyuldan isə təsisçi-administratoru Prezident Administrasiyası olan vətəndaş müraciətlərinə dair elektron informasiya sistemi istifadəyə verilib. Sistem vasitəsilə daxil olan müraciətlər, xidməti sənədlər, o cümlədən şifahi müraciətlər qeydiyyata alınır, kateqoriyalara bölünərək qruplaşdırılır, icrası nəzarətdə saxlanılır. Bu sistemin tətbiqi rayon icra hakimiyyətində sənədlərlə işin daha yaxşı təşkilinə kömək edir.
Biləsuvarlılar ili layiqincə başa vurmaq əzmindədirlər. Ümidvarıq ki, belə də olacaq və Muğanın gözəl diyarı gələn ilə daha böyük inamla qədəm qoyacaq.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.