İnfrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda iqtisadiyyatın hərtərəfli inkişafı kommunal sektorun mühüm sahələrindən olan su təchizatı və kanalizasiya sektorundan da yan keçməmiş, ötən müddətdə bu sahədə mühüm dövlət proqramları qəbul edilmiş və iri infrastruktur layihələri icra olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də sosial infrastrukturun bu vacib sahəsinə daha çox diqqət ayrılmış, dövlət büdcəsindən ölkənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına kifayət qədər vəsait ayrılmışdır. Həmin vəsaitlər hesabına isə dövlət proqramları çərçivəsində həm Bakı şəhəri və onun qəsəbələrində, həm rayon mərkəzlərində, həm də kəndlərdə mühüm layihələr həyata keçirilmişdir.
Məlum olduğu kimi, oktyabrın 28-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istismara verilmişdir. Xatırladaq ki, bu, son illər Azərbaycanın içməli su sektorunda reallaşdırılan ən iri infrastruktur layihələrindən biridir. Kompleksin istifadəyə verilməsinin şəhərimizin həyatında çox əlamətdar və tarixi bir hadisə olduğunu bildirən Prezident İlham Əliyev demişdir: “...Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək. Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək”.
Dünən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin kompleksin yerləşdiyi əraziyə səyahəti təşkil edilmişdi. Jurnalistlərə məlumat verildi ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.
Layihəyə əsasən, Ceyranbatan gölündən suyun götürülməsini təmin etmək üçün üç iri diametrli kəmər, sugötürücü başlıqlar və bölüşdürücü kamera inşa olunmuşdur. Xatırladaq ki, gölün içərisinə doğru hər birinin uzunluğu 454 metr olan üç kəmər çəkilmiş, mikrotunel üsulu ilə quraşdırılan xətlərin tikintisində dəmir-beton borulardan istifadə edilmişdir. Ərazidə tikilən subölüşdürücü kamerada toplanan su ultrasüzgəcli qurğuya hər birinin uzunluğu 913 metr olan dörd kəmərlə ötürülür. Bu xətlərin 245 metrlik hissəsi Ceyranbatan gölünü qidalandıran kanalın və mövcud boru xətlərinin altından keçməklə inşa edilmişdir. Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılmışdır ki, bu da emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır. Anbarda quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir.
Yeni kompleksin əsas obyekti sayılan ultrasüzgəcli sutəmizləyici qurğu 5,6 hektar ərazini əhatə edir. Qurğu mürəkkəb geoloji ərazidə inşa olunduğundan qruntun xarakteri nəzərə alınaraq burada əvvəlcə bərkitmə işləri aparılmış, daha sonra dəmir-beton və metal konstruksiyadan ibarət əsas bina inşa edilmişdir. Xam su anbarından suyun süzgəclərə sabit təzyiqlə ötürülməsini 16 nasos təmin edir. Emal prosesinə verilən su əvvəlcə 200 mikronluq süzgəclərdən keçir, sonra qurğunun əsas təmizləyici modullarında süzülür. Süzgəclərə 4,5 atmosfer təzyiqlə ötürülən su modulların içərisində quraşdırılan xüsusi süzgəclərdən keçməklə cəmi 20 saniyədə təmizlənir. Qurğuda emal prosesinin fasiləsizliyini təmin etmək üçün süzgəclər müəyyən müddətdən bir yuyularaq asılı maddələr və lildən təmizlənir. Qurğuda quraşdırılan 5280 modulun məhsuldarlığı saniyədə 6,6 kubmetrdir. Gələcəkdə isə əlavə modulların quraşdırılması, eləcə də elektromexaniki sistemin köməyilə emal gücünün artırılaraq saniyədə 7,5 kubmetrə çatdırılması mümkündür. Süzgəclərdən çıxan içməli suyun keyfiyyətinə onlayn rejimdə nəzarət olunur. Bu məqsədlə xüsusi analiz panelləri quraşdırılmışdır ki, onlar suyun keyfiyyət parametrləri barədə siqnalları birbaşa SCADA otağına ötürür. Buradakı qurğuda bütün texnoloji proseslər—suyun həcmi, təzyiqi, emalı, hər bir mərhələdə keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam avtomatlaşdırılmış və bütövlükdə proses kiçik işçi heyəti ilə SCADA idarəetmə mərkəzindən idarə olunur. Bununla yanaşı, burada yaradılmış laboratoriyada istər xam suyun, istərsə də emal olunmuş təmiz suyun vacib parametrləri daha dəqiq şəkildə öyrənilir və keyfiyyət göstəriciləri tam nəzarətdə saxlanılır.
Ultrasüzgəcli təmizləyici qurğuda emal olunan təmiz suyun nisbətən hündürlükdə yerləşən anbara qaldırılması üçün nasos stansiyası tikilmişdir. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr hündürlükdə 50 min kubmetr həcmində anbar kompleksi inşa olunmuşdur. Həmçinin, qurğudan anbara qədər 11 kilometr uzunluğunda kəmər çəkilmişdir.
Yeri gəlmişkən, kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə ötən il başa çatdırılmışdır. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilmişdir. Gələcəkdə isə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində, ümumilikdə, 30 kilometr uzunluğunda müxtəlif diametrli boru, 116 nasos, 6 transformator quraşdırılmış, ərazidə yaşıllaşdırma işləri görülmüş, 150 minə yaxın ağac və kol əkilmişdir.
Kompleksin işi ilə tanışlıqdan sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Son illər Prezident İlham Əliyevin ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təmin edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin icrasını təmin etmək üçün həyata keçirilən tədbirlərdən bəhs edən natiq bildirdi ki, Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli suya tələbatının ödənilməsi, Kür sutəmizləyici qurğusunda emal olunan suyun bir hissəsinin Aran və Muğan bölgəsinə yönəldilməsi, eyni zamanda, Ceyranbatan sutəmizləyici qurğusunun üçüncü növbəsinin köhnəlməsi yeni qurğunun inşasını zəruri edirdi. Bununla yanaşı, Taxtakörpü su anbarının və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi nəticəsində Ceyranbatan gölündə kifayət həcmdə su ehtiyatının yaranması yeni qurğunun xam su ilə təminatına imkan verirdi. Bu məsələ “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı” layihəsində əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Master Planda 1-ci və 2-ci Bakı, Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı su kəmərlərinin qidalandırdığı ərazilərin şəbəkə sistemlərini əlaqələndirəcək və yeni texnologiyaya əsaslanacaq qurğunun tikilməsi də əksini tapmışdı. Kompleks layihələndirilərkən onun mövcud mənbələrlə əlaqələndirilməsi, hazırda istismar olunan magistral xətlərin təmiri və ya qəzalar zamanı su təchizatında dayanıqlığın təmin edilməsi əsas götürüldü. Mütəxəssislərin apardığı layihə-axtarış və texniki-iqtisadi əsaslandırmalar nəticəsində Ceyranbatan gölünün ehtiyatlarından istifadə etməklə ən son - ultrasüzgəc texnologiyasına əsaslanan təmizləyici qurğunun tikintisi qərara alındı. Layihə-axtarış işləri çərçivəsində Ceyranbatan gölünün bütün göstəriciləri ətraflı təhlil edilərək, gölün dibinin batimetriyası işlənib hazırlandı. Nəhayət, 2011-ci il sentyabrın 8-də isə Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyuldu. Bu da onu göstərir ki, ölkədə su təchizatı infrastrukturunun yaradılması istiqamətində ulu öndər Heydər Əliyevin başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda dünyada az bulanıqlı suların emalı üçün ən səmərəli texnologiyanın məhz ultrasüzgəcli qurğuların sayıldığını diqqətə çatdıran Q. Hüseynov qeyd etdi ki, membran texnologiyasına əsaslanan belə qurğularda su heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla emal olunur. Belə qurğuların ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu asılı hissəciklərdən–bakteriya, virus, bəzi həll olunmamış duzlar və ağır metallardan təmizləməsi, bulanıqlıq, xoşagəlməz iy və dadın aradan qaldırılmasıdır. Bu tip qurğularda tam qapalı, avtomatik rejimdə təmizlənən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Qeyd olundu ki, kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin 30-dək yerli podratçı təşkilat cəlb olunmuşdur. Tikinti-quraşdırma işlərinə isə dövlət büdcəsi hesabına 290 milyon manat vəsait sərf edilmişdir. Bu unikal qurğuda emal olunmuş təmiz və keyfiyyətli içməli su Abşeron rayonunun və Bakı ətrafı qəsəbələrin 35 faizinin tələbatını ödəyir. Gələcəkdə isə qurğunun gücünün artırılması ilə bu rəqəmin 40 faizə çatdırılması mümkün olacaq.
Q. Hüseynov onu da bildirdi ki, hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində mühüm tədbirlər görülür.
Sonda “Azərsu” ASC-nin sədri jurnalistərin çoxsaylı suallarını cavablandırdı.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.