Nabələd adamı tanımaq o qədər də çətin deyil. Hər halda, danışığından, davranışından, insanlarla ünsiyyətindən çox şey anlamaq mümkündür. Mən də Ariflə beləcə tanış oldum. Özü də lap bu yaxınlarda, Ağcabədi şəhərində, Heydər Əliyev adına parkda.
– Eloğlu, – dedim, – deyəsən, qonaqsan... Yaxın gəl, çay içək, tanış olaq...
Müsahibim, elə bil, bu sözə bənd idi. Əvvəlcə gülümsündü, sonra əlindəki fotoaparatı çiynindən asaraq bizə yaxınlaşdı.
– Nə deyim vallah, bəlkə, elə qonaq da demək olar. Ancaq bilirsinizmi, məsələ burasındadır ki, mən əslən ağcabədiliyəm. Uzun illər Rusiyada yaşamışam. İndi gördüyünüz kimi burdayam. Fikirləşdim ki, daha qəribçilikdə yaşadığım bəsdir, necə deyərlər, ölməyə Vətən yaxşı. Bir də ki, sözün düzü, son vaxtlar doğma yerlərdə yaradılmış bu gözəlliklərdən ayrıla bilmədim...
– Bəs, əvvəllər bu gözəlliklərdən necə ayrıldınız?
Arif sualımıza dərhal cavab vermədi. Təcrübəli adamdır, mənə uzun bir nəzər saldı. Sonra da maraqla:
– Deyəsən, axı, siz də qonaqsınız... Yoxsa, belə danışmazdınız. O illərdəki Ağcabədi hara, indiki Ağcabədi hara. Yerlə göy qədər fərq var. Düzünü deyim ki, bizi başqa yerlərə aparan səbəblərdən biri də bu idi. Qonaq-qara yanında da utanırdıq. Nə gəzməyə bir parkımız, meydançamız, nə çıxmağa bir küçəmiz vardı. İşıq, su, qaz, yol məsələləri də ondan betər...
– Müvəqqəti gəlmisiniz, yoxsa...
– Düzü, bir neçə günlüyə gəlmişdik, qohumgildə xeyir iş vardı. Ancaq gəlib buraları görəndən sonra qəti qərara gəldik ki, birdəfəlik qayıdaq. Axı, Ağcabədinin xarici şəhərlərdən nəyi əskikdir ki...
– Ağcabədi həm də çörəkli bölgədir...
– Düz deyirsiniz... Ötən əsrin 70-80-ci illərində Ağcabədi respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biri idi. Ancaq söhbət təkcə nə qədər pambıq, taxıl... istehsal etməkdən getmir, axı. İnsan gərək yaxşı işlədiyi kimi, yaxşı da yaşaya, dincələ, istirahət edə...
Jurnalist marağı üstün gəldi: Növbəti dəfə Ağcabədidə olarkən xahiş etdim ki, əvvəllər müxtəlif səbəblər üzündən Rusiyaya, başqa xarici ölkələrə köçüb getmiş və son vaxtlar qayıtmış ailələr haqqında arayış hazırlasınlar. Maraqlı, həm də fərəhli bir mənzərə ilə rastlaşdıq. Məlum oldu ki, yüzlərlə ailə son illər geri qayıtmışdır...
Əlbəttə, bu faktlar ciddi təhlil və araşdırma tələb edir. Olub-keçənləri bir daha xatırlamaq, inkişaf və yüksəlişə gedən yol barədə düşünmək lazım gəlir. Əslində, necə deyərlər, mövzu özü məni tapmışdı. Ona görə də rayon icra hakimiyyətindən aldığım arayışla kifayətlənmədim, yenicə tanış olduğum Arif İbrahimovla şəhəri bir də gəzdik. Son illər görülüb başa çatdırılmış və indi də davam edən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yaxından tanış olduq. Ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Səmimiyyətlə etiraf edim ki, aldığımız təəssürat zəngin və fərəhlidir. Əsas cəhət odur ki, Ağcabədi sakinləri bu bölgənin son illərdəki sürətli inkişafını, haqlı olaraq, ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsi kimi qiymətləndirirlər. Öz şəhərləri, qəsəbə və kəndləri ilə fəxr edirlər. Sabaha böyük inam və ümidlə baxırlar.
Digər vacib amil isə dövlət başçısının da qeyd etdiyi kimi, hər hansı sahədə əldə edilən uğurlar həm də yerlərdə işlərin düzgün təşkilindən asılıdır. Bu baxımdan Ağcabədi Rayon İcra Hakimiyyətinin maraqlı, çevik, təşəbbüskar iş üslub və metodlarını ayrıca qeyd etmək lazım gəlir. İnsan amili, ardıcıl və sistemli icra intizamı, daha çox elmi əsaslara söykənən təşkilat-idarəetmə məsələləri – bu gün Ağcabədi Rayon İcra Hakimiyyətində diqqəti ən çox cəlb edən məsələlər, bizcə, bunlardır.
Bəzən belə də olur: hər hansı sahədə fəaliyyətə başlayan rəhbər işçi ilk aylar, həftələr işə böyük həvəslə girişirlər, bütün qüvvə və səylər hərəkətə gətirilir. İnsafən, müəyyən uğurlu addımlar da atılır, abadlıq-quruculuq işləri aparılır. Ancaq, nə qədər qəribə görünsə də, bir qədər keçəndən sonra bu işgüzarlıq səngiyir, əvvəlki qaynarlıq, hay-haray çəkilir, hər növ arxayınçılıq, özündənrazılıq halları müşahidə olunur.
Ağcabədidə isə vəziyyət tamamilə başqadır. 10 il bundan əvvəl başlanmış genişmiqyaslı tikinti-abadlıq işləri, təşəbbüskar fəaliyyət, səmərəli idarəetmə məsələləri bu gün də eyni sürət və inamla davam etməkdədir. Burada, əlbəttə, müxtəlif səbəblər var və biz ən əvvəl çoxdan — gənclik illərindən yaxşı tanıdığım Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun siyasi iradəsini, dönməz xarakterini, sədaqətli mövqeyini, yaradıcı və təşəbbüskar fəaliyyətini ayrıca qeyd etmək lazımdır.
Fakt və rəqəmsiz, təhlil və müqayisələr aparmadan keçinmək, sözsüz ki, mümkün deyil. Bəri başdan, onu da deyək ki, Ağcabədi şəhəri bu müddətdə öz coğrafiyasını xeyli genişləndirmişdir. Yeni binalar tikilmiş, küçə və meydanlar, yaşıllıq zolaqları salınmışdır. Şəhərin elə bir küçəsi, yaxud elə bir bina yoxdur ki, orada yenidənqurma işləri aparılmasın. Başqa sözlə desək, Ağcabədi, sözün həqiqi mənasında, şəhər görkəmi almışdır. Yeni tikilən və bərpa olunan binalar milli və müasir memarlıq üslubundadır, yüksək zövq və estetika dərhal nəzərə çarpır.
Heydər Əliyev Mərkəzi, YAP rayon təşkilatının inzibati binası, Gənclər Mərkəzi, Şahmat məktəbi, rayon mərkəzi xəstəxanası, ilk 9 mərtəbəli yaşayış binası, mərkəzi meydan... Bu siyahıya 14 yeni binanın, 8 park və meydanın adlarını da əlavə edə bilərik. İndi Ağcabədi güllər, çiçəklər şəhərinə çevrilmişdir. Çox yəqin ki, həssas oxucunun gözləri qarşısında dərhal şəhərin bütün bunlardan əvvəlki kasıb görkəmi canlanır.
Bəli, əbəs yerə deməyiblər ki, həqiqət faktlardan doğur. Elə isə iqtisadi, sosial və mədəni həyatın müxtəlif sahələrini əhatə edən bəzi xarakterik faktları bir daha yada salaq. Böyük iqtisadi potensiala – münbit torpağa, əməksevər insanlara malik Ağcabədi dövlətin qayğısından xüsusi yer alan bölgələrdəndir. İstər 2004 – 2008-ci illəri, istərsə də 2009 – 2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Ağcabədinin həyatında dərin izlər qoymuş, rayonun yüksəlişinə təkan vermişdir. Bir zaman ulu öndər Heydər Əliyev “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” deməklə bu bölgəyə, onun əhalisinə böyük dəyər vermişdir. İndi bu sözlər bir daha təsdiqini tapır. Ağcabədililər təsərrüfat, tikinti, abadlıq, quruculuq işlərində göstərdikləri nümunələrlə, yaratdıqları xariqələrlə nəyə qadir olduqlarını əzmlə nümayiş etdirirlər. Əlbəttə, dövlətin qayğısından, ölkə rəhbəri İlham Əliyevin isti münasibətindən güc alaraq. Prezident İlham Əliyevin indiyədək dörd dəfə Ağcabədidə olması dövlət başçısının bu bölgəyə verdiyi böyük önəmin göstəricisidir.
Ağcabədidə iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun əkinə yararlı torpaq sahəsi 65,704 hektardır. Bunun 61,780 hektarında müxtəlif kənd təsərrüfatı bitkiləri əkilir. Torpaq istifadəçiləri taxıl, pambıq, qarğıdalı, şəkər çuğunluru, tərəvəz, bostan məhsulları və yem bitkiləri əkininə daha çox üstünlük verirlər. Bu il taxılçıların qazandığı uğur daha fərəhlidir. “Sarı kəhrəba” ustaları cari ildə 84,627 ton taxıl istehsal edərək, ərzaq təhlükəsizliyinə dair dövlət proqramına sanballı töhfə vermişdir. Buğda zəmilərinin hər hektarından 39,4 sentner məhsul götürülmüşdür ki, bu da rayonda rekord göstərici sayılır.
Ölkədə ilk pilot taxılçılıq təsərrüfatının Ağcabədi – Beyləqan rayonlarının ərazisində yaradılması məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Bütövlükdə, 4800 hektar ərazini əhatə edən “Qarabağ Taxıl” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 aprel 2012-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bu il pilot təsərrüfatında əkilmiş 1160 hektar buğda sahəsində orta məhsuldarlıq 58,1 sentner olmuşdur. Əlbəttə, bu kifayət qədər yaxşı göstəricidir, məhsuldarlığı yüksəltməklə taxıl istehsalını artırmağın ən səmərəli yolunu göstərən canlı nümunədir.
Son illər rayonda əkinçilik dinamik inkişaf yolundadır. Keçən ilin nəticələri də bu baxımdan uğurludur. 2014-cü ildə rayonun təsərrüfatlarında 22974 ton qarğıdalı, 2886 ton pambıq, 2770 ton kartof, 10794 ton tərəvəz, 14269 ton bostan məhsulları, 25632 ton şəkər çuğunduru, 11625 ton meyvə və 2733 ton üzüm istehsal olunmuşdur. Əkinçiliklə paralel olaraq, heyvandarlıqda da məhsul istehsalının artım tempi yüksəkdir. Son 10 ildə iribuynuzlu mal-qaranın sayı artaraq 86909 başa, qoyun və keçilərin sayı 330364 başa, quşların sayı 319332 başa çatmışdır. Təbii ki, heyvanların baş sayının artırılması məhsul istehsalına da əhəmiyyətli təsir göstərir. Keçən il 10671 ton ət, 66545 ton süd, 12106 min ədəd yumurta, 999 ton yun istehsal edilməsi rayon heyvandarlarının fədakar əməyinin nəticəsidir.
İndi zaman yeni, tələblər fərqlidir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsinə, mütərəqqi texnologiyalara geniş meydan vermədən aqrar sektorda əsaslı irəliləyişə nail olmaq, istehsalda rentabelliyi təmin etmək qeyri-mümkündür. Kənd təsərrüfatını sənaye təməli üzərinə keçirmək müasir dövrün qarşıya qoyduğu ən mühüm vəzifədir. Ağcabədi bu sahədə də respublika üzrə öncül mövqeyini təmin edə bilmişdir. Prezident İlham Əliyev 2011-ci il may ayının 5-də Ağcabədiyə növbəti səfəri zamanı rayonun sosial-iqtisadi həyatında bir çox yeniliklərin şahidi oldu.
Dövlət başçısı əsaslı təmirdən sonra istifadəyə verilmiş mədəniyyət evi, rayon mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Prezident yeni inşa olunmuş şahmat məktəbinin binasının açılışında, 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının təməlqoyma mərasimində iştirak etdi. Dövlət başçısı şəhərdə yeni süd emalı zavodunun, Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının, həmçinin 14 min nəfər əhalinin yaşadığı 5 kəndi birləşdirən Ağcabədi – Qaradolaq – Kəbirli avtomobil yolunun 24,5 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etməsi ilə rayon sakinlərinin sevincini birə min artırdı.
Elə həmin səfər çərçivəsində Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədəki nitqində Prezident İlham Əliyev bildirdi: “Bu gün Ağcabədi rayonunda yeni süd kombinatının açılışında eştirak edirik. Çox gözəl, böyük süd kompleksidir. Azərbaycanda son illər ərzində qeyri-neft sektorunda yaradılmış müəssisələrin sırasında bu kompleksin öz yeri var”.
Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr Ağcabədidə uğurla həyata keçirilir. Əsasən, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşən yeni istehsal və emal müəssisələri rayon iqtisadiyyatının güclənməsində mühüm rol oynayır. 5 min tonluq logistik mərkəz, 5 min tonluq taxıl anbarı, 1600 hektar ərazini əhatə edən iri fermer təsərrüfatı, illik istehsal gücü 40,8 min ton süd olan 6000 başlıq 3 heyvandarlıq kompleksi, illik istehsal gücü 110 min ton olan süd emalı müəssisəsi, 100 hektar ərazidə üzümçülük təsərrüfatı, gündəlik istehsal gücü 20 ton olan çörək zavodu, illik istehsal gücü 18 min ton olan ət emalı müəssisəsi məhz dövlətin güclü maliyyə dəstəyi ilə fəaliyyətə başlamışdır. Yalnız adını çəkdiyimiz bu müəssisələrdə 561 yeni iş yeri açılmışdır.
Bu gün Ağcabədidə yaşamaq da, işləmək də gözəldir. Son illər rayonda tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına rayonun formalaşan sosial infrastrukturu əhalidə böyük minnətdarlıq duyğuları yaradır. Kəndarası yolların təmirində, əsaslı şəkildə yenidən qurulmasında, əhalinin içməli su təminatının ödənilməsində, elektrik enerjisi və təbii qazla təminatında, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasında, pensiya və təqaüdlərin artırılmasında əldə edilən ciddi dönüş dövlət başçısının xalqın xoş güzəranı, firavan həyatı üçün necə böyük işlər gördüyünü təcəssüm etdirir.
Prezident İlham Əliyev demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
Dövlət başçısının bu aydın mövqeyi, təbii ki, hər bir məmur üçün nümunədir, fəaliyyətini müəyyən edən konkret istiqamətdir. Bu mənada son illər Ağcadəbidə əhalinin həyat tərzini daha da yaxşılaşdırmaq, xidmət sahələrinin işini canlandırmaq istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq yol infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. Prezidentin 2 sentyabr 2013-cü il tarixli sərəncamı ilə ayrılmış 5 milyon manat vəsait hesabına 23 min əhalinin yaşadığı 17 kəndi birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolu inşa edilmişdir. Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması uğurla davam etdirilir. Mövcud 46 yaşayış məntəqəsindən indiyədək 26-sı qazlaşdırılıb. Hazırda 6 kənddə qaz xəttinin çəkilişi davam edir. 2 kənddə isə qaz çəkilişi artıq başa çatdırılmışdır.
Səhiyyə xidmətinin müasir tələblər səviyyəsində təşkil edilməsi də daim diqqət mərkəzindədir. Bu qayğının bariz ifadəsi, məntiqi nəticəsi olaraq Ağcabədi şəhərində 205 çarpayılıq mərkəzi rayon xəstəxanası inşa edilmişdir. Prezident xəstəxananın tikintisi üçün xüsusi sərəncam imzalamışdır. 2011-ci il may ayında xəstəxananın təməlqoyma mərasimində iştirak edən dövlət başçısı iki il sonra onun açılışını bildirən qırmızı lenti kəsmişdir. Dövlət başçısının ağcabədililərə ərməğan etdiyi rayon mərkəzi xəstəxanası 5 korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir.
Rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər hər bir sakində haqlı minnətdarlıq hissi doğurur. Son 10 ildə 8320 şagird yerlik 35 məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə uyğun olaraq, 3544 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. 12 məktəb binası əsaslı təmir olunmuşdur. 150 yerlik şəhər uşaq bağçası inşa olunmuş, 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır. 2 saylı 100 yerlik körpələr evi – uşaq bağçasının tikintisi hazırda davam etdirilir.
İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Ağcabədi uğurlu yol üstədir. Əldə edilmiş böyük uğurlar ağcabədililəri əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflərə yönəldilib. Bu gün Ağcabədidə yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit, qarşılıqlı hörmət və ehtiramdan qaynaqlanan vətəndaş-məmur münasibətləri mövcuddur.
... Ağcabədidən – Qarabağın bu bərəkətli bölgəsindən hazırladığım son yazımı yekunlaşdırmaq istəyirəm. Ancaq hələ deyiləsi sözüm çoxdur. Qeyd dəftərçəmdəki fakt və rəqəmlərin heç yarısından da istifadə edə bilməmişəm. Bu fakt və rəqəmlərin arxasında isə böyük səy, gərgin zəhmət, ardıcıl və qətiyyətli fəaliyyət dayanır...
Bəlkə də, belə yaxşıdır. Görünür, Ağcabədi haqqında ən yaxşı yazı hələ bundan sonra yazılacaqdır...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.