Nəsillərə örnək olan qəhrəmanlıq

Bu gün terror, demək olar ki, bütün dünyanın baş ağrısına çevrilib. Amma Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük səyləri nəticəsində son onilliklərdə bu bəladan yaxa qurtara bilib. Bununla belə, hələ yadımızdan çıxmayıb ki, keçən əsrin sonlarında – 90-cı illərin əvvəllərində Azərbaycan keçmiş SSRİ ölkələri arasında terrordan ən çox əziyyət çəkən ölkə olub.

Erməni terror təşkilatları, eləcə də birbaşa Ermənistan hakimiyyətinin ən yüksək kürsülərində oturan millətçilər tərəfindən dəstəklənən və istiqamətləndirilən terrorçular ölkəmizdə çoxlu terror aktları həyata keçirib, nəticədə yüzlərlə dinc və günahsız vətəndaşımız bu qəddar aktların qurbanı olub. Erməni terrorçuları Azərbaycanda bu cür hadisələri əsasən sərnişin sıxlığının çox olduğu yerlərdə – avtobuslarda, metro vaqonlarında həyata keçiriblər. Bu hadisələr nəinki ictimaiyyətin yadından çıxmayıb, hətta uzun illər bundan sonra da unudulmayacaq, xalqımızı igidliyə və qəhrəmanlığa, torpaqlarımızı, insanlarımızı göz bəbəyi kimi qorumağa səsləyəcək.

Belə ağır və faciəli terror aktlarından biri də 1995-ci il oktyabrın 28-də Bakı Metropolitenində törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş hadisədir. Xatırladaq ki, həmin faciə nəticəsində, rəsmi məlumatlara görə, 286 nəfər həlak olmuş, 269 nəfər yaralanmışdı. Metronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş faciədən 400 nəfərədən çox insan xilas edilmişdi. Faciənin miqyası o qədər böyük olmuşdu ki, respublikanın o zamankı Prezidenti Heydər Əliyev xüsusi fərmanlar imzalayraq ölkədə 2 günlük milli matəm elan etmiş, hadisə ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmiş və günahsız insanları xilas edərkən həlak olmuş 4 nəfəri Azərbaycanın yüksək fəxri adları və medalları ilə təltif etmişdi.

Maraqlıdır ki, onların 4-ü də Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin hərbi qulluqçuları olmuşdu. Çingiz Adil oğlu Babayev məktəbin baş leytenant rütbəli zabiti, digər üç nəfər isə müdavimlər idi. Ulu öndər onların qəhrəmanlığını yüksək qiymətləndirmiş, xüsusən Çingiz Babayevin şücaətini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görmüşdü. Azərbaycan Prezidentinin bununla bağlı 3 noyabr tarixli fərmanında deyilir: “Bakı metrosunda baş vermiş faciə zamanı öz həyat və sağlamlığı üçün mövcud olan təhlükəyə məhəl qoymadan zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Azərbaycan Respublikası C.Naxçıvanski adına hərbi məktəbin zabiti baş leytenant Babayev Çingiz Adil oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilsin”. 

Digər üç nəfər - həmin məktəbin müdavimləri İsayev Ruslan Məhəmməd oğlu, Məmmədov Samir Nadir oğlu, Səfərov Nicat Mürvət oğlu isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmişdilər.

 

Cəsarətli xilaskar

 

1995-ci il oktyabrın 28-i, axşamüstü saat 16-17 arası. Metro qatarı “Ulduz” stansiyasından uzaqlaşıb “Nəriman Nərimanov” istiqamətində hərəkətdə ikən qəfildən vaqonlardan birində partlayış səsi eşidilir, sonra ikinci partlayış baş verir, yanğın başlayır, vaqonu tüstü, alov və zəhərli qazlar bürüyür. İnsanlar haray qoparıb xilas olmağa çalışırlar.

Elə bu zaman qonşu vaqonda olan Çingiz Babayev və Naxçıvanski adına hərbi məktəbin hərbi geyimli tələbələri yanan vaqonun qapı və pəncərələrinin şüşələrini sındıraraq insanların köməyinə tələsirlər. Bu günlərdə redaksiyamızda olan atası Adil müəllimin özü ilə gətirdiyi və oğlu Çingizin həmin gün göstərdiyi şücaətə həsr olunmuş “Əfsanəvi qəhrəman” kitabında bu barədə qeyd edilir: “Bəziləri durub kənardan tamaşa edir, gücü eləcə göz yaşlarına çatır, bəziləri o dəhşəti görməmək üçün uzaqlaşır, bəziləri isə sadəcə ”asta qaçan namərddi" deyib sadəcə qaçırdılar... Bu vaxt digər vaqondan əynində qara hərbi forma olan uca boylu, qədd-qamətli, yaraşıqlı gənc zabit çıxır, yanında da üç müdavimi. Bu zabit Çingizdir. O ... dərhal şaxtaya enir, yanan vaqondan insanları qurtarmağa tələsir... Burda gördükləri mənzərədən dəhşətə gəlirlər. Adamlar bir-birini tapdalayıb çıxmaq istəyirdilər. Çoxusu huşsuz halda yerdə inildəyirdi. Qışqıran kim, qorxudan, həyəcandan ürəyi gedən kim".

Çingiz dostları ilə birgə əlacsız insanları bir-bir qucaqlarına qaldırıb xilas edərkən qəfildən bir qadının səsini eşidir:

- Qardaş, qadan alım, balamı xilas elə. Mən ölsəm də olar.

Çingiz əvvəl 5-6 aylıq körpəni, sonra isə anasını xilas edir. Bu minvalla Çingiz təxminən 300 insanı xilas edib həyata qaytarır. Ancaq yanmaqda olan vaqondan çıxan zəhərli tüstü də öz işini görürdü. Çingiz cəld hərəkət etməklə daha çox adamı xilas etmək istəyirdi. Xilas etdiyi adamları bir-birinin ardınca perrona qoyub qayıdır, boğulmaqda olan insanların hamısını bəladan qurtamağa can atırdı. O, həmin anlarda özünü tamamilə unutmuşdu, hətta amansız zəhərin qanına işlədiyinin belə fərqində deyildi. Bircə şey haqqında düşünürdü: mümkün qədər çox insanı xilas etmək! İnsanların gözləri yolda idi, hamı ondan kömək umurdu: qoca da, qadın da, uşaq da. Çingizin vicdanı yol vermirdi ki, onları odun-alovun içində qoyub hadisə yerindən uzaqlaşsın. Beləliklə, gücü çatdığı qədər insanlara kömək edir və növbəti dəfə köməyə tələsərkən özü də huşunu itirərək yıxılır. Həkimlər onun həyatını xilas edə bilmirlər. Çingiz Babayev qəhrəmancasına həlak olur. Onunla bərabər üç müdavim – Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov da həlak olurlar...

 

Əsl vətənpərvər

 

Bu, əsl fədakarlıq, əsl vətənpərvərlik, əsl millətsevərlik idi. Bu, Çingizin evdə-ailədə, məktəbdə aldığı tərbiyədən, özünün həyatda qazandığı mənəvi keyfiyyətlərdən irəli gəlirdi. Bir də, atası Adil müəllimin dediyinə görə, Çingiz İrəvan xanı Rəşid xan Makinski nəslinin davamçılarından biri idi. Adil müəllimin anası Rəşid xanın qızı olub. Onun Birinci Dünya müharibəsində həlak olmuş dayısı Çingiz Makinski də zabit olub. Balaca Çingizə dayısının adı verilib. Çingizin dayısı Əsəd Cəfərov da zabit olub, polkovnik-leytenant rütbəsi daşıyıb. Təbii ki, bütün bunlar uşaq yaşlarından bəri Çingizin mənəvi dünyasının formalaşmasında mühüm rol oynayıb. Adil müəllim bildirdi ki, Çingiz lap uşaq yaşlarından idmana həvəs göstərib, demək olar ki, hər gün idmanla məşğul olub. Hərb işinə marağı isə sonsuz olub. Hətta başqa bir yerdə deyil, məhz ali hərbi məktəbdə oxumaq arzusunda olub.

1964-cü il oktyabrın 2-də Bakıda ziyalı ailəsində dünyaya göz açmış Çingiz Babayev Yasamal rayonundakı 20 nömrəli orta məktəbi bitirdikdən sonra evdə hərbi məktəbə getmək istədiyini bildirib. Lakin atası məsləhət bilib ki, Azərbaycan Texniki Universitetinə daxil olsun, burada həm müəyyən bir peşəyə yiyələnər, həm də hərbi rütbə alar, sonra xalqa hansı sahədə istəsə, orada xidmət edər. Belə də olur. Çingiz 1986-cı ildə həmin universiteti bitirdikdən və diplomla bərabər leytenant rütbəsi də aldıqdan sonra istehsalat sahəsində uzun müddət davam gətirə bilmir və hərbi sahəyə keçir. Adil müəllim xatırlayır ki, Çingiz bu barədə evdə heç nə demədən hərbi komissarlığa gedib və Milli Orduya yazılıb. Bir gün isə hərbi formada evə gəlib. Atası deyəndə ki, bala, sən evin tək oğlusan, sənin hərbi xidmətə getməyinə qanun yol vermir. Çingiz bunu könüllü şəkildə etdiyini deyir.

Beləcə, Çingiz 1992-ci ilin avqustunda əmək fəaliyyətini yarımçıq qoyaraq könüllü şəkildə torpaqlarımızın müdafiəsinə qalxır. Bir müddət ön cəbhədə torpaqlarımızı işğal etməyə çalışan Ermənistan Silahlı Qüvvələrinə qarşı mərdliklə vuruşur. 1994-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərilir. Əvvəlcə taqım komandiri, sonra bölük komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunur. 1995-ci il oktyabrın 28-də isə Bakı Metropolitenində baş vermiş dəhşətli faciə zamanı böyük vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək həlak olur.

Adil müəllim xatırlayır ki, yeganə oğlu olan Çingizin vaxtsız vəfatından sonra çox sarsılıb. Hətta bundan sonra necə yaşayacağını təsəvvürünə belə gətirə bilməyib. Ancaq ulu öndər Heydər Əliyev Çingizin təltif olunduğu Milli Qəhrəmanın Qızıl Ulduzunu ona təqdim edərkən bunu sezərək deyib: “Sən məğrur dayan, başını dik tut. Fəxr elə ki, belə oğul böyütmüsən. Övladın sənə baş ucalığı gətirib”. Bu sözlər Adil müəllimə böyük təsəlli olub.

Bu il oktyabrın 28-də həmin metro faciəsinin 20 ili tamam olur. Faciənin ildönümü günlərində onun qəhrəmanı Çingizi bir daha xatırlamağı lazim bildik. Bu gün metronun “Ulduz” stansiyasının qarşısında, eləcə də xidmət etdiyi  C.Naxçıvanski adına hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin büstü ucalır. Eyni zamanda, təhsil aldığı məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Hər gün minlərlə insan bu yerlərdən keçərkən Çingizlə qarşılaşır, onun unudulmaz və nəsillərə örnək olan qəhrəmanlığını xatırlayır. Heç şübhəsiz ki, ondan vətənpərvərlik dərsi alanlar da az olmur. Elə Azərbaycan da özünün bu cür qəhrəman oğulları ilə fəxr edir. Qəhrəmanlar isə heç zaman ölmür...

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında