Şəmkir: İdeoloji işə diqqət inkişafın bünövrəsidir

 

 

 

 

 

 

 

 

 

 

 


 

“Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıbdır.
Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk”

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 


 

Bir anlığa təsəvvür edin ki, rayon icra hakimiyyəti başçısının kürsüsündə orta məktəbin üçüncü sinif şagirdi əyləşib və “aparat işçiləri” ilə “müşavirə” keçirir. Kimisini danlayır, kimisini nümunə göstərir, bir başqasına konkret tapşırıqlar verir və sair. Başçının otağında yalnız şagirdlərdir. “Danlanılan” da onlardır, “tapşırıq” alan da, “təriflənən” də.

Təsvir etdiyimiz bu səhnə həqqətən baş verib və özü də Şəmkir Rayon İcra Hakimiyyəti aparatında. Hətta bu barədə qəzetimizdə  yazı da dərc olunmuşdu. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan bu tədbir Şəmkirdə böyük əks- səda yaratmışdı. Bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri də öz kürsülərini həmin gün məktəblilərin ixtiyarına vermişdilər. İnanırsınızmı, aradan 5 ay vaxt keçməsinə baxmayaraq, Şəmkir məktəbliləri hələ də “Bir günlük xəlifə” adlanan həmin tədbirdən danışırlar. Əslində, bu gün məktəb skamyası arxasında əyləşən gənclərə gələcəkdə yaxşı peşə sahibi, rəhbər işçi olmaq üçün nə etməyi mühazirə oxumaq, dərs deməklə də yola vermək olardı. Amma fikir verin, onun təsiri hara, bu tədbirin təsiri hara. Bax, əsl ideoloji iş budur!

... Alimpaşa Məmmədov maraqlı həmsöhbətdir. Onunla istənilən mövzuda danışmaq çox asandır. Çünki bütün sahələrdən  məlumatlıdır və hiss olunur ki, çox mütaliə edir. Amma nədən danışırsa danışsın, hər kəlməsi Şəmkir  və şəmkirlilər, onların günü- güzaranının daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədədir. “Deyəsən, bu işlərin başında ideoloji iş dayanır, elə deyilmi?”— sualıma gülümsəyərək cavab verdi:

— Mən də elə bilirdim bu iş hiss olunmur. Yaxşı ki, kənardan bunu görürsünüz... İdeologiyası, məramı, məqsədi olmayan iş cansız, mənasız, səmərəsizdir. İdeoloji işə daim önəm veririk. Bizim gündəlik fəaliyyətimizin önündə məhz bu iş dayanır. Bu olmasa, heç bir inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Birinci özümüzdən başlamışıq. Aparat işçisinin geyimindən tutmuş, davranışına kimi nümunəvi olmalıdır. Bunun özü də bir təsir vastəsidir, tərbiyəvi - ideoloji işdir. Ulu öndər 70- 80 - ci illərdə respublikada ideoloji işə çox böyük diqqət yetirib, bununla bağlı çoxlu qərarlar qəbul olunub, iş təcrübələri öyrənilib, müxtəlif irimiqyqslı tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlarda adamlarla səmimi görüşləri, söhbətləri özü bir nümunədir, ideoloji işin mühüm bir qoludur...

Alimpaşa müəllim bunları danışdıqca, onun ayrı- ayrı kollektivlərdə, yaşayış yerlərində keçirdiyi görüşləri xatırladım. Bu görüşlərin bir neçəsində iştirak etmişəm və düzü, başçının ən müxtəlif kateqoriyadan olan adamlarla, onların necə deyərlər, öz dilində danışmasının şahidi olmuşam. A. Məmmədovun ölkənin daxili və xarici siyasəti, dövlət başçımızın xalqın xoş güzəranı üçün gördüyü misilsiz işlər haqqında sadə dildə, özü də konkret faktlarla danışmasının adamlarda necə böyük coşqu və razılıq hissi oyatdığını görmüşəm.

 Rayon icra hakimiyyəti aparatı ilə Şəmkir əhalisi arasında yaranmış əlaqə, daha dəqiq desək, ünsiyyət ayrıca söhbətin mövzusudur. Onun formaları o qədər zəngin və rəngarəngdir ki, bir yazıda hamısı haqqında danışmaq,  mümkün deyil. Götürək elə sosial şəbəkələrdən istifadə etməklə yaradılan əlaqədən. Əvvəla, rayon rəhbəri özü bu şəbəkədən maksimum istifadə edir, adamların əhval- ruhiyyəsini öyrənir, problemlərdən, təşəbbüslərdən xəbərdar olur. Rayon icra hakimiyyətinin “Fecebook” səhifəsi, saytı özü qarşılıqlı ünsiyyətin çox gözəl bir nümunəsidir. Rayonun ayrı- ayrı müəssisə və təşkilatlarının da bu cür səhifələri var və heç biri də formal xarakter daşımır. Ümumiyyətlə, yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Şəmkir Rayon İcra Hakimiyyətinin bu sahədə qazandığı təcrübəni digər rayonlarda da yaymaq pis olmazdı. Rayonun nəbzi bu səhifələrdə vurur, – desək yanılmarıq. İdeoloji işdir? Əlbəttə, ideoloji işdir! Aparat işçilərinin, digərlərinin  ad günləri haqqında məlumat verilir və bəzən təbriklərə yüzlərlə, minlərlə adam qoşulur. İdeoloji işdirmi? Sözsüz ideoloji işdir, özü də ən təsirli, səmərəlilərindəndir.

İndi aparatın digər işçiləri də xeyli fəallaşıblar. Daha əvvəlki kimi təkcə icra hakimiyyəti başçısı deyil, müavinlər, şöbə müdirləri, hətta sıravi əməkdaşlar da yerlərdə olur, görüşlər keçirir, adamları dinləyir, vəziyyəti öyrənirlər. Bütün bunlar onlarda özlərinə inamı artırır, bütövlükdə dövlət qulluqçusunun yerlərdə nüfuzunu yüksəldir. Maraqlı, həm də təqdirəlayiq haldır ki, rayon rəhbəri aparatın hər bir işçisini ruhlandırır, onların potensial imkanlarını özlərinə deyir və bu məqsədlə mübarizə aparmaqlarını tövsiyə edir.

Tədbirlər tədbir xatirinə keçirilmir

Şəmkirin ictimai-siyasi həyatı o qədər maraqlı, rəngarəng olub ki, inana bilmirsən ki, bura, ilk növbədə, kənd rayonudur. Hərçənd rayon mərkəzi heç də bir sıra inkişaf etmiş şəhərlərdən geri qalmır, əksinə, bəzi hallarda onları üstələyir. Bir- birindən gözəl küçə və prospektlər, özünəməxsus görkəmi olan park və xiyabanlar, bərpa olunmuş tarixi abidələr, milli ornamentli binalar, fəvvarələr, bulaqlar şəhərə xüsusi görkəm verir. Hamısı da son vaxtlar qurulub, yaradılıb. Xidmət obyektləri, ictimai iaşə müəssisələrində adamlara göstərilən diqqət, yanaşma, davranış bir sıra böyük şəhərlərə əsl nümunədir. Bunlar gəlişi gözəl sözlər deyil.Kimdə zərrə qədər şübhə varsa, Şəmkirə dəvət edirəm. Qoy gəlib öz gözləri ilə görsünlər.

Rayon icra hakimiyyətinin başçısı Şəmkirə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq, hər cür neqativ hallara, ilk növbədə, rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə aparır. Rayonda onun bu prinsipial və dönməz mövqeyini hamı bilir. Büdcə vəsaitinin düzgün və təyinatı üzrə xərclənməsinə ciddi ictimai nəzarət var. Az qala hər qəpiyin haqq- hesabı aparılır. Belə olmasaydı, daxili imkanlar hesabına Çaparlı və Nərimanlı kəndlərindəki orta məktəblərdə əsaslı təmir işləri aparılaraq ən müasir standartlara cavab verən məktəblər istfadəyə verilməzdi. Maraqlıdır ki, indiyədək cari təmirlər üçün ayrılan vəsait onlarca məktəbdə xırda- para işlərə sərf olunurdu və dərs ili başlananda bu üzdəniraq “cari təmir” qətiyyən görünmürdü. Amma payon rəhbərinin təşəbbüsü və təklifi ilə bu il həmin vəsait iki məktəbin cari deyil, əsaslı təmirinə yönəldildi və nəticə də göz qabağındadır.

Şəmkir artıq təşəbbüslər, rəngarəng tədbirlər məkanına çevrilib. Başlıcası isə tədbirlər tədbir xatirinə keçirilmir, təşəbbüslər kağız üzərində qalmır. Hamısının böyük təsiri var və rayonda uğurla həyata keçirilən ideoloji işin mühüm tərkib hissələrindən biridir. Bu tədbirlərin hamısı haqqında danışmasaq da onların bəzilərinin adlarını çəkməklə oxucuda təsəvvür yaratmış olarıq.  “Əskər şöhrəti” ümumrayon tədbiri, Bakı şəhərində “Bölgələrdən paytaxta” layihəsinin təqdimatı, “Kitab oxuyaq”, “Ailə bayramı” və digər tədbirlər uzun müddətdir yaddan çıxmır və onların çoxu artıq ənənə şəklini alacaq. Bir fakt diqqət çəkir ki, bütün tədbirlərə rayon icra hakimiyyəti, rayon rəhbərinin özü nəzarət edir, bu işə cəlb olunanlara dəstək olur, onların hazırlıqları ilə maraqlanır, fərqlənənləri maddi və mənəvi cəhətdən mükafatlandırır. Litvanın Şəmkirlə qardaşlaşmış şəhəri olan Şaulyaya getməzdən əvvəl də, qayıtdıqdan sonra da nümayəndə heyəti ilə görüşməsi, onlara dəstək verməsi bir daha göstərdi ki, Alimpaşa Məmmədov ideoloji işə böyük önəm verir. ”Gənc Həkimlər birliyi",  “Gənc Müəllimlər Birliyi”, Gənclərin “Zəka” İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması və digər işlər də bilavasitə rayon rəhbərliyinin yaxından iştirakı və köməyi ilə ortaya-ərsəyə gəlib. Qeyd edək ki, bu xeyirxah təşəbbüslər əməlli-başlı səmərə verir və rayon əhalisi, o cümlədən gənclər razılıq edirlər. Təcrübəli həkimlərdən ibarət briqadalar ən müxtəlif kənd və qəsəbələrə gedir, adamları təmənnasız müayinə və müalicə edir, onlara yardımçı olurlar. Bilirsiniz kənd camaatı nə qədər razılıq edir?! Respublikada ilk təşəbbüs olan bu xeyirxah iş, yəqin ki, tezliklə digər şəhər və rayonlara da yayılacaqdır.

Eyni sözləri “Gənc Müəllimlər Birliyi”nin fəaliyyəti haqqında da demək mümkündür. Məhz bu birliyin xidməti sayəsində “ağıllı lövhə” lərdən daha səmərəli istifadə olunur. Hazırda 42 məktəb internet şəbəkəsinə qoşulmuşdur. Məktəblərdə 1072 fərdi kompüterdən, 122 noutbukdan, 109 proyektordan istifadə edilir. Ötən dərs ilində 5 məktəbdə elektron lövhə quraşdırılmışdır. Bu lövhələrin sayı yaxın vaxtlarda 70- ə çatdırılacaqdır. Əlbəttə,  bu işlər də  rayon rəhbərliyinin təşəbbüsü və köməyi ilə həyata keçirilir. Birliyin idarə heyətinə cəlb olunmuş müəllimlər öz bilik və bacarıqlarını pedaqoji ictimaiyyətlə bölüşür, yığıncaqlarda yeniliklər müzakirə edilir, qabaqcıl aparıcı müəllimlər üçün kurslar keçirilir, açıq dərslər təşkil olunur. Qeyd edək ki, bu dərslərdə rayon icra hakimiyyətinin işçiləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər. İcra hakimiyyətinin başçısı özü açıq dərslərdə tez- tez olur. Bütün bunlar pedaqoji kollektivlərin, müəllimlərin məsuliyyət hissini artırır, onları daha müasir təhsil sistemi ilə ayaqlaşmağa sövq edir.

“Şəmkir səbəti” də bir ideya idi, həyata keçdi...

Qeyd etdiyimiz kimi. Şəmkirdə  bir dənə də olsun maraqlı, səmərəli ideya elə təkcə ideya olaraq qalmır. Çox keçmir ki, insanlar onun səmərəsini əməlli- başlı hiss edir, görürlər. Yadımdadır, keçən ilin sonlarında kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü və satışını təmin etmək məqsədilə bələdiyyələrin nəzdində məhdud məsuliyyətli cəmiyyətlərin təsis ediməsi ideyası irəli sürüləndə bir çoxu ona o qədər də ciddi yanaşmamış, “bələdiyyənin nə gücü var?” – deyə işə girişməyə cəsarət etməmişdi. Amma ideyanı irəli sürən, həm də ona hərtərəfli dəstək verən rayon rəhbərliyi onun səmərə verəcəyinə  əmin idi. Budur, aradan cəmi bir neçə ay keçib. Artıq bu layihələr reallaşıb. Hazırda Sabirkənd MMC-nin tikinti materialları bazarı fəaliyyət göstərir. “Abad Şəmkir” MMC-nin su zavodunun inşası başa çatmış , yarım və bir litrlik qablarda saatda 3000 ədəd yüksək keyfiyyətli su istehsalına başlanılmışdır. Keçili və Qaracəmirli MMC-lərdə quşçuluq təsərrüfatları yaradılmışdır. Çənlibel bələdiyyəsinin təsis etdiyi Maral MMC istirahət mərkəzində tikinti işləri davam etdirilir. Çinarlı MMC-nin nəzdində “Şəmkir səbəti” adlanan, bütün standartlara uyğun və geniş infrastruktura malik olan “Yaşıl bazar”ın tikinti işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Ceyrançöl MMC-nin nəzdində 2000 hektardan çox torpaq sahəsində iri nümunəvi taxılçılıq- bitkiçilik təsərrüfatının yaradılmasına başlanılmışdır.

“Şəmkir Aqropark” layihəsi isə bir başqa aləmdir. Ölkə Prezidentinin təşəbbüsü və köməyi ilə inşa olunan bu nəhəng layihəyə indiyədək 30 milyon 286 min 692 manat investisiya qoyulmuşdur ki, bunun da 20 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmışdır. Bu ilin sonunadək işlərin birinci mərhələsi başa çatdırılmalıdır. Bu kompleksdə müasir istixana, şitilçilik, tingçilik, intensiv bağçılıq, meyvə – tərəvəz emalı, loqistik və aqroservis mərkəzi, soyuducu anbar, yaşıl market və fermer mağazaları, otel və digər infrasruktur müəssisələri inşa olunacaqdır.

... Şəmkir çox uğurlu bir yoldadır. Təbii ki, bu uğur ölkə Prezidentinin Şəmkirə xüsusi diqqət və qayğısı sayəsində yaranıb. Nə yaxşı ki, Azərbaycanın bu böyük rayonunda qayğı və diqqətə əməli işlə cavab verən insanlar var: təşəbbüskar, sözlə əməli bir olanlar.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında