Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayonunun sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə müəssisələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağında ətraflı müzakirə olunmuşdur.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov məruzə ilə çıxış edərək göstərmişdir ki, ölkədə müşahidə olunan dinamik inkişaf Qazaxda da aydın hiss olunur. Rayonda aparılan islahatlar bəhrəsini vermiş, yeni sosial layihələr həyata keçirilmiş, tikinti, abadlıq və quruculuq işləri artmış, insanların rifah halı daha da yaxşılaşmışdır. Rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Elektrik təchizatında problem yoxdur. Digər sahələr də inkişaf edir.
2015-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də xeyli iş görülmüşdür. Rayon təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olur. Təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda 20 şagirdə 1 kompüter düşür. Rayonda olan 47 məktəbdən 26-sı internet şəbəkəsinə qoşulmuşdur.
Ölkə Prezidentinin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyada Qazax məktəblliləri də iştirak etmiş və onlardan 35 nəfəri növbəti tura adlamışdır. 2015-ci ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 8 fənn üzrə 130 nəfər şagird iştirak etmişdir. Onlardan 2 nəfəri birinci yer tutaraq, Bakı şəhərində keçirilən respublika turunda iştirak etmiş, orada da fərqlənmiş və mükafatçılar sırasında olmuşdur.
Dövlət başçısının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla aparılmışdır. Müayinə nəticəsində 3269 nəfərə ambulator, 427 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 59 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 120673 nəfər olmuş, 3701 nəfər isə flüoqrafik və rentgen müayinəsindən keçirilmişdir. 9 ay ərzində 187 nəfər şəkərli diabet, 124 nəfər vərəm, 67 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyatına götürülmüşdür.
Bu ilin may ayında Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında qanvermə aksiyası keçirilmiş, 70 litr qan tədarük olunaraq “Mərkəzi Qan bankı”na göndərilmişdir.
Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Doqquz ay ərzində 15 yeni müəssisə yaradılmış, 369-u daimi olmaqla 619 yeni iş yeri açılmışdır. 2015-ci ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə 17 dövlət və 12 qeyri-dövlət müəssisələrindən 215 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 364 nəfər vətəndaşdan 224 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 123 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi, 2015-ci ilin doqquz ayında da uğurla davam etdirilmişdir. Bir sıra küçə və prospektlərdə, səkilərdə, dam örtüklərində təmir-tikinti işləri aparılmış, yol kənarlarına xeyli ağac əkilmişdir.
İllik istehsal gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmışdır. Hazırda ikinci hissəsində klinker istehsalı üzrə tikinti işləri davam etdirilir.
2014-cü ildə tikintisinə başlanılmış yeni kartof anbarında işlər tamamlanmışdır. Hər biri 480 kubmetr olmaqla, 4 anbar və 504 kvadratmetrlik beşinci anbar sahələri avtomatik idarə olunan soyutma, havalandırma və isitmə sistemləri ilə təchiz edilmişdir. Son texnologiyalar əsasında tikilib istifadəyə hazır vəziyyətə gətirilmiş bu anbar 5500 ton təzə kartofun müasir üsullarla öz keyfiyyətini saxlamasına ilboyu imkan verir.
Dövlət proqramına uyğun olaraq, Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün nazirliyin ekspertiza şöbəsinə göndərilmişdir. Tarix- Diyarşünaslıq muzeyinin binası sökülmüş və yerində daxili imkanlar hesabına müasir tələblərə cavab verən yeni binanın və eyni zamanda, Qazax Musiqi Məktəbi binasının tikintisinə başlanılmışdır.
Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə istinad divarları inşa olunur. Yapon səfirliyinin dəstəyi ilə Daş Salahlıda həkim məntəqəsi tikilir. Şəhərin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Respublika Prezidentinin sərəncamına uyğun olaraq 2015-ci ildə istifadəsi nəzərdə tutulan 9 ədəd subartezian quyusundan üçünün qazıntısı başa çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Rayonun kənd yaşayış məntəqələrində 40 kilometrdən də çox kənddaxili yollara qum-çınqıl döşənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq, köhnə xəstəxananın yerində 145 çarpaylıq yeni Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq rayonun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə, yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda yeni yaşayış məntəqəsində tikinti işləri sürətlə davam etdirilir və yaxın vaxtlarda obyektin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş və hazırda 78 ailə üçün yaşayış evləri tikintisinin sənədləşmə işləri aparılır. Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılması da nəzərdə tutulmuşdur.
2015-ci ilin 9 ayı ərzində 142 min ədəd ağac əkilmiş, onlardan 16 min ədədi Bakı–Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsinə düşmüşdür. Park və xiyabanlara, yol kənarlarına 35 mindən artıq gül kolları əkilmişdir.
2015-ci ilin 9 ayı ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən 27 səyyar görüş-qəbul keçirilmişdir. Bu görüşlərdə 18427 nəfər iştirak etmişdir. Bütövlükdə, bu dövrdə 272 təklif irəli sürülmüş, onların 123-ü icra edilmiş, 133 təkliflə bağlı əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Hesabat yığıncağında rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, qaz-istismar sahəsi rəisinin müavini İlkin Nəsibov, rayon elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov və başqaları çıxış etmişlər. Məruzədə və çıxışlarda Prezident İlham Əliyev tərəfindən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi tədbirlərin görülməsi hallarına toxunulmuş, ölkə başçısının sahibkarlığın inkişafı, onlara əngəl olan maneələrin aradan qaldırılması ilə bağlı gördüyü işləri fəal surətdə dəstəkləmişlər. Qeyd olunmuşdur ki, son günlərdə milli təhlükəsizlik nazirinin və nazirliyin bir qrup əməkdaşının vəzifədən kənarlaşdırılması, digər tədbirlərin görülməsi bir daha sübut etdi ki, vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq ölkədə heç kim məsuliyyətdən və cəzadan kənarda qala bilməz. Yaranmış vəziyyət onu göstərir ki, ölkə Prezidenti tərəfindən neqativ hallara qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə ardıcıl olaraq davam etdiriləcəkdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti” nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.