Regionlarda içməli su təchizatı layihələrinin icrası davam etdirilir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrası uğurla  davam etdirilir. Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər və  Daşkəsən  şəhərlərində tikinti-quraşdırma işləri sürətləndirilmişdir.

İcrasına 2015-ci ilin may ayında başlanılmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı 11 kəndin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bütövlükdə isə bu layihədən Tərtər rayonunun  47 min nəfər sakini faydalanacaq.

Layihəyə əsasən, Tərtər şəhərinə və ətraf kəndlərə içməli su subartezian quyulardan veriləcək. Bu məqsədlə layihələndirilmiş 9 ədəd subartezian quyusunun 4-də qazıntı işləri davam etdirilir. Bununla paralel olaraq Tərtər şəhərində ümumi tutumu 10 min kubmetr olan su anbarı  və buradan şəhərə qədər  3,6 kilometr uzunluğunda magistral su xətti inşa edilir. Tikinti-quraşdırma işləri başlanandan ötən müddət ərzində Tərtər şəhərində 110 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin 15 kilometrlik hissəsi tikilmiş və 700-ə yaxın  ünvana birləşmə verilmişdir. Ümumilikdə  2959 ünvan yeni şəbəkəyə qoşulacaq və bütün  abunəçilər smart  sayğacla təmin olunacaq.

Yeri gəlmişkən, Tərtər şəhərində kanalizasiya sistemi ilk dəfədir ki, yaradılır. İnşası nəzərdə tutulan 104 kilometr uzunluğunda ümumi kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsində işlər başa çatdırılmışdır.

İslam İnkişaf Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Daşkəsən  şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulur. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Bu layihə çərçivəsində  gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə bu layihədən 17,8 min sakin faydalanacaq.

Daşkəsən şəhərini, Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilmişdir. Hazırda Qarainək su  mənbəyində sugötürücü qurğunun tikintisi  həyata keçirilir.  Su mənbəyindən şəhərə qədər 20 kilometr uzunluğunda magistral su kəmərinin inşası yekunlaşmaq üzrədir.  Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 4500 kubmetr olan 4 ədəd anbarın 3-də və nasos stansiyalarında da tikinti quraşdırma işləri davam etdirilir. Layihədə nəzərdə tutulmuş 18,3 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin 4,2 kilometrlik hissəsində işlər başa çatmışdır. Bütölükdə isə 2560 ünvan yeni yaradılan şəbəkəyə qoşulacaq və abunəçilər smart sayğacla təmin olunacaqlar.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılır. Bu məqsədlə layihələndirilmiş 13,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 3 kilometrlik hissəsi inşa edilmişdir. Daşkəsən şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən,  “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində  Tərtər və Daşkəsən şəhərləri  ilə yanaşı, Gədəbəy, Astara, Qazax, Samux şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işləri davam edir, Qazax və Samux şəhərləri üzrə  layihələrin icrasına isə hazırlıq görülür.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında