Əmək qanunvericiliyinə dövlət nəzarəti gücləndirilir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına və işçi hüquqlarının təminatına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində cari ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

DƏMX-nin rəisi F.Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ilin ötən dövründə ölkəmizdə əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb. O, milli iqtisadiyyatın dinamik inkişafı şəraitində dövlət başçısının tapşırığına uyğun olaraq, əmək bazarına nəzarətin daim gücləndirilməsinin, əmək hüquqlarının etibarlı müdafiəsinin əsas fəaliyyət prinsipinə çevrildiyini vurğulayıb: “Cari ilin 9 ayı ərzində bu istiqamətdə nəzarət tədbirləri davam etdirilməklə yanaşı, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı ardıcıl təbliğat-maarifləndirmə işlərinin aparılması da diqqətdə saxlanılıb. Aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi, hesabat dövründə ayrı-ayrı müəssisələrdə dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13 202-yə enib”.

Qeyd olunan hüquq pozuntuları ilə bağlı görülən tədbirlərə də toxunan xidmət rəisi bildirib ki, həyata keçirilən dövlət nəzarətinin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması sahəsində yol verilən hüquq pozuntularının aradan qaldırılmasını təmin etməkdir. Son illərdə əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsinə nəzarət artırılıb. Əmək kollektivlərində aparılan ardıcıl maarifləndirmə tədbirləri zamanı da işçilər belə hallarla rastlaşdıqları təqdirdə məhz DƏMX-ə müraciət etməli olduqları barədə məlumatlandırılır: “Cari ilin yanvar-sentyabr aylarında həm dövlət nəzarəti, həm də vətəndaşların aidiyyəti üzrə müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox, yəni 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu məbləğin 93,6 faizini (1407267 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib”.

İşdən qeyri-qanuni azad olunan 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunduğunu qeyd edən F.Əlizadə iş yerlərində əməyin mühafizəsi norma və standartlarının yerinə yetirilməsinə nəzarətin  gücləndirildiyini də vurğulayıb. O, bildirib ki, xidmət tərəfindən cari ilin  yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel və sentyabr aylarında isə “Təhlükəsiz iş aylığı” keçirilib. O, ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayının 92 faiz azalaraq  2-yə enməsinə, habelə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində  xəsarət alanların sayının 35 faiz azalmasına səbəb olduğunu da vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, hesabat dövründə görülən işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Müsbət göstəricilərlə yanaşı, dövlət nəzarəti tədbirlərinin təşkili və həyata keçirilməsində yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında