Bu da bir ömür idi...

Azərbaycanın Xalq artisti  Nuriyyə Əhmədovanın  65  illik yubileyi ilə bağlı  yazmaq istəyirdim. Təəssüf ki, bənzərsiz  yaradıcılıq üslubu olan bu  aktrisa  haqqında  yazıını  tamamlamağa  ölüm  imkan  vermədi.

Nuiriyyə xanım ömrünün  son illərini, demək olar ki, əzablar içərisində keçirdi.  Tale ona  iki övlad dağı  çəkdirdi, ailəsi dağıldı. Xəstə canı ilə  sənətdən ayrılmaq, ölümü yaxına buraxmaq istəmirdi. Amma oktyabrın 10-u  günü  o, sevdiyi dünya ilə, sənəti ilə  vidalaşdı. Onsuz da ətrafında  heç kim  qalmamışdı...

Təbiətən  çox nikbin insan idi  Nuriyyə xanım. Onu yaxından tanıyanlar deyirdi ki, bir problemlə üzləşəndə yanına  qaçardıq, təsəlli alardıq. Bilirsiniz,  o anlarda adam necə dinclik tapardı. Ağıllı məsləhətləri, gülümsər  sifəti adama  xüsusi rahatlıq  verərdi.

Nuriyyə  xanım həm də  cürətli  sənətçi idi.  “Sahilsiz gecə”  filminə   rejissor Şahmar Ələkbərov  aktrisa axtaranda  çoxları  buradakı  Roza rolunu oynamağa  cürət etməmişdi. Amma Nuriyyə xanım  bu rola  çəkildi. O bu  filmə necə çəkilməsi barədə deyirdi: “Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi, sanki, sənətimin təməlini qoydu. “Mozalan”dan sonra aktyorlar, rejissorlar məni tanıdısa, o filmlə sənətkarlığım üzə çıxdı. Rejissorlar nəyə qadir olduğumu bildilər. Mən çox qapalı aktrisa idim. Çərçivədən çıxmırdım. Müəyyən yaş həddindən sonra fikirləşdim ki, axı niyə də utanmalıyam. Bu, mənim sənətimdir. Orda pozğun, əxlaqsız erməni qadın olan Roza obrazını yaratmışdım. İlk dəfə məhz o obrazın dili ilə Azərbaycan kinosuna açıq-saçıq söyüşlər gəldi. Xəcalət çəkirdim o sözləri işlədəndə. Çəkiliş zamanı Şahmar pavilyondan çıxırdı. Bilirdi ki, utanıram”.

Onun  rollarının hamısında  bir  özünəməxsusluq var. Hansı obrazı ifa edibsə, onu  sevərək yaradıb. Rasim Ocaqov Nuriyyə xanıma  “Həm ziyarət, həm ticarət”  filmində Nuriyyə  rolunu vermişdi. Bu, onun kino yaradıcılığında ən  böyük  rolu idi. Nuriyyə xanım deyirdi ki,  mən Bakıda doğulsam da, əslən  Şəkiliyəm. Bu rolda mən özümü tapdım. Nuriyyə  elə onun kimi sadə, səmimi  bir qadın  obrazıdır.

Ona həvalə olunan  rolların əksəriyyəti  epizodik obrazlardır. Amma o, heç vaxt bundan  şikayətlənməzdi. Zarafatla deyərdi ki, kiçik açarla  böyük qapılar açmaq olur. Doğrudan da, bu kiçik rolları ilə  o, böyük tamaşaçı kütləsinin qəlbinə yol tapa  bilirdi. Məsələn, elə “Bəxt üzüyü”  filmində adi bir falçı qadın rolunda  çəkilib. Kiçik roldur. Amma  böyük həqiqətlər daşıyıcısıdır.

Müsahibələrinin birində Nuriyyə  xanım   kinoya  gəlişini belə şərh edib: “Mənim kinoya gəlişim 1982-ci ildə “Mozalan”la başlayıb. O redaksiyaya həmişə borcluyam. Çünki bütün rejissorlar məni oradan tanımağa başladı. Mən heç vaxt kiçik roldan qaçan olmamışam. Bəzən mənə deyirlər, “siz daha çox kiçik epizodlara çəkilirsiniz, bundan nə zövq alırsınız?” Kinonun qaydası budur. Məncə, bunun dəxli yoxdur. Sözünü deyən aktrisa epizodla da deyə biləcək. Bu, Allahın vergisi adlandırdığımız istedaddan asılıdır. Əgər sən tamaşaçını özünə cəlb etməyi bacarırsansa, demək o işin öhdəsindən gələ bilirsən. Mən bəziləri kimi demirəm ki, artıq sözümü demişəm. Xeyr, insan heç vaxt ömrünün axırına kimi sözünü deyib  qurtarmır. O sözü deyən sənətkara mən sənətkar demirəm. Bu, düzgün anlayış deyil. İnsan ömrünün axırına kimi öz sözünü tam  demədən bu həyatdan gedir. Ümumiyyətlə, mənəm-mənəmlik düzgün deyil. Bu həyatı sənə Allah verir ki, yaşayasan".

Bəli, Nuriyyə xanım  heç kimsədən  təmənna güdmədən ömrünü  başa vurdu. Həyatının  son illəri ağrılı  keçsə də, buna da  qeyrətlə  dözürdü. Yaxşı ki, sənət dostları ona həyan olurdu. Kinorejissor Vaqif Mustafayevdən  çox razılıq edirdi. Deyirdi ki, çətin anlarımda mənə arxa durdu,  son  filmlərinin, demək olar ki, hamısında   məni  çəkdi.  Rejissor  “Yaramaz”, “Fransız”, “Hər  şey yaxşılığa doğru”, “Yoxlama”, “Milli  bomba” və  digər  filmlərdə  ona müxtəlif  səpkili rollar  həvalə  etmişdi.

Nuriyyə  xanım ilk əmək  fəaliyyətinə  Musiqili Teatrda  başlasa da, yaradıcılığı kinostudiya ilə bağlı olub. Kinoda  80-dən  çox  rol oynayıb. Bu  rolların hamısında  aktrisanın ruhu yaşayır. Onlar kino tariximizin Nuriyyə Əhmədovanın adı ilə bağlı  yaddaqalan,  ölməz yadigarlarıdır.

Arzuladığı  rollar  çox idi. Tale onunla amansız davrandı, kədərli hadisələrlə üzləşdirdi. Əbədi  qalan  isə təkcə xalqın bu  istedadlı  sənətkara  böyük sevgisi oldu.

M. MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında