Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun da davamlı inkişafını təmin edib. Rayonun kəndlərində geniş tikinti-quruculuq işləri aparılır, müasir yollar çəkilir, məktəb binaları və digər sosial obyektlər istifadəyə verilir.
Rayon mərkəzindən 60 kilometr aralıda yerləşən Tivi kəndi qədim tarixi, özünəməxsus adət-ənənələri, zəngin təbiəti, zəhmətkeş insanları və ziyalıları ilə tanınır. Aparılan quruculuq işləri Tivi kəndini abad yaşayış məntəqəsinə çevirib.
Kənd tam orta məktəbi müasir tələblərə cavab verir
Ordubadda bu gün təhsilin inkişafına xüsusi qayğı göstərilir. Gənc nəslin hərtərəfli təhsil alması diqqət mərkəzindədir.
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Tivi kənd tam orta məktəbinə gəlib, burada aparılan quruculuq işləri ilə maraqlanıb.
Məlumat verilib ki, 216 şagird yerlik məktəb binasında 4-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kompüter və müəllimlər otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kitabxana, idman zalı və açıq idman qurğuları vardır. Məktəb kitabxanasında 5 minə yaxın dərslik və bədii ədəbiyyat şagirdlərin istifadəsinə verilib. Kimya-biologiya və fizika laboratoriyaları ən müasir cihaz və sınaq-təcrübə avadanlıqları ilə təchiz olunub.
Sinif otaqları və kabinələr yeni tədris avadanlıqları ilə təchiz olunub, kompüter sinfində 19 kompüter quraşdırılıb və internetə qoşulub.
Elektron lövhəli sinifdə muxtar respublikanın 217 təhsil müəssisəsi ilə Hüseyn Cavidin ev muzeyi arasında videoəlaqə yaradılıb, distant dərs keçirilib.
Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, Vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman və hərbi hazırlıq dərslərinin mühüm rolu vardır. Tivi kənd tam orta məktəbinin lazımi əyani vasitələrlə təchiz olunan hərbi kabinəsi, geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin sədri deyib ki, Tivi kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılıb. Məktəbin zəngin təhsil ənənələri bu gün də davam etdirilir. Ötən tədris ilində məktəbin məzunlarından 10-u ali məktəblərə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplayıb. Bu gün məktəbdə yaradılan şərait təhsilin keyfiyyətinin yüksəldilməsinə və nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir.
Ali Məclisin sədri yaradılan şəraitin bundan sonra da öz bəhrəsini verəcəyinə əminliyini bildirib, qazanılan nailiyyətlərə görə məktəbin pedaqoji kollektivinə təşəkkür edib.
Müəllim Afət Xanəliyeva minnətdarlıq edərək deyib ki, bu gün Tividə hərtərəfli şəraiti olan məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafına və gənclərin hərtərəfli formalaşmasına göstərilən qayğının real ifadəsidir. Kənd məktəbində yaradılan şərait şagirdlərin yaxşı təhsil almasına, vətənpərvər ruhda böyüməsinə geniş imkanlar açıb. Müəllimlər müasir tədris vasitələrindən istifadə etməklə kənddə təhsilin səviyyəsini daha da yüksəldəcəklər.
Kənd mərkəzi
Həmin gün Tivi kənd mərkəzi istifadəyə verilib.
Ali Məclisinin sədri Vasif Talıbov Tivi kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ordubad rayonunun ucqar dağ kəndlərindən biri olan Tivi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Səfalı təbiəti olan Tivi kəndində insanların rahat yaşaması, məskunlaşmanın artması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.
Tivi müasir Azərbaycan kəndinə çevrilmişdir. Kənddə məktəb binası, həkim ambulatoriyası, xidmət mərkəzi, dövlət qurumlarının fəaliyyət göstərməsi üçün kənd mərkəzi tikilərək istifadəyə verilmiş, yolu abadlaşdırılmış, elektrik enerjisi və təbii qazın verilişi təmin edilmiş, müasir rabitə xidməti yaradılmış, poçt bölməsi açılmışdır. Bir sözlə, Tividə əhaliyə nümunəvi xidmət göstərilməsi üçün bütün imkanlar vardır. Bu da insanların vaxt itkisinə yol vermədən öz problemlərini kənddə həll etməsinə imkan verəcəkdir.
“Tivi kəndinin abadlaşması ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir. Eyni zamanda, bu tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, insanların ucqar dağ kəndlərində də rahat yaşamasına xidmət edir”, - deyən Ali Məclisin sədri kəndin inkişafında xidməti olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, üçmərtəbəli binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və iclas zalı vardır.
Kəndlərdə baytarlıq xidmətinin düzgün təşkili xəstəliklərin qarşısının alınmasında, heyvandarlığın və arıçılığın inkişafında mühüm şərtdir. Kənd mərkəzində baytar həkimlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, baytarlıq məntəqəsi lazımi dərman vasitələri və soyuducu ilə təmin olunubdur.
Tivi kəndində əsas təsərrüfat sahələrindən biri arıçılıqdır. Hər il kənddə bol və keyfiyyətli bal istehsal olunur. Baytar həkimlər mütəmadi olaraq arıçılarla görüşür, onlara dərmanlar verilir. Həmçinin kənddə heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Rabitə evi binanın birinci mərtəbəsindədir. Burada 384 yerlik müasir tipli ATS quraşdırılıb, poçt fəaliyyəti və internetin verilməsi təmin olunub. Mərkəzdə kənd kitabxanası üçün də müasir şərait yaradılıb. Hazırda kitabxananın fondunda 12 min 408 kitab vardır.
Tivi kənd bələdiyyəsinin sədri Oruc Hüseynov bildirib ki, əvvəllər insanlar şəhərdə məskunlaşmağa üstünlük verirdilər. Lakin son illər kəndlərin abadlaşması, yeni iş yerlərinin açılması, təsərrüfatların inkişafı üçün dövlət tərəfindən verilən dəstək, bir sözlə, kənddə şəhər rahatlığının yaradılması insanların yurd-yuvalarına bağlılığını artırıb. Bu gün Tivi kəndi də insanların rahat yaşadığı, məskunlaşmanın ilbəil artdığı yaşayış məntəqəsidir.
Kənd həkim ambulatoriyası
Əhalinin sağlamlığının qorunması ölkəmizdə diqqət mərkəzində saxlanılır. Yaşayış məntəqələrində yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir, sakinlərə müasir tibbi xidmət göstərilir.
Bu tədbirlərin davamı olaraq oktyabrın 12-də Tivi kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Xəstəxana tipli ambulatoriya binası üçmərtəbəlidir. Binada 12 xidməti otaq, o cümlədən baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, feldşer, qeydiyyat, tibb bacısı, sanitar otaqları, stomatoloq üçün kabinə, palata və aptek vardır. Otaqların hər biri təyinatına uyğun tibbi avadanlıq və zəruri inventarlarla təchiz edilib. Hazırda ambulatoriyada 5 tibb işçisi sakinlərə xidmət göstərir.
Ali Məclisin sədri səhiyyə xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.
Xidmət mərkəzi
Tivi kəndinin sakinlərinin üz tutacağı yeni ünvanlardan biri də Xidmət mərkəzidir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərkəzin də açılışını edib.
Məlumat verilib ki, mərkəzdə ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza və ət satışı yeri fəaliyyət göstərir. Həmçinin, burada bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilib. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə yeni iş yerləri açılıb, 6 nəfər işlə təmin olunub.
* * *
Kəndin girişində 4 kilometr məsafədə yol yatağı genişləndirilərək qum-çınqıl qatı verilib, 3 selötürücü, 29 su keçidi qoyulub. Tivi və Parağa kəndləri arasında 8 kilometr məsafədə fiberoptik, kənd daxilində isə 2100 metrlik rabitə və 1 kilometrlik elektrik xətləri çəkilib.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.