Nadir Mir İbrahim oğlu Seyidov

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.

Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kimya elmləri doktoru, professor Nadir Mir İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Nadir Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950-1955-ci illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır. Nadir Seyidov 1957-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Ümumittifaq Elmi– Tədqiqat Olefinlər İnstitutunda başlayan Nadir Seyidov 1961-ci ilədək burada laborant, kiçik elmi işçi, bölmə rəhbəri və şöbə müdiri, 1961-1992-ci illərdə İnstitutun “Elastomerlər” laboratoriyasının müdiri, 1992-1994-cü illərdə “Elastomer” kiçik müəssisəsinin direktoru, 1995-1997-ci illərdə Elmi istehsalat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 1997-2008-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışmışdır. O, eyni zamanda 2007-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsi katibinin müavini və akademik-katibi vəzifələrini tutmuş, 2013-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir.

Nadir Seyidov 1960-cı ildə neft kimyası ixtisası üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1971-ci ildə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Nadir Seyidov neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə səciyyələnmişdir. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr işlənib hazırlanmış, eləcə də sintetik yağlar və aşqarlar alınması istiqamətində geniş tədqiqat işləri həyata keçirilmişdir. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların alınması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır.

Nadir Seyidov 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunmuş və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanmışdır.

Nadir Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermişdir. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almışdır. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Nadir Seyidovun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, gözəl pedaqoq və səmimi insan Nadir Mir İbrahim oğlu Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV,
Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV ,
Fatma ABDULLAZADƏ, Akif ƏLİZADƏ,
Mikayıl CABBAROV, İbrahim QULİYEV,
İsa HƏBİBBƏYLİ, Tofiq NAĞIYEV, Dilqəm TAĞIYEV,
Rəfiqə ƏLİYEVA, Abel MƏHƏRRƏMOV,
Vaqif FƏRZƏLİYEV, Vaqif ABBASOV, Akif ƏZİZOV,
Fuad ƏLİYEV, Məhərrəm MƏMMƏDYAROV,
Kamil SADIXOV, Musa RÜSTƏMOV,
Ağadadaş ƏLİYEV.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında