NEFTÇALA: Güzəran yaxşılaşanda ovqat da yüksək olur

Danılmaz həqiqətdir ki, güzəranı yaxşı olanın ovqatı da yüksək olur. Azərbaycan dövlətinin sosial sahəyə daimi diqqəti sayəsində ölkəmizdə yoxsulluq səviyyəsi azaldılır, vətəndaşların həyat şəraiti ilbəil  yaxşılaşır.

Əhaliyə yüksək qayğının dəyişməyən sosial və mənəvi vəzifə sayıldığı rayonlardan biri də Neftçaladır. Burada son illərdə minlərlə yeni iş yeri yaradılıb, sakinlərin məşğulluğu lazımınca təmin edilib. Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu yöndə geniş fəaliyyət göstərən əsas qurumdur. Dövlət qayğısına ehtiyac duyan ahıl və tənha sakinlər, müharibə veteranları, azarlılar çevrələrini heç vaxt boş görmür, zəruri yardımla təmin olunurlar. Son vaxtlarda onlar neçə-neçə mənzillə, minik avtomobili ilə təmin ediliblər. Ehtiyacı olanlara protez-ortopedik bərpa xidməti göstərilib: əlil arabası, eşitmə aparatı, xüsusi yataq ləvazimatı verilib.  Reabilitasiya vasitələri də genişlənir. Mərkəzdəki Sosial Məişət Xidməti sektorunun fəaliyyəti tənha, ahıl və əlillərə sosial xidməti yüksək səviyyədə təşkil edir. Rayon ərazisində yaşayan bütün tənha, ahıl vətəndaşlar bu sektorun xidmətindən bəhrələnir. Onlar rayon rəhbərliyi, müxtəlif xeyriyyəçi təşkilatlar və insanlar vasitəsi ilə mütəmadi olaraq yad edilir, bayram tədbirlərinə dəvət olunaraq yardım və hədiyyələr alırlar.

Ötən ilin ilk yarısında rayonda ünvanlı sosial yardım üçün 695 ailə ərizə vermişdisə, bu ilin əvvəlində 690 ailə müraciət edib. Bunlardan 531 ailəyə (əvvəlki ildə 438 ailəyə) sosial yardım təyin olunub, 159 ailəyə isə (2014-də 257 ailəyə) imtina edilib.  Əgər əvvəlki ildə hər ailəyə düşən sosial yardımın orta aylıq məbləği 127,47 manat, hər bir ailə üzvünə düşən məbləğ 27,69 manat olmuşdusa, cari ilin ilk yarısında həmin rəqəmlər müvafiq olaraq 159,09  və 34,65 manat olub. Sosial yardım təyin olunan 531 ailə 2438 ailə üzvündən (ailələrin orta ölçüsü 4,59 nəfər) ibarətdir.  Onların təxminən yarısı 18 yaşadək uşaq, dörddəbiri işləyən, 138 nəfəri pensiyaçı, 201 nəfəri üç və daha çox uşağı olan, 387 nəfəri güzəştli, 73 nəfəri əlil, 8 nəfəri müharibə əlilidir, 55 ailə bir yaşadək uşağı olanlardır. Hazırda Neftçalada 955 aztəminatlı ailənin 4440 üzvü ünvanlı dövlət sosial yardımından bəhrələnir. 

Dövlət başçısının “Fəxri adlara görə aylıq təqaüdün artırılması haqqında” sərəncamının, “Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə”, “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün artırılması haqqında”, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanlarının icrası ilə əlaqədar zəruri tədbirlər reallaşdırılıb. Hazırda mərkəzdə 219 nəfər yaşa görə müavinət alanların hər birinə 60 manat, 185 nəfər I qrup əlilin hər birinə 67 manat, 494 nəfər II qrup əlilin hər birinə 50 manat, 593 nəfər III qrup əlilin hər birinə 43 manat, 440 nəfər sağlamlıq imkanı məhdud 18 yaşadək əlil uşağın hər birinə 67 manat, 588 nəfər Qarabağ və Əfqanıstan müharibəsi iştirakçılarının hər birinə 45 manat, 255 nəfər ailə başçısını itirməyə görə müavinət alanlara 18 yaşadək hər övladına görə 55 manat, 4 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 50 manat məbləğində sosial müavinət təyin edilib və vaxtlı-vaxtında ödənilir.

Prezident İlham Əliyevin 17 mart 2014-cü il tarixli fərmanına əsasən müharibə veteranı adı almış şəxslər üçün sosial müavinətin məbləği 37 manatdan 45 manata qaldırılıb. Bu fərmanla I, II və III qrup müharibə əlillərinə təyin edilmiş Prezident təqaüdünün məbləği artırılaraq müvafiq surətdə 110 manatdan 150 manata, 85 manatdan 130 manata, 60 manatdan 100 manata qaldırılıb. Həmin tarixli digər fərmanla ümumi xəstəliklə əlaqədar I qrup əlillərə 60 manat məbləğində Prezident təqaüdü təsis edilib. 2014-cü ilin aprelindən qüvvəyə minmiş hər üç fərman vətəndaşlarımız tərəfindən hədsiz razılıqla qarşılanıb.

Azərbaycan Respublikasının 29 oktyabr 2013-cü il tarixli Qanunu ilə beşdən çox uşağı olan qadınlara da sosial müavinət təsis edilib. Sosial müavinətin məbləği 1-18 yaşında olan hər uşaq üçün 30 manat məbləğində müəyyən edilib. Neftçalada ümumilikdə 16 ananın 48 uşağına ayda 1440 manat müavinət ödənilir.

Bu ilin əvvəlindən məişət xidməti göstərilən 139 nəfərin 112 nəfəri qadın, 27 nəfəri kişidir. İlk yarımildə 10 nəfər vəfat etdiyi üçün xidmətdən çıxarılıb, 8 nəfər isə xidmətə qəbul edilib.

Mərkəzin direktoru Zaur Kərimov:

– Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasətin nəticəsidir ki, sosial müdafiə tədbirləri yüksələn templə davam  edir. Mütərəqqi dünya təcrübəsindən faydalanmaqla yoxsulluğun aradan qaldırılmasına, aztəminatlı ailələrin güzəranının yaxşılaşdırılmasına ciddi təkan verilir.

Mərkəzimiz Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ən yaxşı müəssisə” müsabiqəsində qalib gəlib. AHİK İcraiyyə Komitəsinin 2009-cu ilin noyabrında qəbul etdiyi qərara əsasən hər il sahələr üzrə analoji baxış-müsabiqələr keçirilir. Ötən ilin yekunlarına görə, DİİXİ həmkarlar ittifaqının üzvü olan qurumlar arasında məhz Neftçala ƏSMM fərqlənib.

Nazirliyimiz (ƏƏSMN) respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə  və sağlamlıq  imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir. Məlumat üçün qeyd edim ki, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki  briqada  hələ iyul ayında Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında olmuş, 30-dan çox şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərmişdir.

Həmin mərkəzin əməkdaşları sentyabrın 30-da yenidən rayonumuza gələrək protez-ortopedik xidmətləri davam etdirdilər. Xidmət göstəriləcək şəxslər əvvəlcədən qeydiyyata alınmışdı. Xeyirxahlıq missiyası icraçılarının sayəsində onlar protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olundular. Həmin gün ərzində ümumilikdə 50-dən çox xəstəyə aşağı ətraf protezləri, ortopedik ayaqqabılar və müxtəlif reabilitasiya vasitələri verildi. İki isə xəstənin ilkin olaraq müraciəti qəbul  edildi və onlar da qeydiyyata alındılar.

Biz daim çalışırıq ki, qapımızı açan heç bir vətəndaş məmur özbaşınalığı ilə üzləşməsin. Onların dövlət idarəetmə orqanlarına inamı daim artsın. Hər bir mütəxəssisimizin başlıca amalı məhz buna nail olmaqdır. Təsadüfi deyil ki, unudulmadığı üçün sevinən guşənişin olmadığına görə fərəhlənən neçə-neçə soydaşımız dövlətimizin başçısına dərin minnətdarlıq duyğularını dilə gətirir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında