Dünyanın hər yerində müəllimlik şərəflı peşə hesab olunur. Çünki insan övladı məhz müəllimlərin köməyi ilə dünyanı dərk etməyə başlayır, həyatın sirlərinı, təbiət və cəmiyyət qanunlarını öyrənir. Ona görə də Beynəlxalq Müəllimlər Gününün təsis edilməsi təsadüfi deyil. 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir.
Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunduğu halda, bəzi ölkələrdə bu gün müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də 5 oktyabr çoxminli müəllim ordusu üçün əziz gündür. Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır.
Ulu öndər Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirmişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə yüksək qayğı göstərmiş, təhsil işçilərinin maddi vəziyyətinin, rifahnın yaxşılaşdırılmasına çalışmışdır. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Müasir dövrdə Azərbaycanda əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir.Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüsləri xüsusilə qeyd olunmalıdır.
Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikri bu gün artıq reallığa çevrilmişdir. Təhsil işçilərinin əməkhaqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır. Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin yekunlarına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinə on min manat, “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn yüz müəllimin hər birinə beş min manat məbləğində birdəfəlik pul mükafatı verilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir.
Ölkəmizin 4539 ümumtəhsil məktəbində təxminən 160 minə yaxın müəllim dərs deyir. Ümumilikdə isə Azərbaycanda 7 minə yaxın təhsil müəssisəsində 200 minə yaxın pedaqoq çalışır. Demək, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Bakı şəhəri Binəqədi rayonundakı 244 nömrəli məktəbin müəllimləri də dövlətin bu qayğısını hiss edirlər.Bizim məktəbin müəllimləri arasında “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlmiş müəllimlər var. Məktəbimiz 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Müəllimlərimiz üçün hər cür şərait yaradılmışdır. Məktəbimiz yüksək səviyyədə təmir olunub, mükəmməl təchiz olunmuş fənn kabinetlərimiz, laboratoriyalarımız var. Bu il məzunlarımızın bir qismi yüksək ballarla ali məktəblərə qəbul olmuşdur.
Azərbaycan müəlliminin şərəfli adını daha da yüksəltmək hər bir müəllimin mənəvi borcudur.
5 oktyabr Müəllim Günüdür. Bu münasibətlə həmkarlarımızı təbrik edir, müstəqil Azərbaycanımızın yeni nəslinin yetişdirilməsində onlara uğurlar arzulayıram.
Yəhya ABBASOV,
Binəqədi rayonundakı
244 nömrəli məktəbin direktoru,
fəlsəfə elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.