Fransada nəşr edilən “Dieney” (Elzasın son xəbərləri) qəzeti Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin ölkəmizlə bağlı gerçəkliyi əks etdirməyən qətnaməsini cavablandıran, Azərbaycanın ədalətli mövqeyini geniş şərh edən məqalə ilə çıxış etmişdir. Qəzetin xüsusi müxbiri Jak Fortyenin Bakıdan hazırladığı “Azərbaycan avropalıların ittihamlarından qıcıqlanıb” sərlövhəli yazını oxuculara təqdim edirik.
Bakı, xüsusi müxbirimiz Jak Fortye:
Bazar ertəsi Azərbaycan parlamenti sentyabr ayının 10-da bu Qafqaz ölkəsində insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırmaq haqqında qərar qəbul edib. Avropa Parlamentinin qətnaməsinə cavab olaraq, rəsmi Bakı Avropanın Dağlıq Qarabağın işğalını və bir milyon qaçqın və məcburi köçkünü unutmasından təəssüfləndiyini bildirib.
“Bizə dərs keçən Avropa 130 min qaçqın problemini həll etmək iqtidarında deyil, biz isə artıq bir milyon qaçqın qəbul etmişik”, – Azərbaycan parlamentinin sədri Oqtay Əsədov açıq şəkildə bildirib. Bu hiddətin səbəbi Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədir. Qətnamədə Avropa Şurasının üzvü olan bu ölkədə insan haqlarının pozulmasından təəssüf hissi ifadə olunur.
İkili standartlar?
Beləliklə, bazar ertəsi Azərbaycan parlamenti Strasburqdakı assambleya, həmçinin Avropa Parlamenti ilə Mərkəzi Avropa və Qafqazın yeddi ölkəsinin birgə orqanı olan Avronest ilə bütün əməkdaşlığı dayandırmaq haqqında qərar qəbul edib.
Bakıda hakimiyyət nümayəndələri ikili standartların mövcud olduğunu bildirirlər. “Bizi hüquq pozuntusu törətmiş iki-üç şəxsin saxlanılmasına görə qınayırlar, lakin ərazilərimizin 20 faizinin işğalı və bunun nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi heç kimi maraqlandırmır”, – iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev hiddətlə qeyd edir. Burada 1988-1994-cü illər arasında davam etmiş müharibə nəticəsində ermənilərin işğalı altına düşmüş Dağlıq Qarabağ və ətrafındakı yeddi rayona işarə edilir.
Bugünlərdə Bakıda səfərdə olmuş Fransanın Aşağı Reyn Departamentindən senator və Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Andre Rişar da bu məsələni dəfələrlə təkrar edib.
“Biz problemlərin mövcud olduğunu rədd etmirik”, – deyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov qeyd edir və “illər sonra həll yolunun tapıldığını” bildirir. O, “amerikan riyakarlığını”, “erməni lobbisinin Avropadakı təsirini”, “Rusiyanın, Azərbaycan istisna olmaqla, postsovet ölkələri üzərindəki nəzarətini” tənqid edir. Azərbaycan hökuməti xoşməramlı addım olaraq, Fransa parlamentinin üzvləri Andre Rişar, Natali Quli və Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeyə həbsdə olan üç “məhbusa” – “insan hüquqları müdafiəçisi” Leyla Yunus, vəkillər Rəsul Cəfərov və İntiqam Əliyevə baş çəkməyə icazə verib.
Nadir tapılan dini azadlıq.
Azərbaycan tənqidlərin qarşısını almaq üçün, ilk növbədə, özünün dini tolerantlığını təbliğ edir. Dini tolerantlığın həqiqətən real olduğu görünür ki, bu da müsəlman ölkəsinə xas olan cəhət deyil.
Qırmızı kərpiclərdən tikilmiş sinaqoqa girmək üçün ayaqqabıları çıxarmaq lazımdır. Azərbaycanın şimalında, Qubada yerləşən Qırmızı qəsəbədə bu nadir adət qorunub saxlanıbdır. Qırmızı qəsəbədə 5-6 min yəhudi yaşayır və onlar əhalisinin 95 faizi müsəlman olan ölkənin ən güclü icmasıdır. Onların rəhbərləri əminliklə təsdiq edirlər: yəhudilər bu ölkədə yaxşı yaşayır, müsəlman qonşuları və hakimiyyət qurumları ilə yaxşı münasibətlərə malikdirlər.
“Avropada dezinformasiya xarakterli məlumatlar olduqca çoxdur”,– Yevda Abramov hiddətlə bildirərək, əlavə edir: “Sovet hakimiyyəti dövründə bütün dinlər təqib olunurdu. Müstəqillik qazanıldıqdan sonra isə bu artıq belə deyil: sinaqoqlarımızı özümüzə qaytarıblar və biz dinc şəkildə öz dinimizə etiqad edirik”.
Azərbaycan parlamentinin deputatı olan cənab Abramov, eyni zamanda, Milli Məclisdə insan hüquqları komitəsinin sədr müavinidir. O, sinaqoqda Tövratın qədim əlyazmalarını göstərir. “Sovet hakimiyyəti dövründə yəhudi ailələri bu əlyazmaları gizlincə saxlayırdılar”, - icma üzrə məsul olan şəxslərdən biri izah edir.
Dağ yəhudiləri
Bu şənbə axşamı yəhudi təqvimi üzrə yeni il olan Roş Ha-Şana qeyd ediləcəkdir. Burada İsrailin “itkin düşmüş tayfalarının” törəmələri və ya İrandan gəlmələr adlandırılan “dağ yəhudiləri” bayrama hazırlaşırlar. Müsəlman icması artıq öz təbriklərini göndərib.
Bakıdan 170 kilometr aralıda, dənizin sahilindəki böyük mehmanxanada Roş Ha-Şana bayramının şərəfinə paytaxtda yaşayan yəhudilər üçün rəsmi qəbul, dini ayin və şam yeməyi təşkil olunub. İslam və xristian dininin yüksək səviyyəli təmsilçiləri də qonaqlar arasındadır ki, burada xristianlığı rus pravoslav kilsəsi təmsil edir.
Bununla belə, onlar bu mərasimə ona görə birlikdə gəliblər ki, Parisdə, Buksvilldə, sonra isə Strasburqda (Elzasın Son Xəbərləri, 8 sentyabr) Elzas regionunun dinlərarası komitəsində Bakıdakı dini naharlarda bal, alma, balıq və narı bir-biriləri ilə paylaşdıqlarını təsdiq etsinlər.
Sovet sosializminin 70 illik dövrü ərzində din durğunluq vəziyyətində idi ki, bu da, görünür, hazırkı dini azadlığın və konfessiyalar arasındakı xoş münasibətlərin səbəblərindən biridir. Fransalı müşahidəçinin fikrincə, bunun digər səbəbi isə Azərbaycandakı İslamın mötədil, qeyri-məcburi və dünyəvi xarakterli olmasıdır.
Əslində, hətta əgər Bakıda İslamın gücü çoxsaylı məscidlərdə və xüsusən tikintisi keçən il başa çatmış və dörd minarəsi şəhərin üzərində 95 metr hündürlüyə yüksəlmiş məsciddə təcəssüm olunursa da, hicablı qadınlara nadir hallarda rast gəlmək olar. Burada insanlar Qərb ölkələrindəki kimi geyinirlər. Heç kim spirtli içki qəbul etməkdən çəkinmir.
Dini etiqad azadlığı həm də etiqadın olmaması deməkdir. Nadir hallarda belə müsəlman ölkəsinə rast gəlmək olar ki, onun tanınmış deputatı və parlamentinin beynəlxalq münasibətlər komitəsinin üzvü olan Cavanşir Feyziyev açıq şəkildə və ucadan bəyan etsin: “Mən ateistəm və öz övladlarımı da ateist kimi tərbiyə edirəm, lakin dinlərə hörmət edirəm”.
Natali Quli və Eliz Lyuse: ölkəyə iki baxış...
“Mən bu yaxınlarda xanım Qulini televizorda gördüm” – Oqtay Əsədov gülümsəyərək, ötəri şəkildə qeyd edib. Bununla Azərbaycan parlamentinin sədri Eliz Lyusenin cari ilin sentyabr ayının 7-də Frans 2 telekanalında efirə getmiş “Cash İnvestigation”adlı proqramına işarə edib.
Eliz Lyuse... bəzi fransalı parlamentarilərin Azərbaycan hakimiyyətinə yaxınlığını tənqid edir və xüsusən senator Natali Qulinin belələrindən olduğunu bildirir. Quli bu yaxınlarda Bakıda səfərdə olmuş və həbsdəki bir neçə dustaqla görüşməyə nail olmuş fransız nümayəndə heyətinin üzvüdür. O vurğulayıb ki, əsas məsələ “Azərbaycanda parlament diplomatiyasının düzgün şəkildə tətbiq olunmasıdır”.
Neftin qiyməti aşağı düşür: “Biz buna adət etmişik”
Əgər Avropa neftin qiymətinin aşağı düşməsinə sevinirsə, Bakıda bu məsələyə daha təmkinli münasibət göstərilir. XIX əsrdə dünyanın ilk neft istehsalçısı olmuş Azərbaycanın iqtisadiyyatı əsasən karbohidrogen və qaz ehtiyatlarından asılıdır. Sovet dövrünün keçmiş dövlət neft konqlomeratının bazasında 1992-ci ildə yaradılmış ARDNŞ indi bütün dünyaya neft ixrac edir. Enerji sektoru ümumdaxili məhsulun, demək olar ki, yarısını təmin edir.
“Biz neftin qiymətinin yuxarı qalxmasına və aşağı düşməsinə adət etmişik”, – deyə ARDNŞ-in marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov fəlsəfi şəkildə fikir bildirir: “Bilirsiniz, bolşeviklər 1920-ci ildə Bakıya daxil olanda, neftin dünya qiyməti qat-qat yuxarı idi! Mən işğaldansa, neftin qiymətinin aşağı düşməsinə üstünlük verirəm”. Elşad Nəsirov gizlətmir: “Neftin qiyməti aşağı düşəndə, biz layihələri ixtisar edir və ya təxirə salırıq”...
Elzas turizm və iqtisadi əlaqələri inkişaf etdirməyə ümid bəsləyir
11-15 sentyabr tarixlərində Azərbaycana səfər etmiş fransız nümayəndə heyətinin tərkibinə Elzasdan iki “missioner”də daxil idi. İqtisadiyyat sahəsində “Fortwenger de Gertwiller” biskvit fabrikinin səlahiyyətli nümayəndəsi və ərzaq sənayesi regional assosiasiyasının (ARİA) baş katibi Jerar Riş distribyutor müəssisələr və mehmanxana şəbəkələri ilə əlaqə qurub. Turizm sahəsində Elzas regionunun və təbliğat agentliyinin (AAA) vitse-prezidenti Mari-Ren Fişer turizm operatorları və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qarşısında çıxış edib. Hökumət nümayəndələri, xüsusilə, Azərbaycana səfər etmək üçün vizaların alınması prosesinin sadələşdirildiyi haqda məlumat veriblər.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.