Prokurorluq dövlətçiliyin və qanunçuluğun etibarlı təminatçısıdır

1 Oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günüdür

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ulu öndərimizin təməlini qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirilir


 

Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq,
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi  prosesində fəal
iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları
yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında
prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə,
qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin
inkişafında əhəmiyyətli rol oynayırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblər səviyyəsində formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Prokurorluğunun fəaliyyətini daim yüksək qiymətləndirirdi. Ulu öndərin söylədiyi: “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı həmişə və hər yerdə ruh mənbəyimiz olmuşdur.

Hüquqi dövlət quruculuğunda Azərbaycanın dünyanın nüfuzlu dövlətləri arasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifahının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz  və şərəf işimizdir.

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğundan onlar xalqı bu yoldan yayındırmaq, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər. Ölkədə anarxiya və dağıdıcılıq siyasəti baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac verirdi. Bu dövrdə üzərinə qanunun aliliyini qoruyub saxlamaq vəzifəsi qoyulmuş prokurorluq orqanları da ciddi çətinliklər qarşısında qalmışdı.

Hakimiyyət böhranının yaşandığı və anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin  itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində tarixi müstəqilliyimiz üçün yaranmış bu təhlükə birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır. Həmin dövrün statistik məlumatlarından da göründüyü kimi, məqsədyönlü şəkildə cəzasızlıq şəraitinin formalaşdırılması nəticəsində cinayətkarlıq görünməmiş həddə çatmış və vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrilmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı respublikamızın hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun fəaliyyətində də əsaslı dönüş yaradılmasına səbəb olmuş, çox ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkilmişdir. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı vermişdir.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik normaların daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqət göstərmişdir. Ulu öndərin 1994-cü il avqustun 9-da “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ölkədə konstitusiyalı dövlət quruluşunun mühafizəsinə, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərindən qorunmasına yönəlmiş və cinayətkarlığa qarşı mübarizədə əsaslı dönüş yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarında qarşıya qoyulan vəzifələrin hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi, görülmüş kompleks və çevik əməliyyat tədbirləri 1994-cü ilin oktyabrı və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin aradan qaldırılmasını, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlərin qarşısının alınmasını, onların təşkilatçılarının ifşa olunmasını təmin etmiş, respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoyulmuş, müxtəlif bölgələrdəki qanunsuz silahlı dəstələr, dövlətçiliyə qəsdlər edən cinayətkar ünsürlər zərərsizləşdirilmişdir.

 Bu danılmaz bir həqiqətdir ki, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində prokurorluğun da xüsusi rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, qanunsuz silahlı dəstələri aşkarlayaraq ləğv etmək, təhlükəli cinayətlər törədənləri yaxalamaq və bu kimi digər mühüm vəzifələrin yerinə yetirilməsində digər hüquq-mühafizə orqanları ilə yanaşı prokurorluğa da arxalanmış və inanmışdır.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkən ulu öndər Heydər Əliyev bu vacib vəzifəni uğurla həyata keçirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquq İslahat Komissiyasının yaradılması barədə sərəncam imzalamışdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş demokratik və hüquqi islahatlar ölkənin hüquq sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə şərait yaratmış, dünya təcrübəsi nəzərə alınmaqla bir sıra mühüm qanunlar və məcəllələr qəbul edilmişdir.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni mərhələyə keçmişdir.

 Respublikamızın hüquq sistemində xüsusi yeri və mövqeyi olan prokurorluq orqanlarının yaranması 97 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövrünə təsadüf edir. Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin tərkibində prokurorluq orqanı təsis olunmuşdur. Bu dövrdən başlayaraq Azərbaycan prokurorluğu qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində çətin, lakin şərəfli yol keçmişdir.

Azərbaycanın milli prokurorluq orqanlarının bugünkü inkişafı yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı sayəsində mümkün olmuşdur. Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq onilliklər ərzində fəaliyyət göstərsə də, yalnız ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində onun tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanmışdır. Peşə bayramı gününün təsis edilməsi, eyni zamanda, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.

Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında 28 noyabr 1998-ci il tarixdə keçirilmiş Azərbaycan prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dərin məzmunlu nitq söyləyən ulu öndər  demişdir: “İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər”. Ümummilli liderin həmin müşavirədə prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır.

Ulu öndər Heydər Əliyevin ədalətə, humanizmə və insanpərvərliyə söykənən məhkəmə-hüquq islahatları son 12 ildə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə davam etdirilmiş, məhkəmə-hüquq islahatları ilə paralel şəkildə prokurorluq orqanlarının da insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, dövlət ittihamının tam demokratik, şəffaf və azad şəkildə həyata keçirildiyi ali instansiyaya çevrilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Son illərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarda da prokurorluğun cəmiyyətdəki rolunun gücləndirilməsinə hüquqi imkanlar yaradan göstəriş və tapşırıqlar öz əksini tapmışdır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman və “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli sərəncam da bu qəbildəndir. Bu mühüm sənədlər əsasında prokurorluq orqanlarının maddi-texniki bazası, iş şəraiti daha da yaxşılaşdırılmış, məhkəmələrdə dövlət ittihamının təşkili sahəsində ciddi keyfiyyət dəyişikliyi baş vermiş, insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmişdir.

2008-ci ildə prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi münasibətilə dövlət başçısı prokurorluğun fəaliyyətinə böyük qayğı göstərərək prokurorluq əməkdaşlarını və veteranları təbrik etməklə bu dövlət qurumunda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər prokurorluqda sağlam mühitin yaradılması üçün ciddi işlər görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirdiyini, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafındakı əhəmiyyətli xidmətlərini qeyd etmişdir.

Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramının icrası vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun yeni keyfiyyət müstəvisinə keçməsinə xüsusi zəmin yaratmışdır.

Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır.

Müstəqillik əldə etdikdən sonra “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusıya Aktının 4-cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Konstitusiya Aktının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlamışdır.

Həmin qanunların tətbiqi müstəqillik əldə etdikdən sonra yaradılmış Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanlarının fəaliyyətində bir çox çətinliklər yaratmışdır. Yalnız “Prokurorluq haqqında” və “Prokurorluqda qulluq keçmə haqqında” qanunlar qəbul edildikdən sonra Hərbi Prokurorluğun Azərbaycan Respublikası prokurorluq sistemində yeri və səlahiyyətləri müəyyən edilmişdir. Bu qanunlara sonradan edilmiş bəzi əlavə və dəyişikliklər işimizi müasir tələblərə uyğun qurmağa şərait yaratmışdır.

Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizə işinin təşkilində çevikliyin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə əmlakın talanması, hərbi xidmət əleyhinə, habelə, hərbi qulluqçular tərəfindən törədilən və ya hazırlanan digər cinayətlər barədə ərizə, şikayət, müraciət, əməliyyat-axtarış subyektlərinin məlumatları və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar əsasında yoxlamalar aparılması və müvafiq qərarların qəbul edilməsi kimi səlahiyyətlər verilmişdir. Bu qanunun qüvvəyə minməsi ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun strukturunda dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi, eləcə də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin tərkibində kriminalistika şöbəsi yaradılmışdır, bu da cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə müsbət təsirini göstərmişdir.

Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısı prokurorluq orqanlarının inkişafını həm də peşəkar prokurorluq əməkdaşlarının hazırlanmasından asılı olduğunu demişdir: “Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər Dövlət Proqramı”nın təsdiq edilməsindən sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması istiqamətində aparılmış məqsədyönlü tədbirlər nəticəsində onun strukturu daha da təkmilləşdirilmişdir. Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda struktur dəyişiklikləri edilərək kadrlar və hüquqi təminat, maddi-texniki təminat, xüsusi istintaq şöbələri, Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri ştatı təsis edilmiş, eləcə də Zaqatala Hərbi Prokurorluğu yaradılmışdır.

Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır. Konkret olaraq 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə; hərbi xidmətdən yayınma cinayətlərinin, o cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adam öldürmə cinayətlərinin sayı iki dəfəyədək azalmış, döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə qeydə alınmamışdır. Müsbət hal kimi qeyd edilməlidir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2015-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma, qəsdən sağlamlığa ağır zərər vurma, eləcə də korrupsiya cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.

Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çoxşaxəli tədbirlərin, eləcə də, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, 2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55 faiz, digər səbəblərdən ölümlər isə 10 faiz azalmışdır. 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalmış, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri, ümumiyyətlə qeydə alınmamışdır.

Müasir dövr korrupsiyaya qarşı effektiv mübarizə, yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini, səmərəli maarifləndirmə tədbirlərini və informasiya texnologiyalarından istifadənin genişləndirilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində dönməz qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirmiş, nəticədə ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əngəllərdən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha geniş vüsət almışdır.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il iyulun 13-də dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən, mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Respublika Hərbi Prokurorluğunda istintaqın keyfiyyətinin əsaslı surətdə yaxşılaşdırılması, cinayətkarlığa qarşı mübarizə işinin səmərəliliyini artırmaq məqsədilə kriminalistika şöbəsinə müasir standartlara cavab verən xarici ölkə istehsalı olan bir çox avadanlıqlar alınmışdır. Ərazi hərbi prokurorluqlarının hər biri baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı baxışını təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla, xüsusi nəqliyyat vasitələri ilə təchiz olunmuş, Respublika Hərbi Prokurorluğunun inzibati binasında kriminalistik laboratoriya və təlim-məşq otağı yaradılmışdır.

 

1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə, ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar 21 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası baş prokurorunun əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsi yaradılmışdır. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təmas xəttində Ermənistan Respublikası silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə qəsdən adam öldürmələrinə və buna cəhd edilmələrinə dair Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin istintaqı da aparılır. Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanaraq hüquq-mühafizə orqanlarına təhvil verildikdən sonra, həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır. Törətdiyi əməllərə görə A.Baqdasaryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. A.E.Baqdasaryanın törətdiyi cinayət əməlləri məhkəmə zamanı tam sübuta yetirilərək o, layiqli və ədalətli cəzaya məhkum edilmişdir. Hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi isintaq şöbəsində cinayətkar birliyin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.

Son illərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmaqdadır. Bu məsələdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi “Xocalıya ədalət!” kampaniyası bu gün Xocalı hadisələri barəsində dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasına xidmət edir. Beynəlxalq təşkilatlar və 50-dən artıq müxtəlif ölkələrin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlərin qəbuluna nail olunması Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniya parlamentlərinin Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıdılmasına imkan vermişdir. ABŞ-nın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko,  Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Konnektikut Florida kimi ştatları Xocalı soyqırımını rəsmən tanımış və böyük zəhmət tələb edən bu şərəfli iş nəticəsində ölkələrin sayı artmışdır.

Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk oluması, bütovlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu sahədə gələcək nəsillərə tutarlı dəlillərin və ətraflı məlumatların çatdırılması məqsədi ilə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun 19 iyul 2013-cü il tarixli əmrinə uyğun olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyi yaradılıb. Gənclərin, məktəblilərin, hərbi təhsil müəssisələri kursantlarının muzeyə vaxtaşırı ziyarəti təşkil edilir və burada onlara erməni millətçiləri tərəfindən xalqımıza qarşı zaman-zaman törədilən vəhşiliklər, qətliamlar haqqında geniş məlumatlar verilir. Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı tarixi hadisələri reallığı ilə özündə əks etdirən mərkəzdir. Fəaliyyətə başladığı dövrdən bu günə kimi muzeyi 4212 nəfər ziyarət etmişdir. Ermənistanın terror siyasəti ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Terror: hadisələr, faktlar, sübutlar” adlı kitab çap edilmişdir. Bundan başqa, bu il Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı günü ərəfəsində Respublika Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırım muzeyi ilə bağlı buklet hazırlanmışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu ilə birgə Respublika Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı muzeyi ilə əlaqədar kitab hazırlanır.

Hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompüter şəbəkəsi yaradılmışdır. Bu şəbəkə Hərbi Prokurorluğa vətəndaşların ünvanladığı müraciətlərin baxılması, gedişi və nəticələri barədə zəruri məlumatları əldə etməyə şərait yaradır, eləcə də ərizə və şikayətlərə baxılmasına gündəlik nəzarətin həyata keçirilməsi üçün böyük imkanlar verir. Vətəndaşların müraciətlərinə fərdi qaydada və hər birinə qayğı ilə yanaşılmaqla, bu sahəyə nəzarət xeyli gücləndirilmişdir. Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq şənbə və bazar günləri hərbi hissələrdə olur, hərbi qulluqçuları və onların ailə üzvlərinin müraciətlərinin baxılmasına daim diqqət göstərirlər. Bununla yanaşı, hərbi hissələrdə Respublika Hərbi Prokurorluğu tərəfindən etimad qutuları qoyulmuşdur ki, bu da öz növbəsində hərbi qulluqçuların hər hansı bir qanunsuzluqlara məruz qaldıqları halda müvafiq orqanlara vaxtında müraciət etmək hüquqlarından istifadə edə bilmələrini təmin edir.

 Azərbaycan Respublikası beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirdiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir zamanda Azərbaycan Hərbi Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi bir çox dövlətlərin hərbi prokurorluq orqanları ilə əlaqələrin inkişaf etdirilməsi və eyni zamanda, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində müəyyən işlər görülmüşdür. 2000-2015-ci illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndə heyəti Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində bu ölkənin hərbi ədliyyə korpusunun 300 illiyinə həsr olunmuş “Hərbi ədliyyənin ənənələri və gələcəyi” mövzusunda 8-ci və “Söz azadlığı, yanlış informasiyalar vermə, hərbi və polis qüvvələri daxilində tənqid” və “Hərbi cinayətlər və intizam işləri üzrə məhkəmə baxışı və apellyasiya” mövzularında keçirilmiş 10-cu Beynəlxalq konfranslarda, Fransanın Lion şəhərində beynəlxalq polis təşkilatı - İnterpolun təşəbbüsü ilə keçirilmiş “müharibə soyqırımı və insanlıq əleyhinə olan cinayətlər” üzrə ekspertlərin 1-ci konfransında, Türkiyənin Ankara şəhərində keçirilmiş Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) yaradılmasının 90, 95 və 100-cü ildönümlərinə həsr olunmuş simpozium və digər beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bununla yanaşı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə xarici ölkələrin prokurorluqları, məhkəmə, ədliyyə və hüquq mühafizə orqanları, beynəlxalq təşkilatları arasında səmərəli əlaqələr qurulmuşdur. Bu istiqamətdə görülən işlərlə əlaqədar Ukrayna Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti, ABŞ-ın və Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları, Qırmızı Xaç Beynəlxalq Təşkilatının nümayəndə heyəti, eləcə də, soyqırımı cinayətləri üzrə İtaliya və Macarıstan Respublikalarından olan beynəlxalq mütəxəssislər - Soyqırım Cinayətlərinin Qarşısının Alınması Beynəlxalq Təşkilatının Hamilər Şurasının rəhbərliyi, Azərbaycan lobbisi tərəfindən İsveçrə Konfederasiyasında yaradılmış işçi qrupu, Curat - Beynəlxalq cinayət hüququ üzrə vəkil ofisinin rəhbəri və s. beynəlxalq təşkilatların rəsmi nümayəndə heyətləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilmişdir.

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminat məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır. Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün lazımi iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Qazax və Zaqatala hərbi prokurorluqları üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, müasir tələblərə cavab verən iş şəraiti yaradılmışdır. Gəncə və Lənkəran hərbi prokurorluqlarının isə yeni inzibati binalarının inşasına başlanılmışdır.

Oktyabrın 1-i prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 97-ci ili tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun cəmiyyətdə yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin misilsiz əməyini minnətdarlıqla qeyd edirəm. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək. Hərbi prokurorluq işçiləri dövlətimizin əbədi yaşaması, səadəti, rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası baş prokurorunun müavini -
Azərbaycan Respublikasının hərbi prokuroru,
ədliyyə general-leytenantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında