Babək rayonunun Xal-xal kəndində kompleks quruculuq işləri aparılmışdır

Babək rayonunun Xal-xal kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Sentyabrın 22-də Xal-xal kənd avtomobil yolunun açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik etmiş, yolda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, tikinti işləri zamanı kənddaxili 3 kilometr yola asfalt örtük salınmışdır. Avtomobillərin, eləcə də piyadaların rahat hərəkəti üçün müvafiq yol-hərəkət nişanları quraşdırılmış, hərəkətin təhlükəsizliyi təmin olunmuşdur. Yolda 50 su keçidi tikilmiş, 1100 metr beton kanal çəkilmişdir.

Həmin gün Xal-xal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Tədbirdə məktəbin direktoru İlqar Quliyev çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində yeni məktəb binaları tikilir, maddi-texniki baza möhkəmləndirilir. Bu gün Xal-xal kənd tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşuldu. Məktəbdə yaradılan şərait gənclərin yaxşı təhsil almasına, onların hərtərəfli inkişafına imkan verəcəkdir. Müasir tədris şəraiti müəllimlərin üzərinə düşən məsuliyyəti daha da artırır. Kollektiv adından minnətdarlıq edən İlqar Quliyev yaradılan şəraitdən istifadə edərək təhsilin səviyyəsini yüksəldəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir”, - fikrini xatırladaraq demişdir: Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin tövsiyələrinə uyğun olaraq təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Hər il onlarla yeni məktəb binaları, universitet şəhərcikləri tikilərək ölkəmizin gələcəyi olan gənclərin istifadəsinə verilir.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.

Məlumat verilmişdir ki, üçmərtəbəli məktəb binası 192 yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.

Təhsil ocağında şagirdlərin asudə vaxtının səmərəli təşkilinə və biliklərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Məktəbin kitabxana fondunda 1300 latın qrafikalı dərslik və 1550 bədii ədəbiyyat olmaqla 2850 kitab vardır. Şagirdlər dərs saatlarında əldə etdikləri bilikləri burada daha da möhkəmləndirəcək, dünyagörüşlərini artıracaqlar.

Ali Məclisin sədri tədris prosesində kitabxana işinin düzgün təşkil olunmasının əhəmiyyətini qeyd etmiş, şagirdlərin kitabxanaya cəlb edilməsini tapşırmışdır.

Xal-xal kəndində yeni Kənd mərkəzinin istifadəyə verilməsi və dövlət qurumlarının bir binada yerləşdirilməsi də sakinlərin rahatlığını təmin etmişdir. Sentyabrın 22-də sözügedən mərkəzin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vasif İsmayılov demişdir ki, Xal-xal kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Bu gün kənddə insanların rahat yaşayışına xidmət edən ən müasir infrastruktur yaradılmışdır. Kənd tamamilə qazlaşdırılmış, bütün mənzillər fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, təsərrüfatların inkişafı və genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bunlar insanların torpağa bağlılığını daha da artırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Xal-xal kəndinin həyatında əlamətdar gündür. Kənddə yeni sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Hər bir kəndin abadlaşması orada insanların rahat yaşamasına xidmət edir. Xal-xal kəndində çəkilən yeni yol, tikilən məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi, poçt bölməsi, baytarlıq məntəqəsi və digər xidmət sahələri əhaliyə daha yaxşı xidmət göstərilməsinə, eləcə də onların rahat yaşayışına imkan verəcəkdir.

Həmin gün Xal-xal kəndində yeni Xidmət mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra Xidmət mərkəzinə baxmışdır.

Məlumat verilmişdir ki, Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Xidmət mərkəzinin fəaliyyətə başlaması sakinlərə göstərilən xidmətlərin səviyyəsini yüksəltmişdir. Burada kənddə yetişdirilən məhsullarla yanaşı, keyfiyyətli ərzaq və sənaye malları da satışa çıxarılır. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur. Ali Məclisin sədri demişdir ki, Xal-xal kəndi müasir yaşayış məntəqəsinə çevrilmişdir. Zəhmətkeş insanları və bərəkətli torpaqları olan bu kənddə aparılan kompleks quruculuq tədbirləri insanların rahat yaşayışına imkan verəcəkdir. Sakinlər yaradılan şəraitdən istifadə etməli, kəndin abadlığı, təmizliyi qorunub saxlanılmalıdır. Ali Məclisin sədri qarşıdan gələn Qurban bayramı münasibətilə sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır. 

Kənd ağsaqqalı Hamlet Bağırov sakinlər adından minnətdarlıq edərək demişdir: Xal-xal kəndində aparılan quruculuq işləri bütün sahələri əhatə etmiş, yollar abadlaşdırılmış, kənd və xidmət mərkəzləri, məktəb binası kəndə qəsəbə görkəmi vermişdir. Bu gün kənddə əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların inkişafı, insanların rahat və firavan yaşaması üçün hər cür şərait vardır. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Bu gün ölkəmiz davamlı inkişaf mərhələsindədir. Sabitlik və firavanlıq şəraitində yaşayırıq. Sakinlər göstərilən qayğının müqabilində daha səylə çalışacaq, ulu öndərimizin siyasi xəttinə daim sədaqət göstərəcək, ölkəmizin inkişafında, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.

Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 1100 metr yeraltı rabitə, 800 metr fiber-optik, 3 kilometrdən artıq elektrik xətti çəkilmişdir. Həmçinin yeni tikililərə 680 metr uzunluğunda qaz xətti çəkilmiş, 200 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında