Bölgələrdə həyata keçirilən iri infrastruktur layihələrinin ardıcıl icrası Azərbaycanın çox sürətlə inkişaf edən ölkə olduğunu aşkar göstərir. Astarada da tikinti-quruculuq və yol-abadlıq işləri geniş vüsət alıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu rayona hər səfərində mühüm obyektlərin, xüsusilə 2015-ci ilin aprelində dənizkənarı park-bulvarın, Deqədi-Pəlikəş avtomobil yolunun, çay emalı fabrikinin açılışında iştirakı və əhalinin firavan yaşamasına xidmət edən sərəncamlar imzalaması tərəqqini daha da sürətləndirib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tez-tez yerlərdə səyyar qəbullar keçirir, problemlərlə tanış olur və qaldırılan məsələlərə həssaslıqla yanaşır. Ucqar dağlıq ərazidə yerləşən Toradi, Hamoşam, Asxanakəran və Motlayataq kəndlərinin sakinləri ilə keçirilən görüşlərdə sıldırım və keçilməz qayalıqlar arasında salınmış yolların bərbad vəziyyətindən ciddi narazılıq ifadə olunmuş, həmin yolların qaydaya salınması üçün tədbirlər görülməsi xahiş edilmişdi. Vəziyyətin düzələcəyinə heç də hamı inanmırdı. Amma təxminən eyni relyefə malik olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlanması və açılışında ölkə başçısının şəxsən iştirak etməsi onların da inamını xeyli artırdı.
Nəhayət, ölkə Prezidenti aprel ayında Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar sərəncam imzaladı. Artıq bir neçə aydır ki, həmin sərəncamın icrası ilə əlaqədar böyük iş cəbhəsi açılıb. Müasir texnikanın köməyilə sıldırım dağlar yarılır, yol çəkilir. Qısa müddətdə keçilməz qayalıqlar dağıdılaraq təmizlənib, hamarlanan yollara çınqıl döşənib, bir sözlə, yataq işləri yüksək keyfiyyətlə aparılıb. Taxtanəkərandan Hamoşama qədər 20 kilometrə yaxın məsafədə yollar nəqliyyatın hərəkəti üçün tam normal vəziyyətə gətirilib. Toradi kəndinə qədər uzanan yollarda təmizlənmə və yataq işləri tezliklə başa çatdırılacaq.
Yeni avtomobil yolu daha da genişləndirilib, suötürücü kanallar qazılıb, suburaxan borular qoyulub. Kəndlərin sakinləri də yol çəkilişinə yaxından kömək göstərirlər. Ən müasir texnikadan - ağırtonnajlı yük maşınları, qayaları və daşları parçalayan ekskavator, buldozer və qreyderlərdən istifadə olunur. Nə qədər çətin və riskli olsa da, işlərin yüksək keyfiyyətlə başa çatdırılması üçün qüvvələr tam səfərbərliyə alınıb.
Sözügedən kəndlərin sakinləri ucqar dağlıq bölgəyə əsl diqqət və qayğıya görə Prezident İlham Əliyevə hamılıqla hədsiz minnətdardırlar.
Asxanakəran kənd sakini, “Tərəqqi” medallı müəllim Arif Əliyev:
-Ölkə rəhbərinin sərəncamı ilə bu dağlara təkcə gözəl yol deyil, yeni həyat, böyük rahatlıq və xoşbəxtlik bəxş olunur. Özünüz fikirləşin, əvvəllər rayon mərkəzinədək yolu iki saata qət edirdik. İndi vaxta xeyli qənaət olunacaq, üstəlik də tam rahatlığımız təmin ediləcək. Ümumiyyətlə, son illər ərzində rayon mərkəzində, qəsəbə və kəndlərdə iri infrastruktur layihələri ard-arda icra olunur. İcra başçımız Qəzənfər Ağayev bütün bu işləri gündəlik diqqət və nəzarətində saxlayır.
Kənd ağsaqqalı Ramiz Gənciyev:
-Hətta 95 yaşlı anamın “Mənim adımdan Prezidentə minnətdarlıq teleqramı göndər” deməsini eşitmək, doğrudan da, fərəhlidir. Hamımız yerdən-göyə razıyıq. Sevincimiz hədsizdir.
Kənd sakinlərindən Şirməmməd Fərəcov, Zülqədər Lələyev, Güləli Məlikov və başqaları da ölkə rəhbəri və onun tapşırıqlarını yerlərdə yüksək məsuliyyət və bacarıqla həyata keçirənlər haqqında ürək dolusu xoş sözlər söylədilər.
Bəli, böyük inkişaf yolunda olan Azərbaycanda son illərdə həyata keçirilən irimiqyaslı layihələrdən təkcə şəhər və qəsəbələr deyil, ən ucqar dağ kəndləri də bəhrələnir. Təkcə son 5 ildə Astarada salınan yüzlərlə kilometr asfalt yolun yarıdan çoxu dağ kəndlərinin payına düşür. Çox keçməyəcək ki, Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində yaşayan 20 mindən çox əhali, eyni zamanda, qonşu Lerik rayonunun Vılık, Vəcələgerə, Lodə, Kaqoy, Tülü, Hübi və digər kəndlərinin minlərlə sakini rahat asfalt yoldan istifadə edəcək. Nadir təbiət gözəlliyinə malik bu dağlıq əraziyə turist axını da güclənəcək.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.