Tərtər: cəbhə xətti yaxın olsa da...

Söhbət son vaxtlar əldə edilmiş dinamik inkişafdan, sosial-iqtisadi sahədə qazanılmış böyük uğurlardan gedir

Rayon icra  hakimiyyətində  hazırlanmış  arayış  nə  qədər  dolğun  və maraqlı olsa da,  hər  halda,  gözlə görmək, konkret  tanışlıq başqadır.  Ona görə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təklifi ürəyimizcə  oldu:

— Gedək, işlərin gedişinə  birlikdə baş  çəkək —  dedi.  — Onda özünüz görəsəksiniz ki,...

Rayon rəhbəri sözünü  tamamlamadı.  Görünür, o, bununla Tərtərdə indiyə  kimi görülüb  başa çatdırılmış  və   hazırda  da davam etdirilən  tikinti-quruculuq işlərinin  miqyasını diqqətimizə çatdırmaq  istəyirdi.  Ancaq sonra  nə fikirləşdisə bunu öz gözümüzlə görməyə,  şahidi  olmağa saxladı.

Getdik, gəzdik  və bir daha   şahidi olduq ki, doğrudan da, Tərtərdə  həyatın  axarı gurdur. Tikinti-quruculuq  və abadlıq  işləri  vüsət  alıb. Özü də quruculuq  işləri  təkcə  rayon mərkəzini deyil, cəbhə xəttində yerləşən bütün  yaşayış  məntəqələrini  də  əhatə  edir. Daha  maraqlı  bir  cəhət ondan ibarətdir ki,  yeni  tikilən  müxtəlif  təyinatlı binalar, salınan küçə və meydanlar yüksək zövq və  estetikadan xəbər verir. Burada  tarixlə müasirlik,  milli  və müasir elementlər  bir-birini tamamlayır.

Heydər Əliyev  prospekti şəhərin  mərkəzi  meydanı  öz  görkəmini  tamamilə  dəyişmiş,  daha  gözəl və müasir  olmuşdur. Hər şeydən  əvvəl,  artıq son  tamamlanma işləri gedən  və mərkəzi  meydana  xüsusi  yaraşıq  verən YAP  rayon  təşkilatının  və  şahmat  məktəbinin  yeni  inzibati  binaları  diqqəti  cəlb  edir. Hər iki bina öz orijinal  memarlıq  görkəmi  ilə maraq  doğurur.  Rayon  mədəniyyət evi  əsaslı  təmirdən  sonra  açılışa  tam  hazırdır. Yaxınlıqdakı üçmərtəbəli bina  da  öz görkəmini dəyişib. Burda  müxtəlif  idarə və müəssisələr yerləşir. Müxtəlif bəzək  daşları döşənmiş, ərazidəki fəvvarə,  bulaqlar,  nadir ağaclar,  güllər mərkəzi meydanı, az  qala, möcüzələr, əfsanələr  aləminə çevirmişdir. Meydanın baş tərəfində  isə xalqımızın böyük  oğlu, ulu öndər Heydər Əliyevin  əzəmətli heykəli ucalır.  Elə bil ki,  ümummilli  lider  qurucusu olduğu  bu ölkənin  bu günkü xoşbəxt  və azad gününü-güzəranını görür, ürəkdən  sevinir  və irəli  uzanmış əli ilə onun daha  xoşbəxt  və  işıqlı yolunu göstərir...

F.Qulami, M.Əsədov, M.Hüseynzadə, T.İsmayılov, V.Orucov, M.Mahmudov  küçələrinə də  baş çəkdik.  Onu da  əlavə  edək ki, bu küçələrin hamısı son vaxtlar  əsaslı  şəkildə  təmir olunmuş,  genişləndirilmişdir. Divarlar müxtəlif  bəzək  daşları  ilə üzlənmiş,  müasir işıq dirəkləri  quraşdırılmışdır. Bu  siyahıya son vaxtlar tikilmiş 100 yerlik  uşaq  bağçasını,  kənd  təsərrüfatı  idarəsinin inzibati-laboratoriya  binasını, Qapanlı  kəndində tibb  məntəqəsini  və s.  əlavə  edə bilərik.

Tərtərdə  daha  bir  vacib  infrastruktur  layihəsi  uğurla  həyata  keçirilməkdədir. Söhbət  İslam İnkişaf Bankının maliyyə  vəsaiti  hesabına  reallaşdırılan Tərtər  şəhərinin  və  ətraf 11  kəndin  içməli su və kanalizasiya  şəbəkəsinin tikintisindən  gedir.  Həm  içməli  su,  həm də  kanalizasiya  xəttinin uzunluğu 110  kilometrdir.  Layihənin 2016-cı ilin axırınadək  başa çatdırılması nəzərdə tutulmuşdur. Artıq indiyə kimi  işlərin 50 faizi  görülüb  başa çatdırılmışdır.

Olimpiya-İdman Kompleksi, Tərtər  çayı  üzərində  yeni  körpü  rayon  ərazisində  müvəqqəti  məskunlaşmış 1170  məcburi köçkün abidəsi  üçün qəsəbə,  Qaradağlı  —  Qapanlı  yolunun asfaltlaşdırılması çayın sahilində 2,5  hektar  ərazidə  yeni  park, 100 yerlik  uşaq  bağçası  və s. Sadaladığımız   obyektlərin  bəzilərinin  artıq bünövrəsi  qoyulub,  bəzilərinin  isə tikinitisinə  yaxın vaxtlarda  başlanılacaqdır. Deməli, rayonda  işin  ahəngi bir an  belə  səngimir. Qarşıda  yeni  hədəflər,  konkret  vəzifələr  dayanır.

Bir halda ki,  söhbət  dinamik  inkişafdan, müqayisəli təhlildən  düşdü,  onu  da bildirək ki,  cari ilin 6 ayı  ərzində  rayon  üzrə  ümumi  məhsul  buraxılışının  həcmi 69,5  milyon manat  təşkil  etmişdir.  Keçən  ilin müvafiq  dövrünə  nisbətən kənd  təsərrüfatının  ümumi məhsulu 8,4  faiz  artaraq 38,5  milyon manata,  sənaye  məhsulunun  həcmi 4,3  faiz  artaraq 2 milyon 949,8  min  manata,  informasiya  və rabitə  xidmətlərinin  həcmi 18,3  faiz artaraq 280  min manata  çatmışdır. İlin  birinci yarısında  rayonda bütün  maliyyə  mənbələri  hesabına əsas  kapitala  yönəldilən  investisiyaların  həcmi 3,6 milyon manat olmuşdur.

Sahibkarlığa  Kömək Milli  Fondunun  vəsaiti  hesabına 19  sahibkarlıq subyekti 222,2  min manat  kredit  almışdır.

Əhalinin  və iqtisadiyyatın  enerji və  içməli  su ilə   fasiləsiz  təminatı  üçün  aparılan  işlər  daha da sürətləndirilmişdir. 64 transformator,  141,3 kilometr  uzunluqda hava xətləri  əsaslı  təmir  edilmiş, 276 sayğac  quraşdırılmış, 71  dayaq  yenisi ilə  əvəz  olunmuşdur.  Tərtər  şəhərində 10 yeni  transformator  quraşdırılmışdır.   Çaylı  kəndində  məskunlaşmış  məcburi   köçkünlər  üçün yeni elektrik xətti  çəkilmişdir.  İstehlak  olunmuş  enerjinin  dəyərinin 92,1  faizi yığılmışdır.

Dövlət Proqramına uyğun olaraq,  kəndlərin  qazlaşdırılması  davam etdirilmişdir. Ümumiyyətlə,  son ilyarımda  rayonun 9 kəndinə təbii  qaz  xətti  çəkilmişdir. Hazırda 6 yaşayış  məntəqəsinə  qaz   çəkilir.

Qarabağ  müharibəsi  əlillərinin  və  şəhid  ailələrinin  mənzil  şəraitinin  yaxşılaşdırılması  məqsədilə  rayonda  tikilən 54  mənzilli, 6  mərtəbəli  yaşayış  binası  istifadəyə verilmişdir. Hazırda  ev  növbəsində  olan 10 nəfər  şəhid  ailəsi  və Qarabağ  müharibəsi  əlillərinə  fərdi  yaşayış  evlərinin  tikintisi  davam etdirilir.

Tərtər  ənənəvi  kənd  təsərrüfatı  rayonudur.  Ona görə  də  sahənin  inkişafı,  emal  müəssisələrinin  yaradılması diqqət mərkəzində saxlanılır.  Əsas  diqqət  taxılçılığın  intensiv  surətdə  inkişafına  yönəldilmişdir.  Belə ki,  rayon üzrə  10 min 843  hektar  taxıl  sahələrində  biçin  aparılmışdır. 5610  hektar  buğda  sahəsinin  hər  hektarından orta  məhsuldarlıq 37,1 sentner olmaqla 20 min 837  ton, 5233  hektar  arpa  sahələrinin  hər hektarından  isə orta  məhsuldarlıq 34,5  sentner  olmaqla 180 min 30  ton   məhsul  istehsal edilmişdir.  Hər hektardan məhsuldarlıq 2014-cü  ilə  nisbətən yüksək  olmuşdur. Rayon  üzrə  1650  istehsalçıya 215  min 384  manat  yardım  verilmişdir.  Bundan  başqa  cari  ilin 6 ayı  ərzində 761  ton paxlalı, 394  ton dən  üçün   qarğıdalı, 5736  ton  kartof, 11325  ton  tərəvəz, 1533  ton  meyvə  istehsal  edilmişdir.

Heyvandarlığın  inkişafı  sahəsində  həyata keçirilən  tədbirlər  də öz  bəhrəsini  verir.  Belə ki, keçən ilin  eyni dövrü ilə   müqayisədə  iri  malın sayı 410  baş, qoyun-keçilərin  sayı isə 1017  baş  artmışdır. 6  ay  ərzində 1827  ton diri  çəkidə ət, 9511  ton  süd, 6 milyon  690 min  ədəd yumurta, 124 ton yun  istehsal edilmişdir.

Ölkəmizin  paytaxtında  əhalinin  ərzaq  məhsulları ilə təminatını  yaxşılaşdırmaq  və bazarlarda  qiymətlərin  tənzimlənməsi barədə Azərbaycan Respublikası  Prezidentinin  tapşırığına  müvafiq olaraq Bakı  şəhərindəki  yarmarkalara 168,1  ton  müxtəlif  kənd təsərrüfatı  məhsulları  göndərilmişdir.

Əkin  sahələrinin  suvarılmasını  və  məhsuldarlığın  yüksəldilməsini  yaxşılaşdırmaq  məqsədilə 481  min kubmetr  lildən  təmizləmə işi  aparılmış,  daşqın  və  selə  qarşı mübarizə  məqsədilə 39  kubmetr  torpaq  işi görülmüş, 16 hidrotexniki  qurğu, 11  hidrometrik  post, 2  kilometr  istismar  yolu  təmir  edilmişdir.  Kollektor  və drenlərdə 11 min  kubmetr lildəntəmizləmə  işləri  aparılmışdır. Mövcud 461 subartezian  quyusundan 453-ü  işlək  vəziyyətdədir. 118  subartezian  quyusunun  nasosları əsaslı  təmir  edilmiş,  12 quyunun yararsız  nasosları  yenisi ilə  əvəz olunmuşdur.  Susuzluqdan  əziyyət  çəkən ərazilərdə 14 yeni  subartezian quyusunun  qazılması  və 6  quyunun  yenidən  bərpası  nəzərdə tutulmuşdur. Hazırda Düyərli,  Hüsənli, İsmayılbəyli  və Azad Qaraqoyunlu kəndlərində  subartezian  quyularında  qazma işləri  başa çatdırılmışdır.

Rayon  təhsil,  səhiyyə  və   mədəniyyət  müəssisələrinin  fəaliyyəti gücləndirilmiş,  əvvəllər müşahidə  olunan  nöqsan  və neqativ  hallar  aradan qaldırılmış,  intizam  və tələbkarlıq artırılmışdır.  Əsas  cəhət  odur ki,  həmin   sahələrin  maddi-texniki bazası möhkəmləndirilmiş,  sağlam  mühit  və  şəffaflıq  yaradılmışdır.  Təsadüfi  deyildir ki,  son  vaxtlar  həmin  sahələrdən daxil olan  ərizə,  şikayət və  məktubların  sayı  azalmışdır.

Göründüyü  kimi,  Tərtərdə  inkişaf  və irəliləyiş  bütün  sahələri  əhatə etmiş, dinamik xarakter  almışdır.  Mən  bu  yazı  üzərində işləyərkən bir daha ayrı-ayrı  idarə  və   müəssisələrdə  oldum, ağsaqqallarla, ziyalılarla,  gənclərlə görüşdüm.  Şahidi olduqlarıma,  müşahidələrimə  əsaslanaraq  deyə bilərəm ki,  bu gün  Tərtərdə  işgüzar  və  yaradıcı  mühit, sağlam  mənəvi-psixoloji ab-hava  mövcuddur.  Rayon icra hakimiyyətinin  iş üslub və  metodlarında,  təşkilat-idarəetmə məsələlərində  yenilik, axtarış meyilləri  güclüdür,  icra  intizamı  diqqət mərkəzindədir.

Vətəndaşların qəbulu,  onların  ərizə, şikayət  və məktublarına  vaxtında  və  həssaslıqla baxılması  sahəsində  müsbət təcrübə toplanılmış,  bu  sahədə ardıcıl  və sistemli  iş  qurulmuşdur. Məsələn,  cari ilin  birinci yarısında  rayon  icra hakimiyyətinə 464  müraciət daxil olmuşdur ki,  bunların  da 305-i  müsbət  həll  edilmişdir.

Rayon icra hakimiyyəti  başçısının  müvafiq  idarə, müəssisə  və təşkilat, o cümlədən  hüquq-mühafizə  orqanlarının  rəhbərləri ilə  ayrı-ayrı  yaşayış  məntəqələrində  keçirilən  səyyar  qəbulları ardıcıl  xarakter  daşıyır  və   vətəndaşlar  tərəfindən böyük  razılıq  hissi ilə  qarşılanır. 2015-ci  ilin 6 ayı  ərzində  icra hakimiyyəti  başçısının 24 səyyar  qəbulu  keçirilmiş, 1600 nəfər iştirak etmişdir. Əlamətdar  haldır ki, müraciətlərin  böyük  əksəriyyəti  yerindəcə həllini  tapmışdır.

Bütövlükdə  respublikamızda  olduğu kimi,  Tərtərdə də qarşıdan gələn böyük  ictimai-siyasi hadisəyə — növbəti  parlament  seçkilərinə  ciddi  hazırlıq görülür.  Burada  95  saylı  Tərtər  və 97  saylı Goranboy — Tərtər  seçki  dairələri  fəaliyyət  göstərir.  95  saylı  dairənin  sədri  Həmid Mehdiyevin  verdiyi  məlumata görə, 38   məntəqənin  hamısında hazırlıq  tədbirləri  başa çatdırılmış,  otaqlar vaxtında  təmir  olunmuş,  müvafiq  inventar  və  texniki vəsaitlərlə təchiz edilmişdir. Seçici  siyahıları dəqiqləşdirilmiş, etibarlı rabitə  və işıq  xətti çəkilmişdir.

Bəli, Tərtər hər  gün erməni  tərəfinin  hücum  və basqınlarına  baxmayaraq, inkişafının yeni  mərhələsinə  qədəm qoymuşdur. Rayon mərkəzi də, ayrı-ayrı  yaşayış  məntəqələri də yenidən  tikilir, abadlaşır, müasir  və yaraşıqlı görkəm  alır.  Tərtərlilər,  hər şeydən  əvvəl, bu  inkişaf  və yüksəliş, gündəlik diqqət və qayğı üçün ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıqlarını  bildirir, sabaha  böyük  inam və ümidlə  baxırlar.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında