Dövlət proqramlarında gənclərin məşğulluğuna xüsusi diqqət yetirilir

Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun təmin olunması əsas fəaliyyət istiqamətlərindən biri kimi əksini tapır. Proqrama uyğun olaraq, gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində ölkəmizdə dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumdur ki, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək  ehtiyatlarından səmərəli istifadə, o cümlədən gənc işçi qüvvəsinin iqtisadi tərəqqi proseslərinə fəal şəkildə səfərbər olunması hər bir ölkədə sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən uğurlu islahatlar kursunda da yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılması, gənclərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsi mühüm yerlərdən birini tutur.

Son illər ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində gənclərin təhsil səviyyəsinin və məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin statistik məlumatlarına əsaslanıb deyə bilərik ki, bu tədbirlərin nəticəsi olaraq, son 5 il ərzində ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8 faizdən 9,7 fazə düşmüşdür. Eyni zamanda 15-24 yaşda olanların işsizlik səviyyəsi 14,9 faizdən 13,5 faizədək azalıb. Əldə edilən bu uğurlara görə Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatı tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilmişdir.

Qeyd etməliyik ki, bu gün dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfərdir. Eyni zamanda o da danılmaz faktdır ki, onlar arasında işsizlik səviyyəsi dünya üzrə orta işsizlik səviyyəsini 2 dəfədən artıq üstələyərək 13,1 faiz təşkil edir və acınacaqlı hal odur ki, bu rəqəmlər ildən ilə artır. Ötən həftələrdə (sentyabrın 4-də) Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən 20 böyük ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunmuşdur. G20 Əmək və Məşğulluq Nazirlərinin Ankara Bəyanatında G20 ölkələrində gənclərin işsizlik səviyyəsinin 2025-ci ilə qədər 15 faizədək azaldılması hədəfi öz əksini tapıb. Yeri gəlmişkən qeyd edək ki, G20 ölkələrində 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20 faiz, o cümlədən, İspaniyada 53 faiz, Cənubi Afrikada 52 faiz, İtaliyada 43 faiz, Səudiyyə Ərəbistanında 31 faiz və s. olduğu halda, Azərbaycanda bu göstərici 13,5 faiz təşkil edir. Ankarada keçirilən toplantıda qeyd edilmişdir ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik olan az sayda ölkələrdən biridir.

Azərbaycan əhalisinin 28,5 faizi gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil etmişdir. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov demişdir: “Bu gün gənclərin məşğulluğunun təmin olunması məsələsinin həlli təkcə gənclərin və onların valideynlərinin deyil, eyni zamanda, dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının üzərinə də düşür. Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsi zərurətini ortaya qoyur”.

Qeyd edək ki, ölkəmizdə gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər, eyni zamanda beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə işlər və bu istiqamətlərdə Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı ilə birgə layihələr həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclərin respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirakını yüksək dəyərləndirdiyini bildirmiş, onların elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələr verdiklərini təqdir etmişdir.

Ölkə rəhbəri çıxışlarında gənclərin ictimai və iqtisadi həyatda fəaliyyətini çox yüksək qiymətləndirmiş, bütün qurumlarda gənclərə üstünlük verilməsini tövsiyə etmiş, həyata keçirilən sosialyönümlü tədbirlərin gənclərə yol açmaq məqsədi güddüyünü diqqətə çatdırmışdır.

Qeyd etmək lazımdır ki, ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilməkdədir. Azərbaycanın gələcək 7 il ərzində inkişaf perspektivlərini müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin sağlam və fəal həyat tərzinin təşviq edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə yeni Məşğulluq Konsepsiyasının hazırlanması üzrə işlər aparılır və bu konsepsiyada gənclərin məşğulluğunun artırılması məsələlərinə xüsusi yer ayrılacaqdır. Gənclərin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq, bu isə öz növbəsində BƏT-in layiqli əmək konsepsiyasının həyata keçirilməsini təmin edəcək, və yəqin ki, bu toplantının nəticəsi olaraq Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilən layihə gənclərin məşğulluğunun inkişafı sahəsində məsələlərin milli səviyyədə həllinə töhfə verəcəkdir.

“Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq seminarda Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva Azərbaycanda dövlət gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu vurğulamışdır. O, təşkilatın bu sahədə üzv ölkələrə müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirmişdir. Seminarda, həmçinin Beynəlxalq Əmək Təşkilatının “MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq” layihəsi təqdim edilmiş və qiymətləndirmələr aparılmış, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramlar nəzərdən keçirilmiş, ayrı-ayrı MDB ölkələrinin (Rusiya, Qazaxıstan) əmək bazarında mövcud problemlər və inkişaf strategiyaları müzakirə edilmişdir.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunmuşdur. Məşğulluq orqanlarında qeydiyyata alınmış və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 885 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 2157 nəfər şəxs kompyuter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmişlər. Yanvar—avqust aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 2671 nəfər müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısa müddətli, mövsümi işlərə göndərilmiş, həmçinin DMX tərəfindən 62670 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilmişdir.

Deyə bilərik ki, Azərbaycanda istər dövlət, istərsə də özəl qurumlarda çalışanların əksəriyyətini əsasən gənclər təşkil edir və ölkəmizdə aktiv məşğulluq siyasəti nəticəsində gənclərin əmək bazarında rolunun artması sığorta-pensiya sistemi, habelə həmin şəxslərin gələcək layiqli pensiya təminatı üçün əhəmiyyətlidir. Gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, ölkənin dinamik inkişafına uyğun olaraq müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradılması yönündə aparılan dövlət siyasəti, gənclərin məşğulluğunun dəstəklənməsi və əmək münasibətlərində əlavə təminatlara malik olması üçün böyük qarantdır. Ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlərin hazırlanmasında, bu sahədə siyasətin təkmilləşdirilməsində müvafiq qurumların fəal iştirakı qarşıdakı dövrdə də bu istiqamətdə səylərin artırılacağına ümid verir. Çünki, dövlət dəstəyi nəticəsində hətta özəl sektorun inkişafı əhalinin, o cümlədən gənclərin məşğulluğunun artmasına da müsbət təsir edir və gənc işçi qüvvəsinin işəgötürənlərin tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün aparılan işlər xüsusi önəm kəsb edir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında