Prezident İlham ƏLİYEV: Gələn ilin büdcəsi daha çox sosialyönümlü büdcə olmalıdır

 

 

 

 

 

 

 

 

 

 

 


 

İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir.
Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz.
Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaqdır.
Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək.
Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və ölkənin gəlirlərinin artmasına, digər tərəfdən isə gəlirlərin idarə edilməsinə, islahatların həyata keçirilməsinə və qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə gətirib çıxarıb.

Sosial sahədə bütün proqramlar vaxtında icra edilir və bu da dövlət siyasətimizin əlamətidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik. Ölkədə davamlı olaraq sosial layihələrin uğurla həyata keçirilməsi sosial infrastruktur yaradılmasını, yeni məktəblərin, xəstəxanaların, müxtəlif sosial obyektlərin tikntisini sürətləndirir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Ölkədə bu sahədə əsaslı dönüş yaranmışdır və əsas məqsəd ondan ibarətdir ki, qarşıdakı illərdə hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısı hazırda bütün dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyini qeyd etmiş və xüsusilə Avrasiya məkanında bu böhranın daha da ciddi formalar aldığını diqqətə çatdırmışdır. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzülün müşahidə olunduğunu vurğulayan ölkə rəhbəri bunun müxtəlif obyektiv və subyektiv səbəbləri olduğunu demiş və bildirmişdir ki, bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu bacarırıq və uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik.

Bu böhranlara baxmayaraq Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Ölkəmizi bu bəlalardan Azərbaycan Prezidentinin düzgün istiqamətlənmiş siyasəti və qəbul edilən inkişaf proqramlarının yerinə yetirilməsi qorumuşdur. Dövlət başçısı müşavirədə demişdir: “Bu müddət ərzində neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Əlbəttə, mütəxəssislər, təhlilçilər bunun səbəblərini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar bizə kömək etdi ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq. Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur. Bax, biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək. Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin geniş iclasında 9 ayın yekunlarını və bu inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq”.

Dövlət başçısının fikrincə, hökumət daha fəal, çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn il də artsın. Azərbaycan Prezidenti demişdir ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalı, daha çox sosialyönümlü olmalıdır. Azərbaycanda uğurla reallaşdırılan sürətli islahatlar strategiyasından danışanda öncə onu qeyd etmək lazımdır ki, ötən aylar ərzində ölkəmizin həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanılmış, davamlı tərəqqi və dayanıqlı iqtisadiyyat təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin ümumxalq mənafeyinə xidmət edən düşünülmüş siyasətinə uyğun olaraq respublikamızda əldə olunan iqtisadi potensialın məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə yönəldilməsi bu siyasətin prioritet istiqamətlərindən biri kimi əhalinin sosial müdafiəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Xüsusi olaraq deməliyik ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim dövlət başçımızın diqqətində və nəzarətindədir. Əhalinin güzəranının yaxşılaşması, onların rifah halının artırılması, aztəminatlı ailələrin maddi vəziyyətinin yüksəldilməsi ölkə Prezidentinin qarşıda qoyduğu vacib məsələlərdəndir. Sosial müdafiənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. 1 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.

Bundan əlavə yeni proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi, təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirilir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Beləliklə də, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq. Dövlətin düşünülmüş siyasəti, qəbul edilən proqramların reallıq üzərində qurulması, hər bir sahə ilə bağlı konkret fəaliyyətin olması onu deməyə imkan verir ki, Azərbaycan hər zaman, hətta, böhranlı illərdə də sürətlə inkişaf edir, uğurlar qazanır.

Azərbaycan Prezidenti həmin müşavirədə bildirmişdir ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələr büdcə proqramına, investisiya proqramına salınmamalıdır. İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməli və vəsaitə qənaət edilməlidir. Bütün ölkələr indi bu siyasəti aparır və Azərbaycanda da bu siyasəti daha da ciddi şəkildə aparılmalıdır. Dövlət başçısı demişdir: “Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Ancaq burada köklü şəkildə çox ciddi dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıbdır — infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini tapacaq”. Sosial infrastruktur layihələrindən danışarkən diqqət yetirməliyik ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk iki Dövlət Proqramının həyata keçirildiyi 2004—2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometrdən çoxdur, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib.

Azərbaycanda yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional dövlət proqramları ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Regional proqramlar respublikamızın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları haqlı olaraq Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Ölkə rəhbəri hesab edir ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür. Dövlət başçısı demişdir: “İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaqdır. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.

Respublikada regionların inkişafına hesablanmış dövlət proqramlarının həyata keçirilməsi, siyasi, iqtisadi, sosial sahədə qazanılan uğurlar əhalinin rifah halının yüksəlməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycanı xoşbəxt gələcəyə aparır. Azərbaycan Pezidenti müşavirədə, həmçinin dərman pereparatları bazarının tənzimlənməsi məsələsinə də toxunmuş, bu işdə çox ciddi dönüşə nail olunduğunu və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşının bunu hiss edəcəyini, dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınmasının təmin edildiyini bildirmişdir. Qeyd edək ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılaraq Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox cuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınmışdır. Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır.  Azərbaycan Prezidenti həmin müşavirəni bu sözlərlə yekunlaşdırmışdır: “Bax, biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında