Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir.
Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub.
Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikada İslam ölkələrinin qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumları keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq tədbirlər həmin toplantıların iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Respublikamızın gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan ölkələrdən biri olması belə mötəbər tədbirlərin keçirilməsi üçün böyük zəmin yaradıb, çünki bir sıra ölkələrdə müşahidə edilən millətlərarası və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul edilən “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə qeyd edilir ki, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyətdir, güzəşt, yumşaqlıq və ya görməməzlik deyildir, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir. Tolerantlıq insan hüquqlarının, plüralizmin, demokratiya və hüquq qaydalarının təsdiq edilməsinə köməketmə öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən imtina olunmasını ifadə edən, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş normaları təsdiq edən anlayışdır.
Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Respublikada multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Ötən ilin mart ayında Bakıda “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda qeyd olunmuşdur ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib. Ölkəmiz bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq məkanıdır. Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır”. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Yeri gəlmişkən, 2013-cü ildə 70-dən çox ölkədən 800-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının toplaşdığı III Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olub. Ümumiyyətlə, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan dövləti ölkədəki dini ibadət azadlığından və multikulturalist mühitindən sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirmişdir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
Ölkəmizin multikulturalizm mərkəzinə çevrilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam A.Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə açdıgı iftar məclisində ölkə Prezidenti İlham Əliyev Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə yaradılacaq şəraitdən və İslam dini ilə bağlı bugünkü Azərbaycanın reallığından söz açmışdır. Bu gün bir sıra ölkələrdə dinlərarası münasibətlərdə böhran yaşandığını qeyd edən ölkə Prezidenti islamafobiya, ksenofobiya və antisemitizm meyillərinin gücləndiyini də diqqətə çatdırmış və “Multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur” kimi fikirlər səsləndirənlərə cavab olaraq, Azərbaycandan nümunə götürməyi tövsiyə etmişdir: “Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir. Heydər Məscidinin açılışında mən, şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi qardaşlarımızın orada çıxışı bir mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət”.
Qeyd etmək lazımdır ki, son 10 il ərzində dövlət başçısının göstərişi və qayğısı nəticəsində ölkədə 216 məsciddə inşa, əsaslı təmir və yenidənqurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda dövlət başçımızın müvafiq sərəncamına əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə 7 məscid və ziyarətgah – Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunmuşdur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudman demişdir: “Azərbaycanda dini tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik”. İsraildəki “İC Public Research” İnstitutunun direktoru, “İsrail -Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivakın fikrincə isə, “Tolerantlıq Azərbaycan xalqının səciyyəvi cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi imic yaratmağa çalışsalar da, Azərbaycan Yer üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt belə qeydə alınmamışdır. Əsrlər boyu etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar assimilyasiyaya məruz qalmamışdır, onların hər biri öz dilini, ənənələrini, mədəniyyətini qoruyub saxlamışdır”.
Mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə, Vatikan dövlətinin ən yüksək mükafatlarından sayılan “Medalla Sede Vacante” medalı ilə təltif edilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür. 2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli saziş” imzalanmışdır. Bu ilin iyunun 2-də Mehriban xanım Əliyeva Roma Papası Fransis ilə görüşü zamanı, o, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpasını yüksək qiymətləndirmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirmişdir. “Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik”—deyən Mehriban Əliyeva diqqətə çatdırmışdır ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır və Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur.
Multikulturalizm bu gün də Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində deyildiyi kimi, “Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik”.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.