Vəfadar Əziz oğlu Rzayev Azərbaycanın tanınmış iqtisadçılarından, bank-maliyyə işinin mükəmməl bilicilərindən, yüksək idarəçilik qabiliyyətinə malik simalarından biri idi. O, 1933-cü il mart ayının 20-də dağlar diyarı Xızıda sadə bir kəndli ailəsində dünyaya göz açmışdır.
Vəfadar hələ kiçik yaşlarından meylini kitab-dəftərə, yazıb-oxumağa salmışdır. Təhsilə olan marağı, çalışqanlığı onu yaşıdlarından fərqləndirirdi. Hələ kiçik yaşlarından onda iqtisadiyyat sahəsinə dərin maraq oyanmışdı. Daim iqtisadi biliklərini artırmağa səy göstərir, bununla bağlı əldə etdiyi kitabları həvəslə mütaliə edərdi. Məhz bu keyfiyyətlərinə görə müəllimləri Vəfadara böyük ümidlər bəsləyir, onu gələcəyin tanınmış iqtisadçısı kimi görmək istəyirdilər.
Nəhayət, 1952-ci ildə Vəfadar Rzayev ona bəslənilən ümidləri doğrultmaq məqsədilə paytaxta üz tutur. Öncə Bakı Maliyyə-Kredit Texnikumunda təhsil alır. Sonradan istehsalatdan ayrılmamaq şərtilə o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsilini davam etdirir. 1956-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra əmək fəaliyyətinə başlayan V.Rzayev özünü savadlı, bacarıqlı kadr kimi göstərməyə nail olur, çalışdığı kollektivlərin dərin rəğbətini qazanır. Bütün bunlara baxmayaraq, o, respublikamızın iqtisadi həyatına, xüsusən də bank-maliyyə sahəsinə daha çox fayda vermək məqsədilə Moskvadakı dövlət iqtisadi orqanları üçün milli kadrların hazırlanması üzrə SSRİ Xalq Təsərrüfatının İdarə Olunması Akademiyasına daxil olur. 1972-ci ildə keçmiş İttifaqın bu nüfuzlu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirir.
Heç şübhəsiz, gənclik illərindən maraq göstərdiyi sahə üzrə aldığı mükəmməl təhsil, iqtisadi biliklərə dərindən yiyələnməsi, bank-maliyyə işinin incəliklərinə yaxından bələd olması ona respublikamızın bacarıqlı, peşəkar bir mütəxəssisi kimi hörmət və nüfuz gətirir. Məhz bu keyfiyyətlərinə görə o, bir sıra idarə və təşkilatlarda məsul vəzifələrə irəli çəkilir. Ona göstərilən etimadı hər zaman layiqincə doğruldan V. Rzayev çalışdığı idarə və təşkilatlarda, rəhbərlik etdiyi kollektivlərdə əmək intizamının gücləndirilməsinə, bank-maliyyə sektorunda mütərəqqi iş üslubunun tətbiqinə, bu sahədə səmərəliliyin artırılmasına nail olur.
O, əmək fəaliyyətinə 19 yaşından başlamışdır. 50 ilə yaxın bir müddətdə respublikanın bank-maliyyə orqanlarında çalışmış V.Rzayev 1952-ci ildə Bakı Maliyyə Şöbəsində inspektor, 1954-1957-ci illərdə Siyəzən rayon və Bakı şəhər maliyyə şöbələrində baş büdcə inspektoru vəzifələrində işləmişdir. Bank-maliyyə sahəsindəki uğurlu fəaliyyəti diqqəti cəlb etdiyindən ona daha yüksək etimad göstərilir, 24 yaşında Azərbaycan Respublikası Maliyyə Nazirliyində məsul vəzifəyə irəli çəkilir. O, 1957-1962-ci illərdə nazirliyin büdcə idarəsinin inspektoru, sonralar şöbə rəisi, 1962-1971-ci illərdə isə mədəniyyət, səhiyyə və sosial təminat sahələrinin maliyyələşdirilməsi idarəsinin rəisi və kollegiya üzvü vəzifələrində çalışmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi həyatın bir çox sahələrində olduğu kimi, bank-maliyyə sektorunda da ciddi dönüşə səbəb olur. Respublikanın inkişafının bacarıqlı, səriştəli mütəxəssislərdən asılı olduğunu bilən ulu öndər kadrların düzgün seçilib yerləşdirilməsinə xüsusi diqqət və həssaslıqla yanaşırdı. Həmin dövrdə respublika rəhbərinin yüksək etimad göstərdiyi kadrlardan biri də Vəfadar Əziz oğlu Rzayev olmuşdur. O, 1971-ci ildə respublika maliyyə nazirinin birinci müavini təyin edilmişdir. 1987-ci ilədək bu məsul vəzifədə çox səmərəli və məhsuldar fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Uzun illər boyu maliyyə-iqtisad işi sahəsində topladığı zəngin təcrübə və biliyi onun bu vəzifəyə təyin edilməsinin heç də təsadüfi olmadığını tam sübuta yetirmişdir. Yeri gəlmişkən, Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğu həmin illərdə dövlət nizam-intizamının möhkəmləndirilməsi ilə yanaşı, maliyyə-iqtisad sahəsində sağlamlaşdırma və maliyyə intizamının gücləndirilməsi işləri də görülürdü. Belə bir şəraitdə o, maliyyə-iqtisad sahəsində həyata keçirilən tədbirlərin əsas icraçılarından biri kimi seçilir, üzərinə düşən vəzifəni şərəflə və vicdanla yerinə yetirirdi.
V.Rzayev 1987-ci ilin oktyabr ayında yeni təşkil olunmuş Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Bankı İdarə Heyətinin sədri təyin olunur və bu vəzifədə 1992-ci ilin avqust ayınadək işləyir. Özünün yetişdirdiyi, tanıdığı bacarıqlı və savadlı kadrların bankın mərkəzi aparatının tərkibinə cəlb etməsi ümumi işin xeyrinə olur və qısa müddətdə bankın səmərəli fəaliyyəti təmin olunur. Bundan əlavə o, respublikanın 65 bölgəsində bankın şöbələrini yaratmağa nail olur. Məhz bütün bunların nəticəsində Aqrar-Sənaye-Bankı qısa bir müddətdə respublikamızın aparıcı dövlət banklarından birinə çevrilir.
V.Rzayev uzunmüddətli əmək fəaliyyəti dövründə maliyyə işinin əsas sahələrini mənimsəməklə pillə-pillə ucalmış, yüksək savadı, peşəkarlığı, ən başlıcası isə səmimiyyəti və mehribanlığı ona yüksək ad-san və nüfuz gətirmişdir. Tam mübaliğəsiz demək olar ki, o, çalışdığı bütün sahələrdə üzərinə düşən vəzifələri şərəf və vicdanla icra etmiş, özünə və tabeliyində olan əməkdaşlara qarşı çox ciddi və tələbkar olmuşdur.
Vəfadar Rzayevin mühüm dövlət işi ilə yanaşı, maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması sahəsində də layiqli əməyi olmuşdur. O, 15 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və dövlət büdcəsi fənləri üzrə baş müəllim və dövlət buraxılış imtahan komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.
Ömrünün son illərində V.Rzayev bir sıra yeni yaradılmış özəl bank-maliyyə təşkilatlarında müşavir vəzifələrində çalışmış, uzun illər ərzində idarəetmə sahəsində əldə etdiyi zəngin təcrübə, bilik və bacarığını bir daha nümayiş etdirmişdir. Həmin müddətdə o, bir ağsaqqal maliyyəçi kimi keçmiş tələbələrini faydalı məsləhətləri ilə istiqamətləndirmiş, bank-maliyyə işinin incəliklərini onlardan əsirgəməmişdir.
Vəfadar Rzayevin respublikamızın maliyyə sahəsində göstərdiyi müstəsna xidmətləri diqqətdən kənarda qalmamış, layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, “Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı” fəxri adı, “SSRİ-nin əlaçı maliyyə işçisi” medalı və digər mükafatlarla təltif olunmuşdur. V.Rzayev, həm də üç çağırış Bakı Şəhər Sovetinin deputatı olmuşdur.
Tanınmış maliyyəçi, alicənab insan, sədaqətli və səmimi dost, qayğıkeş ailə başçısı Vəfadar Əziz oğlu Rzayev bu yaxınlarda dünyasını dəyişmişdir. Onun əziz xatirəsi doğmalarının, tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.