Laçın: “Hər ailədən orduya bir zabit” təşəbbüsü konkret nəticələrini verir

Ötən il Laçın Rayon İcra Hakimiyyəti “Hər ailədən orduya bir zabit” təşəbbüsünü irəli sürmüşdü. Onu da əlavə edək ki, bu vacib vətənpərvərlik təşəbbüsü, bütövlükdə, respublikamızda, xüsusilə qaçqın və məcburi köçkün rayonlarında böyük maraq doğurmuş, geniş əks-səda vermişdir. Xatırlatmağa dəyər ki, “Hər ailədən orduya bir zabit” təşəbbüsü heç də öz-özünə yaranmamışdır. Aparılan təhlil və araşdırmalar nəticəsində məlum olmuşdu ki, qaçqın və məcburi köçkün rayonların gəncləri arasında hərbi ixtisaslara yiyələnməyə maraq respublikanın digər şəhər və rayonlarına nisbətən aşağıdır.

İndi, necə deyərlər, o vaxtdan xeyli keçib və təşəbbüsün konkret nəticələri barədə danışmağın məqamıdır. Təsadüfü deyildir ki, bugünlərdə Laçın Rayon Təhsil Şöbəsində 2014-2015-ci dərs ilinin yeknları və qarşıda duran vəzifələr barədə söhbət edərkən bizi, hər şeydən əvvəl, builki məzunların hərbi məktəblərə qəbulu maraqlandırdı. Əldə olunan nəticələr, həqiqətən, sevindiricidir. Gəlin faktlara müraciət edək. Bu il 13 nəfər laçınlı gənc Heydər Əliyev adına Ali Hərbi Məktəbə və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur. Ötən il isə bu rəqəm 6 nəfər olmuşdur. Ümumiyyətlə, 2015-ci ildə 372 nəfər laçınlı məzun respublikanın ali məktəblərinə daxil olmuşdur. Onu da əlavə edək ki, tələbə adını qazananların 75 nəfəri əvvəlki illərin məzunlarıdır.

Əlbəttə, əldə edilmiş nəticələr böyük fərəh doğurur və hər şeydən əvvəl, bu istiqamətdə aparılan geniş və ardıcıl tədbirlərdən xəbər verir. Laçın Rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevlə söhbətimiz də daha çox bu barədə oldu:

– Dağlar qartalı Laçının işğalından sonra rayonumuzun sakinləri respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. 20 şəhər və rayonda isə Laçın rayonu məktəbləri fəaliyyət göstərir. Bu isə aydın məsələdir ki, işin təşkilində bir sıra ciddi çətinlik və problemlər yaradır. Bununla belə, son illər təhsil sahəsində dinamik inkişaf təmin edilmişdir. Hər şeydən əvvəl, yeni binalar tikilmiş, tədris müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq gücləndirilmişdir. Mən bu sözləri deyərkən, “Hər ailədən orduya bir zabit” təşəbbüsünün real nəticələrini nəzərdə tuturam.

Həmişə ermənilərə gözdağı olan, alınmaz qala hesab olunan Laçın, çox təəssüf ki, 22 ildən çoxdur ki, yağı əlindədir. Bu, əlbəttə, hər bir laçınlı, hər bir azərbaycanlı üçün olduqca ağır və dözülməzdir. Bununla belə dağlar diyarının övladları, bir gün də olsun, özlərini Laçınsız təsəvvür etmirlər. Laçın onların yurd sevgisində, el- oba həsrətində və gündəlik mübarizəsində yaşayır. Coğrafi mövqeyinə görə Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın rayonunun mərd və igid övladları bu ərazini öz öhdələrinə düşən vaxtlarda göz bəbəyi kimi qorumuşlar. Onlar dəfələrlə Azərbaycan torpaqlarına göz dikən, türk və müsəlman qanına susayan ermənilərə tutarlı cavab vermiş, həmişə onları geri otuzdurmuşlar. 1905, 1918, 1920-ci illərdə Xosrov bəy və Sultan bəy qardaşlarının rəhbərliyi altında yurdumuzun qəhrəman övladları Qarabağda erməni təcavüzkarlarına ağır zərbələr endirmişlər. Laçınlılar uzun müddət ermənilərin çirkin niyyətlərinin həyata keçməsinin qarşısını almış, misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. Bu gün, haqlı olaraq, böyük qürur hissilə ata-babaların qəhrəmanlığı qarşısında baş əyir,onların keçdiyi şərəfli döyüş yolunu özlərinə örnək bilirik.

1988-ci ildən ermənilərin ölkəmizə təcavüzünün növbəti mərhələsi başlandı. Müharibənin ilk günlərdən laçınlılar eyni vaxtda iki cəbhədə— həm Ermənistanın sistemli hücumlarının qarşını almalı, həm də Dağlıq Qarabağdakı separatçı ermənilərlə mübarizə aparmalı oldular. Rayonun minlərlə mərd və qorxmaz övladı silaha sarılaraq düz dörd il düşmənin bu müqəddəs torpaqlara ayaq basmasına imkan vermədi.

Tarix boyu ermənilər Laçını “Qarabağın qara qapısı”, “ölüm dərəsi” adlandırıblar. Laçın həmişə ermənilərin gözündə qorxulu və sehrli bir yer idi. Onlar heç xəyallarına da gətirə bilməzdilər ki, nə vaxtsa bu yerlərin əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Təəssüf ki, bu, 1992-ci ildə hakimiyyətdə olanların səriştəsizliyi və xəyanətkarlığı şəraitində ermənilər güclü havadarının köməyi ilə bu faciə baş verdi. Laçın Azərbaycanda siyasi böhranın AXC-Müsavat cütlüyünün vəzifə hərisliyinin, naşı siyasətinin qurbanı oldu.

Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı erməni vandalları tərəfindən dağıdılaraq yandırıldı. Bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 7,1 milyard ABŞ dolları təşkil edir.

Müsahibimiz mövzuya qayıdaraq dedi:

– Göründüyü kimi, “Hər ailədən orduya bir zabit” təşəbbüsünün məhz Laçın rayonundan irəli sürülməsinin böyük rəmzi və ciddi ictimai mənası var. Qartallar oylağı, igidlər məskəni bu torpağın hamıya nümunə olan biləcək qəhrəmanlıq ənənələrini layiqincə yaşatmaq bu gün xüsusilə vacibdir. Heç də təsadüfi deyildir ki, bu təşəbbüs hər yerdə olduğu kimi, laçınlılar arasında da dərhal böyük əks-səda doğurdu. Rayonda bu istiqamətdə ardıcıl və sistemli iş quruldu.

Ümumiyyətlə, ötən dərs ilinin nəticələrindən danışarkən, hər şeydən əvvəl, təlimin keyfiyyətinin yüksəldilməsini, müəllim hazırlığı üzrə yeni model və mexanizmlərə uyğun olaraq onların fasiləsiz təhsilə cəlb edilməsini, innovasiyaların pedaqoji prosesə tətbiqini, bütün fəaliyyət sahələri üzrə monitorinq və qiymətləndirmə aparılmasını, metodiki işin müasir tələblər səviyyəsində qurulmasını, qabaqcıl təcrübənin öyrənilməsini, yayılmasını və s. nəzərdə tuturuq. Kurikulumların tətbiqi ilə əlaqədar bütün tədris müəssisələrində məktəb rəhbərlərinin, bu üsulla tədris edilən fənn müəllimlərinin iştirakı ilə metodiki seminarlar təşkil edilmiş, dərs nümunələri nümayiş etdirilmişdir.

Buraxılış imtaharlarına daha yaxşı hazırlaşmaq məqsədilə bütün məktəblərdə ötənilki imtahan nəticələri müzakirə edilmiş, zəif nəticə göstərən məktəblərin fənn müəllimləri ixtisasartırma kurslarına cəlb edilmişdir. Məktəblərə nümunə testləri paylanmış, buraxılış siniflərində təhsil şöbəsi test yoxlamaları aparmış,  nəticələr müzakirə edilmişdir. Məktəb rəhbərlərinə və fənn müəllimlərinə imtahanlara səmərəli hazırlaşmaq üçün metodiki məsləhətlər verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri qənaətbəxş olmuşdur.  Qazanılan nailiyyətlərdə rayonun təhsil işçilərinin böyük zəhmətini qeyd etmək lazımdır. Buraxılış imtahanında ən yüksək nəticəni Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən məktəblər göstərmişlər. Bu məktəblərin buraxılış və qəbul imtahanlarının nəticələrinin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri təhsil şöbəsində hərtərəfli müzakirə ediləcəkdir. Təhsilin inkişafı üzrə dövlət strategiyasının tələblərinə uyğun olaraq nəticələrə görə cavabdehlik və məsuliyyətin bölüşdürülməsi prinsipləri əsasında hər bir məktəb rəhbərinin və fənn müəllimlərinin fəaliyyətinə qiymət veriləcəkdir. Buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlər məktəb rəhbərlərinin fəaliyyətinə, fənn müəllimlərinin dərsə olan münasibətinə verilən qiymətdir. Builki qəbul imtahanlarına 820 məzunun 552 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermişdi. Onlardan 303 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Başqa sözlə, abituriyentlərin 54 faizi tələbə olmuşdur. Məzunlarımızın 54 nəfəri 500-dən, 15 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Üzün illərdir ki, müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Hazırda gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi qarşımızda duran ən vacib məsələdir. Elə buna görə də rayon icra hakimiyyətinin rəhbərləri ötən dərs ili ərzində mütəmadi olaraq məktəblərdə olmuş, pedaqoji kollektivlərlə, şagirdlərlə söhbətlər aparmışlar. Onlar problemlərlə maraqlanmış, təlim keyfiyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması üçün təklif və tövsiyələrini vermişlər.

Rayon məktəbliləri arasında vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçrilmişdir. Təhsil şöbəsi hərbi vətənpərvərlik mövzusunda filmlər, slaydlar hazırlamışdır. Laçınlı milli qəhrəmanlar, Xosrov və Sultan bəy qardaşları, Milli Qəhrəman Mübariz İbrahimov, Qarabağ tarixi, Naxçıvanski adına Hərbi Lisey və H.Əliyev adına Ali Hərbi Məktəb haqqında filmlər hazırlanaraq məktəblərdə nümayiş etdirilmişdir. Rayonun Quşçu kənd tam orta məktəbinin şagirdlərinin Quba məzarlığına, Fingə, Aşağı Cicimli, İmanlar, Səfiyan kənd tam orta məktəblərinin şagirdlərinin N saylı hərbi hissəyə, 28 nömrəli tam orta məktəbin şagirdlərinin isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiyaları təşkil edilmişdir.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə yeni dərs ilində diqqət daha da artırlacaqdır. Hərbi hissələrə və hərbi məktəblərə ekskursiyalar təşkil ediləcəkdir. Məktəblər arasında müntəzəm hərbi-idman oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur.

XXI əsr elm və texnologiya əsridir. Azərbaycan Ordusunda müasir hərbi texnikanı idarə etmək üçün riyaziyyatı, həndəsəni, fizikanı, kimyanı və digər dəqiq elmləri mükəmməl bilmək vacib məsələdir. Ona görə də şagirdlərimizin vətənpərvərlik tərbiyəsi ilə yanaşı, dəqiq elmlərin tədrisinə də diqqəti artırmalıyıq.

Ümummilli lider Heydər Əliyev demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” 2014-2015-ci dərs ilində təhsil şöbəsinin tədbirləri planına əsasən, məktəblərdə Heydər Əliyevin irsini daha yaxşı öyrənmək məqsədilə dəyirmi masalar təşkil edilmiş, filmlər hazırlanmış və nümayiş etdirilmişdir. Rayonun XI sinif şagirdlərinin hamısı Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərslərdə iştirak etmişdir.

“Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi” qaydalarına uyğun olaraq, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyatı, tarix, fizika, riyaziyyat, coğrafiya, kimya, biologiya, informatika fənnlərindən 254 nəfər şagirdin iştirakı ilə rayon turu keçirilmişdir. Respublika mərhələsinin yarımfinal turunda iştirak edən 30 şagirddən 5 nəfəri birinci yer, 1 nəfəri ikinci yer tutaraq final turunda iştirak etmək hüququ qazanmışdır.

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin yaranmasının 10 illik yubleyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışında Taxta körpü qəsəbə tam orta məktəbinin şagirdlərindən ibarət komanda Qarabağ regionu üzrə 12 komanda arasında birinci yer tutaraq respublika turuna vəsiqə qazanmışdır.

Göründüyü kimi, ötən dərs ili Laçın Rayon Təhsil Şöbəsi, pedaqoji kollektivlər, müəllim və şagirdlər üçün bir sıra yaddaqalan uğurlarla əlamətdar olmuşdur. Əldə edilmiş nəticələr belə deməyə tam əsas verir ki, yeni dərs ilində uğurlar daha çox olacaqdır.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında