Tatarlı kəndinin camaatı görüşdən razı qaldı

Tatarlı kəndinə gedib çıxmaq xeyli vaxt aparır. Əvvəla, ona görə ki, 3 min nəfərə yaxın əhalisi olan kənd inzibati- ərazi baxımından Şəmkirin tabeliyində olsa da, əslində, Tovuza daha yaxındır.Tatarlıya nisbətən rahat yolla getmək istəyirsənsə, mütləq Tovuzun Qovlar şəhərindən keçməlisən. Çünki gözəl bir yol çəkilib. Ümumi uzunluğu 51 kilometr olan və iki il əvvəl dövlət  başçısının iştirakı ilə açılan Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunu deyirəm.  Düz kəndin yanından keçir. Amma yoldan kəndin mərkəzinədək xeyli məsafə var və heç də rahat deyil.

 Zəyəm çayı üzərindəki körpünü keçmək də buralara ilk dəfə gələn adam üçün asan görünmür.Uzunlugu 100 metrdən də çox olan körpüdə iki maşının yanaşı keçməsi qeyri-mümkündür. Gərək körpünün bu başında dayanıb gözləyəsən və qarşı tərəfdən gələn yoxdursa, ehtiyatla irəliləyəsən.

Hər bir kənd kimi Tatarlının da öz problemləri, necə deyərlər, dərdi- səri var. Elə ona görə də sakinlər rayon icra hakimiyyəti başçısının səyyar qəbuluna böyük ümidlə gəlmişdilər. Görüşün başlanmasına hələ xeyli vaxt qaldığından ağsaqqallarla, ayrı- ayrı sakinlərlə görüşüb söhbət edirəm. Öyrənirəm ki, bu kənd, əslində, iki hissədən – aran Tatarlı və dağ Tatarlıdan  ibarətdir. Birində təbii qaz olsa da, digərində yoxdur. Başqa sözlə, 150 ev qazsız qalıb. Digər vacib problem  su ilə bağlıdır. Əlverişsiz torpaq olduğundan burada artezian quyuları da qazmaq mümkün deyil və təbii ki, bir dənə də olsun artezian yoxdur. Doğrudur, bir neçə il qabaq Zəyəmçaydan on kilometrlik  su xətti çəkilib. Az qala, hər evin qarşısında bulaq olub. Lakin nəzarətsizlik, suyun düzgün bölüşdürülməməsi, ayrıca hövzənin təşkil olunmaması problem yaradır. Amma əsas problem təsərrüfat suyu ilə bağlıdır. Kəndin 560 hektardan çox pay torpaqları var. Sakinlər kartofçuluq, heyvandarlıq, meyvəçilik və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğuldurlar. Di gəl, çox əziyyət çəkirlər...

Bir azdan səyyar görüş başlanır. Açıq havada, ağacların altında keçirilən görüşə xeyli kənd camaatı toplaşıb. Nisbətən yaşlı adamlar, ağsaqqallar onlar üçün ayrılmış stullarda əyləşiblər. Ayaq üstə dayananlar da çoxdur və əksəriyyəti də cavanlardır. Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, adətən, səyyar qəbulların əksəriyyətini beləcə, açıq havada keçirməyə üstünlük verir. Adamlar yaşadıqları kəndin, özlərinin şəxsi problemlərini rayon rəhbəri ilə yaxından bölüşə bilir, daha cəsarətli olurlar. İnsafla demək lazımdır ki, icra hakimiyyətinin başçısı da səmimi, sadə və bir də Şəmkirin hər bir kəndinin problemlərinə dərindən bələd olduğu üçün bu görüşlər öz səmərəliliyi ilə yadda qalır.

Rayon icra hakimiyyəti başçısı aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev deyir ki, başçı təkcə bu ilin 6 ayı ərzində 31 səyyar qəbul keçirib. Bu qəbullar zamanı 5589 nəfər iştirak etmiş və 203 təklif irəli sürülmüşdür.

Yeri gəlmişkən qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti bəlkə də respublikada yeganə dövlət strukturudur ki, özünün “Facebook” səhifəsindən olduqca səmərəli istifadə edir. Maraqlı, həm də təqdirəlayiq haldır ki, icra hakimiyyətinin başçısı daxil olan müraciətlərin, şikayətlərin, sorğuların hər biri ilə bilavasitə özü tanış olur, müvafiq strukturlara tapşırıqlarını verir, bu məsələləri nəzarətə götürür. Bu ilin birinci yarısında adıçəkilən səhifəyə 165 müraciət daxil olmuşdur ki, onların da 100 - ü sorğu xarakterlidir. Daxil olan 32 şikayətdən 28-i müsbət həll olunmuşdur. Həm  “Facebook”, həm də rayon icra hakimiyyətinin saytında rayonda baş verən bütün hadisələr, tədbirlər, təşəbbüslər, görüşlər olduqca operativ işıqlandırılır, şəkillər yerləşdirilir. Hərçənd, bəzi üzdəniraq mənasız, reket meyilli saytlar, “qəzetlər” bu şəkilləri  özlərinə sərfəli şəkildə yenidən dərc edir, böhtan, iftira xarakterli cızma – qaralar yazırlar. Lakin rayon icra hakimiyyətini düzgün yoldan heç nə yayındıra bilməz. Çünki adamlar artıq kimin kim olduğunu bilir. Şəmkirə ötən ilin oktyabrından rəhbərlik edən başçı yenilikçi, təşəbbüskar, sadə, adamlarla qaynayıb-qarışan, həm də çox tələbkar, bir sıra neqativ hallara, o cümlədən rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə aparan məmurdur. Biz bu barədə ayrıca bir yazı hazırlayacağıq və bir çox yerlərdə unudulan ideoloji işə Şəmkirdə son vaxtlar necə önəm verildiyindən söhbət açacaq, qabaqcıl təcrübəni qeyd edəcəyik. Hələlik isə qayıdaq Tatarlıdakı görüşə.

Alimpaşa Məmmədov əvvəlcə özü danışdı, ölkə başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasət apardığını qeyd etdi. Dedi ki, bu siyasət ulu öndər Heydər Əliyev məktəbinin davamıdır. Ümummilli liderin 90- cı illərin əvvəllərində ölkəni xaosdan, vətəndaş müharibəsi təhlükəsindən qurtarması Azərbaycanın gələcək inkişafının, tərəqqi etməsinin, regionda söz sahibi olmasının təməlini qoydu. Rayon rəhbəri bildirdi ki, bu gün Şəmkir özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəmkir şəhərinin özü bir çox Avropa ölkələrinin paytaxtlarından gözəldir.Şəmkir dəryaçası tamam başqa bir aləmdir, insanların əsrlər boyu arzuladığı əvəzsiz bir nemətdir. Bütün bunları bizə möhtərəm cənab Prezidentimiz İlham Əliyev bəxş edib.

Şəmkir Azərbaycanın ən abad, varlı, iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bölgəsinə çevrilməkdədir.  Burada çox nəhəng bir aqropark yaradılır. Onun nə az, nə çox, düz 9 zavodu tikiləcək. Bu parkın qurulması üçün 500 hektar yer ayrılıb.Daha bir layihə bələdiyyə institutları ilə bağlı layihədir. İndi 40- dan çox bələdiyyə əməli fəaliyyətə keçib və bəziləri də artıq öz sözlərini əməli işləri ilə deməyə başlayıb. Sabirkənd bələdiyyəsi sübut etdi ki, kəndli əkib- becərdiyi məhsulun bərəkətini görə bilər və bu işdə sadəcə təşəbbüskar və yenilikçi olmalı, kollektiv əməyə arxalanmaq və qorxmamaq lazımdır. Biz artıq “Şəmkir səbəti” adlı digər bir layihəni həyata keçiririk. Regionda ilk dəfə olaraq kəndlinin öz bazarı olacaq. Artıq bunun üçün ayrılan sahədə xeyli iş görülüb, tikinti, abadliq, quruculuq işləri aparılıb.Təzəkəndin aşağı hissəsində, yol kənarında olan bu obyektin regionda ən böyük ticarət mərkəzinə çevriləcəyinə heç kimdə şübhə yoxdur. Ceyrançöldə də böyük bir layihəyə start verilib. İşlər çoxdur, yeniliklər, təşəbbüslər, demək olar ki, hər gün var. Arzumuz budur ki, zəhmətkeş Tatarlı camaatı da bu işlərdən kənarda qalmasın. İndi söz sizindir.

İcra hakimiyyəti başçısının bu sözlərindən sonra sinəsi orden və medallarla dolu ağsaqqal bir kişi qabağa durdu və ətrafdakıların köməyi ilə ortada quraşdırılmış kürsüyə yaxınlaşdı.Özünü təqdim etdi və dedi ki, Abuzər Quliyevəm, yaşım 80-i keçib, amma bir gün də olsun bu torpaqdan, əkib- becərməkdən ayrı  düşməmişəm. Ancaq  suyun olmaması hamının əlini işdən soyudur. Minbir əziyyətlə su çəkib gətirmişdik. Lakin gəlib hovuza çatmadı ki, hamı növbə ilə istifadə etsin. Hərə bir yerdən qabağını kəsdi, oğurluq xətt çəkdi, bir sözlə, bərəkətini qaçırdılar.İndi qalmışıq naəlac.

Alimpaşa Məmmədov “tanış mənzərədir”, – deyib kəndlərin birində eyni vəziyyətin baş verməsindən söz saldı. Dedi ki, orada da suya müdaxilələr olurdu, özbaşınalıq edən, kənddə heç kimi saymayan adamlar peyda olmuşdu.Biz işə qarışdıqdan sonra onların su xətləri qapadıldı, digər tədbirlər görüldü, qayda- qanun yaradıldı və su hovuza yığıldıqdan sonra növbə ilə bölüşdürülməyə başladı. Amma bütün hallarda sizin köməyiniz lazımdır.Siz özünüz belə adamları tapıb üzə çıxarmalısınız.İctimai qınaq ən böyük cəzadır. Müvafiq təşkilatlarla, Meliorasiya və Su Təsərrüfatı Nazirliyi ilə razılıga gəlmişik. Lazım olan su borularını da tapmışıq. Özü də gərək elə edək ki, digər bir neçə kənd də bu xətdən istifadə etsin. Rayonun qərb hissəsində sizdən başqa Zəyəm Cırdaxan, Düyərli, Bayramlı, İrmaşlı, Sabirkənd və Zəyəm qəsəbəsinin vəziyyəti də belədir. Başqa yerdən kömək görməsək belə, nəyin bahasına olursa-olsun bu kəməri çəkəcəyik.

Başçının bu sözündən sonra adamların arasında bir canlanma yarandı, istər- istəməz əl çalanlar da oldu. Görüşə gələnlər başçının sadə, səmimi danışığını görüb daha da cürətləndilər. Kəndin problemlərindən qurtarıb şəxsi problemlərdən danışmağa başladılar. Amma daha çox kəndin problemlərindən söhbət açıldı. Yolların bərbad vəziyyətə düşməsi, kəndin bir hissəsində təbii qazın olmaması, işıqların tez- tez sönməsi və digər məsələlər dilə gətirildi, rayon rəhbərinə böyük ümid bəsləndiyi bildirildi. Kənd sakinlərindən İbrahim Hüseynov, icra nümayəndəsi Nəriman Hüseynov, Kamil Mətiyev və başqaları çıxış edərək belə görüşlərə böyük ehtiyac oldugunu və onun problemlərin həllində mühüm rol oynadığını söylədilər, ölkə başçısına, rayon rəhbərinə hədsiz minnətdar olduqlarını dedilər.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bəzi məsələlərə aydınlıq gətirdi. Dedi ki, şəhərlərimiz, kənd və qəsəbələrimiz ilbəil necə gözəlləşir, abadlaşır və inkişaf edir, görürsünüz. Sadəcə, bütün bu işləri başa çatdırmaq üçün vaxt lazımdır. Bir qədər dözümlü olmaq, ətalətdən, biganəlikdən yaxa qurtarmaq bir çox problemlərin daha tez həllinə rəvac verər. Məsələn, qeyd etdiyiniz işıq məsələsi. Təkcə Şəmkirdə 46 min ədəd dirək dəyişdirilməlidir ki, dediyiniz problemlər həll olunsun.İndi görün Şəmkir kimi neçə rayon, şəhər var.Hamısına vaxt lazımdır, digər işlər də həyata keçirilməlidir.

Kənd adamları ilə belə sadə, səmimi söhbət, deyəsən, öz bəhrəsini vermişdi. Çünki icra hakimiyyətinin başçısı kənddəki sosial obyektlərin də vəziyyəti ilə yaxından tanış olduqdan sonra artıq rayon mərkəzinə qayıtmışdı.Görüşə toplaşanların bir çoxu isə hələ də agacların altında həmin görüşü müzakirə edirdilər.

 Hamlet QASIMOV,
“Xalq qəzeti” nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında