Azərbaycanda bu gün diqqətdə saxlanılan ən mühüm məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son 12 ildə iqtisadiyyatın inkişafında əldə edilən uğurlar bu məqsədin reallaşmasına əlverişli şərait yaratmışdır.
Azərbaycanda işsizliklə bağlı məsələlər həll olunmuş, bu istiqamətdə önəmli addımlar atılmışdır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olmuşdur.
Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikanın iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə, eyni zamanda, vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.
Cənab İlham Əliyev hələ 2003-cü ildə prezidentliyə namizəd kimi çıxışlarında bəyan etmişdi ki, gələcəkdə sosial-iqtisadi fəaliyyətinin əsas hədəfi ölkədə işsizliyin kökünü birdəfəlik kəsmək olacaq. Qarşıdakı 5 ildə 600 min yeni iş yeri açmağa söz verən ölkə rəhbəri bu məqsədinə vaxtından tez çatdı. Artıq 2003-2009-cu illərdə ölkədə 840 mindən çox yeni iş yeri açıldı və yoxsulluğun səviyyəsi 11 faizə düşdü. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi 9 faizə endi ki, bu da inkişaf etmiş ölkələrlə eyni göstərici demək idi. Hazırda isə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən də azdır və işləmək istəyənlər üçün işsizlik problemi demək olar yoxdur.
Üçüncü regional inkişaf Dövlət Proqramının icrasının birinci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında yeni iş yerlərinin açılmasına toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, bu proses dayanmamalıdır: “Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun”. Bu gün Azərbaycanda yeni iş yerinin yaradılması dinamik xarakter almışdır. Dövlət Statistika Komitəsinin hesabatında da bunu aydın görmək mümkündür. Hesabata əsasən, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasına başlanan 2014-cü ildən bu il iyul ayının 1-dək Azərbaycanda 153 mindən çoxu daimi olmaqla 188 minə yaxın iş yeri açılmışdır. Cari ilin 6 ayı ərzində isə ölkədə 60,6 min yeni, o cümlədən 48 min daimi iş yerləri yaradılmışdır. Bu dövr ərzində açılmış iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunun, 68,8 faizi regionların payına düşür. Həmin müddətdə iş yerlərinin 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 faizi Lənkəran, 5,1 faizi Şəki-Zaqatala, 4,4 faizi Dağlıq Şirvan, 4,3 faizi Quba-Xaçmaz, 3 faizi Naxçıvan, 3 faizi Yuxarı Qarabağ, 0,7 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında açılmışdır.
Yeni iş yerlərinin yaradılmasında özəl sektor mühüm rol oynayır. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Hazırda qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Yeri gəlmişkən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən dövrü ərzində 3400-ə yaxın sahibkara 119,5 milyon manatdan çox güzəştli kredit ayrılmışdır. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
“Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirmişdir.
Bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və yeni iş yerlərinin açılması siyasəti nəticəsində işsizlik MDB məkanında ən aşağı səviyyədədir. Nazirlər Kabinetinin yuxarıda qeyd edilən iclasında vurğulandığı kimi, hazırda Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. Avropa İttifaqında işsizlik təxminən 10 faizdir.
İşsizliyin daha da azaldılması üçün hazırda ölkəmizdə fəal məşğulluq tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-iyul aylarında 16138 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlə təmin etmişdir. Eyni zamanda, bu ilin altı ayı ərzində 2120 nəfərə işsiz statusu verilmiş, 2320 nəfərə işsizlik müavinəti təyin edilmiş, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmuşdur.
Azərbaycanda yeni iş yerlərinin yaradılması ilə bərabər, həmin iş yerlərində çalışan işçilərin əmək haqlarının artırılması da daim diqqət mərkəzində saxlanılır. Faktlara nəzər salaq. Statistika Komitəsinin hesabatında göstərilir ki, bu ilin ötən aylarında sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olmuş və sənayedə çalışanların orta aylıq əmək haqqı 705,6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622,3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726,4 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmədə 566,5 manat olmuşdur. Hesabat dövründə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artaraq 439,8 manat təşkil etmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.