Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı fəaliyyətinə başladığı ilk gündən mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə daim diqqətlə, böyük qayğıkeşliklə, həssaslıqla yanaşır. Məhz buna görə də əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişafı, yoxsulluq probleminin birdəfəlik həlli istiqamətində mühüm tədbirlərin reallaşdırılması prioritet vəzifədir. Həyata keçirilən islahatlar hər bir vətəndaşın, hər bir ailənin həyatında öz müsbət əksini tapır. Əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, insanların maddi gəlirlərinin mütəmadi artması beynəlxalq miqyasda da açıq etiraf olunur. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olur.
Burada bir həqiqəti də unutmayaq: Azərbaycan Prezidentinin ötən illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır. Bəli, indi ölkəmizdə iqtidar və xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması ölkəmizin dinamik inkişafı, tərəqqisi ilə nəticələnmişdir.
Cənab İlham Əliyevin fəaliyyətində nəzərə çarpan ən mühüm cəhətlərindən biri sadə insanların qayğıları ilə yaşaması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konrket addımlar atmasıdır. Elə buna görə də dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan eyni nümunə sərgiləməsini-vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər. Ona görə də cənab Prezidentin məmur məsuliyyəti və onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna toxunması təsadüfi deyil: “Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, bu sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, adıçəkilən fərman “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi baxımından mühüm önəm daşımaqla yanaşı, eyni zamanda, xidmətlərdə vaxtın qısaldılmasını və prosedurların sadələşdirilməsi məqsədi daşıyır. Başqa sözlə, fərmanın adından da göründüyü kimi, burada əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılmasının həyata keçirilməsidir. Bunun üçün, ilk növbədə, “Elektron lisenziya” portalı yaradılacaq və həmin portal “Elektron hökumət”in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyətlə məşğul olmaq istəyən sahibkarın bundan sonra lisenziya almaq üçün nə uzun bir növbə gözləməsinə, nə də çoxlu sənəd toplamasına ehtiyac qalmayacaq. Sahibkar adıçəkilən elektron portala müraciət etməklə qısa vaxt ərzində lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanı qazanacaqdır. Portal sahibkarlara təkcə qısa müddətdə deyil, həm də cüzi xərclərlə müvafiq sənədləri əldə etmək imkanı yaradacaqdır.
İqtisadçı alim bildirdi ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi üçün həmin sənəd bundan sonra müvafiq avtomatlaşdırılmış məlumat-axtarış (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə reallaşdırılacaq. Eyni zamanda, sözügedən arayış elektron qaydada tərtib ediləcək və bu, ancaq vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında hazırlanacaq. Arayışın həm də müraciət edilən gün verilməsi həyata keçiriləcək.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini İqtisadiyyat və Sənaye Nazirliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron lisenziya” portalının yaradılmasını təmin etməlidir. Fərmana əsasən, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) və sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicisinin nəqliyyat vasitəsinə “Fərqlənmə nişanı”nın verilməsi təmin ediləcək.
Haqqında söhbət gedən fərmanla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə səyyar xidmətdən daxil olan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və onların maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsini müəyyənləşdirmək, “Asan xidmət” mərkəzlərində xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların həmin agentliyin xüsusi hesabına köçürülən hissəsini reallaşdırmaq səlahiyyətləri də verilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq da əlavə edilib. Xatırladaq ki, Daxili İşlər Nazirliyi bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, bununla bağlı xidmətin “ASAN xidmət” mərkəzlərində və adıçəkilən nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi ilə bağlı qurumlarında həyata keçirilməsini reallaşdırılmalıdır. Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etməlidir.
Fərmanda, həmçinin bildirilir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görməli, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili, habelə göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.